Bizim ölkədə bar deyəndə ağıla bir neçə şey gəlir. Yəni barın ölkəmizdə bir neçə təyinatı var; içki içmək üçün yer, oynamaq üçün yer, yarıçılpaq qızlara baxmaq üçün yer, əxlaqsızlıq yuvası, boşalmaq üçün yer və s. Qadınla əlaqə qura bilməyən ən fərasətsiz kişilər belə barlarda pul müqabilində az da olsa, rahatlaşa bilirlər. Hərçənd bizim barlardakı qızların mədəni səviyyəsi biabırçı gündədir.
Peşəkarlıqdan isə danışmağa dəyməz. Onlar öz işlərini görmək əvəzinə gic-gic əhvalatlar danışırlar. Bununla özlərinə haqq qazandırmaq istəyirlər və dolayısı ilə deyirlər ki, mən bura özüm gəlməmişəm, həyat özü məni bura sürükləyib. Bara əlacsızlıqdan gedənlərlə bərabər ekzotika və əylənmək üçün gedən kişilər də var. Onlar barda baş verənləri müşahidə etməkdən zövq alırlar.
Qəribə vəziyyət yaranıb. Camaatımız özü barı əxlaqsızlıq yuvasına çevirib və “bar qızı” deyilən bir anlayış ortaya çıxarıb. Biz əgər orta statistik Azərbaycan qadınının yanında “bar qızı” ifadəsini işlətsək, həmin qadın avtomatik olaraq özlüyündə o qızın qorxunc portretini canlandıracaq. Baxmayaraq ki, qadın ömründə bar görməyib, amma onun təsəvvüründə bar həddindən artıq naməlum, dəhşətli dərəcədə qorxulu, idbar bir məkandır. Orda hamı əxlaqsızlıqla məşğul olur.
Əvvəllər barlara tez-tez gedirdim. Bar məndə yazmaq həvəsi oyadırdı. Enerji alırdım gördüyüm mənzərədən. O vaxtlar bar əhli ilə ünsiyyətə girmək olurdu. Həvəslə danışırdılar. Ürəyə yatan qız olanda xidmətindən istifadə edirdim. İndi bar əhli ilə ünsiyyətə girmək bir az çətin olub. Daha əvvəlki kimi həvəslə danışmırlar. Bunun səbəbini tapa bilməmişəm. Ola bilsin, geyimimdə, yaxud sifətimdə yaşla bağlı dəyişiklik öz işini görüb. İnanmırlar. Yaxud danışmağımın, danışdırmağımın məqsədli olduğunu düşünürlər. Ünsiyyət ürəyim istəyən formada alınmır deyə, barlara əvvəlki kimi tez-tez getmirəm. 7-8 il bundan əvvəl həftədə ən azı iki dəfə şəhərin müxtəlif barlarına gedirdim. İndi isə ayda bir, ola bilsin, iki dəfə bara gedirəm. Qızların xidmətindən çox nadir hallarda istifadə edirəm. Çünki onların fürsətdən istifadə edərək nəsə sifariş vermələrini, yersiz şıltaqlıqlarını, seks zamanı çox pis imitasiya etmələrini heç cürə həzm etmək olmur. Görünür, yaşla bağlıdır. Pivə, kofe içə-içə ətrafda baş verənləri müşahidə edirəm. Vəssalam. Başqa heç nə...
