Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam

Daha yaxşı sevişir, daha yaxşı zorlanırdılar ki... - Ömər Xəyyam
18 iyul 2024
# 09:00

Kulis.az Ömər Xəyyamın qoxular, qoxuların tarixi əhəmiyyəti, ədəbiyyatda və sənətdə yeri haqqında yazdığı məqalənin ikinci hissəsini təqdim edir.

əvvəli burada mail


Kolonya və koloniya

...1792-ci il. Katolik keşiş gənc tacir Wilhelm Mülhensə diriliyin, əbədiliyin iksiri hesab edilən “Möcüzə suyu” adlı məhlulun sirrini verir.
Çox keçmir, Mülhens bu bahalı hədiyyənin məşhurluğunu, sehrini pula çevirir.

Belə ki, tacir “Möcüzə suyu”nun reseptinə şərab əlavə edir, qablaşdırır, qabları çeşniliyir, çeşidləyir və satışa çıxarır.

Əslində, bu möcüzəvi məhlulun sirrini Kölnə tarixin ilk kolonya istehsalçısı Feminis İtaliyadan gətirmişdi.

“Kolonya suyu”, “Heyranlıq iksiri” adıyla istehsal edilən kolonyaya tələbat çoxaldıqca Feminis floranın sirrindən agah olan italyan Mariya Farinanı Kölnə dəvət edir və beləcə, kolonya təkmilləşdirilir.

Kolonya əvvəl-əvvəl tibbi vasitə kimi istifadə edilirdi: yaraları sağaltmaq üçün, yaxud ağız qoxusuna qarşı.
Bəziləri yorulanda, həyəcanlananda şəkərlə, şərabla qarışdırıb qəbul edirdi, bəzi qadınlar eləcə kosmetik vasitə kimi üzlərinə, bədənlərinə sürtürdü.


"4711 kolonyası"nın ənənəvi flakonu

Tibb inkişaf etdikcə kələkbazlar faş olur. Dərman adıyla satılan məhlulların faydalılığını, tərkibini öyrənməyə başlayırlar.
Möhtəkir Mülhens bu qarğaşadan yaxasını qurtarır, tez dəbərir: “Kolonya suyu”nu ətir kimi qeydiyyata salır, deyir, bu tibbi yox, kosmetik vasitədir, iksir-zad deyil, eləcə ətirdir.

1794... fransızlar Kölnü işğal edir.
Küçələrin adları dəyişdirilir, mənzillər və həmin vaxt “pula pul deməyən” Mülhensin emalatxanası nömrələnir: “4711”

Və beləcə, məşhur "iksir" o gündən bu günəcən – artıq 225 ildir ki, eyni tərkibdə, eyni qablaşmada “4711 Kolonyası” adıyla istehsal edilir.


Mənzillərin nömrələnməsinə dair sənəd

****

...İkinci Dünya Müharibəsi bitir.

Müttəfiq dövlətlərin təşəbbüsü ilə nasizm rejiminin vəzifəlilərini cəzalandırmaqdan ötrü Nürnberq məhkəmə prosesi başlayır...

Hitlerin “adamdöyənləri”ndən bəziləri Cənubi Amerikaya qaçmışdı, bəziləri özünü güllələmişdi, bəzisini gecənin xain vaxtı yatdığı divandaca yaxalamış, əl/qolunu bağlayıb haqq/ədalət divanına gətirmişdilər, fəqət Ravensbrük və Auşvitz əsir düşərgələrinin 22 yaşlı femme fatalesi, nasizmin ən məşhur, ən yüksək çinli qadın nəzarətçisi, qurbanların “Auşvitz kaftarı” adlandırdıqları İrma Qreze qollu qandallanda da, barəsində ölüm hökmü veriləndə də tükünü tərpətməmiş, əbədiyyətin vahim qaranlığına boyun əyməmiş, izahımüşkül iyrənc əməllərini bir-bir etiraf etmişdi.

Biseksual, sadist İrma, sözün əsl mənasında, əsirlərə qan uddururdu; ölənəcən döyürdü, su əvəzinə öz qanlarını içməyə məcbur edirdi, xoşuna gəlməyən əsirləri qaz kameralarına göndərirdi.

Əsirlər də çalışırdılar ki, onun xoşuna gəlsinlər: daha yaxşı döyülürdülər, daha yaxşı zorlanırdılar, daha yaxşı sevişirdilər, daha yaxşı bayılırdılar, - yetər ki, qaz kameralarına göndərilməsinlər; ölə/ölə yaşamağa razıydılar, yaşaya/yaşaya ölməyə razı deyildilər.

30 min qadın, 10 min kişi əsirin saxlanıldığı iki bloklu düşərgənin baş nəzarətçisi İrma Qreze təkcə yəhudilərin yox, eləcə də qaraçıların, geylərin, antisosialistlərin "ac kaftarı" idi.


İrma Qreze Auşvitz düşərgəsində

Qurbanlar onu görəndə titrəyirdilər, girməyə deşik axtarırdılar, fəqət həm də ona yaxınlaşmaq istəyirdilər: döysün, söysün, lap bir/iki qamçı da vursun...
Axı İrma Kölndə istehsal olunan “4711 kolonyası” adı ilə məşhurlaşmış (4711 Echt Kölnisch Wasser) limon kolonyasından istifadə edirdi...

Yuyunmayan əsirlərin kəsif qoxusu, ölüm qorxusunun iyi, nəcasət, rutubət, tər... yandırılan meyitlər... və 22 yaşlı femme fatalenin odekolonu...

Özümü yazıçılığa qoyub yazıram ki, İrmanın ətri əsirlərdən ötrü hasarın o tayındakı azadlığa qovuşmaq ümidi idi; beləcə, əsirlər ötəri olsa da, insan olduqlarını xatırlayırdılar...

Beləliklə, düşmənin ətri bataqlıqda saman çöpünə, ümidsizliyin qaranlığında nəfəsliyə çevrilmişdi...

Düşərgədə “4711 kolonyası”ndan nasizm rejiminin əsas sütunlarından biri, “Ölüm mələyi”, yaxud “Ağ ölüm” ləqəbiylə tanınan, antropologiya və fenotip/genotip üzrə doktorluq dərəcəsi almış, tədqiqatçı Yozef Mengele də istifadə edirdi.

Mengele inanırdı ki, yəhudilərin spesifik qoxusu var.

Hitler “Mənim mübarizəm” kitabında yazırdı: “Yəhudilərin xas qoxusu var. Yaxınlaşanda ürəyim ağzıma gəlir. Onlar suyu sevmirlər. Yəhudi – mikrobdur....”




****

...sevgili Milenanı xatırlayıram...

Milena 1896-da Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, aristokrat ailədə doğulsa da, aristokratiyanı, bürokratik əngəlləri bəyənmirdi, üstəlik, bir yəhudiyə aşiqdi... və beləcə, atası onu ruhi əsəb xəstəxanasına göndərir.
O ağır günlərdə sevgili Milena narkotik vasitələr qəbul edir, dərin depressiyaya düşür, aqressivləşir, fəqət qəfil ayılır, özünə söz verir və qisas almaq üçün arınır.
Nəhayət, xəstəxanadan çıxır, atasından imtina edir. Yazır, tərcümə edir... Elə həmin vaxt Kafkayla tanış olur, onun bir neçə əsərini çex dilinə tərcümələyir...
Ədəbi proses, düşüncə oxşarlığı onları yaxınlaşdırır, işgüzar əməkdaşlıq sevgiyə çevrilir.
Qısa müddətlik sevgi məktublarla davam edir: o yazır, bu yazır, o yazır, bu yazır və zamanla Kafka kağızüstü münasibətin sağlamlığına ciddi zərbə vurduğunu hiss edir. Beləcə, Milenadan ayrılır...


Kafka və Milena

Milena, nəhayət, bu ağrını da adlayır...
Atası, sevgilisi... günlər keçir və onun içərisindəki etirazçı, müxalif qadın təzədən oyanır: Avropada fəaliyyət göstərən sosialist qruplara qoşulur, nasizm əleyhinə qəzetlər, səhifələr, bukletlər hazırlayırlar.

Bir neçə il gizli fəaliyyət göstərsə də, 1944-də həbs edilir, Ravensbrük həbs düşərgəsinə göndərilir...
Xatırladınız? İrma Qreze də məhz bu düşərgədə nəzarətçi idi...
Bu iki qadını birləşdirən təkcə Ravensbrük yox, həm də “4711 kolonyası” idi...
Milena düşərgəyə nə atasını, nə yəhudi sevgilisini, nə də Kafkanı gətirmişdi... 4711 nömrəli siyasi məhkum Milenanın əlində bir şüşə “4711” vardı və əsirlər onu “sevgili 4711” kod adıyla çağırırdılar...

Qeyd edim ki, çağdaş fransız sənətçisi Quadronun hazırladığı “4711 kolonyası” installyasiyası 1996-cı ildə məşhur Pompidou sənət mərkəzində təqdim edilib.
İnstallyasiya Milenanın ətəyi formasındadır. Postmodern sənətçi İkinci Dünya Müharibəsini Milenanın “4711” yazılmış ətəyi ilə ifadə edib.


Quadronun hazırladığı “4711 kolonyası”
Pompidou sənət mərkəzi. 1996.

ardı var...

# 6296 dəfə oxunub

Oxşar xəbərlər

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
Əlvida, Rauf... - Əlibala Əhmədov

Əlvida, Rauf... - Əlibala Əhmədov

13:05 18 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
# # #