Kulis.az Sevinc Elsevərin “May şeirləri”ni təqdim edir.
Yuxu
1
uşaqlar böyüyürlər
təkcə şəkillərdə, xatirələrdə
yaşayırlar
uşaqlıq şəkillərimə baxanda
elə bilirəm başqa bir adamla baxışıram
sadəcə məndən çox balacadır
gözləri mənimki deyil
saçları da başqadır
əlləri də
hətta iri, qara bəbəkləri də...
utana-utana baxıram
gözlərinə
“gör səninlə neyləmişəm, bağışla...” - deyirəm ona...
bəlkə başqa biri ola bilərdin
daha yaxşı adam
dönüb mən olmusan
yaxşı biri olmağa çalışan
heç cür bacara bilməyən biriyəm
ürəyi təmiz, əlləri kirliyəm.
sənin də bapbalaca noğul barmaqların
kirli olurdu
barmaqlarının arasına toz-torpaq dolurdu
onları təmizləmirdilər
“uşağın yuxusudu, dəyməyin” - deyirdilər
bəlkə mən özüm də sənin yuxunam elə
yatıb görürsən
axı yatdıqca böyüyər uşaq.
2
anam danışır ki
az olurmuş südü
ağlayırmışam səhər-axşam
bir səfərində
süni qida alıb aptekdən anam
yeyib altı saatdan çox yatmışam
hətta oyada bilmirlərmiş
çox qorxublarmış zəhərləndiyimdən
ondan sonra
qadağan edib süni qidanı nənəm
deyib ki o gavur yeməyini verməyin
nəvəmə
yenidən çığırmışam
səhər-axşam
dincliyim uçub-gedib həmişəlik
elə o vaxtdan
bəlkə də həyatımda
dinclik içində yatdığım yeganə zamandı
o altıca saat
dünyadan xəbərsiz olduğum
bədənimi unutduğum
xoşbəxt olduğum altı saat...
artığını çox görüblər mənə
indi yuxularıma
ac dinozavrlar girir
daş divarları
dəmir qapıları belə
dəlib keçirlər
üstümə hücum çəkirlər...
o altıca saatda
yuxuma mələklərmi girmişdi
uçub cənnətəmi getmişdim
kaş xatırlaya bilsəm...
3
roman içində roman oxuyurmuş kimi
yuxu içində yuxu görürəm
bir yuxudan ayılıb düşürəm
o birinin içinə
daha çox qorxuram ikinci yuxuda
çünki unutmuram az əvvəl yuxu görüb ayılmağımı
amma bilmirəm ayıldığımı da yuxuda gördüyümü
gerçəkliklə daha çox səhv salıram
ikinci yuxunu
həqiqətən ayılanda
daha bir yuxunun içində olmadığıma
inanmaq üçün
dartıram birçəyimi
qaçıram hamama
üzümə su çırpmağa
nəm yastığım yığmamış
saçlarımı ağzına...
4
səhərlər
qəsəbənin ortasındakı məsciddən qalxan
azan səsi dağıdır quşları havaya
quşlar ağacları oyadır
ağaclar yarpaqları
sonra pişiklər oyanır
quşları tutmaq üçün
itlər oyanır
pişikləri qovmaq üçün
küçəmizin başındakı
3 saylı məktəbin şagirdləri
himn oxuyur
mən oyanıram
himn oxuya-oxuya qalxıb axtarıram
axşam soyunduğum paltarımı
işə tələsirəm sonra
avtobusda yuxu aparmış
tanımadığım adamın ayağını
basıram tələsiklikdə
oyadıram onu
dayanacaqda enməliymiş adam
içimdə qədim bir mahnı oyanır
zümzümə edir durmadan
sonra başqalarının içində oyanan
mahnıları da eşidirəm
sürücünün maqnitofonundan dağılan
mahnının sözləri arabir araya girir:
“Bakı, sabahın xeyir!
Bakı, sabahın xeyir!”
avtobus bütün şəhəri oyatmağa gedir
***
üzünə bir gülümsəməmdən
ümidlənib
arxamca gələn
yarı yolda ümidini itirib
ayaq saxlayan
körpə küçük
ümidin ola bilmədim
axıra qədər
bağışla...
