Noyabr ayının 25-də "Libraff"ın "Park Akademiya" filialında ədəbiyyatşünas-alim, professor Vilayət Quliyevin Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabiyə həsr olunan, "TEAS Pres" nəşriyyatında çapdan çıxan "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının təqdimatı və imza mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, rədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu il milli mətbuatımızın 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq professor Vilayət Quliyevin "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının milli mətbuatımızın yubileyinə layiqli töhfə olduğunu bildirib.
Vilayət Quliyevin uzun illərdir tariximizin qaranlıq səhifələri ilə bağlı ən müxtəlif mövzuları yorulmadan, davamlı şəkildə araşdırdığnı, onun bu zəhmətinin xüsusi rəğbət və ehtirama layiq olduğunu qeyd edən R.Məcid hörmətli professorun tədqiqatlarının istər elmi, istərsə də ictimai mühitimiz və oxucu auditoriyası tərəfindən böyük məmnunluqla izləndiyini vurğulayıb: "Vilayət müəllim "525-ci qəzet"in ən ardıcıl və ən çox arzulanan müəlliflərindəndir. Bu kitabdakı məqalələrin də bəzilərini "525-ci qəzet"də ayrı-ayrı vaxtlarda çap eləmişik. Ümumilikdə kitabda Həsən bəy Zərdabiylə bağlı çox qiymətli araşdırmalar yer alıb. "Xatirələr", "Nekroloqlar və vida sözləri", "Məktublar" bölümlərindəki materiallar mətbuatımızın banisinin həyat yolunu öyrənmək baxımından olduqca qiymətli məxəzlərdir".

Tədbirdə çıxış edən Azərbaycanın dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov Vilayət Quliyevlə şəxsi münasibətlətinin tarixinin 50 il əvvələ təsadüf etdiyini, bu münasibətlərin sonradan dostluğa çevrildiyini bildirib, onun ölkəmizin Polşa və Macarıstanda səfiri işlədiyi dövrdə diplomat kimi öz vəzifə borcunu məsuliyyət və şərəflə yerinə yetirməklə (təsadüfi deyil ki, hər iki ölkənin yüksək ordenlərinə layiq görülüb) bir sırada arxiv və kitabxanalarda fəal çalışaraq Azərbaycan-Polşa və Azərbaycan-Macarıstan əlaqələrinə dair qiymətli tədqiqat əsərləri yaratdığını qeyd edib. H.Həsənov V.Quliyevin Polşa tatarlarına dair əsərlərinin Polşada da diqqəti çəkdiyini, iki kitabının polyak dilinə tərcümə olunaraq bu ölkədə çap edildiyini, "Bəkir Çobanzadə. Budapeşt illəri" monoqrafiyasının isə hazırda macar dilində nəşrə hazırlandığını yada salıb. Natiq Həsən bəy Zərdabi haqqında kitabın təkcə Azərbaycanın mətbuat tarixinə deyil, müasir dünya millətinə çevrilmək yolundakı tariximizə də ciddi töhfə olduğunu vurğulayıb. O, yeni tipli məktəb, milli teatr, qəzet, xeyriyyə cəmiyyəti, qızlar üçün təhsil, Bakını Azərbaycanın mədəni-mənəvi və iqtisadi paytaxtına çevirmək uğrunda istiqamətində Zərdabinin gördüyü işlərin əslində müstəqil Azərbaycan dövlətçiliyinin - Cümhuriyyətin bünövrə daşları olduğunu deyib. Hazırda Vilayət Quliyevlə birlikdə Ə.Topçubaşovun 4 cildlik əsərlərini ana dilində nəşrə hazırladıqlarını, bu əsərlər içərisində Zərdabi haqda yazılmış "Azərbaycanın yol göstərəni" essesinin mühüm yer tutduğunu yara salan natiq ölkəmizin dünyada tanıdılmaq işində Vilayət Quliyev kimi vətənpərvər ziyalıların əvəzsiz xidməti olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın Ukraynadakı keçmiş səfiri, Xalq yazıçısı Elmira Axundova çıxışında Vilayət Quliyevlə birlikdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstututunda, Azərbaycan Xarici İşlər Nazirliyində birlikdə uzun illər çalışdıqlarını, vaxtı ilə Ukraynaya səfir təyin olunanda ən qiymətli məsləhətləri ondan aldığını xatırladıb. O, Vilayət Quliyevin köməyi və yaxından iştirakı ilə səfirlikdə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin, xüsusən də Kiyev universitetinin məzunu, Azərbaycan Cümhuriyyətinin Ukraynada ilk nominal səfiri Yusif Vəzir Çəmənzəminlinin fəaliyyətinin öyrənilməsi sahəsində bir sıra tədbirlər həyata keçirdiklərini yada salıb. Elmira Axundova onun bütün digər əsərləri kimi Zərdabi haqqındakı kitabının da fakt-sənəd bazasının zənginliyi, təhlil dərinliyi, münasibət yeniliyi, özündən əvvəl qələmə alınan əsərlərə ehtiram və diqqət ruhu ilə səciyyəvi olduğunu qeyd edib. Bu yaxınlarda həmkarının hələ çap prosesində olan "Naxçıvandan dünyaya. Bir bəhai ailəsinin tarixçəsi" kitabının əlyazması haqqında rus və Azərbaycan dillərində böyük bir məqalə yazdığını, məhz Vilayət Quliyevin əsəri olduğu üçün kitaba indidən cəmiyyətdə böyük maraq olduğunu deyib. Çıxışının sonunda Elmira Axundova yazıçı-diplomat həmkarının tək Azərbaycanın ədəbi-mədəni fikrində deyil, ictimai-siyasi həyatında və diplomatiya tarixində də mühüm, yaddaqalan izlər qoyduğunu bildirib.

