Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilovun APA-ya müsahibəsi
- Fərhad müəllim, yaradıcı birliklər arasında ən çox üzvü olan Yazıçılar Birliyi və Rəssamlar İttifaqıdır. Yazıçılar Birliyi buna görə tənqid olunur, bəs sizin ittifaqda vəziyyət necədir?
- Mən özümə haqq qazandırmaq istəmirəm. Çalışırıq, Rəssamlar İttifaqına qəbul tez-tez olmasın. Yeri gəlmişkən, məhz buna görə bizi tənqid ediblər. O ki qaldı Yazıçılar İttifaqı və bizim təşkilatımızın üzv sayına görə böyük olmağına, görünür, bu, digər yaradıcılıq sahələrinə nisbətən, insanların yazıçılıq və rəssamlığa daha çox meyl etməsinin göstəricisidir.
- Siz 1987-ci ildə sədr seçilmisiniz. Bildiyimə görə o vaxt Mərkəzi Komitənin öz namizədi olub. O adam kim idi?
- Siz cavansınız, yadınıza gəlməz. O vaxt bütün idarələrdə, o cümlədən yaradıcılıq ittifaqlarında partiya təşkilatı fəaliyyət göstərirdi. Qurultayda “partqruppa” öz namizədini irəli sürürdü. Həmin adam əlbəttə, Mərkəzi Komitədə təsdiq olunurdu. 1987-ci ildə Rəssamlar İttifaqının keçirdiyi qurultay böyük səs-küyə səbəb oldu. Moskvada bəziləri şokda idi. Çünki rəssamlar “partqruppa”nın əksinə gedərək, öz namizədini irəli sürüb, istəklərinə nail olmuşdular. Bu, əsl inqilab idi.
- Namizəd hansı rəssam idi, adını demədiniz...
- Rəssamlar o adamı yaxşı tanıyırlar. Çox tanınmış rəssam idi.
- Əsərlərinizi Bakıda niyə satmırsınız?
- Berlində, Moskvada sərgilərim açıldı, dünya rəsm bazarını görəndən sonra, yaratdığım əsərlərin qiymətini müəyyənləşdirdim. Əsər satmaq, ələlxüsus, bugünkü zamanda satmaq, çox ciddi yanaşmanı, bəzi fəndləri tələb edir. Mənim yalnız Moskvada doqquz fərdi sərgim açılıb. Bakıda isə cəmi bir fərdi sərgim olub. Əlbəttə, bunun səbəbləri var. Cavan vaxtı istəməmişəm atama söz gəlsin. O, maliyyə naziri idi, mənim qeyri-sovet, yəni sosialist realizmindən uzaq olan əsərlərim onun ziyanına işləyə bilərdi. Digər tərəfdən, istəməmişəm desinlər ki, atamın vəzifəsindən istifadə edirəm. Nə isə, qayıdaq satış probleminə. Demək istəyirəm, mənim yaradıcılıq fəaliyyətim, sərgilərim, haqqımda çap olunan kitab və məqalələr Bakıda olmayıb və bu gün də belədir. Sədr seçiləndən sonra ölkədə başlanan hadisələr o qədər gərgin keçirdi ki, sərgi ilə məşğul olmağın vaxtı deyildi. 2000-ci ildə böyük fasilədən sonra Parisdə satışsız sərgi açdım ki, dostlarım rəssamlıqdan əl götürdüyümü düşünməsinlər. Həm də, bu sərgi kəşfiyyat xarakterli idi, görüm, əsərlərə maraq var, ya yox?! Sərgi uğurlu keçdi, əsərləri alanlar da oldu. Məni tanımaq üçün hətta səfirliyə zəng vururdular. Sonra Moskvada sərgi açdım. Portuqaliyalı nazir və səfir altı əsər almaq istəyirdilər. Onlara sədr olduğumu deyib, təklif etdim ki, bizim rəssamların sərgisini açaq. Sözümü yarımçıq qoydular. Yəni sənin üçün sərgi aça bilərik. Bu mənə bir balaca toxundu ki, sözümü axıra qədər dinləmədilər. Bundan əlavə, bir neçə ciddi alıcı var idi. Qorbaçov fondunun məsul işçisi vardı, ona tapşırmışdılar ki, məni tapıb, Qorbaçov Fondu tərəfindən Almaniyada və İspaniyada sərgimin açılmağını, yaradıcılığım haqda albomun çap edilməsini təklif etsin. Təbii olaraq, təklifi mədəni şəkildə rədd etdim. Amma həmin adam məndən bərk yapışıb, dalbadal zəng edirdi. Bu fondu Qorbaçovun qızı idarə edirdi. Yanvar hadisələri ilə əlaqədar səfirliyə getmişdik. Yenə zəng edəndə, kobud danışdım. Yanımdakı adamlar təəccüblənəndə, onları başa saldım ki, söhbət Qorbaçov fondundan gedir və bunu qəbul edə bilmərəm.
