Mənim su olduğuma and iç, qorxma – Güneydən şeirlər

Mənim su olduğuma and iç, qorxma – Güneydən şeirlər
22 avqust 2022
# 17:00

Kulis.az “Sözün güneyi” layihəsindən şair təbrizli şair Çalğın Məhəmmədin şeirlərini təqdim edir.

Sinəndəki delfinlər

Sinəndəki delfinlərin kənarındayam hala,
gözlərinin dalğasında taxta kimi rəqs edirəm.
Gözlərin nədən qara geyinib?
Gözlərində hansı əziz ölmüş?
Kirpiklərin payız Sığırçınları,
Uçurlar…
Qonurlar…
Qonurlar…
Uçurlar…
Kirpiklərin daşlara ilişən mamırlar,
gözlərindən axan çayların harmonisiylə rəqs edirlər
Mənim stressli gözlərim.
Sənin mum dodaqlarını dişləyir hərdən,
Sən əsəb damarlarıma ilişib qalan davrania
Enirsən…
Qalxırsan…
Qalxırsan…
Enirsən…

Sinəndəki delfinlərin kənarındasan hala,
Həyatın ləzzətini sinəndəki delfinlər – enirlər, qalxırlar…
Sən yeriyirsən...
Dəniz sənin ayaqlarından öpür sahildə,
Sən yeriyirsən...
Dəniz dalğa notları götürür sənin anatomiyandan
və təkrar sən yeridikcə,
Enirlər…
Qalxırlar…
Qalxırlar…
Enirlər…
Sinəndəki delfinlər.

***

Mənim bir adım da şeirdir

Özünü bir tənqidçiyə göstər,
bu haşiyə adamlar,
izafə sözcüklərdir, uzanıblar sətirlərində.
Təkrar “həşv”dir, unutma.
O qədər arıtlan ki,
yalnız səndə söz qalsın.

Buludlar söz ardınca qaçmağı sevirlər təmiz havada,
göyərçinlər söz aparmaq üçün uçmağı sevirlər təmiz havada
çiçəklər söz yaransın deyə, açmağı sevirlər təmiz havada
Özünü sözə tapşır,
və denən ki;
Mənim bir adım da şeirdir

***

Çay

Ayaq üstündəydim,
Bu topuşka mebellərdə ki rahatlıqlar
Yumşaq və pambıq səsləriylə
Məni səndəlin üstündə oturmağa dəvət etdilər.
oturdum.
Dirsəyimi qatlayıram hala,
əlim çənəmə çatsın,
fikirləşmək üçün çox gözəl bir vaxtdır.
Bütün açıları araşdırıram,
ətrafımdakı kağız divarlara göz gəzdirirəm.
Mən, qapıdan keçir
bu möhtəşəm ocaq icazə versə
indi çay vaxtıdır.
...dirsəyimi açıram hala,
əllərimdən şah əsər yaradıram.
Su ilə,
Çay ilə...

***

Bu oyunun bir adı da həyatdır

Sən gözlərini yumursan...
mən evin içində gizlənirəm.
Mətbəxdəki mis qazanın içində
sən məni gəzirsən...
və atam evi satır bütün əşyalarıyla..

***

URMARKET (URMU MARKET)

Bu da sizlər üçün son bir şans,
Baxın!
Dənizi əynindən çıxarır,
orada sinəsinə xına yaxıb,
burada gəlinlik donundadır.
Sizlərə endirim vardır;
Alın...!
Alın...!
Aparın...

Olmaz!
Burası ağ kristalların sərgisidir,
foto çəkməyin, lütfən.
Baxın Flaminqonun dimdiyi rəngində olan yerə
orada topraq yaralıdır,
burada su şəhid olub,
Sizlərə baha başa gəlməyəcək, qorxmayın.
Burası kişilikləri güdaza gedən kişilərin qibləgahıdır.

Foto çəkməyin, lütfən.
sizlərə endirim vardır, aparın!
Dünyanın təkcə marketidir bura ki,
suyu duz şəkilində satır...

***

Yalqızlıq

Yalqızlıq – Ərdəbil ləhcəsində bir dilənçidir,
durmadan qapını döyür dalbadal.
Xoşbəxtliyin adresini soruşan qərib bir dilənçi,
kor bir cümədir yalqızlıq,
buludlu havasının dadı da yoxdur,
və qonşunun pəncərədən döşlərini sallayan bacısıdır,
ətimi ürpəşdirir sinəsindən sallanan tuluqlarıyla...

Yalqızlıq – səni gündüzdən gecəyə götürən bir qatardı,
başı buludlara söykənən bir bürcdür,
son qatından uçmaq istərsən...
Uçursan...
və qanadlarının altından qopurlar xatirələrin.

Yalqızlıq – otağındakı stressləri təkrarlayan bir cüt paralel aynadır,
Yalqızlıq – gecələr səninlə bir yastığa baş qoyan oynaşdır,
Yalqızlıq – daşdır,
sevdiyin qızın kalağayısıyla qarnına bağlayıbsan

Yalqızlıq – illər boyu səni sevirəm dediyin, səni sevməyən bir qızdır.
Yalqızlıq – Finadır, Günəldir, Ulduzdur;
toylarına da səni çağırmadılar ki,
arxasınca su səpəsən xoşbəxt olsunlar.

Yalqızlıq – sənin doğum günündür.
Nə olsun ki, telefonunun yaddaşında minlərlə dostun var,
kimsə səni təbrik etmir.

Yalqızlıq – “Qızıl hesar” zindanının nisvan bəndində,
sənin güdaza gedən bakirəliyindir.
Təbrizdə ədəbiyyat dəllallarının yedikləri iyirmi illik şairlik haqqımdır.

Yalqızlıq – xoşbəxtliyin adresini soruşan Ərdəbil ləhcəsində bir dilənçidir
Qapını açırsan...
Qonşunun döşlərini pəncərədən sallayan bacısıdır yalqızlıq
Yalqızlıq – bir cüt paralel aynadır,
illərdir səni təkrarlayır öz otağında.

***

Sevgilimə bir məktub

Sən milli məclisin göy səndəlində oturubsan,
əlində siyasət qələmi.
və mən anamın dizlərinə söykənmişəm,
əlimdə şeir qələmi.
Bu iki qələmi barışdırmaq üçün
hansı məhkəmənin qarşısında and içməliyəm?

Keçən il özümü qoruyurdum pandemi adında şeirdən
bu il özümü yaxalamışam ki, şeir kimdir?
Gəl...!
Səni siyasət adında deyingən qocaltmadan
və məni şeir bundan artıq ucaltmadan,
Gəl...!

Bizim bu qədər yazıq olduğumuzu sənə kim söyləyib?
Atam da siyasətçi deyil,
amma Angela Merkelə vurulmuşdur.
Bunu hər axşamçağı televizyonda siyasət xəbərlərini izləməsindən düşünürdüm.

Yumşaq olduğuma əl aparıbsan, bilirəm.
Mənim su olduğuma and iç, qorxma.
Əynindəki paltarların içi dolu balıqdır.

Uçuşlarını Səlcuk Bayraktara göndər,
görsün ki,
elə uçuşlar da var
Uçanları yenidən tikir...

Sən təşərliyindən astanada durub üstümə gərnəşmə, möhtəşəm senatoor!
Mən qanadlarını toprağa sərmiş bir quşam,
qapını ört lütfən,
Üşüyürəm...

# 3712 dəfə oxunub

Müəllifin son yazıları

# # #