Kulis.az “Baxılası 50 film” layihəsində Amerika rejissoru Frensis Ford Koppolanın “Söhbət” filmini təqdim edir.
Frensis Ford Koppola (1939) Amerikada italyan mənşəli ailədə doğulub. Uşaq yaşlarında poliomiyelitdən əziyyət çəkən (yoluxucu uşaq iflici) Koppola daha çox evdə vaxt keçirir, kuklalardan tamaşa düzəldirdi. Atası onu mühəndis görmək istəsə də, o, kino rejissorluğunu seçir.
Bir neçə qısametrajlı film çəksə də, diqqəti cəlb eləmir. Məşhur rejissor Rocer Kormanın assistenti olan Koppolanın ilk tammetrajlı bədii filmi
”Ağılsızlıq 13” olub.
O, 40 min dollara başa gələn “Ağılsızılıq 13” filminin ssenarisini 9 günə hazırlayıb. Horror janrında (qorxu filmləri) kult sayılan bu filmlə də rejissor ucuz başa gələn horror film konsepsiyasını işləyib.
Daha bir neçə filmi ilə nüfuzlu mükafatlara nominant olan rejissora ən böyük uğuru Mario Myezonun romanı əsasında ekranlaşdırdığı “Xaç atası” (1972) epik dramı gətirdi. “Xaç atası”nı maliyyələşdirən Paramount Pictures şirkəti rejissorun kastinqindən narazı qaldı və filmi bəyənmədi.
Amma üç nominasiyada Oskar alan film klassikaya çevrildi. Sonra rejissor “Xaç atası”nın sikvellərini (növbəti filmləri)də çəkdi. Mafioz ailəsindən bəhs edən “Xaç atası”nda zorakılıq çox olsa da, bu, rejissorun öz fikrini ifadə eləməsi üçün bədii vasitə idi.
“Qızıl palma budağı”na layiq görülən “Apokalipis bu gun” (1979) hərbi dramı Amerika əsgərlərinin vyetnamlılara qarşı vəhşiliklərindən danışır. Amma burda müharibə fondur. Əsas məqsəd müharibənin insan psixikasına vurduğu zədələrdir.
Filmi çəkilişləri zamanı rejissor çətinliklərlə üzləşib. Filippində 18 ay davam eləyən çəkimlərdə aktyor Martin Şinin ürək tutması olur, Marlon Brando isə narkotik maddə istifadə etdiyindən mətni öyrənə bilmir və baş verənlərdən stress alan Koppola narkotika aludəçisinə çevrilib və 40 kilo arıqlayır.
Amerika höküməti rejissorun Vyetnam müharibəsi ilə bağlı mövqeyi ilə razılaşmadığından ona çəkilişlər zamanı yardım göstərməkdən imtina edib. Və rejissora Filippin hökuməti maliyyə dəstəyi göstərib.
Bu gün sizə Koppolanın yaradıcılığının ən əhəmiyyətli filmlərindən biri, “Qızıl palma budağı” alan “Söhbət” (1974) psixoloji trillerini təqdim edəcəyik.
Süjet: Söhbətləri gizli dinləmək üzrə usta olan Harri Kola yüksək peşəkarlığına görə həmkarları hörmət edir. Kol konspiratordur: sevgilisinə heç nə danışmır, taksofondan zəng edir, iddia edir ki, ev telefonu yoxdur.
O, danışıqları məxfi dinləməyin nəticəsinə görə məsuliyyət daşımadığını deyir. Sadəcə, öz işini görür, müştərilərə müşahidələrinin nəticəsini verir. Onun karyerasındakı ən uğurlu işi nəticəsində üç adam öldürülür. O, təsəllini mütəmadi olaraq kilsələrdə tövbə etməklə tapır.
Bir gün Kol yüksək məbləğ müqabilində daha bir təklif alır, korporasiya müdiri ona iki sevgilinin - Enni və Markın söhbətini izləməyi tapşırır. O, dialoqun əsksəriyyətini dəqiq müəyyənləşdirsə də, söhbətin məğzində dayanan, ikimənalı fikri anlamır.
Bu səbəbdən də sevgililərin korporasiya müdirini öldürməsi planının qarşısını ala bilmir.
Kol həmin fikrin əsl anlamını gec- qətl baş verəndən sonra başa düşür.
Həlledici cümlənin doğru intonasiyası “O, bacarsaydı, bizi öldürərdi” yox, məhz “O, bacarsaydı, bizi öldürərdi”dir.
Yəni “O, bacarsaydı”-nın intonasiyasında, biz onu, o, bizi öldürmədən qətlə yetirməliyik fikri gizlənir.
Faciənin qabağını ala bilmədiyi üçün Kol depressiyaya düşür. Kola, onun da evində səs dinləyici qurğu olduğunu deyirlər. Kol qurğunu tapmaq üçün evini sökür, onu viran edir. Amma tapa bilmir. Finalda əldən düşmüş Kol saksafon çalır. Amma bu, qurğunun orda olmadığı anlamına gəlmir.
Koppola bu filmi çəkərkən rejissor Antonioninin “Fotoböyütmə” filmindən ruhlanıb. Bundan başqa filmin leytmotivində 1972-74-cü illərdə siyasi Uotergeyt skandalı və onun ölkədə yaratdığı paranoyya vəziyyəti dayanır.
1972-ci il prezident seçkiləri zamanı respublikaçıların namizədi Riçard Niksonun rəqibi demokrat Corc Makgovernin “Uotergeyt” kompleksində yerləşən qərargahına dinləmə qurğusu yerləşdirən 5 adam tutulmuşdu.
Koppola ekşnsiz, dinamikasız təhkiyədə gərginlik yaradır. Dərin psixoloji analizlə insanın vicdan, ekzistensial problemini qoyur. Və güvənsizliyin, şübhənin paranoyyaya gətirib çıxardığını göstərir.
“Söhbət” çoxplanlı, müxtəlif yozumlara yol açır.
Maraqlı faktlar
-Film eyni zamanda Kann festivalında ekumenik jürinin mükafatını alıb.
-Koppola Kaliforniyada üzüm bağları alaraq şərabçılıqla məşğul olur. “Sofia” şərabını qızı, rejissor Sofiya Koppolanın şərəfinə adlandırıb.
-Koppolanın fikrincə, 60-cı illərdə 4 rejissor – Fellini, Kurosova, Berqman və Kubrik kinoda özlərindən sonrakı bütöv bir nəslə təsir edib.
Hollivud haqda rejissor deyir:
“Hollivud əslində mövcud deyil. O, film istehsal edən nəhəng sənayedir. Burda istehsal edilən filmlər orijinal deyil, müəllifin özünü ifadəsinə imkan vermir, amma blokbasterlər üçün ideya yiğnağıdır. Hollivudda insanlar çox pul qazanmaq istəyirlər. film nə qədər ucuzdursa, ideya və mövzu o qədər ambisiyalıdır. Büdcə nə qədər yüksəkdirsə, fikrin orijinallığı da o qədər aşağıdır”.
Filmə burdan baxa bilərsiniz.