- Niyə jurnalistlərdən qaçırsınız? Sizcə, ittifaq sədri olan insan mətbuatla dost olmağa can atmamalıdır?
- Tək jurnalistikada yox, bütün sahələrdə peşəkarlıq lazımdır. Adam öz işinə vurğun olmayanda, kənardan o adama da, o sahəyə də hörmət qoymurlar. Jurnalistika başqa sahələrlə müqayisədə göz qabağında olduğu üçün bu sahənin adamları on qat diqqətli və peşəkar olmalıdırlar. Bəzən insanlar anlamırlar ki, jurnalistikanın cəmiyyətdə nə qədər böyük əhəmiyyəti və ciddiliyi var. Əgər siz bunu qaçmaq kimi qəbul edirsinizsə, səbəblərdən biri vaxt məsələsidir. Mən dərs deməkdən də qaçıram. 1992-ci ildə Milli Məclisin tərkibindən istefa verdim. Bütün bunların bir səbəbi var: emalatxanamın vaxtını heç nə ala bilməz. Rəssamlar İttifaqının sədrinin məsuliyyəti mənim üçün kifayətdir.
- Rəssamlar İttifaqının mindən artıq üzvü var. Onların istedadını şərti olaraq aşağı, orta və ali dərəcə ilə müəyyənləşdirsək, ali dərəcənin payına neçə rəssam düşür?
- Gəlin, onları saymayaq. Düz olmaz. Əlbəttə, həqiqi istedadlar azdır. Amma mən çalışıram, ittifaqda orta təbəqənin sayını artırım. Çünki onların içində gələcək üçün peşəkar rəssamlar formalaşacaq. Şübhəsiz, bu gün deyə bilərik ki, kim güclü, kim zəif rəssamdır. Məsələn, Əşrəf Muraddan vaxtilə heç kim danışmırdı. Mən onun haqqında danışmağa haqqı çatan adamam. Hələ sədr deyildim, amma Əşrəf Muradın sərgisini dava-dalaşla açdıq. Onun qohumu Ramiz Abutalıbov Mərkəzi Komitədə işləyirdi, bir dəfə mənə dedi, Fərhad, siz bunun üçün özünüzü öldürürsünüz, doğrudan, o, böyük rəssamdır? Dedim, böyük yox, dahi rəssamdır. Ramiz sağdır, Allah şahididir. Sədr seçiləndən ondan danışıram, sərgisini açıram. Bu gün Əşrəf Muradın adı hamının dilindədir. Yaxud, Səttar Bəhlulzadənin özü olsun. Mənə vaxtilə deyirdi, Fərhad, hamı əsərlərimi daşıyıb aparır, sən də birini götür. Deyirdim, ay Səttar, mən gündə bir iş aparsam, burda nə qalacaq? (Gülür) Deyirdi, vaxt gələcək, mənim işlərimi axtaracaqlar. Bəli, bu gün onun işlərini axtarırlar. Onu da deyim, məlumatınız olsun: bu gün Səttarın adına çıxarılan işlərin xeylisi “poddelka”dır. Çəkib, onun adından satıblar. Bunu dəfələrlə görmüşəm. Səttar Bəhlulzadəyə qiymət verənlər, sevənlər hər zaman olub, amma onun daha da məşhurlaşmasında Heydər Əliyevin böyük rolu var. Heydər Əliyevin sərəncamı ilə Səttar Bəhlulzadənin yubileyi keçirilirdi, sərginin açılışına aeroportdan birbaşa gəlmişdi. Maşına minəndə, dedim, sarayda keçirilən xatirə gecəsində çıxış etməsəniz, yubiley istədiyimiz kimi olmayacaq. Tədbirə üç saat qalmışdı, dedi, fikirləşib sizə xəbər edərəm. Bir saatdan sonra xəbər gəldi ki, çıxış olacaq. Həmin çıxış Səttar Bəhlulzadə haqqında ən dəyərli çıxış oldu. Ertəsi günü elmi konfrans keçirildi. Özümü saxlaya bilməyib etiraz elədim ki, məni bağışlayın, heç olmasa, prezidentin dünənki çıxışını yada salın. Səttarın yaradıcılığı əvəzinə, onun pencəyindən, dişindən danışırsınız. Heydər Əliyevin çıxışından sonra onun əsərlərini axtarmağa başladılar və Səttarın əsərlərinin qiyməti dəfələrlə qalxdı, kiməsə hədiyyə etmək üçün ən qiymətli hədiyyə onun əsərləri oldu.
- Köməyiniz dəyən adamın sonradan pisliyini görmüsünüz? Məsələn, “yuxarılara” şikayət, qeybətinizi edənlər...
- Bir adam var idi, məndən Mərkəzi Komitəyə şikayət ərizəsi yazmışdı. Sonra həmin adama ev verdim. Qapıda dayanmışdı ki, səni maşınla evə aparım, dedim, üzbəüz binada qalıram, ehtiyac yoxdur, sənin gözlərindəki sevinc mənə bəsdir. Mənə elə gəlir, iş görən adam heç kimin danışığına, dedi-qoduya fikir verməməlidir. Bəzən gəlib burda mənə danışırlar ki, filankəs filan sözü dedi. Deyirəm, kişisən, yerində cavabını verərdin, kişiliyin yoxdursa, gəlmə bura. Mən sadəcə, öz işimlə məşğulam, heç kimdən “çox sağ ol” gözləmirəm. Bir dəfə bir adamın dövlət mükafatı almağına kömək etmişdim, qonaqlıq verirdi. Həmin məclisdə Mərkəzi Komitədən olan adamlar da iştirak edirdilər. Bunlar başladılar ki, Fərhad, sən də vəzifədəsən, ye-filan. Dedim, bir dəqiqə, mən bu dünyaya altı kilo gəlmişəm. Anadan olanda beş gün süd yeməmişəm, anam südünü xəstəxanada başqa uşaqlara verib. Yəni dünyaya tox gəlmişəm. Bu söz onlara bərk dəydi.
- Belə xarakterlə 27 il sədr olmaq necə mümkündür?
- Açığını deyim, mənim kimi adamları çox sevmirlər. Konkret olaraq, nə isə problemim olmayıb. Çünki gördüyüm işləri hamı yaxşı bilir. Bəzi pullu adamlar var idi, onlara Mərkəzi Komitədən demişdilər, bu sizi birtəhər edəcək. Həmin adamları başa salırdım ki, məni aclar seçib, rəssamlar seçib, gedin, onların yanında hörmət qazanın. Vaxtilə əleyhimə kampaniya aparmışdılar, Mərkəzi Komitədən yoxlama gəlmişdi. Həmin adam gəlib dedi, mən bilirəm, sən nə işlər görmüsən, nə lazım olsa, zəng vur. Özümü tərifləmək üçün bunları danışmıram, o adam iki ildə gördüyüm işlərlə tanış olmuşdu. Lütfiyar İmanov ona ev almaq üçün yaxınlaşanda, deyib, Fərhad Xəlilovdan ev almağın yolunu öyrənin. O vaxt 41 adama ev almağa kömək etmişdim. Rəssamlar İttifaqı onu 30 ildə almamışdı.
- Vaxtilə fəxri adların əleyhinə çıxanlardan biri də siz idiniz. İndi də o fikirdəsiniz, məsələn, rəssamlar xalq rəssamı, yazıçılar xalq yazıçısı adını almamalıdırlar?
- 1988-ci ildə İdarə Heyətinin iclasında fəxri adlardan imtina etmək təklifini irəli sürdüm. Həmin vaxt mən əməkdar incəsənət xadimi idim. İdarə Heyəti mənim təklifimi səsvermə yolu ilə dəstəklədi və qərarımızı SSRİ Rəssamlar İttifaqına göndərdik. Mənim praktikamda elə rəssamlar olub ki, onlar heç nə bilmədən, gözlənilmədən öz adlarını qəzetlərdə görüblər və biliblər ki, fəxri ad alıblar.
- Adlarını çəkə bilərsiniz?
