“Gedək üzü küləyə...” deyən qızın sirri

“Gedək üzü küləyə...” deyən qızın sirri
28 oktyabr 2016
# 11:28

Sonuncu Orxan

Payızın cansıxıcı melanxoliyasından evdən çölə çıxmağa həvəsim qalmır. Kitabla, filmlə günümü yola verirəm. Ya da Yutubdan maraqlı videolar tapıb baxıram ki, kefim düzəlsin. Üstəlik də sosial-iqtisadi problemlərin içində adam bir az da ruhsuzlaşır.

Birdən Yutubda qəşəng bir qız çıxır qabağına. Deyir, gedək üzü küləyə, göynəsin üzümüz, yaşarsın gözümüz. Bu qədər cəsarətlidir yəni!

Bir oxuyur, bir oxuyur ki, gəl görəsən. Əcəba bu kimdir ?!

Sonra Feysbuka keçirəm. Görürəm hamı bu qızdan danışır. Aha, deyəsən məsələ bir az ciddidir. Videonu açıb təzədən qulaq asıram. Hə, doğrudan da yaradıb mahnını. Mimikaları, rahat ifa tərzi... Bir sözlə hər hərəkəti mahnını tamamlayır.

Söhbət Çinarə Məlikzadədən gedir...

Bir anda estafeti Şövkət xanımdan ala bilmişdi Çinarə.

Tənqid, tərif edənlər də olmuşdu. Amma bir göz qırpımında sənət dünyasına qədəm qoyan hər bir insanın arzuladığı o populyarlığa çata bilmişdi.

“Yeni ulduz” , “O ses Türkiye” yarışmasında qazana bilmədiyi uğuru sosial şəbəkədə qazanmışdı. Hə, özü də müsahibələrinin birində sevdiyi müğənnilər arasında Sezen Aksunun və Sılanın adını çəkmişdi.

Kimin kimin? Sezen və Sıla. İkisi də orijinal sənəti, qadın əzəməti ilə seçilən, ifası ilə insanı silkələyə bilən, sillə effekti yaradan sənətçilər. Onların ruhundakı azadlığı mənimsəyə bilmişdi. Bu onun ifalarında duyulur.

Bəs birdən birdən-birə Çinarənin sevilməsinə səbəb nə oldu?! Bir anda Şövkət xanım kimi sənətçidən estafeti almaq asan iş idi sizcə?

Şövkət xanım sözsüz böyüt sənətçidir. Onun yaradıcılığı bir ifa ilə məhdudlaşmır. “Bir könül sındırmışam”, “Axşamlar”, “İnanmaram” nə qədər gözəldir!

Sadəcə hamımız yaxşı bilir ki, Sovetlər dönəmində səhnəyə çıxan sənətçilərin geyimindən tutmuş əl hərəkətlərinə, mimikalarına kimi hər şeyə senzura var idi. Ona görə səhnəyə çıxan sənətçilər bizə mahnının ruhunu, nəfəsini tam mənası ilə ötürə bilmirdilər. Yəni demək istəyirəm ki, senzura Şövkət xanımın o ruhu bizə ötürməsinə mane olub bəlkə də. Nə bilim, bəlkə də belə deyil. Şövkət xanım çox səliqəli ifa tərzi olan müğənnidir. Bəlkə də bu onun tərzinə uyğun mahnı deyil. Bilmirəm, bunu musiqi ilə məşğul olan adamlar daha yaxşı bilər, bu mənim subyektiv fikrimdir, mən sırf yazar kontekstindən yanaşıram məsələyə. Mənim üçün mahnının ruhu önəmlidir, üstəlik sənətçinin onu dinləyiciyə ötürmək qabiliyyəti.

Çinarənin sevilməsinin əsas səbəblərindən biri də bu idi. Mahnının ruhunu ifadə eləyə bilmişdi. Özü də necə?! Elə bilirdin lay-lay deyir adama. Belə...

Çinarə xanıma dostcasına tövsiyəm budur ki, bunun eyforiyasına qapılıb sənətdən uzaqlaşmasın. Sənəti müqəddəs bilsin, onda sənət adamı zirvəyə aparır.

Necə ki, Sezen Aksu və Sıla musiqiyə ilahi məqam kimi yanaşmışdılar.

# 1592 dəfə oxunub

Müəllifin son yazıları

# # #