Əsgərə oxunan mahnılar

Əsgərə oxunan mahnılar
6 may 2015
# 11:36

“Qərib cinlər diyarı”nda filmini hamınız görmüsünüz.

Qərib cinlər padşahına aldanıb cinlər diyarına gedəndən bir müddət sonra tutduğu əməldən peşman olur. Evləri, anası, qardaşı, sevgilisi, kənd-kəsəyi üçün darıxmağa başlayır. Bunu öyrənən cinlər padşahı Qəribin başını qatmaq üçün öz sarayında cürbəcür ziyafətlər, şənliklər təşkil eləməyi qərara alır. Təlxəklərinə tapşırır ki, oyun çıxartsınlar, Qəribin fikri dağılsın. Təlxəklərin çıxardığı oyun isə Qəribi daha çox darıxdırır. Qərib evindən ötrü, anasından, sevgilisindən ötrü lap dəli divanə olur. Qaçmaq qərarına gəlir. Bunun üçün yollar axtarır.

Əsgərlərimiz üçün tez-tez konsertlər təşkil olunur. Təbii ki, bu konsertlərin təşkil olunmasında məqsəd əsgərlərin istirahət vaxtlarını səmərəli keçirtməsi, fikir-zikrlərinin azca da olsa dağıdılmasıdır.

Həmin konsertlər tez-tez televiziya ekranlarında nümayiş olunur. Biz də ekran qarşısında oturub baxırıq. Bir də görürsüz, həmin konsertlərə gələn müğənnilər elə repertuar seçirlər ki, oxuduqları mahnılar əsgəri şənləndirmək əvəzinə qəmləndirir. Ana mövzusunda elə qəmli-qəmli zəngulələr vururlar, mənim ürəyim kövrəlir, üzünü bir həftə görmədiyim anam yadıma düşür. Bu əsgərlərin əksəriyyəti parta arxasından durub əsgərliyə gedənlərdi. Bərkə-boşa düşməyib, ayrılıq nədir görməyiblər. Bu mahnıları dinləyən əsgərin gözünə gecə sabaha kimi yuxu gedə bilməz.

Sevgilisini, nişanlısını, arvadını gözü yolda qoyub gələn var. Sanki müğənni ayrılığa dair mahnı oxuyur ki, əsgərin yarasına duz səpsin .

Əsgərlərin qarşısında çıxış edən qadın müğənnilər xüsusilə geyimlərinə fikir versələr yaxşı olar. O günləri bir qadın müğənni (adını bilmirəm) mahnı oxuya-oxuya girib əsgərlərin içinə. Vallah, mahnını necə oxudu, nə təhər oxudu özü də bilmədi. Yaman əziyyət çəkdi zavallıcığaz. Əsgərlərin arasına girdiyi üçün ürəyində özünü söyürdü. Min dəfə peşmandı. Üzündə bir ifadə vardı ki, yazığım gəldi ona. Qayıdıb səhnəyə çıxınca birtəhər oldu. Qadın özü kompleks keçirirdi. Ya kompleks keçirmə, ya da geyinmə də belə. Nə vacibdi?

Əsgərə ayrılıq, ölüm, ana haqqında mahnılar oxumaq lazım deyil. Əsgərə qəhrəmanlıq haqqında oxumaq lazımdı. Əsgərin sümüyünə düşən mahnılar oxumaq lazımdı. Qoy qol götürüb oynasınlar. Avtomat götürüb soyuq, isti səngərlərdə bizi qoruyan qollar oynasın. Döyüş təlimlərində addımlamaqdan qabar olan ayaqlar oynasın. Ana, ata, bacı, qardaş həsrətini yada salıb ürəkləri oynamasın!

Tanrı bütün əsgərlərimizi qorusun. Onları sağ-salamat analarına qaytarsın. Anaları üçün mahnı çaldırıb analarıyla birgə toylarda, şənliklərdə qol qaldırsınlar.

# 2348 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #