Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu
26 may 2018
# 09:00

Kulis.az “Əsl kino” layihəsində Mayk Linin “Vera Dreyk” və Andrey Zvyagintsevin “Yelena” filmlərini təqdim edir.

İngilis rejissoru Mayk Linin “Vera Dreyk” dramı 2004-cü ildə ekranlara çıxıb. Böyük Britaniya ilə Fransanın birgə istehsalı olan film 61-ci Venesiya festivalında əsas mükafata “Qızıl Şir”ə layiq görülüb.

Süjet: Hadisələr 1950-ci illərin Londonunda baş verir. Vera Dreyk (İmelda Stonton) hamiləliyini kəsmək istəyən qadınları abort edir. Ancaq onun gördüyü iş qanunsuzdur.

Təbiətcə xeyirxah, mehriban qadın olan Veranın özünün gözəl ailəsi var. Onun oğlu dərzidir, qızı zavodda işləyir. Əri Stenli (Fil Devis) isə avtomexanikdir. Vera müxtəlif ailələrin evlərində qulluqçuluq edir, xəstə anasının qayğısına qalır, hamıya yardıma tələsir.

Ancaq ailədə onun gizli şəkildə abortla məşğul olduğundan xəbərsizdilər. Vera qadınlara təmənnasız yardım edir. Çünki qadınlara xeyirxahlıq etdiyinə əmindir.

Növbəti əməliyyat zamanı qadınlardan biri ölümlə üz-üzə qalır. Vera həbs olunur və qanunsuz abortlar elədiyinə görə ona cinayət işi açılır. Məhkəmə Veraya iki il həbs cəzası kəsir...

Filmdə Vera Dreykin ikili həyatı göstərilir. Birində mərhəmətli, həssas, hamıya əl tutan Vera, gizlində qadınları abort etməklə əslində körpələri yaşamaq hüququndan məhrum edir. Belə bir ziddiyyətli situasiyanı təsvir etməklə müəllif, qəhrəmanın düzgün addım atıb atmadığı haqda qərarı tamaşaçının öhdəsinə buraxır. Ancaq bir məsələ də var ki, Vera hətta bətndə körpələri öldürsə belə onu pis niyyətlə etmir. Ona yardım üçün müraciət edənlərdən biri ögey atası tərəfindən zorlanıb, digəri yeniyetmədir, başqa bir qadın isə çoxuşaqlı olduğundan yenidən ana olmaq istəmir.

Yəni burda günahkar Vera yox, gerçəklikdir. Üstəlik Vera bu yaxşılığını təmənnasız edir.

Rejissor əhvalatda hüquq və mənəviyyatı, hüquq və gerçəkliyi qarşı-qarşıya gətirir.

İngiltərədə abortlara qadağa 1960-cı illərin sonuna qədər davam edib.

Aktrisa İmelda Stontondan başqa heç kəs filmin abort mövzusunda olacağını bilməyib, aktyorlar bunu yalnız hadisələrin gedişatında öyrəniblər.

“Vera Dreyk” ssenarisiz çəkilsə də, film ”Oskar” mükafatına “Ən yaxşı ssenari” nominasiyasında irəli sürülüb.

***

Rus rejissoru Andrey Zvyagintsevin “Yelena” sosial dramı 2011-ci ildə Kann festivalının “Xüsusi baxış” proqramında jürinin prizini alıb.

Süjet: Əhvalatda əsas personaj Yelena (Nadejda Markina) adlı yaşlı qadındır. O, maddi imkanları yetərli olan Vladimirə (Andrey Smirnov) ərə gedib. Cütlüyün - hər birinin öncəki nikahdan bir övladı var. Andreyin qızı zənginlik içərisində yaşayır. Əvvəllər tibb bacısı işləmiş Yelenanın birinci nikahdan olan, ailəsini dolandıra bilməyən oğlu isə kasıb təbəqəyə aiddir. Yelena nəvəsinin ordudan yayındırmaq, onun özəl ali məktəbdə oxuması üçün Andreydən pul istəyir. Ancaq o, imtina edir. Çıxış yolu tapa bilməyən qadın sonda ürək xəstəliyindən əziyyət çəkən ərinə dərman verərək öldürür. Çünki onun ölümündən sonra Yelena ömürlük renta alacaqdı...

