Kulis.az Sevinc Elsevərin “Məktəbə məcazi mənasını qaytarın!” adlı yazısını təqdim edir.
Dünən feysbukda Təhsil platforması adlanan səhifədə valideynlərdən birinin (bəlkə də, müəllimlərdən birinin) belə şərhini gördüm: “9-cu sinfin imtahanlarından 10 bal alan uşaq vardı, indi də gəlib oturub 10-cu sinifdə”... O adam tək deyil, onun kimi düşünən yüzlərlə düşüncəsiz adam, hətta məktəb direktorları, müəllimlər var!
O şərhçiyə yazdığım cavabı daha geniş şəkildə sizlərlə bölüşmək istədim:
9-cu sinfin imtahanından 10, lap 0 alan uşaq niyə 10-cu sinifdə oturmamalıdır ki?
Axı, bu 9-cu sinifdə verilən imtahan kimə lazımdır? Mən 9-cu sinfi bitirəndə 10-cu sinfə keçmək üçün heç bir imtahan verməmişəm. Heç nəyə layiq deyildimmi? Layiq deyiləmmi?
Kollecə, peşə məktəbinə getməyəcək uşaq niyə 9-cu sinfi bitirməmiş imtahan verməlidir? Hələ bir il qabaqdan, ilin başından həyəcana, stressə girməlidir? Üstəlik, onu demirəm ki, 9-cu sinfin orta məktəb proqramı hədsiz yüklü və ağırdır. 9-cu sinifdə musiqi, təsviri incəsənət, texnologiya, həyat bilgisi kimi fənnlər də keçilir və hər birindən ayda bir neçə dəfə summativ yazılır. Hələ ədəbiyyat dərsini demirəm. Hansı ki, çətin məzmunlu, anlaşılmayan dilli şeirlər salınır və uşaqlardan tanımadıqları dildə (fars, ərəb, qədim türk) olan şeirləri əzbərləmələri tələb olunur.
Bu uşaqlar əlavə məşğuliyyətlərlə də məşğuldurlarsa (idman, musiqi, rəqs, rəsm), orta musiqi məktəblərinin də şagirdləridirlərsə, daha burda utancdan susum.
Heç kəsə sirr deyil ki, uşaqların 80 faizi 9-cu sinfin imtahanlarına da hazırlaşmaq üçün repetitorlara, kurslara müraciət edirlər. Çünki 9-cu sinfin buraxılış imtahanlarında uşaqlar təkcə 9-cu sinif proqramından imtahan vermirlər (elə olsa nə vardı ki!) Əl boyda uşaqlar 5, 6, 7, 8, 9-cu sinfin proqramından imtahan verirlər. Adamın dünən yediyi yadından çıxır. Dünən öyrəndiyi də həmçinin. Məcbursan ki, 15-16 kitablıq məlumatın hamısını təkrar edəsən. Həm də dönə-dönə! Üstəlik, paralel olaraq orta məktəbin digər fənnlərini də oxuyasan. Təkcə Azərbaycan dili, ingilis dili, riyaziyyatla bitmir axı. Musiqi dərsliyini də əzbərləməlisən, texnologiya dərsliyini də. Məhz əzbərləməlisən ha! Barı texnologiya dərsində divara mıx vurmağı öyrədələr, musiqi dərsində musiqi zövqü aşılayalar! Bir sözlə, zülm! Cəfa!
Özünüzü o körpələrin yerinə qoyun. Səhər 6-7-də yuxudan durursan, günorta 1-2-yə qədər məktəbdə keçirirsən. Dərsdən sonra qaça-qaça evə qayıdırsan (əgər çatdırsan, ev məktəbə yaxındırsa). Ayaqüstü bir şeylər atışdırıb kursa, yaxud repetitor yanına qaçırsan. Çox vaxt kurs, repetitor da evdən kənarda olur. Gecə saat 6-7-də kursdan, müəllim yanından çıxırsan, avtobusda, metroda yuxulaya-yuxulaya evə qayıdırsan. Bir tikə nə tapsan, zəhərlənirsən, sonra düşürsən kitabların canına. Təkcə üç fənni də yox, sabahın dərslərini də hazırlamalısan. Müəllimi maraqlandırmır sən kursa getmişdin, ya hara. Valideyn üçün də maraqlı deyil. “Ayda filan qədər pul tökürəm, nəticə hanı?”- deyə deyinməyi bilir ancaq.
Pul qazanmaq asan olmadığı kimi, indiki təhsil sistemində də oxumaq, dərslərin hamısına yetişmək asan deyil!
Qohumlar, qonşular, yadlar tez-tez deyirlər: filan məktəbin direktoru buraxılış imtahanlarından 0 alan, yaxud 150 baldan aşağı bal alan uşaqları 10-cu sinfə keçirtmir, məktəbdən qovur. Soruşuram sizdən, onlardan: hansı haqla? Belə qanun varmı? Varsa, niyə var? Bəs siz, doğrudanmı, bunun hara aparıb çıxartdığını anlamırsınız?
Onlarla ailə tanıyıram, 15-16 yaşından qızlarını nişanlayıb, ərə veriblər. Qınayıcı tərzdə soruşursan ki, niyə belə? Məsləhət vermək istəyirsən, adamın ağzından vururlar: əşi, oxumurdu, direktor da 9-cu sinifdən sonra qovdu, neyləməliyəm? Getsin ərə də!
Sonra 16 yaşlı uşaqlar doğuş üstündə öləndə, intihar edəndə, mətbuat özünə əl qatır ki, niyə belə oldu? Bilmirsiz niyə belə oldu? Məktəbdən uzaqlaşdı, ona görə belə oldu!
Oğlan uşaqları 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırılırlar. Onların 70-90 faizi kollecə qəbul olmur, yaxud bunu istəmirlər. Peşə məktəblərinə də getmirlər. Nəticədə, 15-16 yaşlarından ataları onları fəhləliyə aparır. Ağır işlərdə çalışır, yaşlarından tez böyüyür, ailə yükünün altına girir, siqaret çəkməyə, yüngül əxlaqlı qadınlarla oturub-durmağa başlayırlar.
Belə bir ailə tanıyıram, rayonlardan birindən gəliblər Bakıya. Evin böyük oğlu 9-cu sinifdən sonra məktəbdən çıxarılıb. Uşaq atasıyla fəhləliyə gedir. Anası dad edirdi ki, oğlum kobuddur, söz eşitmir, əsəbidir, üstümə qışqırır, az qalır ki, məni döyə.
Niyə belədir? Çünki bu uşaq haqq etdiyi mədəni mühitdən, sosial birlikdən zorla qopardılıb. Niyə? Hansı haqla? Hansısa mənasız bala, qiymətlərə görə? Ona görə ki, siz mənasız yarış içindəsiz? Bu məktəbin uşaqları belə bal yığdı, o məktəbin uşaqları elə bal? Öz eqonuz üçün körpə uşaqları xərcləyirsiniz, xəbəriniz var? Sonra deyirsiniz ki, niyə uşaqlarımız aqressivdirlər, cinayətə meyllidirlər? Məktəbdən qoparılıb küçələrə salınan uşaqlar necə olmalıdır ki? Oğlanlar cinayət edəcək, qızlar da kafelərə dadanacaq. Başqa nə gözləyirsiniz?
Müəllimlər nə vaxta qədər uşaqlar arasında ayrı-seçkilik salacaq? O, bu qədər bal yığdı, bu bu qədər! Bəsdir də! İndi beş alanlar, əlaçılar arasında da rəqabət var. Qabaq beş alan beş alan idi. Vəssalam! İndi təzə şey çıxıb. Kim neçə balla beş alır? Biri 100, biri 95, o biri 81 və s.
Məktəb çıxışında tez-tez uşaqlardan bir-birinə atdıqları atmacaları eşidirəm: “sən kimsən ki, sən də özünü adam hesab edirsən, sən riyaziyyatdan 45 bal almısan e!”
Bu nə söhbətdir? Bu nə yanaşmadır? Biz oxuduğumuz vaxtlarda belə qruplaşmalar yox idi. 3 alanla da dostluq edirdik, 4 alanla da , 5 alanla da. Sosial şəbəkələrdə bir şəkil yayılıb: hardasa beş alan uşaqları yığıblar, onlarla pis uşaqlardan necə qorunmaq haqqında guya söhbət ediblər. Hansı pis uşaqlar? 50 bal alan uşaqlardan yəni? Pis uşaq kimdir? Pis uşaq pisdirsə, kimin ucbatından pisdir? Pis uşaq olur məgər?
Hələ 2-ni 3-dən “qıl payı” ayıran 31 balı demirəm! Müəllimlər 31 bal yazır, uşaqlar bir-birini 31 rəqəminə görə ələ salırlar. Həm də çoxu 31 rəqəminə yüklənən “tərbiyəsiz ” anlamını bilmədən.
Qonşum əli ağzında danışır: “Bir dəfə oğlum məktəbdən qanıqara gəldi. Çırtma vursan, qanı çıxardı. Güclə söz aldım, ay bala, kim xətrinə dəyib, kim bir söz deyib dil tökərək. Axırda qayıtdı dedi ki, ana, müəllimə hamının aldığı balı deyirdi, mənim balımı deyəndə uşaqlar güldü, ələ saldılar məni, dedilər Coşqun 31 alıb. Ana, kim 31 alıb ələ salırlar. Heç 12, 20 alanları ələ salmır uşaqlar. 31 bal alanda nolur ki?” Bunu eşidəndə nə yalan deyim, mənim özümün də əlim üzümdə qaldı. Uşaq balın üstündə bullinqə məruz qalıb. Özü də necə formada!
