Bozbaşı bəyənməyən rejissora bəzi məsləhətlər

Bozbaşı bəyənməyən rejissora bəzi məsləhətlər
2 fevral 2018
# 11:09

Sevda Sultanova

Rejissor Rüfət Həsənovun Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkdiyi “Yoxdu belə söhbət” filminə baxmağı düşünürdüm. Amma müəllifin Kulis.aza müsahibəsindən sonra filmi dəqiq izləməyəcəm.

Rüfətin istedadına şübhə eləmirəm. Fəqət sənətdə yalnız istedada dayanmaq mümkün deyil. Özəlliklə də təkəbbür, ifrat eqo, hamını qınayan mövqe istedadın qarşısına sərt sərhəd çəkəcək.

Prokatda filmi az baxılan gənc rejissor müsahibəsində bir neçə dəfə kütləvi tamaşaçı zövqünü bozbaşla müqayisə edir. Və nə vaxtsa onun zövqünün “suşi”yə çevrilməsi ümidiylə yaşayır (Kim bilir, bəlkə uzaq Yaponiyada da bir hirsli, gənc rejissor meynstirmə maraq göstərən tamaşaçı zövqünü istehzayla suşi adlandırır).

Təbii ki, o, hər iki təamı metafor kimi istifadəyə çalışır. Ancaq Rüfətin fikirlərində bozbaş metafordan çox milli mətbəxə təhqir kimi səslənir. Bozbaş mətbəximizin sevilən yeməklərindəndir. Onun əsas inqridientləri noxud, soğan, ət, kartof, tomatdır. Zövqə görə nanə, keşniş, sarıkök, alça turşusu, albuxara da atılır. Qırmızı soğan, xüsusən də Hövsan soğanı ilə əla yeyilir.

Noxud yorğunluğu, qanda xolesterini azaldır, ürək-damar sisteminə faydalıdır, böyrəkləri duzlardan təmizləyir, antioksidantlarla zəngindir, beyni qidalandırır.

Soğan bronxitə, öskürəyə qarşı təsirlidir, xərçəng riskini azaldır, qan dövranını sürətləndirir.

Qoyun əti kalium, maqnezium, fosfor və digər vitaminlərlə zəngindir.

Faydalılığını müqayisə etsək, “Yoxdur belə söhbət” filmi bozbaşa uduzar. Üstəlik, bu filmə ayrılan büdcə hesabına aylarla dilinə ət dəyməyən kasıb ailələrə bozbaş qonaqlığı versəydilər, Kassaveteslə Fassbinderin ruhu ancaq şad olardı...

Müəyyən fərqlərlə kütlə zövqü hər yerdə eynidir. “Bozun əlli çaları” kimi zibil film prokatda 569 milyondan çox gəlir götürür, amma Pol Verhoevenin çoxqatlı “Qadın” dramı ondan qat-qat az gəlir əldə edir. Suşinin vətəni Yaponiya haqda “Tokyo- Ga” sənədli filmində müəllif Vim Venders klassik yapon rejissoru Odzunun bütün ekran əsərlərində oynayan aktyor Tisyu Ryu ilə söhbətləşir. Küçədə Ryunu bir neçə yapon qadını əhatəyə alaraq onunla foto çəkdirmək üçün növbə gözləyir. Aktyor utanaraq Vendersə etiraf edir ki, müasir Yaponiyada onu yalnız yeni teleserialdakı roluna görə tanıyırlar: “Artıq Yaponiyada çoxdandır ki, Odzunun filmlərindəki rollarımı kimsə xatırlamır”. Belə müqayisələri sonsuza qədər davam etdirmək olar.

Kütləvi mədəniyyət ciddi sənəti sıxışdıra bilər, amma heç bir halda onu öldürmək gücündə deyil. Problem başqadır –bizim situasiyamızda sənətə fürsətlər verməyən mövcud sistemdə...

Başqa məsələ də var, “Yoxdur belə söhbət”ə az tamaşaçı baxırsa, heç də onun peşəkar çəkilməsi anlamına gəlmir. Ona qalsa son illər prokatda onlarla zay film də tamaşaçı yığa bilmədi.

İnsanları hansısa filmə baxmadığına görə qınamaq peşəkar yanaşma deyil. Əsas sual budur: (Rüfətin təbirincə desək), özünün imkanları iddia etdiyi suşiyə nə qədər adekvatdır? Və müəyyənləşdirməlidir ki, onun üçün önəmli olan nədir: tamaşaçı toplayan film çəkmək, yoxsa buna iddia eləmədən, sevgiylə, kinoprosesin içində yaşayaraq sənət aktına imza atmaq?

Müsahibəsində bir detal da diqqətimi aldı:“...keçən əsrin sənətkarları artıq klassik dramaturgiyanın atasını yandırıblar”.

Təhkiyədə radikal fəndlər, eksperimentlər, xronoloji ardıcıllığın, montaj düzümünün pozulması mümkündür, zavyazkanın, kulminasiyanın, razvyazkanın olmaması da... Bu mənada Bunuel, Kubrik, Antonioni, Qodar və başqaları ənənəvi nəqlin qanunlarını pozublar. Amma hər bir halda onların nəqlinin əsasında klassik dramaturgiyanın sarsılmaz qanunları dayanıb və filmlərində klassik prinsiplərin pozulması əsaslandırılır.

Və Qodarın fikridir: “Nə vaxtsa biz klassik nəql ənənələrinə qarşı çıxırdıq. Amma yaş ötdükcə özün üçün xətti, nizamlı nəqldəki magiyanı yenidən kəşf edirsən”.

# 2094 dəfə oxunub

Müəllifin son yazıları

# # #