Kulis.Az tanınmış şairə Sevinc Elsevərin “Uşaqlar üçün kədərli şeylər” silsiləsindən yeni şeirlərini təqdim edir.
İki yalan
akvariumda üçüncü balıq idi ölürdü
ata onları oğrun-oğrun götürürdü
amma balıqları adbaad tanıyırdı
balaca Elçin
əzbər bilirdi hansının rəngi necədi
birinin quyruğu
birinin üzgəci qəşəngdi
balıq vardı başında qıpqırmızı papağı
balıq vardı yupyumruydu dodağı
vardı uzunburunu
yumrubaşı
hərəsi bir cürdü
Elçin hamısını sevirdi.
bir gün yoxa çıxdı albinoslardan biri
o biri gün qırmızıpapaq
bir gün də irigöz olanı
Elçin gördü atası
hərəkətsiz balığı ovcuna aldı
aparıb həyətə
ağacın dibinə atdı...
doluxsundu
kəsdi atasının qabağını
soruşdu niyə atdın balığımı?
"təzə balıq alacam
o balıq doğruçu deyildi
daşı qurtarmışdı
görürsən, hərəkət eləmirdi..."
"bəs bunlar doğruçudu?" –
akvariumu göstərib
soruşdu Elçin
ata bilmədi nə desin
"doğruçudu" söylədi
səhəri gün
ata akvariumdan bir balıq da götürdü
Elçin bunu da gördü
yalan danışdığını boynuna aldı ata
ağladı Elçin
dedi: "ata, bəs mən iki alanda,
sonra onu pozub yerinə beş yazanda
pis hərəkətdi yalan demək" demişdin
özün niyə yalan danışdın?
ana qarışdı sözə, dedi:
"canım, gözüm
iki yalan arasında fərq vardır
atan yalan danışdı
səni üzməmək üçün..."
dodağını büzdü Elçin
burnunu çəkdi möhkəm
"mən də iki aldığımı sizə görə demədim
nə vaxt ki, beş alıram
üzünüz gülür sizin
nə vaxt ki, iki alsam
kədər qonur gözünüzə
bir söz demək olmur sizə
beş aldım oluram yaxşı
iki alsam pis oğlan
əgər siz qəmlənməsəz
mən də yalan danışmaram"...
on balıqdan qalanda cəmi ikicə balıq
ata balıqların nədən öldüyünü tapdı
dərman alıb gətirdi
dəyişdi akvariumun suyunu
sonra dərmanı səpdi
iki balıq sağ qaldı
kağıza yazılmasa da
ata Elçindən "iki" aldı...
Quş gətirən ağac
babamın bağında
çoxlu ağaclar var
o ağaclardan dərir
babam bizə alma, nar
biz bazardan almarıq meyvəni
babamın bağından edərik nübar
bir ağac da var bağçada
bütün ağaclardan axırda
yoxdu başında yeməli meyvə
doludu budaqları
quş yuvasıyla
hər cür quş yaşayır bu ağacda
yuvalar meyvə kimi yumru-yumru üstündə
bütün meyvələrdən yekə
babam deyir ki
özü bitib bu ağac bağında
yerini dar eləmir başqa ağacların da
babam bu ağaca da su verir
belləyir dibin
o biri ağaclar kimi
yaz gəlib
gizləyib meyvələrini
yaşıl yarpaqlar içində
payız gəlsin görünəcək hamısı
başqa ağaclarınkıtək
meyvəsindən biri də dibinə düşməyəcək
babam deyir
əslində yaman xoşbəxt ağacdı
quşlar çıxır meyvələrinin içindən...
Balaca avtoş
saysan bəlkə
on maşını var
hər gecə birini bağrına basıb yatar
balaca "avtoş"
elə danışır maşınla
deyərsən ki canlıdı
bir gün oyuncaq at aldı ona
tarix müəllimi babası
minsin belinə nəvəsi
qorxdu minmədi atın tərkinə
babası olmuşdu atı indiyə kimi
nəvə babasını at bilirdi...
"baba at ol, baba at ol!" deyirdi...
az qala özü boydaydı bu at nəydisə
hürkə-hürkə baxdı ona
dedi baba:
"ən qorxusuzu atdı, bala"
nəvə atı vurub uzağa atdı
at kişnədi qəfil
gerçək at kimi
baba özü də qorxdu
xəbəri yox imiş sən demə
atın qarnındakı düymədən
babanın qorxmağına bir yerdə güldülər
güldü, güldü, ürəkləndi
maşını buraxdı avtoş
ata mindi
gecə atı çarpayısına bağlayıb yatdı
yuxuda bir atlı gördü
qan-tər içində çapıb gəlirdi
ta uzaqlardan...
Kirillə latını qarışdıranda
hər gün qutab alır
məktəbdən Nunu
yarısını yeyir
yarısını yemir
evə gətirir vərəq arasında
vərəqi açıb
baxır anası
kiril əlifbasıyla olan
hansı kitabdandı düşünüb tapır
hansı fənndi
neçənci sinif
hansı bölmə
hansı fəsil
neçə almışdı həmin dərsdən
müəlliminin adı nəydi?
Nunu yarımçıq qutabları daşıyır qəsdən
anasının xatirələrini öyrənir
bəzən dalbadal çıxır vərəqlər
tutuşdurmaq
bir neçə səhifə ard-arda oxumaq olur
bu olur əsil əyləncə
kiril əlifbasını öyrənib Nunu
daha oxuya bilir
anası yazı yazanda
latınla kirili qarışdıranda...