Xülasə, məktəb öz anlamından çıxıb. Məktəbə öz məcazi, hətta deyərdim həqiqi mənasını qaytarmaq lazımdır. Uşaqlar məktəbə bal toplamağa getməməlidir! Pambıq, pul yığmaq, oyunda xal yığmaq kimi ölçməməlisən uşaqların balını.
“Səhər-səhər sən tarlaya çıxanda, səs yayılır hər tərəfə, Sürəyya!”. Xatırlayırsız da bu nəğməni. Sovet dövründə əmək söhbətləriylə ömrümüzü-günümüzü qara eləmişdilər. İndi də bu bal söhbətləriylə! Hər ilin mart-aprel ayından yeniyetmələrin intihar xəbərləri başlayır.
Valideynin təzyiqi, məktəbdə müəllimlərin təzyiqi, repetitor müəllimlərinin təzyiqi, yaşıdlarının mənəvi təzyiqi, qohumların-qonşuların təzyiqi! Ancaq mənəvi cəhətdən dözümlü olanlar sağ qala bilirlər. Ya da mənəviyyatlı, diqqətli valideyni olanlar!
Uşaq məktəbə ona görə getməlidir ki, məktəb keçməlidir! Həyat məktəbini! Uşaq məktəbə gedib orda sosiallaşacaq, həmyaşıdlarıyla, böyüklərlə davranışı öyrənəcək, həyatda qalmağı, mübarizə aparmağı öyrənəcək, adi, həyati şeyləri öyrənəcək. Məsələn, divara mıx vurmağı!
700 bal yığan oğlanların heç biri divara mıx çala bilmir. Fizikadan 100 bal yığan oğlan uşağı elektrikdən baş açmır. Məktəblərdən birində fizika müəllimini tok vurmuşdu bir neçə il qabaq. Ölməmişdi deyə səsi çıxmadı. Bunu eşidəndə dəli oldum. Dedim, tarix müəllimini tok vursa başa düşərdim, ancaq fizika müəllimini, özü də kişi xeylağını sinif otağında hansısa cihazın üstündə əlləşəndə tok vurursa, heç zad!
Qızlarımız bir düyməni köynəyə bərkidə bilmir. Mətbəxə keçib iki yumurtanı qıra bilmir. Bir sözü o birinin arxasına qoşub cümlə qurmağı, düz-əməlli öz fikirlərini ifadə eləməyi bilmirlər. Ən əsası, insanlığı öyrənmirlər məktəblərimizdə. Necə insan olmaq olar? Necə empati qurmaq olar? Başqalarını necə sevmək, insanlara, təbiətə, heyvanlara necə rəhm etmək olar? Biologiya kitabını əzbər bilir, hansı bitki hansı fəsildəndir, hansı heyvan hansı növdəndir... Ancaq keşniş almağa göndərirsən, keşnişi tanımır. Turp nədir bilmir. Eşşəyin balası hansıdı, atın balası hansı, tanımır.
Hər bir uşağın tam orta təhsil almaq haqqı var! Heç bir məktəb direktorunun zorla hansısa uşağı 9-cu sinifdən sonra məktəbdən uzaqlaşdırmaq, kollecə, yaxud peşə məktəbinə yönləndirmək haqqı yoxdur! Məktəbdən çıxarılan uşaqların 90 faizi təhsili buraxır!
Xahiş edirəm, balalarımızın taleyinə biganə yanaşılmasın! Onlar sözün həqiqi mənasında bizim gələcəyimizdir. Məktəb bu gün əsasən oxumayan uşaqlara lazımdır! Ki, gəlib otursunlar, müəllimin ağzından bir söz eşitsinlər, mədəni mühitdə daha çox zaman keçirtsinlər.
İndiki vəziyyətdə, oxuyan uşaqlara məktəb lazım deyil. Oxuyan uşaq üçün məktəbə getmək demək olar ki, vaxt itkisidir. Ona görə də valideynlərin 70 faizi bu gün öz uşaqlarını məktəbdən yayındırmağa, adlarını kənd, qaçqın məktəblərinə yazdırıb repetitor yanına, kurslara yollamağa can atır. Çünki repetitor yanına, kursa gedilmədən universitetə girmək artıq qeyri-mümkündür. Buna heç bir uşağın gücü çatmır! Nə mənəvi, nə fiziki baxımdan!
Uşaqlara imkan verin ki, 17-18 yaşlarını parta arxasında tamamlasınlar! Onda cəmiyyətimiz udar! 16 yaşlı qızlar doğuş üstündə ölməz! 16 yaşlı oğlanlar da hündürmərtəbəli binaların başından yıxılmazlar! O yaşda körpələri hələ həyatın qoynuna itələmək tezdir! Günahdır! Cinayətdir!