Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri

Sizi güldürənlər ağladır bizi... - “Səksənincilər" layihəsindən Məmməd İlqarın şeirləri
28 noyabr 2025
# 10:00

Kulis.az Nəriman Əbdülrəhmanlının təqdimatında “Səksənincilər” layihəsindən Məmməd İlqarın şeirlərini təqdim edir.

Şair Məmməd İlqar (Məmmədov Məmməd Mədəd oğlu) 1950-ci il fevralın 21-də Qazax rayonunun Aslanbəyli kəndində doğulub. Aslanbəylidə orta məktəbi (1967) bitirdikdən sonra bir müddət Bakıda, Keşlə Maşınqayırma zavodunda, toxuculuq fabrikində və tikinti sahəsində işləyib. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib (1980). Sonralar Sumqayıt İctimai-iaşə trestində mühəndis-texnoloq, şəhər avtomobil kombinatında növbətçi-mexanik işləyib. Hazırda, Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt idarəsində çalışır.
M.İlqar ciddi yaradıcılıqla 80-cı illərin əvvəllərindən məşğul olur. Həmin vaxtdan şeirləri respublika dövri mətbuat vasitələrində çap edilir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Biz ölməyə doğulmuruq”, “Məni baxtıma tapşırma”, “Quzey qönçəsi”, “Qaratel” şeirlər toplusu çap olunub. Məmməd İlqarın yaradıcılığı aşıqların da diqqətini cəlb edib. Bir çox şeirləri aşıqlar tərəfindən ifa olunur.

TƏCNİSLƏR

Yönü vətən sarı, qərib bir qoca,
Bayatı çağırır: - eləmi, dağlar...
Necə göynəməsin, güşümləməsin-
Çəkilib köksünə eləmi dağlar?

Dedim, de dərdini sən, əmi - bilmir...
Bilmir harda qalıb sənəmi, bilmir...
Baxtamı qarğasın, sənəmi, bilmir
Viranə obaya, eləmi, dağlar?

Tutmaz eldən ayrı, tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz, ömürdən.
Obasız olumdan, elsiz ömürdən
Ölüm urvatlıdı, eləmi, dağlar?

***


Ən gözəl dərdimsən, dərdlər içində,
Dərdindən düşmüşəm dərdə mən, gözəl.
Dərd gözəl çəkilir - əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm - ən gözəl.

Sərdim gülşənini dərdə, mən ömrün,
Dər gülüm, gülünü dər də mən – ömrün.
Hər günü ölümdü dərd əmən ömrün -
Ölərmi sən kimi dərd əmən, gözəl?!

Məmməd, könül sevdi, kimə nə dərdi,
Özgə kim sevdirər ki, mənə dərdi?..
Bilməm bu sevginin kimə nə dərdi? -
Mənə dərd gözəldi, dərdə mən gözəl.

***


Nədi, çəkilibsən başa dağ kimi,
Dağı dərəsindən başlanan dünya.
Qarası ağıyla qoşa tağ kimi -
Ağı qarasından başlanan dünya.

Əzəlin əfsanə, sonun haradı,
Yolların ahlara, ağrılaradı.
Səni kim bilirsə, bağrı yaradı -
Bağır yarasından başlanan dünya.

Hanı daş-tərəzin - olanı çəkə?
Bir belə yanlışı, yalanı çəkə?
Fağır balalardı bəlanı çəkən,
Fağır balasından başlanan dünya.

***


Tanrı milyon ildi köhnə yerində,
Sular nəhrə dönür dəhnə yerində.
Taleyi bağlıdı göylə yerin də -
Gün aya bağlıdı, ay yerə bağlı.

Öndə ölən varsa, arxa yenilməz,
Bir yol qana hopan qorxu, min il bəs!
Ayğır ayıq olsa, ilxı minilməz -
İlxının taleyi, ayğıra bağlı.

Eldən ayrı düşmək ayrı dağıymış...
Hər anın şələsi dağdan ağırmış...
Əl ver, ay yuvası-yurdu dağılmış -
Əl ver, ay qazaxlı, ay qarabağlı...

***


Adına pərvanə adlar içində
Bir ad da var, gülüm, ara bir ad da...
Əritdim arımı odlar içində,
Nə qoşum-qondarım ara, bir ad da.

Eşqə nə tərəzi – nə qədər olsa...
Qailəm nə qəza, nə qədər olsa!
Dərdindən dəlilər nə qədər olsa –
Ara taleyini, ara, bir adda!

Məmmədəm, bu eşqin ömrü yolunda,
Varam ki, bitməsin ömrü yolun da!
Addamac eylədim ömrü yolunda –
Adda ömrüm-günüm, arabir adda!..

***


İlahi! Belə də gözəl olarmı? -
Kimdi qələm çəkən, nə gözəl çəkir.
Üz- üzə, göz-gözə sehrlənmişik,
Nə mən göz çəkirəm, nə gözəl çəkir.

Güney gözlüm, gözəllikdə bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...

Gül üstündə arıya bax bircə sən -
Gör gülün nazını nə gözəl çəkir?...

Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl -
Nə bir könül doyur, nə göz əl çəkir!


ŞAİR OLMAYAN DOSTLARA

Bizim taleyimiz Tanrılıq deyil,
Bizim qismətimiz qələm ucunda...
Ömrümüz ölçülmür il hesabıyla,
Toplanıb-çıxılsa – qələm uzunda...

Bizə düz görünür ən ağ yalan da,
Bir az cəhd eləyən aldadır bizi.
Nahaq gülürsünüz biz ağlayanda,
Sizi güldürənlər ağladır bizi.

Şamıq – yandırsalar,
Daşıq – hörsələr,
Sirrik – çözülmərik yüz baxan olsa.
Bizim ürəklərin dibi görsənər,
Bizim gözümüzə düz baxan olsa...

Adımız adamdı, ruhumuz mələk,
Nə yerə, nə göyə sığırıq amma.
Biz açan qapını bağlayır fələk,
Siz çıxan qapıdan çıxırıq amma.

Harda sonuncuyuq,
Harda birinci?..
Ələnən ələnir, qalan atılır...
Şairlər atılır dərdə birinci –
Necə ki gülləyə ilan atılır!


SARI GÜLLƏRƏ

Eşq yolunda nallar düşür,
Qovuşunca qanlar düşür.
Bülbülə bax, gözlərindən
Nə qırmızı xallar düşür -
Sarı güllərə-güllərə.

Ömrü-günü ələk-vələk,
Can sökülür lələk-lələk...
Biçarə bülbül neyləsin-
Sən Allah, qondurma, fələk
Sarı güllərə-güllərə.

Gözümü çaylaq elərəm,
Köksümü yaylaq elərəm.
O gülləri qan aparır,
Könlümü yaylıq elərəm -
Sarı güllərə-güllərə.


BAŞ ƏYMƏ

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun!
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır.
Beşin ölür, beşin qalır -
O qalan beşin sağ olsun!

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm..
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.

# 121 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

17:36 27 noyabr 2025
Vatikan pop ulduzun albomunu təriflədi

Vatikan pop ulduzun albomunu təriflədi

15:10 27 noyabr 2025
Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA

Güney Azərbaycanın xalçaları ilə məşhur şəhəri - ARAŞDIRMA

14:40 27 noyabr 2025
Milli Dram Teatrının dekabr repertuarı

Milli Dram Teatrının dekabr repertuarı

14:30 27 noyabr 2025
Nobel mükafatçısı:  "Zorakılıq və gözəlliyin  iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?"  - Müsahibə

Nobel mükafatçısı: "Zorakılıq və gözəlliyin iç-içə olduğu dünyada məsumiyyət mümkündürmü?" - Müsahibə

14:30 27 noyabr 2025
Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi - "Şəbi-Hicran"dan REPORTAJ

Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi - "Şəbi-Hicran"dan REPORTAJ

14:10 27 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər