Kulis.az Sevinc Elsevərin yeni yazdığı “Zəhranın dənizi” hekayəsini təqdim edir.
Uşaq itin dilini bilirdi. Artıq üç yaşın içində idi. Sevda hər gecə vəsvəsə içində olurdu. Qorxurdu ki, uşaq hər gün hara getdiklərini, hardan gəldiklərini evdə deyər. Sevda bilmirdi ki, uşağın başını necə qatsın. Gah saatlarla uşaqla oynayır, yumbalanır, boğuşur, uşağı yorurdu ki, tez yatsın. Gah oturub onunla cizgi filminə baxırdı. Çalışırdı ki, qızı Nəsibdən uzaq tutsun. Nəsib də hiss eləyirdi nəsə olduğunu. Sevda uşağı ondan uzaq gəzdirir, gözlərini qaçırır, uşaq danışmağa başlayan kimi araya söz qatıb uşağı azdırır. Bir axşam təəccüblə soruşdu:
- Sevda, qıza bir şey olmayıb ki?
- Yox, - Sevda qorxa-qorxa cavab verdi, - Niyə soruşdun ki?
- Həmişəkindən tez yatızdırırsan. Üzünü görmürük uşağın. Nə məsələdi?
- Elektrofarez alır. Yorulur da, ay Nəsib. Böyük adamı yorur o zibil. O ki qala uşaq ola, - Sevda birtəhər cavab verməkdən yayındı.
Balaca Zəhranın ayaqlarında əyilmə gedirdi. Artıq əyilmə o həddə çatmışdı ki, uşağın ayaqları bir-birinə dolaşıb yıxılırdı. Sevda fikirdən ölürdü. Artıq uşağın ayaqlarının bu cür əyilməyi təkcə ata-anasını yox, uşağın bütün yaxınlarını, hətta qonşularını narahat edirdi. Hamı deyirdi: “Ay balam, bu qız uşağıdı. Sabah böyüyəcək. Ayaqları əyri olacaq. Özü də utanacaq, siz də utanacaqsız. Bunun axırı nolacaq? Bu evlənəsidi, evlərə düşəsidi. Ana olasıdı. Uşağı həkimə göstərin”.
İlk vaxtlar Nəsib bütün bu sözləri zarafata salardı: “Qızım onsuz da örtünəcək anası kimi. Ayağının əyriliyini də heç kim görməyəcək”.
Amma məsələ dəyişdi. Rayon xəstəxanasında məlum oldu ki, balaca Zəhra ümumiyyətlə, şikəst qala bilər. Yeriməyə bilər. Onda Sevda qanını qaşığa qoydu, ərinin ayaqlarına düşüb yalvardı ki, balasını Bakıya aparmağa icazə versin.
Nəsib çarəsiz razılaşdı. Dedi ki, onda qoy əvvəlcə məktəb bağlansın. Oğlanın dərsləri qurtarsın, ondan sonra.
Sevdanın səbr eləməkdən başqa çarəsi yox idi. Rayondan şəhərə gəldilər. Nəsib ailəsi ilə qardaşının evinə düşdü.
Sevda qaynının evinə ən yaxın xəstəxanaya apardı uşağı. Həkim masaj yazdı. Zəhranı masaj eləməyə başladılar. Masaj kursu bitəndən sonra həkim uşağı dənizə aparmalarını məsləhət elədi.
İsti qum, duzlu dəniz suyu ən faydalı dərman idi Zəhranın ayaqlarına.
- Bu, mümkün deyil, həkim. Dənizə gedə bilmərik - Sevda başını aşağı saldı.
- Niyə ki? Uşağının dərmanı ordadı, dənizdədi. Niyə getmirsiz? - həkim mat qaldı.
- Məni dünyada qoymaz. Özü də getməz. Bilirsiz də... mən... biz...- Sevda başını aşağı saldı.
