18 yaşlı oğlunu qətlə yetirib yandırdılar, özünü isə evində boğub öldürdülər – Atasının verdiyi sərvət bəstəkarın həyatını kabusa çevirdi

18 yaşlı oğlunu qətlə yetirib yandırdılar, özünü isə evində boğub öldürdülər – Atasının verdiyi sərvət bəstəkarın həyatını kabusa çevirdi
4 oktyabr 2021
# 21:00

Kulis.az məşhur bəstəkar Tamella Məmmədzadə haqqında maraqlı faktları təqdim edir.

Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. Bu evlilikdən onun üç övladı doğulur. Ancaq Tamella xanımın anası Sara xanım ikinci dəfə ailə qurmur və özünü qızının tərbiyəsinə həsr edir. O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.

***

Tamella Məmmədzadə “Ağarma, saçım!”, “Ana”, “Arzuya bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.

***

Tamella xanım çox erkən, 18 yaşında bir idmançı ilə ailə həyatı qurur. Lap körpəykən atasından uzaq düşən bəstəkar toyu günü atasına qovuşur. Artıq Avstriyada böyük iş adamı, böyük qızıl mağazalarının sahibi olan atası on ildən sonra ilk dəfə Bakıya qızının toyuna gəlir.

***

Tamella xanımın gənc yaşda qurduğu ailənin ömrü uzun çəkmir. Oğlu Çingiz doğulandan bir müddət sonra həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək üçün suya atılanda boğularaq dünyasını dəyişir.

***

1981-ci ildə evə gec və sərxoş gələn 18 yaşlı Çingiz dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.

Polis işçiləri hadisə yerinə çatanda tonqalın üstünə uzadılan cəsədin böyük hissəsi tanınmaz hala düşmüşdü. Yalnız ayaqların topuq hissəsi, şalvarın balaqları və ayaqqabılar salamat qalmışdı.

***

Çingizin ölümünə səbəb Avstriyada yüksək imkan sahibi olan, vaxtilə Sibirə sürgün edilən babası Məmmədağanın qızı Tamellaya ad günü münasibəti ilə bağışladığı çox qiymətli brilliant dəsti imiş.

***

Xüsusi zövqlə işlənmiş bu bəzək əşyasının qiyməti inanılmaz dərəcədə yüksək idi. Məhz bu hədiyyə ailəyə böyük bədbəxtlik gətirir. Çingizin dostu Alik onu özü ilə Mərdəkandakı bağlarına qonaq aparır, onlar gedib bağ evinə çatdıqdan bir qədər sonra başqa iki nəfər tanışları da "təsadüfən" gəlib ora çıxır. Sən demə, onlar bu işi əvvəlcədən planlaşdırıblarmış. Xeyli yeyib-içdikdən sonra Alik ondan babasının gətirdiyi brilyantların yerini soruşur və bu saat həmin komplekti onlara çatdırmasını tələb edir. Ancaq nə qədər qorxutsalar da, onun inadını sındıra bilmirlər. Məqsədlərinə çata bilməyəcəklərini görəndə elə bağ evindəcə qətlə yetirirlər.

***

Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.

Tamella Məmmədzadə oğlunun ölümündən bir müddət sonra ikinci dəfə ailə həyatı qurur, lakin yeni övlad istəmir, hətta iki dəfə hamilə qalsa da, hər iki hamiləliyini dayandırır. Bir müddət sonra o, həyatının maraqsız olduğunu hiss edir və əri ilə qərara alırlar ki, övladlığa uşaq götürsünlər. Uşaqlardan biri ər tərəfin qohumlarından yeni doğulmuş oğlan uşağı, digəri isə Tamella xanımın öz qohumlarından dörd yaşlı qız olur. Bu əhvalatdan altı ay keçir, Tamella xanımın ikinci həyat yoldaşı da dünyasını dəyişir.

***

İki uşaqla tək qalan bəstəkarın həyatı rahat olmur. Dörd yaşlı qızcığazı ailəsinə qaytarmalı olur. Oğlan uşağını saxlayır. Lakin hər dəfə oğlanın qohumları uşağı onun evindən oğurlayır, ondan küllü miqdarda pul tələb edib sonra geri qaytarırlar. Axırda bəstəkar polisə müraciət edir və uzun mübarizədən sonra uşağı geri qaytarır. Rəsmi şəkildə onun anası olmaqdan imtina etsə də bütün var-dövlətini uşağın adına keçirdiyi sənədə toxunmur və bu haqda heç kimə heç nə demir.

***

60 illik yubileyində istəyir ya Amerikaya, ya da Fransaya getsin. Sonradan bu fikirdən vaz keçir. Ömrünün son illərində çox ağlayır, özünü bədbəxt hiss edirmiş.

***

Ahıl yaşında həyat yoldaşını itirmiş ailə dostu Məcid adlı bir kişi ilə ailə qurmaq istəsə də bu fikirdən vaz keçir.

Günlərin birində bəstəkarın qızı kimi saxladığı, toy edib köməklik göstərdiyi qulluqçu əri ilə bərabər axşam vaxtı onlara gəlir. Deyir, oğlum xəstədir, ona kömək üçün həkimlərə zəng vurub tapşırmaq lazımdır. Hamıya qohumu kimi təqdim etdiyi qulluqçusunu əri ilə evə buraxan bəstəkar qonaqlara çay gətirmək üçün mətbəxə keçir. Bu zaman Məcid müəllim zəng vurur. Ona hər gün serialın başlandığını deyir. Söhbət əsnasında Məcid kişi bilir ki, qulluqçusu əri ilə onlara gəlib. Ancaq qonaqların bu zəngdən xəbəri olmur.

***

Mətbəxdən əlində çayla qayıdan bəstəkarı arxadan qulluqçunun əri kəmərlə boğur və qızıllarının yerini soruşur. Bəstəkar qızılların yerini deyir. Ancaq xahiş edir ki, onu öldürməsinlər. Qulluqçunun əri razılaşsa da, qadın razılaşmır. Deyir, o, oğlunu öldürən adamı həbs etdirdi, bizi də etdirəcək, öldür. Beləliklə, bəstəkar Tamella Məmmədzadə 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir.

***

Üç gün morqda qalan bəstəkarın nəşini nəhayət dördüncü gün qohumlarına verirlər. Çox sakit keçən yas mərasiminə vaxtilə çiyin-çiyinə çalışdığı sənət dostlarından heç kim gəlmir. O, öz səsi ilə oxuduğu musiqi sədaları ilə dəfn olunur.

# 78366 dəfə oxunub

Oxşar xəbərlər

Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

"Gördüm ki, gözlərində yaş parıldayır..." - Şairin yubileyinin keçirilməsinə kim mane olur?

12:00 2 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

Pivənin güdazına gedən cinayətkar dəstə - Stadionlar niyə nəzarətə götürülmüşdü?

17:00 22 noyabr 2024
Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

Kasıblara pul paylayan, evini tərk edən dahi - O, Nobel müfatından niyə imtina etmişdi?

17:00 20 noyabr 2024
# # #