Məktəblilərin yaz tətilində uşaqları Bakı Dövlət Sirkinə aparmışdım. Səhnədə Moskva və Belarus sirki iştirak edirdi.
Kifayət qədər gözəl vaxt keçirtdik, həm maraqlı idi, həm əyləncəli. Uşaqların hərəsi bir şeyi bəyəndi. Balacası, maşın həvəskarı olan oğlum motosikletçilərin təhlükəli şousunu, birinci sinif şagirdi olan qızım Şən klounun tamaşasını, böyük qızım da hava gimnastlarını bəyənmişdi. Sirkə tamaşa edə-edə bir şeyi fikirləşirdim. Sirk məhz uşaqlar üçün yaradılıb. Uşaqlar üçün və uşaqlığını qoruyub saxlaya bilən adamlar üçün.
Feysbuk dostlarımın əvvəlcədən elədiyi xəbərdarlığa görə sirkdə xoşagəlməz şeylərlə də qarşılaşmalı idim. Sirkin binasına girər-girməz gözüm o xoşagəlməzlikləri axtarmağa başladı. İçəri girən kimi məni heyvan qoxusu vurdu. Amma iki-üç dəqiqədən sonra bu qoxuya öyrəşdim. Özümə aşıladım ki, sirkdə heyvan olar də! Heyvan qoxusu niyə adamı narahat eləsin ki? Biz də canlıyıq, onlar da. İndi bizim də özümüzə məxsus qoxumuz var. Təsəvvür edin, sirkdə saysan iyirmi-otuz heyvan ola, olmaya. Amma biz insanlar yüzlərləyik. Bizim qoxumuz yəqin ki, heyvanların lap başını gicəlləndirir. “Adam-madam iysi gəlir, yağlı badam iysi gəlir” - deyirlər ürəklərində...
Sirkin oturacaqları köhnə, nimdaş idi. Buranın əməlli-başlı təmirə ehtiyacı var deyə düşündüm ətrafa göz gəzdirərək. Uşaqlara ehtiyatlı olun, tərpənməyin, yıxılarsınız deməkdən yorulmuşdum. Sirkin ziyarətçilərinin çoxu uşaqlardı. Demək olar ki, valideynlər bura uşaqlara görə gəlir. Biletlər məktəblərdə, bağçalarda satılır, bu, heç kimə sirr deyil. Amma uşaqların qarşısında böyüklər oturanda uşaqlar səhnəni görə bilmirdilər. Valideynlər əsir qalmışdılar, o bundan xahiş edirdi ki, yerini dəyişsin, başını kənara eləsin, bu ondan.
Sirk ustaları yarım saatdan da çox idi səhnədəydilər, bizim camaat hələ də oturmağa yer gəzirdi. Zalda bir dənə də boş yer yox idi. Amma çox adam biletində qeyd olunan yerlərdə oturmadığından problem çıxırdı. Gecikənlər oturanlardan qalxmağı tələb edirdilər. Nəzarətçilər də aciz qalmışdı bu ərköyün adamların əlində.
Heyvanlarla bağlı səhnələrdə, dostlarımın dediyi kimi, təlimçilər qamçıyla işləyirdi. Amma bu qamçılar heyvanlara harda nə hərəkət elədiklərini bildirmək üçündü. Məncə, bunu heyvanları incidəcək şəkildə eləmirdilər. Sadəcə, qamçını dəvənin, atın ayağına toxundurmaqla, “filan hərəkətin yeridi” deyə xəbərdarlıq edirdilər. Ola bilsin təlimlərdə heyvanlar o qamçıların dadına doğrudan-doğruya baxmışdılar. Cəmi bircə dəfə qızım başını döndərib dedi: “Ana, mən o əmini sevmədim. O, dəvəni qamçıyla vurur...”
Mən izah elədim ki, bərk vurmur. Hər halda bunu ona görə dedim ki, uşağın baxdığı da gözündən tökülməsin, dilxor olmasın, qəmgin ayrılmasın sirkdən.
Uşaqlar sirki sevir. Şən klounlar, hava gimnastları, janqlyorlar... Dil bilən heyvanlar nağıl kimi gəlir onlara. Bütün xalqların və zamanların sənətkarı kimi tanıdığımız İtaliya kinorejissoru Federiko Fellini filmlərində sirk elementlərindən istifadə eləmişdi. Onun filmlərinin qəhrəmanlarının çoxu səfil sirk ustaları, qəmli və şən klounlardı. Fellini uşaqlıq xatirələrindən danışanda deyirdi ki, ona sirk qədər heç nə təsir etməmişdir. Hətta beş yaşında olarkən evdən qaçmış, səyyar sirk truppasına qoşulmuşdu. Sirk Fellininin uşaq yaddaşına elə möcüzəvi təsir göstərmişdi ki, sonralar bu təsir onun bütün filmlərinə yansımışdı.
Valideynlərin uşaqlarını sirkə aparmağı çox yaxşıdı. Amma məncə sirkin biletlərinin çoxu uşaqlara satıldığından gərək uşaq tamaşaçılar nəzərə alına. Bunu eləmək mümkündür. Orda odla bağlı elə tryuklar vardı ki, mən qorxurdum, evə qayıdandan sonra oğlum da eyni hərəkətlərə cəhd eləyə.
Bəzən məktəblərdə müəllimlərin uşaqlara bilet, jurnal, kitab satmağına qarşı olur valideynlər. Amma, bu biletlərə verilən pulu çipsiyə, koka-kolaya, cürbəcür ziyanlı, bəzəkli şirniyyatlara xərcləyəcəkdiniz onsuz da. Məktəb bufetlərində uşaqların orqanizminə faydasız o qədər şey satırlar ki! Ona qarşı heç kim etiraz eləmir. Amma hər hansı uşaq tamaşasına, sirkə, muzeyə bilet satılanda, kitab, jurnal satılanda valideynlər deyinir. Müəllimlər uşaqlara qorxa-qorxa əlavə kitab tapşırırlar. Valideynlər müəllimin boynuna minnət qoya-qoya alırlar o kitabı. Halbuki uşaqları oxuyacaq, müəllimlər deyil.