***
oğlunun dalınca
saçından bir tel əskik olmasın deyə
dua elədi Tanrıya
yetirən kimi
dibindən vurdular oğlunun saçlarını
***
niyə əsgərlərə də
oyuncaq silah paylamırlar deyir
balaca oğlan
heç kimi doğrudan öldürə bilməsinlər...
***
divarın dibində
güllələnəcək əsir əsgər
şəkil çəkdirirmiş kimi
son anın içində
vaxt tapır
köynəyinin son düyməsini düymələməyə
ağzının kənarındakı qanı silməyə
saçına əl aparmağa...
Veteranın çəliyinə
Böyük Vətən müharibəsi
veteranının
çəliyi də özü kimi qocalmış
üzünün rəngi qaçmış
bir neçə yerdən çat vermiş
yaralanmış
sarınmış
bəlkə də hacət görmürlər artıq
çəliyi dəyişməyə
oğulları, nəvələri
diqqət etmir çəliyin köhnəliyinə
qocaya əziyyət verib
Qələbə bayramı tədbirinə
gətizdirən icra hakimi
amma çəliklə qoca
hamının acığına
bir-birinə dayaq durub
yaşayırlar
veteranın çəliyi
sahibinin ölümündən sonra
bilmirəm hara atılacaq
bəlkə də bir fidana dayaq duracaq
onu böyüdəcək
yaşıllaşdıracaq
veteranın döşündəki medallar kimi
qırmızı, al-əlvan güllər açacaq üstündə
o ağacın...
Sevgidən öldürənə
balalarını çox sevdiyindən yeyir pişiklər
öz xilası üçün tapdalayır
bala meymunları ana meymunlar
nə vaxt ki su meymunun boğazına çıxır...
qısqanclığından parçalayır
körpə dovşanları ana dovşanlar
torpağın altındakı yuvada
kimsəyə göstərmədən
böyütmək istəyir onları
azad yaşamaqdan ötrü öldürür dölünü insan
görəsən kim daha çox günah edir
pişikmi?
meymunmu?
dovşanmı?
insanmı?
mənə qalsa, pişiyin qatilliyinə
haqq verərəm
sevgidən öldürənə...
Satılıq ev
pəncərəmlə üzbəüz binanın
birinci mərtəbəsindəki
iki otaqlı mənzilə
sahiblərinin köçdüyü günü
indiki kimi xatırlayıram
bir yerdə vurmuşdular döşəməni
qadınla-kişi
uşaqları qaçışırdılar sevinclə
o yan-bu yana
təzə vurulan döşəmənin üstündə
sonra bir yerdə əşyaları daşıdılar
kişi bir yanından tutdu
qadın bir yanından
komodun, divanın, güzgülü termonun
bütün əziyyətləri gözümün önündə oldu
axırda pərdələri asdılar
hər şey görünməz oldu
sonrasını görə bilmədik
indi pəncərələrinə elan vurublar
ev satılır deyə
qonşular deyir ki
qadınla kişi ayrılırlar
məhkəmədə çəkişmə var
evi bölmək üstündə
pərdəsizdi indi ev
əşyasızdı
qaranlıqdı
kimsəsizdi
təzə ailə köçəcək o evə
sevinə-gülə əşyaları daşıyacaqlar
inanacağıq xoşbəxtliklərinə
kimimiz qibtə edəcək
kimimizə onların
xoşbəxtliyindən pay düşəcək
sonra pərdələri asacaqlar
gerçək həyatları onda başlayacaq...
Güzgünün qisası
üstünüzdə güzgü olsun həmişə
gənc xanımlar
bacardıqca çox baxın güzgülərə
bilirəm çox baxdığınızı deyəcəksiniz
amma geyimlərinizə baxırsınız
mağazaların vitrinləri önündən keçəndə
şüşədəki əksinizi qaçırmırsınız
əyninizdəki şalvarla köynək
tuturmu-tutmurmu deyə
ya mağazanın içindəki manekenin əynindəkilər
əyninizdə olsa
necə görünərdiniz xəyal edərsiniz
makiyajınızı təzələyirsiniz evdəki aynalarda
ağlınız gedəcəyiniz yerdə
görüşəcəyiniz adamda
dodaq boyası silinmişmi
ya yox
ona baxırsınız getdiyiniz tualet otaqlarında
gözünüzdəki sürmə axmışmı yanağınıza
yoxsa yox
narahatsınız...
bəs gülüşləriniz
baxışlarınızdakı mənalar
kədər üzünüzə çökəndə
kölgəsi necə olur bilirsinizmi?
sevinəndə dodaqlarınız necə qaçır?
utananda yanağınız necə allanır?
xallarınız hardadı
güzgüyə baxmadan
əlinizi qoya bilirsinizmi üstünə?
göz dolusu baxın gənc üzünüzə
sonra ancaq şəkillərdə tapacaqsınız
uşaqca gülüşünüzü
fotolar olmadan yada sala bilməyəcəksiz
gözünüzdəki mənanı
bir vaxt gələcək
güzgülər qanınızı qaraldacaq
təəssüf edəcəksiniz
güzgülərə çox vaxt ayırmadığınıza
gündəlik işlərə başınızın qarışmağına
güzgülər biganəliyin qisasını
ağır alır qadından
qəfil, özünün də xəbəri olmadan
qocaldaraq...
Qapı döymək
evdə hər adamın
bir ayrı qapı döyməyi var
uşaqlar atalarını gözlükdən baxmamış
tanıyırlar
qapının özünü yox
dəstəyini döyür ata
zınqırov səsi çıxardır dəstək
borc yiyələri kimi döyür qapını
evin böyük oğlu
bir az hirslə
bir az səbirsizcə
kiçik oğul barmaqlarıyla
ritm tutur nağarada elə bil
el havasına
evin qızı ürkək-ürkək
vurur qapıya üç dəfə
gözləyir
bir dəfə də zəngi basır
eşidən olmasa
yenə üç dəfə döyür
bir dəfə zəngi basır
evdəkilərin rahatlayır ürəyi
qız qapını döyəndə
qız vaxtında evə qayıtmasa
qiyamət qopur yoxsa
təkcə ananı səhv salırlar
işıqpulu yığanla
“jek” işçiləri
firma satıcıları
dilənçilərlə
ananın qapıdöymə vərdişi yoxdu
bağlı qapı dalında ağartmış saçlarını
indi hərdən evdən çıxıb
geri qayıdanda
gəncliyinin qapısını döyür sanki qadın
oğlu yatıb qalanda
qızı televizorun səsini artıranda
qapının səsini duymayanda əndişələnir
o isə qapını dinşəyərdi adətən
qulağı qapıda qalardı
içəri keçən kimi deyinir qara-qara
qapının gec açılmağına
bir az da alınır
evdəkilərin onu tanımamağına
“kimdir qapını döyən?” – sualına...
***
tez-tez uzanan
iti dırnaqlarıyla
üzünü cırmasın
özünə zərər verməsin deyə
əlcək geydirir ana körpəsinə
yayın ortasında da
sonra bir ömür boyu
əl-qol açmağa qoymur onu
qorumaq eşqiylə
çoxu da zərər
azı da zərər ana sevgisinin
azalsa nəzəri üstümüzdən
dünyadan küsərik
bütün fikri biz olanda da
küsürük anamızdan...
***
parkda qonşu skamyada oturub
kitab oxuyan
yaşlı kişini
yarım saat sonra
əlləri cibində
fit çala-çala
yolu keçərkən gördüm
maşınların siqnalına
sürücülərin söyüşünə
məhəl qoymadan
dünyanı vecinə almadan gedirdi
yaşlı və varlı qocalar
cavan və yaraşıqlı oğlanlar kimi
razıydı özündən...
Ağac inadı
kəsib qulağının dibinə qoydu
ağarmaqda olan saçlarını
bir vaxtlar gecəyə uzanan yol idilər
öpülürdü ucları
indi darıxırdı qadının saçları
qadın sarıya boyadı onları
halbuki təbiət özü dəyişmişdi
saçlarının rəngini
qadın təbiətin təklifini bəyənmədi
saç ustasının təklifi gəlirdi xoşuna
acığa düşürdü qoca təbiət ana
qadın sarıya boyadıqca saçlarının uclarını
ağardırdı bir ucdan
ağacların inadı vardı qadında
payızda saralmış yarpaqlarını
baharadək yaşıllaşdıran ağaclar kimi
qadının da saçlarında
baharla qış əvəz edirdi
bir-birini
amma hər dəfəsində
qış daha sərt gəlirdi
daha çox yorğun düşürdü qadın
Mətbəx stolunda ölüm
göyərti dəstəsinin
arasından çıxıb
masanın üstündə
o yan-bu yana qaçışan qarışqalara
hisrlənir qadın
evinə soxulublar düşüncəsiylə
öldürməyə çalışır onları
amma ədalət hissi azdı
qadının ürəyində
əvvəlcə adamlar
qarışqaların torpağına soxulmuşdular
üstündə gəzdikləri
keşnişi, nanəni, şüyüdü
qopartmışdılar
qarışqalara da sürpriz olmuşdu
hansısa mətbəx stolunda
doğma yuvadan uzaqda
əsəbi bir qadın əliylə öldürülmək...
***
gecə yarısıdır
ərim yuxuya gedib divanda
uşaqlarım dəcəllik edir
tavanını döyür
alt qatdakı qonşu
mənsə internetdə
ən vacib suala cavab axtarıram:
“çürümüş südlə nə edə bilərəm?” - deyə
soruşuram “quql”dan
pul əvəzində
bir buzovun
boğazından kəsilib
kənddən göndərilən südə
biganə olmamalıydım
daha təmiz qaba tökməliydim qaynadarkən onu
qorumalıydım
içinə nəsə düşməsin
buzovun boğazından kəsilən südü
gecə rahat yatmaq üçün
içə bilmədi uşaqlarım
çürümüş süd əlimdə buzovu düşünürəm
qarnı tox yatmışmı
görəsən
səhər şən yollanacaqmı anasıyla örüşə?
Anamın qırmızı donu
dağılmışdı sovetlər birliyi
mən yeniyetmə olanda
atam-anam qəfil işsiz qalmışdılar
sovetdənqalma məktəbli formalarımızı
geyinə bilməzdik
kiçilmişdi
köhnəlmişdi onsuz da
artıq əlimizə nə keçsə geyinirdik
anam gənclik paltarlarını
dolabdan çıxarıb
sərdi önümə
kiçik xalamın 80-lərdə geydiyi səndəli
yaxasında qırmızı nar şəkli olan donu
çıxartdı sandığından nənəm
geydiyim paltarlar yaşıdlarımın paltarlarından
seçilirdi
təzə dəblə uyuşmurdu heç biri
nə türk
nə çin mallarına bənzəmirdilər
köhnə sovet qoxusu verirdilər
rəngsiz, solğun fotolardan çıxıb
gəlmişdilər
bir dəfə parta yoldaşım Bəyimgilə getmişdim
əynimdəki yaxası qırmızı narlı donla
anası məni başdan-ayağa süzüb dedi ki
“bu dondan mənim də vardı
yəqin o vaxtdan qalıb”
Bəyimdən utandım
anamın paltarları əynimə böyük olurdu
sinəm balaca idi
çiyinlərim sısqa
dizlərimdən çox aşağıydı ətəkləri
ayaqqabım ayağımı dar gəldiyindən yox
böyük olduğundan vururdu
sıxılırdım əynimdəkilərlə
amma əbəs yerə
indi çoxlu fotolar var albomumda
anam da, mən də
eyni geyimdə
yanaşı qoymuşam o fotoları
hərdən çıxarıb baxıram
yada salıram anamın
gülə-gülə
“qızın oldu qırmızı donunu çıxart ”
deməyini