Mişarın qafiyəsi

Mişarın qafiyəsi
1 iyun 2015
# 09:45

1 iyun – uşaqlar günü münasibəti ilə

Tülkünün -quyruğu -şələdi

dil-dila

Meymunun- quyruğu-belədi

dil-dila

Dəvənin- quyruğu-yalançı

dil-dila

Dovşanın quyruğu bi damcı

dil-dila

Xoruzun-quyruğu-qırmızı

dil-dila

Pişiyin-quyruğu-mızmızı

dil-dila

Timsahın quyruğu mişardı

dil-dila

Mişara-qafiyə -tapmadım

dil-dila

Oxuyanda üzlərdə təbəssüm yaradan bu uşaq şeiri Murad Köhnəqalanındı. Bu şeiri səhnələşdirmək, uşağı əməlli-başlı güldürmək, əyləndirmək də olar. Həm də uşağın obrazlı təfəkkürünün inkişafı üçün çox yaxşı şeirdi. Murad Köhnəqalanın fantaziyası Andersonunku qədər güclüdü. Və demək olar ki, bu gün ədəbiyyatımızda onun qədər fantaziya və yumoru birləşdirə bilən ikinci yazıçı yoxdu.

Muradın uşaq şeirlərini ilk dəfə 2002-ci ildə nəşr elətdirdiyi “Alma əhvalatı” kitabında oxumuşdum. Muradın bütün yaradıcılığı bir yana, balaca Mustafa və Zeynəbə həsr elədiyi şeirlər məni valeh eləmişdi. Biz bu şeirləri gülə-gülə oxumaqdan doymurduq. Bu şeirlər həm uşağın, həm böyüyün kefini açırdı. Elə bil adamı ovutmaq üçün idilər. Ağlayan, kirimək bilməyən uşağı-böyüyü ovutmaqda ustadı Murad Köhnəqala.

Qulağı yarpaq Mustafa!

Ağzı torpaq Mustafa!

Burnunun üstü çapıq

Mustafa!

Anam küllükdən tapıb

Mustafa!

Bu şeirin də sonu uşağı ovutmağa və kiritməyə kifayət edir.

Muradın “Bulud pinəçisi” povestini oxuyanda isə nağıllar aləminə düşürsən. Ordakı yağış yağanda buludları yamamağa qaçan, heç vaxt bir yerdə oturmayan, daim qaça-qovda olan ata adamı kövrəltməsin neyləsin?! Mən bir dəfə də yazmışdım, əslində əsl ədəbiyyat nə qədər güldürürsə, o qədər kədərləndirir. Bura uşaq ədəbiyyatı da daxildir. Andersonun nağıllarını oxuyub zülüm-zülüm ağladığım olub.

Bu yaxınlarda Muradın bir neçə nağılı ilə tanış oldum. Dediyinə görə bir kitabda yığmaq istəyir o nağılları. Nağılları oxuduqca gözlərimə işıq gəlirdi, nə gizlədim. Bizim də bu cür fantaziyası olan, uşaqlarımız üçün belə rəngarəng nağıllar düzüb-qoşan müəllifimiz olduğuna sevinirdim.

Keçənlərdə “Hədəf” nəşriyyatının İsveç uşaq nəşriyyatlarından birinin nümayəndələri ilə təşkil elədiyi görüşdə iştirak eləmişdim. Onların özləri ilə gətirdiyi və məzmununu bizə danışdıqları kitabları görəndən sonra başımı yelləyib dedim öz-özümə: “Bizdə hər şey var: istedad, həvəs, yanğı, yazmaq ehtirası. Bircə yiyəmiz yoxdu”. İki qadın idi. Dediklərinə görə hər il ölkələrində keçirilən Uşaq ədəbiyyatı müsabiqəsinin təkcə mükafat fondu qırx milyon yevrodu. Həmin ərəfədə də Muradın e-malimə göndərdiyi nağılları oxumuşdum. Təpəmdən elə bil bir qaynar qazan su tökdülər. Acığımdan bu iki xanım nə dedisə əksinə getməyə başladım. Qibtə hissi ildırım kimi vurmuşdu məni, inanın. Axı bizdə daha güclü yazanlar var. Niyə qədri bilinmir deyə qışqırmaq istəyirdim üstlərinə. Qalxın, ölkənizə gedin, bizi dolamayın. Bədbəxtliyimə baxıb həzz almayın demək istəyirdim.

Muradın “Yuxularım” sürreal hekayələr toplusu uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmamışdırsa da, içində uşaqlığımı oyadan o qədər şey gördüm ki! Məgər hansımızın yuxuları qorxulu deyildi ki? Gecələr oyanıb anamızı qucaqlamırdıqmı hər birimiz. “Yuxularım”da da yazıçı cürbəcür əhvalatlarla bizi sehrli aləmə aparır. Biz böyükləri haldan-hala, ölkədən-ölkəyə salır.

Biz böyüklər bu böyük adamın qədrini bilməsək də, uşaqlar mütləq qədrini biləcək. Yetər ki, kifayət qədər təbliğ oluna, əsərləri yayıla. Və Murad Köhnəqala da bundan ilhamlanıb çox yaza.

Əziz uşaqlarımızın uşaqlar günü mübarək olsun!

Bu gün uşaqlarınıza kitab almağı unutmayın!

Yəqin ki, naşir əmilərin könlünə insaf düşər, gələn uşaq gününəcən Murad Köhnəqalanın da uşaq kitabı işıq üzü görər deyin onlara bir də!

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #