İmama yalandan and içən qadın

İmama yalandan and içən qadın
16 iyun 2017
# 10:56

Kulis.az Sevinc Elsevərin “Arzulardan sonrakı şəhərin adı – Azadlıq!” yazısını təqdim edir.

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanını oxuyub bitirəndən sonra özüm üçün Arzulardan sonrakı şəhərə bir ad fikirləşdim: Azadlıq!

Şərif Arzulardan sonrakı şəhərə çoxlu adlar tapır. Gah ona baş qəhrəman Həsənin sevdiyi qızın - Gülsümün adını verir, gah Sevgi, Mehribanlıq adı verir. Özü də o şəhərə hər adamı buraxmaq istəmir. Müəyyən məqamlarda bizim gənc qəhrəmanımız ona bu dünyada hamıdan doğma olan nənəsinə də güzəştə getmir. Nənəsinin ədalətsizliyə yol verdiyi vaxtlarda Arzulardan sonrakı şəhərin qapılarını onun üzünə bağlayır.

Bu elə bir xəyali şəhərdir ki, orda bütün insanlar bir-biri ilə mehribandır, orda müharibə, ədalətsizlik yoxdur. O şəhərdə texnikum direktoru öz tələbəsini şərləyib tutdurmur, digər tələbəsindən üzə durmağı tələb etmir. O şəhərdə barmaqlarından musiqi tökülən dirijor miskin vəziyyətə salınmır. Bazarda piştaxta dalında duran satıcı çəkidə aldatmır. O şəhərdə məhkəmələr ədalətli qərarlar çıxarır. Heç kim Həsənin nənəsi kimi yalandan and içməyə məcbur qalmır.

Romanın strukturu olduqca maraqlı, dili axıcıdır. Qədim Misirdə, Nil çayı sahillərində yaşayan, qəbiləsinin ən güclü igidi Amanisin və işğal ərəfəsində olan bir şəhərin yeniyetmə sakini Həsənin bir-birindən ayrı təsir bağışlayan əhvalatını əslində çox şey bağlayır. Hər gecə Həsənin yuxusuna girən ağızları bağlı çəhrayı atlar, hər ikisinin dağılan, talan olan yurd-yuvası, evindən, sevgilisindən uzaq düşməsi... Ən əsası ayrı-ayrı minilliklərdə yaşayan bu iki kişinin ruhi dünyası eynidir. Onların arzuları, hisləri, qorxuları, həyəcanları, dərdləri, sevincləri eynidi.

Hər iki süjet eyni dərəcədə maraqlı, bir-biri ilə üzvi şəkildə bağlıdır. Biri digərini tamamlayır. Oxucu fəsildən-fəsilə nəinki darıxmır, hər iki süjetin davamını oxumaq üçün can atır.

Amanisin yaşadığı qəbilənin atlarının qonşu qəbilə tərəfindən təhqir olunması, atlara zülm edilməsiylə qəbilələr arasında başlayan müharibə bugünkü müharibə ilə qardaşdır. Bütün müharibələr bir-birinə bənzəyir. Bütün zamanlarda müharibələrdə insanlar eyni qorxulardan keçiblər, eyni zülmləri görüblər, eyni itkiləri yaşayıblar. Amma minilliklər keçsə də, müharibələr bitmir, davam edir, sadəcə şəklini, zamanını, yerini-yurdunu dəyişir. Hamının xoşbəxt olduğu, müharibələrin, ölümlərin, haqsızlıqların olmadığı yeganə dünya Həsənin xəyalındakı, arzularındakı şəhərdir.

İnqilabın, çevrilişin baş verdiyi, düşmənin qapıda gözlədiyi bir zamanda Həsənin yaşadığı şəhərdə adamlar bir-birini incitməyə ərinmir, bir-birini incitməkdən əl çəkmirlər. Belə şəhər dağılmağa məhkumdur.

Hər birimiz kimi Həsənin içində bir neçə adam oturub. Həsən gah mağmındır, gah qəddardır. Gah qorxaqdır, gah qorxmaz. Amma bütün hallarda ədalətsizliklə barışmaq istəməyən, saflığını, təmizliyini qorumağa çalışan adamdı.

Eynilə Amanis kimi...

Amanis İterü deyə səsləndiyi müqəddəs sulardan aman istəyəndə belə deyir: “Ulduzlara lağ eləməmişəm, yumru aya baxıb ağız-burnumu əyməmişəm, çaya tüpürməmişəm, qonşu qəbilənin zəmisini tapdalamamışam, uşaqların anasını söyməmişəm, quşlara daş atmamışam, gil lövhələrə biədəb şəkillər çəkməmişəm, fironun adı gələndə o biri kölələr kimi qoy o yaşasın, xətadan uzaq və salamat olsun deməmişəm... ”

Amanis günahsız olduğuna inanır. Bu dünyada yeganə günahı öldürdüyü mizraqçının arvadını yatağına salmağıdır. Onun çığırtısı hələ də qulaqlarındadır. Amma qəbiləsinin döyüş qanunlarına tabe olaraq, bu hərəkətə yol vermişdi. İndi isə günahını başa düşür. Müharibə qanunlarının yanlış olduğunu etiraf edir. İteridən əfv diləyir. Hətta Yaşıl vadiyə qayıda bilsə, hər kəsin önündə mizrqaçının arvadının qarşısında diz çöküb bağışlanmasını istəyəcək.

Amma günahkar keçmiş insanı qarabaqara izləyir. Amanis uşaqlıqda gözünün qabağında fironun keşikçilərindən birinin itələyib Xaxas xəndəyinə salaraq öldürdüyü Amandanın yıxıldığı yerdən yıxılır. Amanda üçün əlindən heç nə gəlməyən Amanis bircə onun xatirəsini unutmamışdı.

Qapısını müharibənin gah fındıq, gah qoz, gah alma, gah qarpız, gah paraşüt boyda səslərlə döydüyü Arzular şəhərində Həsənin yuxusuna qədim Misir qəbilələri arasında müharibəyə səbəb olmuş çəhrayı atlar girir. Keçmişin lənəti müasir insanı xoşbəxt olmağa qoymur. Ona görə Şərif tarix dərsini, tarix müəllimini ələ salır.

Əsər poetik detallarla zəngindir. Şeirsəl dilə malik romanı uzun, çox uzun şeir kimi oxuyub bitirirsən. Və sevinirsən ki, sənin balaca ölkəndə belə bir qələm adamı parlamaqdadır.

# 1701 dəfə oxunub

Müəllifin son yazıları

# # #