- Mən sizi başa düşmürəm, əzizim. Deyirəm, uşağın dərdinin dərmanı dənizdi. Sən mənə nə deyirsən? Başa düşürəm, dənizə qoymur səni. Örtünürsən. Özü aparsın. O ki kişidi.
- Özü də getmir.
- Özü niyə? Özü də qadınlara görə?
- Hə... - Sevda ağlamsındı, - Doktor, qadan alım, bəlkə indi də elektrofarez eləyəsiz Zəhranı? Deyirlər o da çox xeyirdi.
- Ay bala, bu istidə körpə uşağı öldürmək istəyirsən? Yazıq deyil bu uşaq? Mən bu istidə onu toka vermək istəmirəm. Sənə deyirəm ki, təbii müalicəsi var uşağın. Qum, dəniz, vəssalam.
- Doktor, indi elətdirməyə məcburam. Yay tətilidi, ona görə rayondan gəlmişik. Məktəblər açılanda burda qala bilmərəm. Oğlumun dərsləri başlayacaq. Xahiş eləyirəm, elektrofarez verin uşağa - Sevda yalvardı.
Bütün bu müddətdə Zəhra anasının böyrünə qısılıb qorxuyla həkimə baxırdı.
- Yaxşı, soyundur, uzandır - həkim çarəsiz dilləndi. Həkim orta yaşlarında ağır bir xanım idi. Hiss olunurdu ki, Sevdaya hirslidi. Amma həm də hirsini gizləməyə çalışırdı.
Sevda Zəhranı böyründən çəkib çıxartdı. Uşağın köynəyini dartıb soyunduranda Zəhra ağlamağa başladı. Bir azdan uşağın səsi bütün xəstəxananı başına götürdü. Sevda zorla uşağı üzüqoylu çarpayıda uzatmağa çalışdı. Uşaq çırpınır, qışqırır, ana deyə yalvarırdı. Sevda uşağa gah yalvarır, gah onu başa salmağa çalışır, gah da acıqlanırdı. Faydası yox idi.
Həkim balaca qızı dilə tutmağa çalışdı.
- Gəl uzan, bax sənə qarışqaları göstərəcəm. Sən indi görəcəksən ki, qarışqalar kürəyində necə gəzir. Qıdıqlayacaqlar səni.
Zəhra elə bil daha da qorxdu.
- Qarınqaları istəmirəm! Qarınqa istəmirəm! - deyə səsi gəldikcə bağırdı. Qəfil anasının əlindən qurtulan çılpaq uşaq həkimin otağından çıxıb qaçmağa başladı. Sevda qorxmuş halda uşağın dalınca düşdü. Zəhranı onda tutdu ki, xəstəxananın açıq qapısından çıxırdı. Şütüyən maşınlar bir anlıq Sevdanın gözünü qaraltdı. Çatmasaydı, uşaq maşınların altına düşə bilərdi. Yalnız uşaq qucağında həkim otağına qayıdanda Sevda fərqinə vardı ki, başında örtüyü yoxdur. Təlaşla örtüyünü içəridə unudub bayıra qaçmışdı. Pilləkənləri aşağı qaçarkən diş həkimiylə toqquşmuş, diş həkimi onu az qala yıxılmaqdan qorumuşdu. Ürəyində qərara gəldi ki, bunların heç birini ərinə deməsin. Yoxsa onu günahlandıracaqdı həmişəki kimi: “Niyə uşağı əlindən buraxırdın? Baş örtüyünü niyə çıxarırdın? Pilləkəndə niyə kişi həkimlə toqquşurdun? Niyə gözün ayağının altına baxmırdı?!” və s.
Bu hadisədən sonra həkim Zəhranı toka verməkdən tamamilə boyun qaçırtmışdı.
- Mən uşağın dərmanını demişəm. Uşağa zülm eləməyə ehtiyac görmürəm bu istidə. Ərin necə atadı? Ürəyi necə dözür? Balasının şikəst olmağına göz yumacaq? Nə var-nə var dənizdə çılpaq qarılar var? Çılpaq kişilər var? Dənizdə adam çılpaq olar da. Dənizə paltarlı gedərlər?! Dənizə paltarlı getmək ziyandı. Xalatda gedirlər, girirlər soyuq suya. Sonra o paltar əyinlərində qalıb quruyur. O saat da qurumur ki. Yaş yapışır bədənlərinə. Daha da soyuğa verirlər özlərini. Halbuki çimərlikdə, isti qumun üstünə uzanmaq, dərini günəşdə yandırmaq faydalıdır, sağlamlıqdır. Getmisən, kim sənə deyir ki, camaata bax. Sənin başqaları ilə nə işin?! Sən özünü günəşə təslim et, dənizə, quma, təbiətə təslim et. Başqaları sənin nə vecinə? Ya sən onların nə vecinəsən? Mən başa düşmürəm də bizim milləti. Başa düşmürəm. Hara gedirik biz?!
Sevda çarəsizcə, ümidsizcə çıxdı həkimin qəbulundan. Başqa xəstəsi gəlmişdi. Həkimin də vaxtını çox ala bilməzdi. Həmin gün evə qayıtdı. Dedi, həkim uşağı toka verməyə razılaşıb.
Qaynının evində qaldıqları müddətdə Nəsib qardaşı ilə işə gedirdi, qardaşına fəhləlik edirdi. Qərib demişdi ki, on-on beş günlük işi var əlində. Ev malalayır. Özgəsini fəhlə götürüncə, səni götürüm, qazancı da sənin olsun. Sən də uşağının müalicəsinə, dərdinə-sərinə xərclə. Sevda da uşağı həkimə özü aparıb-gətirər. Bir addımlıqdadı xəstəxana. Piyada gedib-gələcək.
Nəsib qardaşının təklifinə sevinclə razı olmuşdu. Əli aşağı idi, rayondan gətirdikləri pul Zəhranın masajına xərclənmişdi. İndi də deyirdilər toka verilməlidi.
Sevda oğlunu da qaynı arvadının yanında qoyurdu. Qaynı arvadının südəmər körpəsi var idi. Balaca Kərim həm əmisi qızına göz-qulaq olurdu, həm də Sevda onun da xəstəxananın ağır havasını udmağına razı olmurdu. Sevdaya elə gəlirdi ki, sağlam uşağı xəstəxananın qapısından içəri salsa, xəstələnə bilər.
Çarəsiz qalan Sevda Zəhranı gizlincə dənizə aparmaq qərarına gəldi. Bilirdi ki, əri hər gün bir binanın içində işləyir, işdən axşam çıxır. Qaynı arvadı da südəmər körpəsinə görə evə qapanıb. Üstəlik o da örtülüdü və əri evdən heç yana buraxmır. İndi Sevda rayondan gəlib, hər gün evdən çıxır deyə qaynı arvadı hətta ona paxıllıq edir. Üzünə deyir ki, sən çıxırsan, sənə hava dəyir, hər gün gəzirsən.
- Kefimdən gəzmirəm, Caba. - O, qaynıarvadına Caba deyir, Cəvahir demir. Nənəsinin də adı Cəvahir idi, Caba deyirdilər. Heç bilmir ki, niyə Cava yox, Caba deyirlərmiş. Amma bu Cəvahirə də Caba deməyi xoşuna gəlir.
Sevda şəhərdə oxumuşdu. Riyaziyyat müəllimliyini oxuyub qurtarmışdı. Rayonlarında da neçə il müəllimə işləmişdi. Amma Nəsibə nəsib olandan sonra işləməyin daşını atmışdı. Nəsib onu aldatmışdı. Sevda Nəsibi başıaşağı, sakit oğlan kimi tanıyırdı. Ana-bacısı elçilikdə dil qəfəsə qoymurdu:
“Nəsibin indiyə qədər ağzına nə içki dəyib, nə siqaret. Bir dəfə Nəsibi restorana, kafeyə gedən görməyib heç kim. Birinin gəlininə, qızına gözünün ucuyla da baxmayıb. Bir adam deyə bilməz ki, Nəsibin ağzından nə vaxtsa söyüş eşidib.”
