Kleopatra olmuş aktrisalar

Kleopatra olmuş aktrisalar
30 avqust 2013
# 11:06

Misir hökmdarı Kleopatra antik dövrün ən məşhur qadını kimi yaddaşlarda qalıb. Onun iti ağlı və gözəlliyi qədim tarixçilər və intibah dövrü şairləri tərəfindən vəsf olunmuş, Yuli Sezar və Mark Antoni ilə olan məhəbbət əlaqəsi isə dəfələrlə ekranlaşdırılmışdır.

Kleopatra sevgilisi Mark Antoni öldükdən sonra e.ə. 30-cu il 12 avqust tarixində 38 yaşında ikən intihar edib. Demək olar ki, kinematoqrafın yarandığı ilk günlərdən Misir şahzadəsi və Roma ordu başçısının faciəvi həyatına həsr olunmuş filmlər çəkilməyə başlamışdır. Həmin vaxtdan bəri həm məşhur aktrisalar, həm də sənətə yeni gələn ulduzcuqlar Kleopatranı ifa etmişlər.

Elle.ru saytı Kleopatra rolunu uğurla ifa etmiş aktrisaların siyahısını hazırlayıb. Kulis.Az siyahını təqdim edir.

1. Vivyen Li “Sezar və Kleopatra” filmində (1945)

Kleopatra və Yuli Sezarın sevgi tarixçəsi Bernard Şounun pyesinin motivləri əsasında ingilislər tərəfindən ekranlaşdırılmışdır. Filmin rejissoru Corc Brayan tarixi dram əvəzinə hakimiyyət və intriqalar haqqında fəlsəfi film yaratmışdır. Gənc hökmdar rolunu ifa edən İngiltərə ulduzu Vivyen Li öz füsunkarlığı və gözəlliyi ilə böyük Roma imperatorunu ovsunlaya bilmişdi.

2. Teda Bara “Kleopatra” filmində (1917)

Teda Bara baş rolda olmaqla Misir şahzadəsi haqqında çəkilmiş ən sirli filmdir “Kleopatra”. Bara bu filmdə hətta müasir dövr üçün qeyri-adi hal sayılan geyimlərdə çəkilirdi – bütün bədəni göstərən nazik parçaları olan donlarda, çox qısa ətəklərdə. Filmin lentləri “Fox Film” studiyasındakı yanğın zamanı məhv olmuşdu, Kleopatra rolunda olan Baranın hal-hazırda yalnız bir neçə kadrı mövcuddur.

3. Klodett Kolber “Kleopatra” filmində (1934)

Filmin çəkilişləri tamaşaçı və rejissorların Qədim Misir mədəniyyətinə olan marağının kütləvi olduğu dövrdə çəkilmişdir. Filmin süjeti bu əhvalatın klassik tarixçəsinə uyğun gəlirdi: Kleopatra Yuli Sezarı öz sehrinə salır, onun ölümündən sonra isə Mark Antoninin qəlbini ələ alır. Misir gözəlinin roluna ötən əsrin 30-40-cı illərinin ən yaxşı komediya aktrisası, Oskar mükafatlı Klodett Kolber çəkilmişdir.

Sarışın Kolber Kleopatra rolunu özündən əvvəl və sonra oynamış aktrisalardan heç də geri qalmayan ustalıqla canlandıra bilmişdir. Filmin Avropada soyuq qarşılanmasına baxmayaraq, ABŞ-da “Kleopatra”nın adı bir neçə nominasiyada çəkilmiş və ən yaxşı operator işinə görə Oskara layiq görülmüşdür.

4. Sofi Loren “Kleopatra ilə iki gecə” filmində (1954)

İtalyanlar klassik dramı yüngül komediyaya çevirməklə tamamilə yeni bir Kleopatra obrazı yaratdılar. Gənc Sofi Lorenin baş rolda çəkildiyi bu film tamaşaçıların sevgisini qazandı. 20 yaşlı Lorenin ifa etdiyi Kleopatra obrazı isə ən effektli və yaddaqalan kinematoqrafiya obrazlarından biri oldu.

5. Monika Beluççi “Asteriks və Obeliks: Kleopatra missiyası” filmində (2002)

Tarixi mövzunun daha bir komediya variasiyası Asteriks və Obeliks haqqında olan komikslərin ekranlaşdırılmasıdır. Filmin aktyor heyətinin bütünlüklə ulduzlardan ibarət olmasına baxmayaraq, kino tənqidçiləri və tamaşaçıların bütün diqqəti Kleopatra rolunu oynayan Monika Beluççinin üzərində cəmlənmişdi.

İnterpretasiya olunmuş Kleopatranı ifa edən Beluççi hər kadrda geyimini dəyişir, onu sevənlərin ağlını başından alır və özünü əsl kraliça kimi aparırdı. Monikanın yaratdığı bu obraz tarixi həqiqətdən çox-çox uzaq olsa da, Kleopatra aktrisanın ən yadda qalan rollarından biri oldu.

6. Elizabet Teylor “Kleopatra” filmində (1963)

Misir hökmdarının həyat və sevgisi haqqında ən məşhur film Elizabet Teylorun baş rolu ifa etdiyi “Kleopatra” filmidir. “Kleopatra” rolu Teylor üçün taleyüklü olmuşdur. Misir hökmdarının obrazını canlandırması uğurlu aktrisanı “Hollivudun kraliçası”na çevirməklə yanaşı, həm də həyatının kişisi – Riçard Bartonla tanışlığı bəxş etmişdir.

# 4636 dəfə oxunub

Müəllifin son yazıları

# # #