Film ekranlara çıxandan sonra, bəzi əcnəbi kino mütəxəssisləri onu belə dəyərləndirmişdi: “Zvyagintsev cəsarətlə Tolstoy, Dostoyevski kimi klassiklərə bir çox məqamlarda opponentlik edir. Rejissor göstərir ki, rus ədəbiyyatının həmişə müdafiə etdiyi kiçik insan yüksək xeyirxahlığın nəinki daşıyıcısı ola bilməz, hətta dəhşətli cinayətlərin mənbəyi ola bilər”.

Hərçənd, rejissor bu fikrə qarşı çıxır: “Söhbət Yelenadan gedirsə, ona hansısa kiçik insan kimi baxmıram. Onunla baş verən bir çox şeylər cəmiyyətimizin faciəvi vəziyyətini ifadə edir. Yelena ilə baş verənlər çevrilmədir, insanın dəyişməsidir. Doğrudanmı, mənimlə razılaşmayacaqsız ki, ölkəmizdə hara baxsan, hər yerdə ya həddən artıq varlı, ya da kasıbla rastlaşacaqsan. Yoxsullarla varlılar arasında uçurum ağlagəlməzdir”.

Bununla belə Yelena, doğrudan da klassik rus ədəbiyyatında təsvir edilən, saflığı, mərhəməti, bir növ özündə “Tanrının işığı”nı daşıyan rus insanına xas simaya sahibdir. Seyrçi mülayim, ərinə sadiqliklə qulluq edən qadının cinayət törətməsini gözləmir.

Ancaq Zvyagintsev qəfildən bu gözləntini qırır, o, çağdaş rus insanının sosial mutasiyaya məruz qalması prosesini kadrbəkadr təsvir edir.

Qadın cinayəti törədərkən onun sifəti göstərilmir. Kadrda yalnız qətli tərəddüdsüz həyat keçirən çevik əllər görünür. Sanki rejissor, qətlə hazırlıq prosesi zamanı onun üzünü göstərəcək qədər amansız olmaq istəməyib.

“Leviafan”, “Sevgisizlik” kimi “Yelena” da müasir rus cəmiyyətinin güzgüsüdür.

Rejissor obrazların heç birini ittiham etmir. Onların hər biri özlüyündə haqlıdır. Yelenanın oğlunu tənbəllikdə ittiham edən əri də, cəmiyyətdəki vəziyyətdən dolayı ümidsizliyə qapılan oğul da, təbəqələr arasındakı fərqdən əziyyət çəkən ana da. Və burda müəllifin qınağının hədəfi hər şeydən əvvəl mövcud hakimiyyətdir.

Film Andreyin zəngin, geniş evinə yığışan qadının oğul-uşağının ilk baxışdan xoşbəxtlik təəssüratı yaradan görüntüsüylə bitir.

Fəqət, “xoşbəxtlik” qadının üzündə ara-sıra peyda olan əzabla, gərginliklə müşayiət olunur. Beləcə, “xoşbəxt” finalı Zvyagintsev özünün rejissor üslubuna xas asketik, ümidsizlik intonasiyasına köklənən kadrla bitirir.

Bəzi rus tənqidçiləri isə rejissora əxlaqlı rus adamını bu qədər alçaldılmasını bağışlaya bilmirlər.

Ərindən gizli abort etdirən yazıçı arvadı – “Əsl kino”

Depressiyaya meylli adamlar bu filmə baxmasın - VİDEO

Sallaqxanada eşq macərası – “Əsl kino”

Üzü əməliyyatla dəyişən yəhudi müğənninin əri ilə oyunu

Ərinin sevgilisi ilə birlikdə yaşamağına razı olan məşhur telejurnalist

Bu il Oskar alan ilk transseksual qadının filmi – ƏSL KİNO

Bu film Kamyunun hekayəsi əsasında çəkilib

Çin rejiminə etiraz edən film - “O qız çinlidir”

Kann festivalında qalib olan iki film – “Buraxılış” və “Şəxsi alıcı”

Gürcü rejissorun Berlin festivalında mükafat alan filmi - ƏSL KİNO

İsrailin bəyənmədiyi son illərin ən yaxşı anti-müharibə filmi

İşə götürənlərə narkoman olduğunu deyən norveçli

Bu filmin aktyoru mafiya üzvü olduğuna görə 11 il həbsdə yatıb

Türk rejissorun almanları qəzəbləndirən filmi

Mobil telefonunu ailəsindən üstün tutan ata

Hamilə qadınları abort etdiyi üçün iki il həbsdə yatan qulluqçu

# 2938 dəfə oxunub

Müəllifin son yazıları

# # #