- Bir müddət öncə Gəncəyə səfər etmişdiniz. Ora çatan kimi dolma şəklini sosial şəbəkələrdə paylaşmışdınız.
- Gəncədə qohumlarım yaşayır və ora düşən kimi çəkim artmağa başlayır. Amma bu dəfə səfərim olduqca “dadsız” keçdi, çünki heç nə yemirəm son zamanlar. 2 aylıq Amerika səfərimdən sonra çox kökəlmişdim. Ona görə 25 gündür ki, pəhrizdəyəm.
- Amerikada nə yeyirdiniz? Fast-food, yoxsa...
- Yox, fast-food xoşlamıram. Tez-bazar yeməklə aram yoxdur. Ac qalaram, amma ayaq üstə yemək yemərəm. Yemək yeyirsənsə, gərək süfrə açıla, masaya hər şey gələ, tam yemək mühiti yarana. Orda özüm üçün bir daha kəşf etdim ki, mən yapon və Meksika mətbəxinin “dəlisiyəm”. Yapon mətbəxi Azərbaycan mətbəxindən sonra məni ən çox cəlb edən mətbəxdir. Meksika mətbəxi isə mənim üçün fransız, italyan, ingilis mətbəxindən irəlidədir. Yəqin acılı, istiotlu yeməkləri xoşlayıram deyə, bu mətbəx belə xoşuma gəlir. Ümumiyyətlə, hansı yeməkdə sarımsaq varsa, o yeməyi sevirəm. Çox heyif ki, işimlə əlaqədar çox yeyə bilmirəm.
- Bəs yapon mətbəxi nə ilə cəlb edir sizi?
- Yapon mətbəxi ayrıca bir elmdir. Hazırda elə onu öyrənirəm. Azərbaycanda 5 suşi mütəxəssisi varsa, beşincisi mənəm. Hətta dördüncüsü də mənəm (gülür). Doğrudur, yapon mətbəxi üzrə peşəkar adlandırmazdım özümü, amma suşi masterliyinə namizədəm. Suşi, şamimi kimi yeməklər olduqca dadlı, saf, sağlam yeməklərdir. Çətin də olsa, biz bu yeməklərə öyrəşməliyik. Yapon deyəndə suşi ağıla gəlir. Yaponların milyondan çox yeməyi var, amma nədənsə suşi daha məşhurdur. Son zamanlar Azərbaycanda da yayılıb.
- ABŞ-da çox yeyilir suşi, elədir?
- Bəli, bəli. Hətta yapon yeməkləri verilən çox populyar “Nobles” restoranı da var.
- Bəs Azərbaycanda necə? Yaxşı suşi verilən restoranlar, məkanlar varmı?
- Var. Beş-altı yer var ki, orda çox yaxşı və keyfiyyətli suşi yemək olar. Bir şeyi də deyim ki, suşi bahalı yeməkdir. Ucuz suşi restoranı gördünüzsə, bilin ki, keyfiyyətsiz yerdir, heç ora getməyə dəyməz. Yaxşı balıq bahalıdır. Ümumiyyətlə, yaxşı yemək bahalı şeydir.
- Birdən ürəyinizə Meksika mətbəxi düşdü. Bakıda tapa bilirsiniz?
- Bəli, bir neçə yer var. Amma belə lap dərinə getsək, evdə də hazırlamaq olar. Mürəkkəb deyil. Məsələn, kesadilya (quesadilla - red.) yeməyi var, onu çox sevirəm. Çox dadlıdır. Lap başım gicəlləndi. Yeməkdən bu qədər danışmazlar (gülür). Xüsusilə mənim pəhriz vaxtımda...
- Pəhriziniz barədə bəlkə bir az məlumat verəsiniz...
- Xüsusi pəhriz sistemim var. Bu pəhrizdə əsas şərt yediyinə diqqət etməkdir. Nə, nə vaxt, necə və hansı miqdarda– bax, bunları bilmək lazımdır. Birincisi, indi yediklərimi çeynəyirəm, bundan qabaq elə-belə udurdum. İkincisi, artıq broyler toyuqlar yemirəm, qazlı içkilər içmirəm. Heç vaxt ağlıma gəlməzdi ki, mən “Coca-cola” içmədən də yaşaya bilərəm. Xüsusilə “Cola-zero” çıxanda özümə təsəlli verirdim ki, bunda kalori yoxdur. Artıq ondan da imtina etmişəm. Daha orqanik qidalara üz tutmuşam. Yağda bişən yeməklər yemirəm. Doğrusu, heç əvvəllər də yağlı, duzlu yeməklərə, çörəyə meylli deyildim. Pəhrizdə dəyən ən böyük zərbə şirniyyatdır. Əsasən də, fransız şirniyyatları - sufle, tiramisu xəstəsiyəm.
- Ananız necə yemək bişirir? Hansı yeməkləri daha yaxşı bacarır?
- Mən elə bir ana tanımıram ki, pis yemək bişirsin. Görün, indi mənim anam necə gözəl bişirir ki, mən bu boydayam! Üstəlik, həyat yoldaşım da yaxşı yemək bişirir. Yemək bişirmək həvəskarıdır. Digər ev işlərini sevməsə də, yeməklə həmişə özü məşğul olur. İndi çalışıram ancaq evdə yeyim. Ev “keçmişim” çox ağırdı mənim. Restoranlarda “böyümüş” adamam. Hərdən restorana gedirəm, deyirlər, əsl ev yeməkləri verilir bizdə. Deyirəm, elə ev yeməyidirsə, gedib evdə yeyərəm də. Mən restorana gəlmişəm ki, restoran yeməyi yeyim. Məsələn, manqalda bişən yeməklərdən. Bizim yeməklər sadəcə çox yağlıdır, amma çox da dadlıdır.
Ümumiyyətlə, müxtəlif cür terrorizm var; dini terrorizm, irqi terrorizm və s. Bizim millət yemək terroristidir. Bura gələn xaricilərin hamısı gedir deyir ki, o ölkədə bütün gün yemək yeyilir. Xüsusilə də çörək. Özü də fikir vermisinizsə, biz bir-birimizə “gedək xörək yeyək” yox, “gedək çörək yeyək” deyirik.
Çörəyə meylli deyiləm, amma səhər-səhər ki təndir çörəyinin iyi vurur, yeməmək olmur. Bax bu, əsl azərbaycanlılıq testidir. Təndir çörəyinin iyi gələndə, “Vağzalı”, muğam səslənəndə, gözəl bir mənzərəyə baxanda kimin ki ürəyində vətən eşqi yaranır, demək o azərbaycanlıdır.
- Elə yemək var ki, ona görə pəhrizinizi pozarsınız?
- Aş. Hansı növ olmağının fərqi yoxdur, aş olsun. Bir də qutab. Nə vaxt, gecə saat 5-də olsa, desəniz “gedək, qutab yeyək”, mən hazır!
- Bəs xəmir xörəkləri?
- Xəmir xörəklərinin vurğunu deyiləm. Xəngəli çox sevirəm, amma kababı ondan da çox sevirəm.
- Günə necə başlayırsınız? Nə yeyirsiniz?
- Adamlar var, günorta yeyilən yeməkləri səhər yeyə bilmirlər. Mən çox rahatlıqla yeyirəm. Daha doğrusu, yeyirdim. Bir də məndə qəribə bir xüsusiyyət var; səhər yaxşı yemək yeyirəmsə, bütün gün belə davam edir. Yox əgər heç nə yemirəmsə, günün qalan saatlarında da iştaham olmur. İndi pəhrizdəyəm, səhər cüzi miqdarda nəsə yeyirəm. Gün ərzində də iştahasız oluram.
- Spirtli içkilərlə aranız necədir?
- İçki sevən deyiləm. Arada içkiləri dəyişirəm. İçmək üçün yemirəm. Ümumilikdə isə ən çox üstünlük verdiyim konyakdır.
- Özünüz yemək bişirə bilirsiniz?
- Demək olar ki, bütün yeməkləri bişirməyi bacarıram.
- Onda həyat yoldaşınıza da kömək edirsiniz..
- Yox. İcazə vermir. Deyir ki, kişinin mətbəxdə nə işi var?! Mətbəx mənə o qədər də maraqlı deyil, əsas yeməklərdir. Yeməkdə, necə deyərlər, “user”əm, “istifadəçi”yəm.
- Pəhriz saxlayanda hansı meyvələrə üstünlük verirsiniz?
- Şaftalı, armud, bananı daha yemirəm. Ən çox alma, greyfruta meyllənmişəm indi. Almalı, limonlu yeməklər yeyirəm.
- Deyirlər, limon kalori yandırmağa kömək edir...
- Deyirlər də. Amma sübut olunmayıb. Gəncədəki forumda məndən yenə pəhriz haqqında soruşdular, dedim ki, Emma Ələkbərzadə, Abbas Bağırov mənim pəhrizimlə arıqlayıblar.
Hamı güldü. Başqalarına kömək edirəm, amma özümə bir xeyir gəlmir. Lap falçılar kimi... Çəkimdən ən çox narahat olan anamdır. Hərdən baxıram özümə, deyirəm, hə, doğrudan kökəm, elə ki yemək gəldi, hər şey yaddan çıxır. Əvvəllər arıq adamlara xəstə kimi baxırdılar, indi kök adamlara elə baxırlar.
- Yaşıl çay içirsiniz pəhrizdə?
- Çay sevmirəm. Adi su ondan yaxşıdır. Bir də qazlı şirələr. Bu yaxınlarda Madonnanın bir müsahibəsi gedib. Ondan soruşurlar ki, həyatınızın axırıncı günü olsaydı, nə edərdiniz? Deyir ki, “Makdonalds”a gedib ən böyük hamburgerləri yeyər, üstündən də çoxlu kola içərdim.
- Səhhətinizlə bağlı probleminiz yoxdur?
- Yox, qətiyyən... Arıqlamaq sırf şəxsi istəyimdir. Elə bil tamaşaçılara, ətrafdakılara qarşı bir az hörmətsizlikdi bu çəki. Ancaq hamı deyir, sən arıqlasan, yaraşmaz.
- Əksər adamlar iradələri ilə bacara bilmirlər pəhriz vaxtı. Siz necə? Yeməmək üçün özünüzü necə saxlayırsınız?
- Mən iradəli adamam. Bu barədə problemim yoxdu. Sadəcə köklüyümdən çox bezmişəm. Fiziki cəhətdən rahatam, ancaq geyimlə bağlı problemlər yaranır. Öz ölçümdə paltar tapmağa çətinlik çəkirəm. Bu yaxınlarda ortancıl oğlum Əli məktəbdə bir uşaqla dalaşıb, uşağın valideynləri gəlib. Deyirəm ki, o uşağı niyə döymüsən? Cavab vermir. Çox sorğu-sualdan sonra axır dilləndi: “Bilirsən onu niyə döydüm? Dedi ki, sənin atan gombuldu”. Elə bildi, mən bunu eşidəndən sonra “əcəb eləmisən, döymüsən, oğlum” deyəcəm. Dedim: “Sənin atan gombul deyil ki?” Pərt olub: “Sən gombulsan? Mən elə bilirdim bütün atalar belədir”, - dedi.
- Ailənizlə tez-tez çıxırsınız yeməyə?
- Tez-tez çıxırıq. Elə yerlər var, bizim üçün ayrı yeməklər bişirirlər. Sağ olsunlar. Yeməkdə xəsislik etmirəm heç vaxt.
- Uşaq vaxtı ailənizin çörək sıxıntısı keçirdiyi vaxtlar olubmu?
- Sıxıntıları çox da xatırlamıram. Amma o vaxt tapılmayan, ya da ölkəyə yeni gələn dadları yaxşı xatırlayıram. Dəmir qablı, karton qablı şirələr yeni çıxmışdı. Elə şeylər var ki, adam onu uşaqlıqda az yeyir və bütün ömrü boyu onu yeməkdən doymur. Misal üçün, dondurma. Bax bunu ilk dəfədi açıqlayıram: bizim evdə dondurma üçün ayrıca soyuducu var. Bu soyuducuda hər cür - taxta, dəmir qablarda, portağallı, cürbəcür növdə dondurma var. Bir vaxtlar elə bilirdim, banan həmişə az olacaq, ona görə harada gördüm alırdım. Amma illər ötdükcə, gördük ki, istədiyimiz meyvəni, ərzağı istənilən vaxt tapıb almaq olur.
Maraqlı bir söz var - deyirlər, sənin atan-baban banan yeyib? Bu, həqiqətən vacib məsələdir. Genetik cəhətdən bizim mədəmiz bəzi şeyləri qəbul edir, bəzilərini yox. Məsələn, xaş kimi çox kalorili yeməyi bizim mədəmiz rahat qəbul edir. Yəni nəslin, bitkinin genetik yaddaşı olduğu kimi mədənin də genetik yaddaşı var. Tanımadığımız, heç vaxt görmədiyimiz bir meyvəni başqası yesə, təsir etməz, amma biz yesək, fəsad yaradar. Hamısı mədənin öyrəşməyi ilə bağlıdır.
- Gəlin bir az restoranlardan danışaq...
- Mən bütün restoranlarda gözlənilən qonağam. Hansısa ölkənin milli mətbəxini dadmaq istəyirəmsə, mərkəzdəki yerlərə deyil, şəhər kənarına gedirəm. Məsələn, mən fransız yeməklərini Parisin bir restoranında yox, şəhərkənarı yerlərdə yeməyə üstünlük verirəm. Türk mətbəxi də elə. Urfada, Diyarbəkirdəki yeməklər İstanbuldakıların dadından fərqlənir. Hətta Amerikada da; Nyu-York, Las-Veqasda dad bir cürdür, San-Antonioda başqa cür. Bizim rayonlarda da ləzzətli yeməklər verilir. Quba tərəflərdə maraqlı bir yemək görmüşdüm, adı çoban kababı idi. Deməli, qoyunu kəsib dərisini çıxarırlar, sonra ətləri yaxşı tikələrə bölüb yığırlar dəriyə. Ağzını bağlayıb yerə basdırırlar. Üstündə od qalayıb bir xeyli gözləyirlər. Sonra közü yığışdırır, ətləri yavaş-yavaş dəridən çıxarırlar. Təxminən kələfur kimi bir yemək olur. Çox dadlı yeməkdir.
- Sizcə, bizim restoranlar xaricidəkilərlə nisbətdə bahadırmı?
- Bizdə kifayət qədər bahalı restoranlar var. Çoxunda qiymətlər əsassızdır. Amma nəzərə alsaq ki, biz xaricdə bu yeməklərin sırf orqanik ərzaqlarla bişirilməyini istəsək, burdakından beş qat baha başa gələr. Əksər restoranlarda şərablar baha olur. Mən şüşəsi səkkiz, on, hətta otuz minlik şərablar içmişəm, amma elə bir xüsusi ləzzət almamışam. Ondansa bir şüşə kola içsəydim, daha çox həzz alardım.
- Türk mətbəxi ilə maraqlanırsınızmı?
- Dostum, çox hörmət bəslədiyim insan - Qənirə Paşayevayla bu mövzuda həmişə fikir ayrılığımız yaranır. Ola bilər yanlış düşünürəm, amma mənə görə, türk mətbəxi bu qədər dərin, qədim tarixi ilə nisbətdə o qədər də zəngin deyil. Eləcə də Rusiya, İngiltərə. Düzdür, ingilislər hər yerdə sübut eləməyə çalışırlar ki, onların mətbəxi zəngindir. Hətta şahzadə Çarlzın ikinci həyat yoldaşı Kamilla Parkerin oğlu Tom Parker Boulz belə bir araşdırma aparmışdı. Sübut etməyə çalışmışdı ki, ingilis mətbəxi anlayışı var və o təkcə “fish and chips”dən (balıq və kartof-G.Ə.) ibarət deyil, çox zəngindir. Amma məncə, belə deyil, ən azından bizim mətbəxə, livan, ərəb mətbəxinə çatmaz.
- Sizcə hansı yeməyimizi dünyaya fəxrlə təqdim edə bilərik?
- Məncə, bütün yeməklərimizi. Düşbərədən tutmuş qutaba qədər. Bizim ətin, göyərtinin, tərəvəzlərin dadını heç nə vermir. Argentinada göz qabağında bir inək kəsirlər, bizdən başqa hamı yeyib təəccüblənir dadından. Azərbaycanlıları ətlə təəccübləndirmək olmur. Bəlkə xəmir xörəkləri, pendir növləri, meyvələrlə diqqətimizi çəkmək olar. Təsəvvür edin ki, bizdə quymaq kimi bir yemək var. Su ilə undan başqa heç nə yoxdur onun içində, amma necə dadlıdır. Qaymaqla bal, xaşıl da elə. Rusiyadakı Azərbaycan restoranlarının qarşısında elə növbə olur, gəl görəsən. İş adamları, vəzifəli şəxslər orta səviyyəli bir Azərbaycan restoranına əvvəlcədən zəng vurub yer sifariş verirlər.
- Yeməklə bağlı bir maraqlı əhvalatınız var?
- Sizə maraqlı bir hadisəni danışacam. Bir dəfə Praqadan Pilsen şəhərinə getdik. Yol o qədər uzun və yorucu oldu ki, hamı acından birtəhər olmuşdu. “Pilsner” pivə zavodunun restorana girdik. Menyuya baxandan sonra ofisianta dedim ki, burdakı bütün yeməklərdən gətirin. Hərəsindən bir boşqab. Hamısından daddım.