Kulis.az-ın “Ekran üzü” layihəsinin budəfəki qonağı şairə, aktrisa, Lider TV-də yayımlanan “Zəif bənd” verilişinin aparıcısı Solmaz Süleymanlıdır.
- Aparıcılıqla bərabər şeirlər də yazırsınız.
- Yaradıcı ailədə böyümüşəm. Hərfləri yazmağı, oxumağı mənə xalam oğlu öyrədib. Hərfləri Sergey Yeseninin kitabında öyrənməyə başladığım üçün ilk olaraq onu oxudum. Stolüstü kitabım oldu, ilk şeirimi də Yeseninin tərzində yazmışdım. Baxsanız, ayıra bilməzsiniz mən yazmışam, ya Yesenin (gülür). On yaşımdan şeir yazıram. “Vışka” qəzetində, “525-ci qəzet”də, “Literaturnaya Azerbaydjan” jurnalında şeirlərim çap olunub. Məktəbli olduğum vaxt rus dilində ilk şeirlər kitabım buraxılıb. Məktəbi bitirdikdən sonra Moskvada Puşkin adına Ədəbiyyat İnstitutunda daxil oldum.
Sənədlərimi Qorki adına İnstituta versəm də, Puşkin adına İnstituta qəbul oldum. Yerimi gürcüyə satmışdılar. Bunu məndən heç gizlətmədilər də. Üzümüzə baxa-baxa yerimi satdıqlarını dedilər. İkinci kursda oxuyan zaman ikinci kitabım çapdan çıxdı. Kitaba ön sözü Moskvada yaşayan yazıçımız Çingiz Hüseynov yazmışdı. Çingiz Hüseynov həm gözəl insan, həm də gözəl yazıçıdır. Bundan əlavə, Rusiyada təhsil aldığım müddətdə müxtəlif müsabiqələrdə iştirak edib, qalib gəlmişəm. Şeirlərimi insanların oxuması üçün yazmamışam. Gəlir və dərhal vərəqə köçürürəm. Anam yazdıqlarımı saxlamasa, bir kitabım belə çap olunmayacaqdı. Çünki yazdıqdan sonra şeirləri hara gəldi atırdım. Anam isə bir-bir toplayıb, tarix qoyurdu.
- Ramiz Rövşəni özünüzə müəllim hesab etdiyinizi deyirlər.
- Ramiz Rövşən bizim ailəvi dostumuzdur. Yazdığım şeirləri birinci ona oxuyuram. Ramiz Rövşən sözü çox gözəl tanıyır. Nöqsanlarımı göstərir, əvvəldə hansı misranı, sonda hansı misranı yazmalı olduğumu söyləyir. Şeirin yazılması ilə bağlı bütün sirləri mənə açıb. Bəlkə də şeirlərim onun üçün dayaz çay təsiri bağışlayır. Ancaq məni sevə-sevə dinləyir.
- Daha çox kimləri oxuyursunuz?
- Aysel Əlizadənin yazdıqları xoşuma gəlir. Elçin Səfərlini də oxuyuram. Sözlə gözəl oynayır. Gənc yazarların toplandığı normal birlik yaransa, yaxşı olardı. Bundan əlavə, Bakıda çox nadir hallarda ictimai nəqliyyatda kitab oxuyana rast gələrsən. Mən Vladimir Nabokovun bütün əsərlərini Moskva metrosunda oxumuşam. Metro səsi qulağıma dəyən kimi Nabokov yadıma düşür (gülür).
- Təhsil aldığınız institutda müəllimlər Azərbaycan ədəbiyyatından kimləri tanıyırdılar?
- Təbii olaraq müasir şair və yazıçılarımız tanımırdılar. Rusların Ramiz Rövşəni tanıması gülməli olardı. Ancaq Nizami Gəncəvini tanıyırdılar. Nizami Gəncəvi rus dilinə tərcümə olunub deyə hətta ondan sitatlar da gətirirdilər. Qeyd etməliyəm ki, Moskvada Azərbaycan üçün çox darıxırdım. İnstitutda yeganə azərbaycanlı mən idim. Darıxdığım zaman “Çerkizov” bazarına gedirdim. “Çerkizov” bazarında əsasən azərbaycanlılar olurdu. Bazardakı söyüşlərdən, koloritli danışıqlardan ləzzət alırdım. Ağlına, gözəlliyinə, istedadına görə insanları sevməyə nə var ki?! Mənfi cəhətləriylə millətinizi sevin, görüm, necə sevirsiniz? Bunu ancaq Azərbaycandan ayrı düşən insan anlaya bilər.
- Bazardan danışdınız. İnstitutda bazardakı azərbaycanlılara görə mübahisəniz yaranırdı?
