Misilsiz canavar - Sevinc Qəmbərli

Misilsiz canavar - Sevinc Qəmbərli
29 iyun 2024
# 11:00

Kulis.az Sevinc Qəmbərlinin "“Misilsiz canavar” və ya “Sən göydənmi gəldin, Skott?!” yazısını təqdim edir.

“Ağ Diş mübarizəni dayandırmışdı. Hərdənbir əsə-əsə vurnuxurdu, lakin indi onun müqavimətlərinin xeyri yox idi. Buldoqun rəhmsiz çənəsi daha qüvvətlə onun boğazını sıxırdı. Hava çatışmırdı. Nəfəsi getdikcə daralırdı. Əgər lap əvvəldən Çerokun dişləri onun sinəsinə bu qədər yaxın olsaydı, Ağ Dişin damarı çoxdan kəsilmişdi...Smit elə bil zəncirini qırmış it kimi Ağ Dişin üstünə şığıdı. Onu təpikləməyə başladı. Tamaşa edənlər qışqırıb fit çaldılar. Göyçək Smit bu etirazlara məhəl qoymur, Ağ Dişi döyürdü. Bu vaxt cavan oğlan camaatı yara-yara qabağa çıxdı, hamını sağa-sola itələyə-itələyə irəli yeridi...”. Canavarın həyatı üçün möhkəm təlaş keçirən, onu az qalsın ki ölümün amansız caynaqlarından güclə xilas edən gənc kim idi? Uidon Skott cənub torpağından (San-Fransiskodan) uzaq şimal torpaqlarına (Dousona) gəlib qızıl mədənlərində çalışan birinci dərəcəli mühəndis idi. O, ölümcül halda olan Ağ Dişi məcbur edərək (pulunu verdi, mübarizə apardı) Çöyçək Smitdən aldı və ona “məhəbbət dərsi” keçməyə başladı. Heç nə asanlıqla olmadı, amma bu görüşdən sonra canavarın həyatında yeni bir səhifə açıldı, bundan sonra o addım-addım xoşbəxt həyata doğru getməyə başladı. Ağ Diş danışa bilsə idi əgər, dil açıb bütün qəlbi ilə Skottan soruşardı ki: Sən göydənmi gəldin?!

Oxuduğun hər bir mətndə özündən bir cümlə axtarırsan, çünki mən də belə edirəm. Xəyal edirəm, xəyal edirəm ki, bütün cümlələrin bir ünvana gəlir, mənə. Bu bir illüziyadır, çünki məni tanımadan öncə də addım-addım gəldiyin yolların səni mənə çatdıracağını sanıram. Gəldin, çatdın, axtardığın ünvanını tapdın, limanın oldum sənin mən, bu bir istəkdir, ağılsız bir istək, dəli bir istək, sən heç limansız gəmi də deyildin bəlkə də ki axı. Sən danışanda mən istəyirəm ki, tez-tez kəsim sənin sözünü. Bunun yaxşı bir şey olmadığını bilsəm belə. Bunu heç bir vaxt eləmirəm, nəfəsim kəsilir, çox istəyirəm, amma heç eləmirəm. Sənə bir sualı vermək istəyirəm tez-tez, hər dəqiqəbaşı. Bunu da heç eləməmişəm, səndən heç soruşmamışam, heç soruşa bilməyəcəm bəlkə də heç. Bilmək istəyirəm, mən bilmək istəyirəm, bilirsənmi səndən nəyi soruşub öyrənməyi istəyirəm mən. Sözünü kəsib səndən tez-tez soruşmaq istədiyim, amma heç bir vaxt soruşmağa cəsarət eliyə bilməyəcəyim sualım budur ki mənim: Sən göydənmi gəldin?!...Bu dəfə də sual eyni sualdır, amma bu dəfə ünvan sənin yaratmış olduğun obraz-Skott deyil, sənin özünsən. Çünki “Cek London əfsanəsi”, “Cek London gerçəkliyi” ədəbiyyatda olmasa idi, arxasında dərin, böyük və boş bir xəndək buraxmış olardı.

Çox-çox illər öncə oxumuşdum “Ağ diş”i. Eyni əsəri fərqli anlayarsan, fərqli baxarsan, fərqli şeylər kəşf edərsən illər sonra yenidən və yenidən oxuya bilsən. Bu dəfə oxumadım, bu dəfə hiss elədim. Gözəl canavar balasının baxış bucağından gördüm dünyanı, baxdım bu dünyaya, kəşf elədim onunla yenidən həyatı, əsərin bitməsini heç-heç istəmirdim, sonsuzadək getsin deyirdim. Onun çox bəyəndiyim və insanlarda da olmasını arzuladığım xeyli sayda xüsusiyyətləri var. O dişi cinsindən olanlara toxunmur, canavarların genindən gəlir bu cəhət, onlar dişilərə toxunmur. Kolli ona nə qədər ilişsə belə, onu təqib etsə də, incitsə də, Ağ diş ona heç toxunmur, çünki o bir dişi itdir. “Ağ Dişin cinsinə mənsub olanların qaydasına görə dişilərə hücum etmirdilər. Dişi itə hücum etmək Ağ Diş üçün öz instinktinin hökmü əleyhinə getmək idi.” Bəs insanlar, qadınlara bir-birindən ağır fiziki, mənəvi, psixoloji şiddət edən “kişilər” barədə nə deyək görəsən?! Qadınlara şiddət edərək özlərini pəncərədən atacaq vəziyyətə çatdıran “kişiləri” deyirəm. Həyatda, cəmiyyətdə özünü ifadə edə bilməyən və bu uğursuzluğun acısını qadınlarından, uşaqlarından çıxararaq onların gününü göy əskiyə bükən həmin o “kişiləri” deyirəm.

Amma ən çox Ağ dişin sədaqətini sevdim. Onu zülmkar sahibi Göyçək Smitin düçar elədiyi zülmlərdən xilas eliyən, qayğı və sevgi gördüyü, ürəyini fəth etmiş Skotta olan sədaqətini, onu üçün darıxmağını, onun hər tapşırığını pozulmaz bir qanun bilməsini. Mənə çox maraqlı idi ki, bəs görəsən bu əsərdə öz oxucusunu ən çox hansı cümlələlər kövrəldə biləcək: “Ağ Diş həsrətlə, intizarla kayura baxdı, sanki bununla soruşmaq istəyirdi ki, hanı Skott? Günlər bir-birini əvəz edirdi, Skottdan isə xəbər-ətər yox idi. Ağ Diş, xəstəlik nə olduğunu bilməyən Ağ Diş xəstələndi. O, çox xarab olmuşdu”. Axırda kayur Mətt də bunu anlayıb sahibinə yazdı: “Lənətə gəlmiş canavar işləməkdən boyun qaçırır. Heç nə yemir, lap üzülüb. İtlər onunla yola getmir. Sizin hara getdiyinizi bilmək istəyir. Mən isə onu dilə tutmağı bacarmıram. Qorxuram ki, ölsün...” Bəs insanlarda bu hiss hansı səviyyədədir görəsən, sədaqət və etibar hissi varmı çoxunda?!Yoxsa işlərini aşırana qədərmi hörmətlisən onlar üçün, dəyərlisən, bəs sonra nə olur, sonra unudulursan, gərəksiz bir əşya kimi uzaq, tozlu bir küncə atılırsan. Bu incitmirmi, incidir. Amma bu anlarda həyatında var olan qəlb insanlarının dəyərini bir daha anlayırsan, varlıqları üçün şükür edirsən, demək ki, qəlp insanları tanımaqda da bir fayda var imiş.

Gülürəm. O gündən düşünürəm ki, gülüşümü yazıda necə göstərim görəsən. Adi yazışmada yarım mötərizə qoyardım, bilərdin ki, gülürəm, gülümsəyirəm, çünki həyatımdakı təbəssümsən sən mənim. Ruhumun ehtiyacısan, ən həyəcanlı nidasısan, ən çox arzuladığı və ləzzətlə özünə hopdurduğu qidası kimi. Bir romanda yaşlı bir qadının işlətdiyi gözəl, gəncliyə məxsus əl işarəsindən yaranan insan barədə oxumuşdum. Amma bu mövzuda çox qərarsızam, o sərhədi müəyyənləşdirə bilmirəm. Sənmi mənim təbəssümümdən yaranmısan, yoxsa onun müəllifimi sənsən. Yazılı bir dialoq olsa idi əgər bu, mən gülməyi ifadə eliyən bir emoji bölüşərdim ki, sən biləsən ki, gülümsəyirəm yenə də mən. Yazıda necə edim bəs bunu görəsən, Skott?! Bəlkə dramatik əsərlərdə olduğu kimi bir mötərizə açım və orada yazım ki, gülürəm...(gülürəm). Bu mövzuda düşünən olubmu, adi təhkiyədə birinin üzünü, sözünü xatırlayanda çöhrəmizdə parlayan təbəssümü necə əks elətdirək, ən yaxşısı necə ifadə eliyək görəsən?! Düşünüblər bəlkə də, kəşf də ediblər, əməl də edirlər, bəlkə də mən bilmirəm. Mən axı bilinən yolları seçmirəm heç, öz cığırımı açıram həmişə, çox vaxt da elə cəngəlliklərin arası ilə...(gülürəm).

Bəli, Skott Ağ Dişin üzündə həmin o haqqında danışdığımız təbəssümü yarada bilmişdi, heyvan gülümsəmişdi, bəli, təsəvvür eliyin ki, bir canavar balasının üzü gülmüşdü. Onun qəlbinə və ruhuna işıq toxumları səpə bilmişdi, sonra onları bəsləyərək böyüdə bilmişdi Skott, Ağ Dişdə ona qədər tanıdığı insanların əlbir olub məhv elədiyi sevgi və güvən hisslərini oyatmışdı, insanlığın çox böyük təntənəsiydi bu. “Ağ Diş sahibiylə oynamağı da mənimsəmişdi...Və belə əyləncəli oyunun axırında, zərbələr və dişlərin şaqqıltısı güclənəndə birdən itlə Allah bir-birindən aralanıb hərəsi bir tərəfə düşür, bir-birlərinə baxırdılar. Sonra birdən (elə bil coşan dənizin üstündən qəflətən günəş boylanırdı) hər ikisi gülməyə başlayırdı. Oyun qurtaranda adətən Skott canavar balasının boynunu qucaqlayır, Ağ Diş isə öz zərif, yumşaq mırıltısıyla sanki sevgi nəğməsi oxuyurdu...O, Ağ Dişin lap dərin hisslərini dindirmişdi, canavar balasının mürgüləmiş və oğurlanıb məhv edilmiş ən xırda, zərif hisslərini öz nəvazişi gücünə oyatmışdı”.

Türkün totemi qurddur. Deyilənə görə bütün heyvanları əhliləşdirmək olar, bir tək qurddan başqa. Bu barədə rəvayətlər çoxdur, fərqlidir. Amma bir ümumi nəticə çıxır ki, türk toplumunun törəmiş olduğu insanı bir qurd taparaq öz südü ilə bəsləyib böyütmüş, sığınacağına alaraq onu hələ lap körpə ikən məhv olmasına imkan verməmişdir. Ona görə türk insanı məğrurdur, qürurludur, çünki südlə gələn sümüklə çıxar deyiblər. Qurd Dovşan deyil, qurd Tülkü deyil, qurd Ayı da deyil. Bu heyvanlar təbiətdə hər biri özünəxas şəkildə çox gözəldir, sevimlidir, əvəzsizdir. Söhbət bu heyvanların alleqorik olaraq bədii ədəbiyyatda, şərti olaraq məişətdə ifadə eləmiş olduğu xarakterik xüsusiyyətlərdən gedir. Çox-çox təəssüflər olsun, bəzi insanlar başa düşə bilmirlər ki, qurddan “dovşannıx eləməx'”, “tülkülüx' eləməx'”, nə də ki “ayılıx eləməx'” gözləyə bilməzsən. Bunu gözləməklə çox böyük səhvə yol verirsən. Canavarla onun heysiyyətinə toxunmadan davranmağı öyrənməlisən. Məsələn, “canavar” “tülkü” ilə baş çıxara bilərmi?! Əsla, bir tək həlli vardır ki bu “yoldaşlığın”, yolları ayırmaq, çünki canavarın bu anlayışa və dəyərə baxışı, etibarı, istəyi, sədaqəti başqadır, tülkününkü isə bambaşqa. Əsərin bir çox yerlərində Ağ Dişin həmin bu xüsusiyyəti müəllif tərəfindən özünəxas incəliklə, dəqiqliklə təsvir olunur, vurğulanır. O, Kolliyə bilərəkdən toxunmayanda, onun incidici basqınlarının qarşılığında böyük bir dözüm göstərəndə, sahibindən başqa heç kimə onunla zarafatlaşmağa imkan verməyəndə, bütün düşdüyü situasiyalarda insanlar və digər itlər ilə olan münasibətlərində öz məğrurluğunu göstərir və qoruyub saxlamağa çalışır.
Səs. Səs çox önəmlidir, bilirsənmi? Dedim ki, yaxşı bir şey olmadığını bilsəm belə, tez-tez sözünü kəsmək istəyirəm sənin. Çünki nə dediyini anlaya bilmirəm. Səsini eşidən kimi “dağılıram” çünki. Necə bir dağılmaqdır bu, bilirsənmi? Təsəvvür elə ki, sənə ən dəyərli incilərdən bir boyunbağı verdim və istədim ki, ona hər iki əlini keçirib əks istiqamətlərdə bərk çəkəsən, nə qədər möhkəm olsa belə sənin gücünə qırıldı və bu an nə baş verdi, incilər yerə dağıldı. Bax mən də elə o cür “dağılıram”. Bir də ki səsində səs eşidəndə belə, vacib deyil ki, sait olsun, ya samit (gülürsən), onların rəqsə qalxıb cütlüklər yaratmasına (hecalar), sonra əl-ələ verib yallı getməsinə (cümlələr) bir ehtiyac yoxdur ki. Artıq səsin özü fikir düzənimin “dağılmasına”, başımda xaos yaranmasına, kələfin ucunu itirməyimə, tarazlığımın pozulmasına tamamən bəs eliyir. Rasional düşüncə itir, ancaq emosional qalır. Bilmirəm ki, nə danışıram, nə deyirəm: əlaqəsiz, rabitəsiz. Bəli, Skottun səsi Ağ Diş üçün hər bir şeyi ifadə eliyirdi beləcə. Sahibinin qəzəbini də, istəyini də, onun razı olduğu və olmadığı məqamları da, nəyi düz elədi, nəyi düz eləmədi və daha heç bir vaxt da eləməli deyil, bütün bunları canavar balası onun səsindən anlayırdı. Onun cəzası da bu mülayim səsin dəyişməsi ilə baş verirdi və bu onu çox incidirdi, qəlbini, ruhunu neştərləyirdi. Skottun səsi Ağ Diş üçün onu istiqamətləndirən kompas idi sanki.

Bütün münasibətlərdə, tədris prosesində, tərbiyə prosesində, dostluqda, sevgidə hər bir şey inamdan başlayır. Əgər inam toxumu əkilirsə və ona qulluq göstərilərək köklü-köməcli bir çinara çevrilirsə, o münasibət, o proses alınmış ola bilər. Çünki tərəflər arasında bir inam olarsa, o zaman kürəyini ona tərəf çevirməyə qorxmadan (görəsən bıçaq saplamaz ki?!), ona uzanan əlinin havada qala biləcəyi üçün qorxu keçirmədən, yanında olduğunu sanıb “yanında olduğunu” görmədən bir yola başlaya bilərsən, addım-addım ən uzaq məsafələri qət edə biləcəyinə, ayağın büdrəyərsə qolundan bərk-bərk yapışıb yıxılmağa qoymayacağına inanarsan. Bu inam səni yaradar, sizi yaradar. Skott israrla, təmkinlə, əvvəl özü ona inandı (baxmayaraq ki, Ağ Diş mırıldadı, dişlək götürdü, caynaq atdı, tərəddüd elədi), sonra canavar balasında onu yaratmağı bacardı. Elə bu hiss ilə də onu tərbiyəndirməyi bacardı, gərəksiz vərdişlərindən uzaqlaşdıra bildi.

Canavar toyuqlara (gülürəm) basqınlar eliyərək onları kütləvi şəkildə qırğına məruz qoyanda belə, Skott ona inandı və sadəcə bir cümlə dedi: -O, daha toyuq yeməyəcək...Buna ancaq və ancaq onun özü inanırdı. Ailədə, ətrafda isə heç kim inana bilmirdi, güvənə bilmirdi artıq Ağ Dişə. “Hər dəfə Ağ Diş özünü unudub instinktə təslim olmaq istəyəndə, quşun üstünə atılır, amma sahibinin səsi onu dayanmağa məcbur edirdi. Beləliklə, elə buradaca o, daha bir qanunu mənimsədi.” Skott, hətta mərcə belə girdi: “...mən hər öldürülmüş toyuğa qızıl dollar verəcəyəm...”. O, canavara inanırdı, bilirdi ki yanılmayacaq, inamla nələr etmək olmaz ki, birinin sənə sonsuzadək inanması o qədər gözəl bir duyğudur ki, bu sevgidən daha gözəldir. Ağ Diş bu dəyərin, bu hissin qiymətini çox yaxşı bilirdi. Ona görə də o hər kəsi məyus eləyəsi oldu. “O, toyuqlara heç gözucu da baxmadı, toyuqlar canavar balası üçün sanki mövcud deyildi”. İnam hissi yenə öz qalibiyyət marşını çaldı. “Və hakim Skott aynabəndə yığılmış ailə üzvlərini məmnun etmək üçün təntənəli səslə on altı dəfə təkrar etdi: “Ağ Diş, sən mənim düşündüyümdən də ağıllı imişsən!”

Skottla Ağ Diş arasında güclü bir inam bağı var idi, mənimlə bu yazı arasında olduğu kimi. Çünki bu yazını bir insan yaratdı, bir inam yaratdı, bir insanın inamı yaratdı, davamlı olması diləyilə (gülümsəyirəm). Ürəyiniz gülsün həmişə, bu qədər qarışıq və upuzun fikir dolanbaclarını mənimlə bir yerdə keçərək sevimli ayrılmazıma çevrilmiş mənim Ağ Dişimin üzü kimi... (ağlayıram).

# 1919 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #