Ətirlər ehtiraslandıra bilərmi?

Ətirlər ehtiraslandıra bilərmi?
4 iyul 2024
# 12:00

Kulis.az Ömər Xəyyamın qoxular, qoxuların tarixi əhəmiyyəti, ədəbiyyatda və sənətdə yeri haqqında yazdığı məqalənin birinci hissəsini təqdim edir.



Ətirlərin mahiyyəti necə dəyişdi?



Qədim Romadakı cin-şeytan oylağı hesab olunan lupanarlarda tez-tez eyş-işrət məclisləri keçirilirdi, fəqət illər ötdükcə haman eyş-işrət məclisləri də hər şey kimi mahiyyətini dəyişdi.

Şərab/həzz tanrısı Dionisin şərəfinə gizlincə keçirilən gecə mərasimləri zamanla vakxanaliyaya çevrildi və şənliklərin təkcə keyfiyyəti yox, kəmiyyəti də düşdü.

Əgər əvvəl-əvvəl müqəddəs günah gecələri yüksək təbəqənin fahişələri - kurtizanlarla təşkil olunurdusa, zamanla şənliklərə qoyun iyi (məhz qoyun iyi!) verən bazar fahişələri dəvət olundu və beləcə, kurtizanlar oyundan çıxdılar.

Kontingentlə birgə fahişəxanaların qoxusu da dəyişdi.

Belə ki, kurtizanlar dövrün bahalı ətirlərindən istifadə edirdilər, üstəlik, müştərilər də yuxarı təbəqənin nümayəndələri idi və onlar müqəddəs günah gecələri üçün yüksək məbləğdə pul ödəyirdilər.

Yuxarı təbəqənin kişiləri lupanarlara təkcə cinsi ehtiyaclarını ödəmək üçün getmirdilər, onların məqsədi həm də xoş qoxulu, ağızlarından iy gəlməyən qadınlarla ictimai-sosial, siyasi-iqtisadi məsələlər haqqında danışmaq idi.

“İnsan insanın canavarıdır” qənaətilə xatırlanan romalı şair Plautus “Asinaria” komediyasında arvadına xəyanət edən, hər gecə fahişəxanalara gedən kişi obrazının arqumenti də qoxuyla bağlıdır:

“Fahişənin dadlı nəfəsini, öpüşünü arvadımın acı nəfəsindən üstün tuturam. Arvadımla öpüşməkdənsə, zibillikdən su içərəm…”


Müştərilərin diqqətini cəlb etmək üçün, heç olmasa, bir neçə saatlıq olsa da, özlərini insan kimi hiss etmək üçün kompleksli, dəfələrlə təhqir edilmiş fahişələrin ən effektiv “silahlarından” biri ətir idi.
Əlbəttə, xoş qoxu, - hələ yatağacan, yataqdakı performansacan müştərinin ağlını bulandırmaqdan ötrü önəmli vasitədir.


****

Mesopotamiyanın ədəbi-mədəni irsi, ilk yazılı bədii əsər hesab edilən “Gilqameş”də önəmli hadisələr Uruk vilayətində Humbabanın qoruduğu sidr ormanında baş verir.

Sidr ormanı müqəddəs hesab edilirdi.
Hökümdar II Aşşurnasirpalın sarayının qapıları, pəncərə çərçivələri, döşəməsi, tavanı sidr ağacından hazırlanmışdı.
Sidr ağacından ovaxtkı əttarlar da istifadə edirdilər, fəqət sivilizasiyanın başlanğıcında indiki kimi ağacın qoxu notlarını, yaxud laboratoriya şəraitində onun suyunu çıxarmaq mümkün deyildi, əlbəttə.

Ya qabığını soyub yandırırdılar, ya da yuxarı təbəqəyə aid malikanələrin tikintisində istifadə edilirdi ki, o malikanələrin nəinki içində, hətta yan-yörəsinə də xoş rayihə olurdu.

Demək olar ki, bəşəriyyətin ilk yazılı mətnlərindən biri olan “Gilqameş”də qəhrəman müqəddəs sidr meşəsindən – yəni qoxu cənnətindən qovulmuşdu.


Üstəlik, on iki lövhəlik daş mətndə təkcə kurtizan qadınların müqəddəs anası hesab edilən İştarın qisası, qoxu məsələsi, Nuh əhvalatı, sevişdiyinə görə sidr ormanından qovulan Enkidu haqqında yox, həm də Böyük tufandan qurtulan yeganə adam - Utnapiştimin Gilqameşə verdiyi ölümsüzlük, gəncləşdirmə otundan və onu oğurlayan ilandan da bəhs edilir.

Ki, bilirsiniz, ilan qoxunu diliylə alır. Haçalı dil qoxunun mənbəyini tapmaqda ilana kömək edir və zamanla bizim burnumuzda funksiyasını itirmiş vomeronasal orqanın köməyilə obyektin mahiyyətini, materialını, necəliyini təsbit edir.