Həsən bəy Zərdabinın Azərbaycan xalqının ictimai fikir tarixində parlaq mövqe tutduğunu vurğulayan Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli ölümündən sonra Zərdabi irsinin Fərhad Ağazadədən, Ziyəddin Göyüşovdan İzzət Rüstəmova, Rəhman Bədəlova kimi bir çox görkəmli tədqiqatçılar tərəfindən müntəzəm olaraq araşdırıldığını, professor Vilayət Quliyev də həmin o görkəmli tədqiqatçılardan biri olduğunu bildirib: "Kitab çox maraqlı tərtib olunub. Vilayət Quliyevin öz tədqiqatları, Zərdab haqqında xatirələr, məktublar, dəfnində olan çıxışlar bir-bir o dövrün qəzetlərindən seçilərək bu kitaba salınıb. Həsən bəy Zərdabi sözün həqiqi mənasında millət qurucusudur və bu quruculuq yolunda, bu mübarizədə Həsən bəy Zərdabi elə böyük çətinliklərlə üzləşib ki, elə böyük fədakarlıqlarlar göstərib ki, bəzən düşünürsən, bu, bir insan ömrünə sığan böyük işlər deyil. O, Azərbaycanda ilk xeyriyyə cəmiyyəti yaradan, ilk teatrın bünövrəsini qoyan, ilk qəzet yaradan, ilk qız məktəbi layihəsini verən, Bakı şəhər Dumasında sözün həqiqi mənasında millətin mənəviyyatı və hissiyyatı uğrunda mübarizə aparan böyük bir fədakar, əvəzssiz şəxsiyyət olub".

Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli bildirib ki, Azərbaycan milli mətbuatının 150 illiyinin qeyd edildiyi bir zamanda professor Vilayət Quliyevin "Yorulmaz Əkinçi Həsən bəy Zərdabi" adlı kitabının geniş oxucu auditoriyasına təqdimatı "Əkinçi"nin əsryarımlıq yubileyinə ən sanballı töhfələrdən biridir: "Onun 21 il əvvəl eyni mövzuya həsr edilmiş "Böyük Əkinçi" monoqrafiyasını da xatırlayıram. Hər iki kitabının adında "Əkinçi" kəlməsindən əvvəl işlətdiyi və Həsən bəy Zərdabiyə aid etdiyi "böyük", "yorulmaz" keyfiyyət xüsusiyyətləri həm də Vilayət müəllimin özünə, fəaliyyət prinsiplərinə şamil etmək olar. Yazılarımın birində onun haqqında vurğulamışdım: faktların yeniliyi, zənginliyi, dil-üslub cazibədarlığı, təhlil və dəyərləndirmənin orijinallığı, mükəmməlliyi, yaradıcılıq prosesinin intensivliyi, səmərəliliyi, mövzuların aktuallığı, bənzərsizliyi baxımından möcüzələrin də adiləşdiyi çağdaş dünyamızda məni heç kəs professor Vilayət Quliyev qədər heyrətləndirməyib. Müəllifin təqdim olunan yeni kitabı da deyilən kriteriyaların tələblərinə yüksək səviyyədə cavab verir".
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, Azərbacan Dillər Universitetinin prorektoru, professor Həmidə Əliyeva, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turan, Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli və digər çıxışçılar Həsən bəy Zərdabinin ölkəmizin ictima-mədəni və maarifçilik sahəsindəki misilsiz xidmətlərindən danışıb, böyük Zərdabinin bu xidmətlərini əhatəli elmi araşdırmaya cəlb etmiş ədəbiyyatşünas-alim Vilayət Quliyevin tədqiqatının aktuallığından söz açıblar.

Təqdimat mərasiminin sonunda kitab müəllifi Vilayət Quliyev çıxış edərək əsəri nəfis şəkildə çap etdiklərinə görə "Teass PRESS" nəşriyyatına, təqdimat mərasiminin təşkilində xüsusi əməyi olan Azərbaycan Mətbuat Şurasına, tədbir iştirakçılarına minnətdarlığını çatdırıb. Milli Mətbuatımızın 150 illiyinin bayram edildiyi bir vaxtda bu müzakirənin, söylənən fikir və mülahizələrin xüsusi ilə yerinə düşdüyünü qeyd edib. Kitab üzərindəki işindən danışarkən bu günümüz baxımından XX əsrin əvvəllərindəki mətbuat fədailərimiz, xüsusən də Zərdabi şəxsiyyəti və irsində öyrənilməsi, yaşadılması, estafet kimi gələcəyə ötürülməsi vacib olan məqamları vurğulayıb. V.Quliyev iştirakçıları maraqlandıran bəzi suallara da cavab verib.
Tədbirin sonunda "Yorulmaz əkinçi: Həsən bəy Zərdabi" kitabının imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.