Sevdanın doğmaları bir yandan, özü bir yandan əl altdan soruşmuşdular deyilənlər doğrumu deyə. Məlum olmuşdu ki, hamısı doğrudur. Sevda sevinmişdi ki, əri bacısının əri kimi olmayacaq. İçib onu döyməyəcək. O da qoltuğunda bir uşaqla dədəsinin evinə qayıtmayacaq.
Böyük bacısı Səlbinaz ər evində zülm çəkmişdi. Döyülmüşdü, söyülmüşdü, axırı dözməyib qaçıb dədə evinə sığınmışdı. Onda Sevdanın anası qızını ərinə göstərib demişdi:
- Gördün, Əbülfət, gördün neylədin? Dedin ki, Bakıya qız göndərə bilmərəm, oxuda bilmərəm. İndi budur, qızın bir uşaqla qayıtdı gəldi. Əlinin sənəti də yoxdu. Sabah sən, mən öləndən sonra bu qıza kim baxacaq?!
Bacısının bədbəxt taleyi Sevdanın üzünə gülmüşdü. Həmin il orta məktəbi qurtarırdı. Atası özü Sevdanı şəhərə imtahanlara gətirmişdi. Sevda yatsa yuxusuna girməzdi belə şey. Dərs əlaçısı idi, çarəsizcə, ümidsizcə oxuyurdu. Atam onsuz da məni oxudan deyil, neyləyirəm özümü əziyyətə salım demirdi rəfiqələri kimi. Öyrənməyi, biliyini artırmağı qənimət bilirdi. Sevda universiteti qazanmışdı, riyaziyyatçı olacaqdı. Dədəsi bir şərt kəsmişdi amma. Sevdanı şəhərdə bir oğlanla gördüm deyən olsa, Sevda özbaşınalıq eləsə, Sevdadan dədəsinin qulağına bircə kəlmə söz çatsa, gələcək qulağından tutub aparacaq. Təhsil-məhsil də batacaq.
Sevda razılaşmışdı. Könlünün qapılarını hər kəsin üzünə bağlamış, ancaq oxumuşdu. Tələbə yoldaşları dərsdən sonra gəzməyə gedəndə Sevda onlara qoşulmamışdı. Bir dəfə teatra, kinoya getməmişdi. Kitabxanaya da gedəndə dədəsinə zəng eləyib icazə alırdı. Onun bu hərəkətinə qrup yoldaşları gülürdülər.
- Ay qız, dədən oturub rayonda. Nə bilir sən burda nə eləyirsən? - deyə.
- Yox, birdən kitabxanaya gedərkən yolda məni rayonumuzdan kimsə görər, dədəmə deyər qızını filan yerdə gördüm. Mən də dədəmi inandıra bilmərəm ki, kitabxanaya gedirdim. Deyər, sən filan yerdə qalırsan, bəs bəhmən yerdə nə gəzirsən? Qoy bilsin ki, o yerdə kitabxana var, ora gedirəm - Sevda deyirdi. Amma qruplarındakı qızlar başlarını yelləyir, Sevdanı başa düşə bilmirdilər.
Nəsibin içki içməməsi, söyüş söyməməsi onu ən yaxşı namizəd pilləsinə qaldırmışdı. Sevdanın da, ata-anasının da gözü qorxmuşdu içən adamdan. Ona görə ailəlikcə Sevdanın Nəsiblə evlənməsinə razı olmuşdular. Nəsib Sevdanı aldatmışdı amma. Ona deməmişdi ki, evlənəndən sonra işdən çıxmalıdı, örtünməlidi.
Bütün bu tələbləri Sevdanın qarşısına toydan üç gün keçəndən sonra qoymuşdu Nəsib. Sevda çarəsizcə razılaşmışdı. Toydan dərhal sonra atasının evinə qayıtsa, atasının bağrı çatlayıb ölərdi. Ailəsi dillərə düşərdi. Özü dillərə düşərdi. Şəhərdə oxudu gəldi, kim bilir nə qələt eləyibmiş, üç gündən sonra dədə evinə yola saldılar deyərdi camaat. Sevda çıxmaz bir labirintə düşmüşdü. Ayrı yolu qalmamışdı.
Zəhranı dənizə aparıb-aparmamağı çox götür-qoy elədi Sevda. Sevdanın təbiətində yalan demək yox idi. O, nə uşaq olanda, nə gənc qız olanda yalan danışmamışdı. Nə atasını, nə anasını aldatmamışdı. Ərini də aldatmaq fikri yox idi. Amma bir yanda övlad sevgisi, analıq hissləri. Bir yanda dürüstlük, ərini aldatmaq istəməməyi.
Yadına Nəsibin onu aldatmağı düşürdü. Toydan üç gün keçəndən sonra aralarındakı söhbət. Sevdanın gözləri kəlləsinə çıxmışdı onda. Hayqırmaq, bağırmaq, Nəsibin üstünə cumub üz-gözünü cırmaqlamaq istəmişdi yalan dediyinə görə. Axı ona heç kim deməmişdi ki, gecə-gündüz əziyyət çəkib oxumağı, imtahan verib iş qazanmağı, ümidləri, arzuları hamısı batacaq bir gecədə. Gözünə qaralar çökəcək. Dünya qara geyib göy örtəcək.
Bütün bunları düşündükcə Sevda yalan danışmaqdan qorxmurdu. Daha da qətiyyətli olurdu. O, imkan verməyəcək ki, qızı Nəsibin qara-qura fikirlərinə görə şikəst olsun. Yaşıdlarının içində utansın. Dünya gözəli qızı var. O, bu gözəlliyi qorumaq istəyirdi. Bu gözəlliyə heç nəyin kölgə salmağına imkan verməyəcəkdi. Sevda qızını dənizə aparacaqdı.
Özü də, qızı da dənizi ilk dəfə idi belə yaxından görürdülər. Sevda həmişə dənizə uzaqlardan, filmlərdən, televizordan baxmışdı. Dəniz onun üçün əlçatmaz qalmışdı, uzaq qalmışdı həmişə. Uşağı soyundurmaq istəyəndə əvvəlcə qorxdu, ağlamağa başladı. Sonra Sevda Zəhranın çılpaq, ağappaq ayaqlarını suya saldı. Ləpələr qızın ayaqlarını öpməyə, sığallamağa başladı. Zəhra içini çəkdi. Dodaqları qaçdı. Sonra gülməyə başladı. Zəhra elə içdən, elə sevinclə gülürdü ki, Sevdanın gözlərindən yaş gəldi. Anasının əllərini buraxmadan suyun içində hoppanır, suyu üzünə-gözünə vurur, şappıldadır, sevinirdi.
- Mənim vannamdan böyüydü bura - dedi Zəhra.
- Hə, bu çox böyük vannadı - Sevda güldü. Zəhranı içində çimizdirdiyi vanna da elə dəniz rəngində, masmavi idi.
Zəhra əl atıb su sıçradırdı anasının üzünə-gözünə. Gün Sevdanı qovururdu. Ona çox isti idi. İstidən alışıb yanırdı. Amma Zəhranın üzünə-gözünə səpdiyi damcılar ona sərinlik gətirirdi. Ayaqlarındakı corab islanıb ətinə yapışmışdı. Heç nə Sevdanın vecinə deyildi. Heç bu dəniz də, bu yandıran günəş də, ətrafdakı adamlar da, ona təəccüblə baxan qadınlar da, kişilər də, ləpələrə qonub uçan qağayılar da. O, ancaq qızının sevincini görürdü. Elə bil bu boyda dənizi Zəhraya bağışlamışdı Sevda. Dəniz Zəhranın dənizi idi.