- Buna görə bizə dərs deyən professor Travnikovla böyük mübahisəm yaranmışdı. Travnikov bazardakı azərbaycanlıları savadsız adam adlandırırdı. O, dəhşət şovinist idi. Onların beyinlərində “Rusiya ruslar, Moskva ruslar” şüarı kök atıb. İntellektual səviyyələri bu şüarı dillərinə gətirməyə imkan vermirdi. Ancaq gözlərindən onların elə düşündüyünü oxumaq olurdu.
- Aparıcı kimi niyə məhz sizin üzərinizdə dayandılar?
- Aparıcı kimi məni seçmələri ilə böyük jest etdilər. Çünki bir il idi ki, Lider TV-də çalışırdım. Məndən də stajlı işçilər vardı. Liderə yeni gəldiyim vaxtlar Azərbaycan dilində normal danışa bilmirdim. Təhsilimi rusca almışdım, üstəlik ölkəyə qayıtdıqdan sonra ATV-də rus dili bölməsində xəbər hazırlayırdım. Sağ olsun, diktor Aygül Qaradağlı məni ağlada-ağlada öz dilimizdə danışmağı öyrətdi. İki aydan sonra səsimi efirə buraxdılar. “Səda” xəbərlər proqramında işləyirdim, sonra hava proqramını apardım. 2011-ci ildə dörd nəfər arasında müsabiqə keçirildi və layihəni mənə etibar etdilər. Sağ olsunlar ki, etibar etdilər. Buna görə rəhbərliyə təşəkkürümü bildirirəm.
- “Zəif bənd” verilişinin aparıcısı obrazında ümidləri doğrultdunuz?
- Məndən əvvəl “Zəif bənd”i Kamilə Babayeva aparırdı. Təxminən beş ilə yaxın veriliş efirə verilmədi. Jurnalist kimi ilk iş yerim ATV international olub. ATV internationalda rus dilində xəbərlər hazırlayırdım. Lider TV-yə gələndən sonra “Səda” informasiya buraxılışında çalışdım. Lider TV-də çalışanda anladım ki, televiziya nə deməkdir. Bəlkə mən ATV-nin “Son xəbər”ində işləsəydim, başqa cür olardı. Rus redaksiyasında çalışırdım və ancaq Rusiyadan gələn olanda çəkilişə gedirdim. Yəni, ATV-də tez-tez çəkilişə getmirdim. “Zəif bənd” verilişin protokoluna əsasən aparıcı hər şeyi bilən, sərt, hamıya bir-bir yerini göstərən xanımdır. Sən bilməyəndə sənə irad tutur və savadsızlığını başına vurur.
Raund qurtarandan sonra biz statistika aparırıq - kim daha çox suala cavab verdi, kim banka daha çox pul qoydu, kim pas sözünü daha çox dedi. Statistikadan sonra bilinir ki, hansı bənd daha güclü, hansı bənd daha zəifdir. Kim kimi yarışmadan uzaqlaşdıracaq, biz bunu bilmirik. Fasilə zamanı oyunçuların bir-biriylə və aparıcı ilə danışmağa ixtiyarı yoxdur.
İştirakçılar ayrı-ayrılıqda saxlanılır. Bununla onların sözləşməyinin qarşısı alınır. “Zəif bənd” çox güclü layihədir. Bu layihədə o qədər adam çalışır ki, sayını belə dəqiq deyə bilmərəm. Suallar ikili ola bilməz. Səhv cavab verəndən sonra oyunçu deyə bilməz ki, bu sualın cavabı belə ola bilərdi. Konkret qurulmuş suallardır və bu sualların hazırlanmasında çoxlu insan iştirak edir. Heç kimi təhqir etmirəm, sadəcə olanı deyirəm. Deyirəm siz filan universitetdə oxuduğunuzu deyirsiniz, sizin axı belə biliyiniz yoxdur. Cavab verə bilmirlər. Çünki bu verilişdə aparıcı həmişə düzdür (gülür). Veriliş elə qurulub ki, oyunçuya səhvini göstərirsən. Hərdən elə cavablar eşidirəm ki, onlara toxunmamaq sadəcə günah olar.
- Məsələn, yaddaqalan hansı cavabları göstərə bilərsiniz?
- Səhv etmirəmsə ikinci verilişdə oğlana sual verdim ki, insanın cəmi neçə barmağı var? Həyəcandan ancaq əl barmaqlarını sayıb on cavabını verdi. Cavabdan sonra dedim ki, sizin ayaq barmaqlarınız yoxdur? Yazıq dedi ki, həyəcandan belə cavab verdim.
- Layihənin başqa ölkələrdə yayımlanan aparıcılarından kimləri daha çox bəyənirsiniz?
- İngiltərədə “Zəif bənd”i aparan Anne Robinsonu xüsusi qeyd edərdim. Mən ona çata bilmərəm (gülür). Bu qadın elə söhbətlər edir, oyunçuları elə bağlayır ki... Rusiyada Mariya Kisilyova da çox xoşuma gəlir. Rola girməyini xüsusi qeyd edərdim. Kisilyova verilişi mükəmməl aparır. Halbuki o, həyatda gülərüz qadındır.
- Kamilə Babayeva, yoxsa siz daha çox sevilirsiniz?
- Bunu müqayisə etmək olmaz. Kimsə deyir ki, Solmaz, sən Kamilədən qat-qat yaxşı aparırsan. Kimsə də Kamilənin verilişi daha yaxşı apardığını söyləyir. Kiminsə təsəvvüründə “Zəif bənd” verilişinə uyğun mənəm, kiməsə görə də Kamilə. Bir zaman hava haqqında məlumat verən Solmazın səs tonu, sözləri, hərəkətləri, baxışları Kamilədən fərqlidir axı. Kamilənin pərəstişkarları heç vaxt məni bəyənməzlər. Bu normal haldır. Ancaq Kamilə “Zəif bənd”i mənim aparacağımı biləndə çox sevindi.
- Filmlərə də çəkilirsiniz...
- Bildiyiniz kimi atam Şamil Süleymanov respublikanın əməkdar artistidir. Uşaqlıqda atama dedim ki, mən aktrisa olacağam. Atam da dedi ki, ol, ancaq mən öləndən sonra. Bununla da söhbət bağlandı. Atam dedi ki, Azərbaycanda aktrisa olmağın nə demək olduğunu bilirəm. Ona görə də konkret sözü bu oldu: mənim qızım aktrisa olmayacaq. Olmayacaq desə də oldum (gülür). İlk dəfə Almaniyada iki tələbənin diplom işinə çəkildim. O filmlərdən biri “Berlinale” film müsabiqəsinə təqdim olunmuşdu və debüt filmi kimi uğur qazandı. Ayaz Salayevin sonuncu “Arı” filmində baş rolda oynamışam. Filmin adı dəyişdiriləcək. Keçən ilin dekabrında çəkilib. Filmdə Fəxrəddin Manafov, Rasim Balayev və gürcüstanlı Levan Xurçiya kimi aktyorlar da çəkilib. Fəxrəddin Manafov mənim həyat yoldaşım rolunu oynayırdı. Ondan çox şey öyrəndim. Stəkanı necə götürməyin, başı döndərməyin də qaydası varmış. Bunları da mənə öyrətdi.
- Atanızı necə razı saldınız?
- Ayaz Salayev atamdan icazə aldı və mənə dedi ki, səni filmə çəkmək istəyirəm. Atam təbii olaraq dedi ki, əlindən tutsalar çıxar, nə bilim, onu çıxar, bunu çıxar. Mən də dedim daha bu film olmadı, nağıl oldu. İndi cavan aktrisalar deyir ki, mən öpüşməyəcəyəm, soyunmayacağam. Daha nə oldu? Sən aktrisalığı seçibsən də. Şərt niyə qoyursan? Gərək ancaq iri qaşlarla, milli ruhdakı filmə çəkilə. Ayaz Salayevin filmində sevişmə səhnələri var. Ancaq bu sevişmə səhnələri çox peşəkar çəkilib. Əllərin toxunmasından, saçların yastığa tökülməyindən bilinir ki, kim nə hiss edir. Ümumiyyətlə, sevişmə səhnələrini necə çəkib göstərməkdən çox şey asılıdır. Ayaz Salayevin filmləri Avropa filmlərinə bənzəyir.
Fərid MİRZƏYEV
EKRAN ÜZÜ:
Nanə: “Diş düzəldəndə həyatım mənasız idi”
Cəlalə Nəzəroğlu:“Şou-biznes proqramlarını efirdən yığışdırardım”
Elgiz Əkbər: “Mentaliteti qəbul etmirəm”
İlkin Həsəni: “Bir toyda qazandığım TV-nin iki aylıq maaşı qədərdir”
DJ Fateh: “İnsan fərqli olanda uğur qazanır”
İradə İsaq: “Jurnalistikada qeyri-ciddi heç nə etməmişəm”
Fikrət Adıgözəlli: “Gəncliyimdə boş ştat olan kimi yerimi dəyişmək istəyirdim”
“Ramil Səfərov buraxılanda üzüldüm, çünki...”
“5:0-dan sonra şərhi dayandırdım”
“Rusların Ramiz Rövşəni tanıması gülməli olardı”
9 noyabr 2012
08:45
2776 dəfə oxunub
Oxşar xəbərlər
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi
12:00
25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?
09:50
25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi
15:00
24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?
17:00
23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi
15:00
22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024