Biləsiniz, heyvanlar məhz bu vomeronasal orqanları sayəsində feromonları duyurlar.
Quşlarda olmayan feromonqəbuledici xeyli məməlilərdə, eləcə də, kəpənəklərdə, böcəklərdə, qurbağalarda da var və heyvanlararası sosial münasibətlər, cinsi aktlar məhz bu feromonlar sayəsində reallaşır.


Bəlkə də, Gilqameşin tapdığı ölümsüzlük - əbədi gənclik otunu ilan oğurlamasaydı, indi hər şey başqa cür olacaqdı...

“Gilqameş” lövhələrindəki hekayələrin izlərinə səmavi dinlərin hamısında rast gəlmək olar, əlbəttə, bu ayrıca mövzudur, fəqət əfsanədəki kurtizan İştar, qoxuyla bağlı hekayə də dini məsələlər qədər aktualdır və mən məhz bu barədə yazıram.

Necə ki, müəddəs fahişələr şəhəri adlandırılan Urukun müqəddəs fahişəsi Babil-Assuriya mədəniyyətində İştara, Şumerlərdə İnannaya, zamanla Afroditaya, Veneraya; Utnapiştim Nuha, Gilqameşlə Enkidu Rumiylə Şəmsə çevrildi, eləcə də, Uruk şəhəri lupanarlara, hərəmxanalara, fahişə evlərinə, barlara, pablara, tinderə, instaqrama və tiktoka çevrildi.
Necə ki, kurtizanlar lupanarları tərk etdikdən sonra seksual ayinlər mahiyyətini dəyişdi, eləcə də, zaman keçdikcə qoxuların da keyfiyyəti, stixiyası dəyişdi; imitativ ətirlər yarandı, çeşidləndi, çeşnələndi...


****

Kurtizanlardan fərqli olaraq, özlərini, bədənlərini daha ucuz qiymətə satan bazar fahişələri qoyun dərisindəki yağ vəzlərindən ifraz olunan yağdan hazırlanmış lanolindən istifadə edirdilər.
Lanolin hələ də apteklərdə kosmetik vasitə kimi satılır.
Üstəlik, sənayedə də bu yağdan istifadə edilir.

Böyük Tufandan qurtulan yeganə adam - Utnapiştimin Gilqameşə verdiyi ölümsüzlük, gəncləşdirmə otunu oğurlayan ilan hekayəsini, ilanların qoxunu diliylə aldığını, zamanla burnumuzda funksiyasını itirmiş vomeronasal orqanın köməyilə obyektin mahiyyətini, materialını, necəliyini təsbit etməsini məqsədli şəkildə xatırladıram.

Mifoloji söhbətlərə görə, o ilan ki o otu oğurladı... o həm də əbədiliyimizi oğurladı, üstəlik, əbədilik-zad bir yana, o gündən sonra vomeronasal orqanımız da asta-asta ölməyə başladı... və zamanla yoxaldı.

Düzdür, indi də bəşərin alisi feromon ifraz edir. Məsələn, qoltuğumuzda, qasığımızda... hə, feromonlar ifraz olunur. Özü də, növbənöv. Həyəcanlananda, ehtiraslananda...
Di gəl, nə bir adəm oğlu, nə də bir vətən qızı bu hormonları duyub-eləyir. Yoxdu da... Yoxdu. Aparıb lənətə gəlmiş.
Bəs yaxşı, əgər adəm oğlu, vətən qızı fermonları duyuban həyəcanlanmırsa, ehtiraslanmırsa... qadındırsa, kişi üçün, kişidirsə, qadın üçün alışıb/yanmırsa, niyə əttarlar “afrodizyak-afrodizyak” söhbətlər edirlər?
Bəs nə bilim, bu ətri vurursan, kəndin ətəyindəki qız iyləyə-iyləyə səni tapır, səni tapıb da qapır, nə imiş, o biri ətri vurunca qonşunun oğlu quyruğunu qısıb sürünməyə başlayır...

Yalandır! Fırıldaqdır!
Marketoloji istismarın qoxulu versiyasıdır.


Deyək ki, filankəs hər nə cürsə təkmilləşmədən, zamanın hay-küyündən gizlənib, o lənətəgəlmiş ilanın apardığı vomeronasal orqanın bu dostumuza heç dəxli yox imiş. Necə ki özü feromon ifraz eləyir, eləcə də feromon qəbul edir, əməllicə ağzının suyunu axıdır, ağlı çıxır başından. Olsun.
Əgər belənçi qədim insan varsa, ta onun ətirə-mətirə ehtiyacı yoxdur. O elə qadınların ifraz etdiyi feromonlarla da cuşa gələ bilər. Ta bunca xərc nədən?

Lanolin məsələsinə qayıdaq.

Deməli, əvvəl-əvvəl ki müqəddəs günah gecələri yüksək təbəqənin fahişələri - kurtizanlarla təşkil olunurdu, sonra şənliklərə qoyun iyi (məhz qoyun iyi!) verən bazar fahişələri dəvət olundu və beləcə, kurtizanlar “oyundan” çıxdılar, bax haman bu lanolini ətirlərə qatıb afrodizyak adıyla satırlar...


Ardı var...

# 10622 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #