Çılpaq və yalnız - Sevinc Qəmbərli

Çılpaq və yalnız - Sevinc Qəmbərli
14 may 2024
# 13:30

Kulis.az Sevinc Qəmbərlinin “Çılpaq və yalnız”, yaxud “Göy Adamı ilə mükalimə” yazısını təqdim edir.

Həyat nə rəngdədir? Buqələmun rəngində,

Bəs dadı necədir? Dada bildiyin kimi...

240-cı səhifə... Hər şey eşqlə başladı və əsər bir robot olmaqdan çıxdı, ruh gəldi ona. Məsudun Akidəyə aşiq olduğu həmin o səhnə: “Mənə gəlib çatan səsi gözəldi! Həmişə həyatımdakı qadını ayaqqabısından tanıyacağımı düşünürdüm, amma səsindən tanıyacaqmışam. Gözlərim açıldı və göz-gözə gəldik. Aşiq olan bir kişi baxışlarıyla eləcə gözlərinə baxdım.O da mənim gözlərimə baxdı. Danışmadıq. Mən həm də neyləyəcəyimi bilmədim. ..Eşq deyilən hiss insan özünü başqa heç nəylə hiss eləməyəcəyi qədər gözəl hiss eləsin, ucalsın, uçsun getsin deyə yaradılmış olmalıydı”. Çünki eşqsiz hər şey ruhsuz bir cəsəd kimidir, çünki eşqsiz həyat mənasız bir oyun kimdir. Eşq olmazsa, səhər ayılmaq istəmərik, eşq olmazsa, hər şey ağır bir yük olar, eşqdir dağ boyda yükləri, çətinlik və təhlükələri hissedilməz edən. “Eşqsiz, ey dünya, nədir dəyərin?! (Nizami)”.

Məsud Akidəni gördüyü ilk anda anlayır ki, illərlə axtardığı, ömrünü bir yerdə başa vurmaq istədiyi həmin o qadına rast gəlib. İlk bərabərlikdən sonra Akidə ona başa salmağa çalışır ki, ona çox aşiq olmuş olsa belə, bu izdivac mümkün olacaq bir şey deyil. Çünki onun qeyri-qanuni, hamıdan bir sirr kimi gizlətdiyi, yaş yarımlıq bir oğlu var. Bunu eşidən Məsud isə qarşılıq olaraq bildirir ki, onunla ailə qurmağı və icazə verərsə övladına atalıq edərək bərabər böyütməyi hər şeydən daha çox istəyir. “Əgər həyatında kimsə yoxdursa, əgər məni gerçəkdən sevirsənsə, pis dediyin, əngəl dediyin heç bir şey məni maraqlandırmır...Sən elədiyinin xəta olduğunu düşünürsənsə, sənin xətana belə aşiq olan biri var qarşında...Səndən ömür boyu heç nə soruşmayacağam. Şərəfimə and içirəm”. Məsud sona qədər sözünə sadiq qalır, amma həmişə daxili bir əzab çəkir. Akidəyə olan sevgisi azalırmı? Əsla. Akidənin əlini son nəfəsinə qədər buraxırmı? Əsla. (Xətaya aşiq olmaq nə imiş?!).

“Adı qanıma qarışdı və içimin hər zərrəsinə işlədi: Akidə. Akidə Akidə”. Məsud və Akidə əlli illik bir evlilik həyatı yaşayırlar, dörd uşaq böyüdürlər, bilik və bacarıqlarını inkişaf etdirmək üçün daima çalışırlar, hərəkətli, dolu bir ömür keçirirlər yan-yana.Amma Məsudun ürəyində olan şübhələr, təxminlər, uydurmalar həmişə onu içəridən yeyən bir qurd kimi əzab verir, ürəyində Akidəyə qarşı sonralar üzüntü ilə əvəz olunacaq bir qəzəb hissi belə yaranır. Amma bu onun sevgisini soyutmur, daha da artırır və bir daha əmin olur ki, Akidəyə sandığından daha çox aşiqdir. Ona qarşı heç bir vaxt dəyişmir, amma bağışlamır da. Bütün həyatı bu səssiz böhranlar içində keçir. Bir təxmini də o olur ki, uşağın atası özünün Muvaffak əmisidir. Zorla, ya razılıq ilə, əmisi bir təcavüzkardırmı, yoxsa Akidə heyranlıq hiss elədiyi adama özümü yaxınlaşıb. Əmisinin qovluqları arasında Ankaranın bahalı məhəlləsində Akidənin adına olan bir mülkün sənədini tapanda çox sarsılır, imanı bir yerə, gümanı min yerə gedir. Roman bitir, amma bütün bu suallar cavabsız qalır, həm qəhrəman, həm oxucu üçün...

Aşiqəmmi sənə, yoxsa heyran?! Bədii ədəbiyyatı mütaliə eləməyin çox faydalı və maraqlı tərəfləri var: elə bir anında elə bir cümlə, elə bir fikir oxuyursan ki, sənə dayaq olur, sənə həkim olur, sənə məlhəm olur. Bəzən şəffaf, iri damlalı bir yaz yağışına çevrilə bilməyib qəlbinin səmasını daima doluxsunmuş buludlu, sıx dumanlı saxlayan, mavruların oynadığı ipliklər kimi dolaşıq (gülümsəyirəm), özünün belə çözə bilmədiyin qarışıq düşüncə və duyğularında gözəl bir yay səhərində olduğu kimi aydınlıq yarada bilir mütaliə, rahatlıq tapırsan, yüngülcə, ciyərdolusu dərin bir nəfəs aldırmağı çox görmür sənə mütaliə. Hamdi Koç romanda aşiqlik və heyranlıq hisslərinə toxunur, belə ki, qəhrəman Akidəyə aşiq, minnətdarlıq və bağlılıq hiss elədiyi,ömrünün sonuna qədər görüşdüyü, dərdləşdiyi birinci arvadı aktrisa Yasəmən xanıma isə heyran olduğunu etiraf eliyir. Bəlkə də bu qəflətdə olan bir oxucunu ayıldır ki, bunlar fərqli şeylərdir. Bu hisslər çox-çox bənzərdir, ayırd eləmək çətindir, dilçilik və ədəbiyyatşünaslıq kimi üzvi surətdə bir-birinə sıx şəkildə bağlıdır, arxaizm və dialektizmlər kimi qarışıqdır bəzən, sərhədləri və cizgiləri göstərməkdə çətinlik çəkə bilərsən, amma başqa-başqa şeylərdir. Elə bu andaca keşişin Jan Valjana (Hüqo) elədiyi kimi birinin ruhu xilas ola bilər yersiz bir ağırlıqdan.

Əsərdə Məsudun özündən böyük bir qardaşı olur. Qardaşını sevir, ona rəğbəti var, həm də günahlandırır. Niyə sevir? Çünki qardaşıdır, səliqə-sahmanlı bir tipdir, ağıllıdır, təhsillidir, onunla pis davranmır. Uşaq yaşlarından Məsuda qarşı həmişə biganə olan, sevgi, diqqət, qayğı görmədən böyüdüyü ailəsi o əsgərlikdə olduğu zaman avtomobil qəzasına düşəndə, onları xatırlayanda ürəyi ən çox qardaşına yanır, ona qarşı olan istəyi əsər boyu özünü büruzə verir. Xeyli vaxtdan sonra onun qəbrinin qarşısında olanda keçirdiyi hissləri səmimi bir şəkildə belə ifadə eliyir: “Bir müddət qəbrin yanından ayrıla bilmədim. İlk dəfə həyatımda qardaşımı görmək istədim və səssiz-səssiz ağladım. Kitab və val marağını xatırladım, eqoistliyini xatırladım, mənə heç qardaşlıq eləmədiyini xatırladım, zəngin olmağı çox istədiyini xatırladım, yenə ağladım”. Niyə günahlandırır? Öz dili ilə desək: “..əmim necə atamın hissəsinin arxasına keçdisə, qardaşım da mənim gələcəyimi elə əlimdən aldı, kollecə gedib, ailəni pulsuz-parasız qoyub...Mən də kollecə gedə bilsəydim, bəlkə, daha xoşbəxt bir uşaq olaraq böyüyərdim. Daha xoşbəxt bir gənc olardım”. Sonralar Məsud qəlbində qönçə kimi qalmış arzularının arxasınca əzmkarlıqla gedir, ədəbiyyat üzrə professorluğa qədər yüksəlir.

Kitablarla sonradan doğmalığa, yaxın dostluğa çevrilmiş ünsiyyətinin, tanışlığının yaranması da qardaşının adı ilə bağlıdır. “Dükanın rəfləri kitablarla doluydu. Ürəyim alış-veriş eləmək, qardaşım kimi kitablarla məşğul olmaq istədi. Bir xeyli roman aldım. Qardaşım yerli yazıçıları sevməzdi, deyərdi ki, türklər roman yazmağı bacarmırlar. Bəlkə, haqlıydı, amma qəbul edilməsi mümkün deyildi. Onun acığına Xalidə Edipin, Peyami Safanın heç birini oxumayacağım xeyli romanını aldım”.Bu məqamda belə qardaşına olan duyğularının haçalandığını görürük: həm onun kimi, həm onun acığına. Bu hissədə yazıçı ustalıqla tez-tez müzakirələrə səbəb olan başqa bir məsələyə də (türklər roman yazmağı bacarmırlar?!) toxunaraq öz mövqeyini nümayiş elətdirir. Qeyd edək ki, bu yanlış fikrə balta vuran ən güclü imzalardan biri də elə müasir türk romançılığının aparıcı, parlaq simalarından biri olan Hamdi Koçun özüdür. Belə ki, o, bir çox dəyərli, sanballı əsərlərin müəllifidir: “Körpələrin ölüm mahnıları” (1992), “Çiçəklərin tanrısı” (2003), “Xoş diləklər ölkəsi” (2005), “Bir keçmiş ərin günortadan sonrası” (2009), “Yalnız qaldınız, Pəyami bəy”(2017). Müəllifi olduğu “Mələklər kişi olur” (2002) romanı ilə Türkiyənin ən çox oxunan yazarlarından birinə çevrilmiş, “Çılpaq və yalnız” (2013) romanı ilə bir çox mükafatlara layiq görülmüşdür.
Türk insanı çox istedadlıdır, hərtərəfli və olduqca yaradıcıdır.Türk insanının potensialı çox-çox güclüdür. Buradan da belə nəticə çıxarmaq olar ki, problemi müəyyən qədər başqa şeylərdə axtarmaq lazımdır, almazın cilalanaraq brilyanta çevrilə bilmədiyi prosesdə və s. Amma bu fakt belə mövcud olan reallığı, boşluğu görməzdən gəlib etiraf etməli deyilik fikrinə haqq vermir, çünki türk toplumunda bu məsələ (türklər roman yazmağı bacarmırlar?!) və onu yaradan səbəblər var, buna göz yuma bilmərik. İlk növbədə biz özümüzə tənqidi yanaşmağı bacarmalı, çatışmazlıqlarımızı görməyi,deməyi və düzətməyə çalışmağı bacarmalıyıq. “Göy Adamı, məndə davamlılıq yoxdur sanki, uzun müddət bir işlə davamlı, mütəmadi şəkildə məşğul ola bilmirəm. Göy Adamı: -Hamımız eləyik..”. Hamdi Koç bu barədə düşüncələrini belə ifadə edir: “Oxuduqca, biliyim artdıqca, zövqüm formalaşdıqca qardaşıma haqq qazandırdığım zamanlar da oldu. Mənə elə gəldi ki, bizim türklər üç ayda bitirmədikləri işləri heç bacarmırlar, bacardıqları işləri də üç ayda bitirdikləri çox bəlli olur. Səbr, inam, dözüm bizə aid nəsnələr deyil. Bizim görüş məsafəmiz üç aydır”. Çinli tələbələr “oğuzların hörmətlə əldən-ələ gəzdirdikləri” “Dədə Qorqud kitabı” nı oxuduqdan sonra, həyat tərzlərimizin nə qədər fərqli olduğunu xüsusi olaraq vurğuladılar. Biz əsasən, heyvandarlıqla məşğul olub köçəri həyat tərzi keçirmiş (yaylağa, qışlağa), ömrü at üstündə, döyüşlərdə keçən, zamanla daha uzaq, geniş ərazilərə səpələnən bir toplum olmuşuq. Bütün bunları nəzərə alaraq türk insanının təbiətini, qüdrətini və dinamikasını anlamaq çətin deyil. Amma unutmayaq ki, hər bir şeydə arzulanan nəticə üçün davamlılıq çox önəmlidir (zənciri qırma prinsipi ilə).

Hamdi Koç qəhrəmanının dili ilə insanın kitablardan ala biləcəyi zövqü və dadı, bəhrəni və faydanı, kitabların həyatımızda oynaya biləcəyi rolu (buna icazə verin) çox gözəl ifadə etmişdir: “Düşüncələrim elə bir suallar yağmuru altındaydı ki, özümü kitaba verə bilmək üçün oxumağı təzə-təzə öyrənirmişəm kimi zəhmət sərf eləməyim, dirənməyim, inad etməyim lazım gəlirdi. Çətinliklə, az da olsa, bacardım, özümü, suallarımı tez-tez unutdum. Bu, yaxşı bir tərbiyə oldu. Sonrakı illərimdə içkidə, dərmanlarda təsəlli axtarmaq məcburiyyətində qalmadan içimi kitab oxuyaraq təmizləməyi öyrənməyə başlamış oldum. ...zövqünü aldıqdan sonra kitablardan başqa şeyə pul xərcləməyə qıymayan, maraqlanmayan oldum.”Kitablar dostdur (Puşkin), kitablar yaradır. Kitablar insanın ən etibarlı dostudur: atmır, satmır, xəyanət eləmir, kürəyindən vurmur, qısqanmır, paxıllıq etmir, söz almır, şərləmir, təhqir etmir, incitmir. Kitablar insanı yaradır: ilmə-ilmə, kərpic-kərpic. İnsanın insandan “üstünlüyü” ancaq mütaliəsi, elmi, oxuduğu kitabların sayı, çoxluğu ilə ola bilər. Kitab zənginləşdirir: mənəviyyatı, nitqi, dünyagörüşünü. Kitab müdrikləşdirir, təmkinli edir, xarizma verir illər sonra davamlı mütaliə. Hadisələrə, münasibətlərə qarşı olan dəyərləndirmə, yanaşma fərqli olur çox oxuyan insanlarda, fəlsəfələri dərin olur və s.

“Çılpaq və yalnız” həm kifayət qədər irihəcmli (Azərbaycan dilində 560 səhifə, türk dilində 640 səhifə. Maraqlıdır ki, həcmdə yaranmış olan bu böyük fərqi tərcümə ilə məşğul olanlar necə əsaslandıra bilər?!), həm roman janrına uyğun olaraq çoxşaxəli, rəngarəng obrazlar və hadisələr ilə olduqca zəngin bir əsərdir. Burada o qədər toxunmaq istədiyin məqamlar, işıqlandırmalı olduğun maraqlı və mühüm hissələr var ki, bir “cızma-qara” hamısından danışmağa yetmir. Belə ki, ən azından əsərdə baş verən qeyri-adi hadisələri, mistik səhnələri şərh eləmək ehtiyacı hiss eliyirsən. Ona görə ilk yazıdan (“Misilsiz canavar” və ya “Sən göydənmi gəldin, Skott?!”) sonra səsləndirilən dəyərli tövsiyələri nəzərə alaraq bir yazının həcminin çox olmasına yol verməyək, axı oxucunu da nəzərə almaq lazımdır (gülümsəyirsən). Qeyd eləmək istərdim ki, romanın poetik dili də çox oynaq, rəngarəng və cəlbedicidir: bədii təsvir və ifadə vasitələri, məcazlarla olduqca zəngindir (Sakit, musiqili, parlaq və gənc su; dadlı səs, istilik, cümlələr; ağır, boyat yorğunluq qoxusu çökmüş hava; Suallar ayağıma dolaşır, ağırlıq yaradırdı və s.). Şərhləri və fikirləri maraqlı hesab eliyən işıqlı gözlər və ürəklər üçün növbəti hissə gələcək, əsrarəngiz, parıltılı bir təbəssümlə simanız həmişə işıqlansın, gözəl insanlar.

# 1716 dəfə oxunub

Müəllifin son yazıları

# # #