- Məsələn, Fazil Nəcəfov, Bəyimxanım Hacıyeva, Odtəkin Ağababayev və başqaları. Fəxri adı belə alarlar. Yenə deyirəm, fəxri adın əleyhinə deyiləm, amma bu ad məsələn, Fazil Nəcəfovun üstündə olanda, adam fəxr edir. İndi bunu yazandan sonra rəssamlar məni söyəcək ki, bu niyə belə danışır, əksinə, mən yalvarmalıyam, filankəsə fəxri ad verin. Mənim xalq rəssamı adına layiq görülməyimin öz tarixçəsi var və həmin tarixçə ilə fəxr edirəm. Roma Papası Bakıya gələndə, prezident Heydər Əliyev məni bir neçə ziyalının sırasında səhnədə Roma Papasına təqdim edəcəkdi. Heydər Əliyev siyahıda mənim adıma çatanda dayanıb ki, bəs Fərhadı necə təqdim edəcəyəm, xalq rəssamı yazmamısınız, onun fəxri adı yoxdur? Prezident Aparatından zəng vurdular ki, sənədlərini təcili təqdim etməlisən. Xahiş etdim, Rəyasət Heyətinin adından bir neçə rəssamın adı təqdim olunub, əvvəl onlara verilsin, sonra mənə. Növbəti gün bir də zəng gəldi: həmin adamların adını təqdim et. Əlli beş rəssama ad veriləndən sonra mən xalq rəssamı oldum.
- Deməli, siz o vaxta qədər müraciət etməmişdiniz?
- Özüm üçün xeyr. Ümumiyyətlə, müraciət etməyi sevmirəm, çalışıram, məsələni özüm həll edim. Gücüm çatmayanda, ümumi işlərə görə müraciət edirəm. Bir dəfə Rəyasət Heyətinin iclasından sonra dost söhbəti edirdik, Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev dedi, biz neçə illərdir bir yerdə işləyirik, gündə neçə dəfə telefonla danışırıq, bu adam bir dəfə də olsun, özü üçün heç nə istəməyib.
- Belə anladım ki, 27 ildir sədr olmaq vəzifə sevgisi yox...
- Bilirsiniz, mən vəzifə istəyinin nə olduğunu bilmirəm. Bəzən deyirlər, sən özünü bir az ağır tut, sədrsən, özünü çək-filan. Deyirəm, mən gedəndən sonra buranı yaddan çıxarıram. Hər gün emalatxanada işləməsəm, o gün özümü pis hiss edirəm. Vəzifə nədir? Bizim vəzifəmiz rəssamlıqdır. Vaxtilə gedib məmur ola bilərdim, amma bununla məsələ bitəcəkdi. 87-ci ildə sədr seçildiyim günü xatırlayıram. İnsanların inamı, sevgisi bu gün də gözümün qabağındadır. Sədr seçiləndə atam iki il idi pensiyaya çıxmışdı. Bu xəbəri eşidəndə, gözündə iki damcı yaş gördüm. O sevinc mənə böyük mükafat idi.
- Vəzifə sizə hansı maddi imtiyazları qazandırdı?
- Vəzifə yox, mənə maddi imtiyazı sənətim qazandırıb. Atamdan xəbərsiz 16 yaşımda işləməyə başladım və rəssamlıq məktəbində oxuya–oxuya 90 manat pul qazanırdım. Vəzifə imtiyaz verə bilər, amma əsas insanın özüdür, o, çalışırsa, tənbəllik etmirsə, imtiyaz da əldə edəcək, öz arzusuna da çatacaq!
- Vəzifəli şəxslərdən dostluq etdiyiniz adamlar var?
- Niyə yoxdur, var. (Gülür) Amma adlarını demək istəmirəm. Çalışıram, insanlarla səmimi olum. Bəziləri qəbul edir, bəziləri qəbul etmir. O mənada ki, onlar çalışırlar insanlar... Nə isə, bu ayrı mövzudur.
- Nə arzunuz var?
- İstəyirəm, insanlar daxilən sülhlə yaşasınlar. İçində sülh gəzdirməyən adamın özü də, ətrafdakı adamları da əziyyət çəkirlər. Məni həmişə caz aləmi heyran edib. Görün, nə qədər dahilər - Çarli Parkerdən tutmuş, Rey Çarliza qədər, yüzlərlə sənətçini bir birinə olan sevgisi və hörməti böyüdüb. Sənətkar sülhü həqiqi istedadla bağlıdır.
- Azərbaycan cəmiyyətində sizi narahat edən məsələlər hansıdır?
- Məni ən çox narahat edən Qarabağa gedə bilməməyimdir. Əlimdəki bu yaraların hamısı uşaq vaxtı Qarabağdan yadigar qalıb. O yerlərə ayağım dəyən kimi qalxacağam Cıdır düzünə, diz çöküb, vətənimi öpəcəyəm ki, sənin hər qarışına qurban olum!