İctimai TV-nin Baş Direktoru Balakişi Qasımov yoldaşa açıq məktub.
Yoldaş Balakişi Qasımov, işinizin çox, vaxtınızın isə az olduğunu nəzərə alıb birbaşa mövzuya keçmək istəyirəm. Sizə yazdığım bu açıq məktubun maksimum qısa, lazımsız, darıxdırıcı, rəsmiyyətdən uzaq olmasına var qüvvəmlə çalışacağam.
21 iyul 2022-ci ildə İctimai TV-nin Yutub kanalında bir video nəzərimi özünə cəlb etdi. Videonun başlığı belə idi:
“Hirkan milli qoruğunda kameralara yansıyan heyvanlar”
Bu başlıqda “yansıyan” sözünün istifadə olunması tamamilə yersizdi. Özümdən asılı deyil heç bir ehtiyac olmadığı halda türk sözlərindən istifadə olunmasına laqeyd qala bilmirəm. Bu dəfə də yersiz olaraq türk sözündən istifadə olunmasına laqeyd qala bilmədim. Nə gizlədim, həm də bir az əsəbiləşdim. Mən əsəbi halda İctimai TV-nin saytına girdim və orda göstərilən elektron ünvana bir tamaşaçı kimi öz iradlarımı (əsəblərimi cilovlayaraq) mədəni tərzdə bildirdim. Mədəni tərzdə iradlarımı yazdığım ünvandan mənə heç bir cavab verilmədi. Yəqin, cavab verməyə ehtiyac hiss etməyiblər. Hərçənd hər hansı formada mənə cavab verilməli idi. Başqa kanalların tamaşaçı iradlarına cavab verməməsini, tamaşaçı iradlarına laqeyd münasibət göstərməsini çətin də olsa, hardasa başa düşmək olar, lakin İctimai TV tamaşaçı iradlarına məncə laqeyd qalmamalıdır...
Ümumiyyətlə, İctimai TV-də nümayiş olunan verilişlərdə aparıcılar (əlbəttə, hər kəsə şamil etmək olmaz) heç bir ehtiyac olmadığı halda tez-tez “duyğu sömürüsü”, “alqılamaq”, “odaklanmaq”, “toparlanmaq”, “denge”, “topu-topuna” kimi türk sözlərindən istifadə edirlər. Halbuki, həmin sözlərin qarşılığı Azərbaycan dilində var və asanlıqla Azərbaycan dilindəki sözlərdən istifadə etmək mümkündür.
Sizdən bu aktual məsələni daima və ciddi şəkildə nəzarət altında saxlamağınızı xahiş edirəm.
Narahat etdiyim üçün üzr istəyirəm. Sizə həyat və yaradıcılığınızda uğurlar arzulayıram.
Hörmətlə Seymur Baycan.