Bu yazını yazmaqda məqsədim başqadır. Bizim barlarda nə baş verir, bunu gedənlər bilir. Getməyənlərin isə bar haqqında təsəvvürləri həddindən ziyadə sirli və naməlumdur. Zatən onlara bizim barların necə bir yer olduğunu, orda adamların nə etdiyini başa salmaq müşkül məsələdir. Tiflisdə striptiz bara getmişdim. Bəri başdan deyim ki, həyatımda cəmi üç dəfə striptiz bara yolum düşüb. Sadəcə nə olduğunu görmək üçün. Etiraf edim ki, bir şey başa düşməmişəm. Qızların borulardan yapışıb oynamalarını o qədər də anlamıram. Qərəz, Tiflisdə striptiz barda oturub pivə içdiyim vaxt içəri bir kişi girdi. Qiyafəsindən anladım ki, bura tam təsadüfən gəlib. Hara gəldiyini heç özü də bilməyib. Hiss olunurdu ki, buranın adamı deyil. Kişi gördüyü mənzərədən şoka düşdü. Mən sakitcə onu müşahidə etməyə başladım. Qızlardan biri yaxınlaşıb onun qucağında hoqqa çıxaranda kişinin halı lap xarab oldu. Onun sifətində belə bir ifadə vardı – heç bilməzdim qadın bu qədər yaxın ola bilər. Deyəsən, başa düşmüşdü ki, onu bərk aldadıblar və əslində, ona müxtəlif rituallarla verilən, müxtəlif dəyərlər toplusu ilə təqdim olunan vagina çox da baha deyilmiş. Bəli, hərdən istəyirəm vaginasına həddindən ziyadə yüksək qiymət verən, reallıq hissini itirən, neçə əsr geriyə qayıdıb cəngavərlə, qrafla, knyazla yatmaq istəyən “civilər”i aparım bara və onlar öz gözləri ilə görsünlər ki, əslində, vagina necə ucuzdur.
Əlbəttə, həyat çox əclaf şeydir. Sabah başına nə gələcək bilmirsən. Gözlənilməzliklərlə doludur. Bu gün bəyənməyib yemək yemədiyin məkanda sabah qabyuyan işləyə bilərsən. Heç kim bundan sığortalanmayıb. Bəli, vaginasına yüksək, fantastik qiymət qoyan “civilər”i hərdən bara aparmaq lazımdır ki, həyat reallıqlarını görsünlər. Görsünlər ki, vaginanı əldə etmək necə asandır. Əslində, bir çox kişilər səmimi münasibətin tərəfdarıdır. Məsələn, mən bir qıza yazdığım mesaj əvəzinə yazı yazsam, həmin yazının qonorarı ilə birtəhər əylənə bilərəm. “Civilər” isə sürrealist arzuların təsiri nəticəsində reallıq hissini itirirlər. Onlar bir neçə əsr əvvələ qayıdıb cəngavərlə yatmaq, ağ buludlardan tikilmiş gəlinlik paltarı geyinmək istəyirlər. İstəyirlər ki, bulvara yelkənli bir gəmi yaxınlaşsın və həmin gəmidən bir şahzadə (ya da Çe Gevara) çıxsın, onu qucağına alıb “Zəngəzur” şadlıq evinə aparsın. Reallıq hissini itirmiş bu tipləri barlara aparmaq lazımdır. Axı barda öz xidmətlərini təklif edənlər də bir vaxtlar öz vaginalarına belə fantastik qiymət qoymuşdular. Buluddan gəlinlik paltarı istəyirdilər. İndi reallıqla barışıblar. Hərçənd vaginalarına yüksək qiymət qoyan “civilər”i bara aparmaq o qədər də asan məsələ deyil. Texniki baxımdan. Sən orda heç kimə başa sala bilməzsən ki, bu qıza əsl həyatın nə olduğunu göstərmək üçün bura gəlmisən. Bara giribsə, deməli, həyatı, yolu bəllidir. Bir də gördün, bir qardaş yaxınlaşıb qiymət danışmağa başladı. Qayda belədir. Çıxardırsansa çıxart, çıxartmırsansa, imkan ver mən qiymətimi danışım. Ola bilsin, razılaşdıq. İndi gəl bu qardaşa başa sal ki, bu, mənim qız dostumdur, yaxud gəzdiyim qızdır, gətirmişəm reallığı göstərim. Adama “peysər” kimi baxacaqlar. Çünki onların anlayışına görə normal münasibətdə olduğun qızla bara girmək olmaz. Necə deyərlər, su qaba girirsə, olur içməli. Qalacaqsan dilemma qarşısında; ya dava etməlisən, ya da “peysər”liyi boynuna almalısan. Bax budur sual.
Bizim barlar SEYMUR BAYCAN YAZIR
12 noyabr 2012
10:25
6650 dəfə oxunub