Kortasarla Əliabbası birləşdirən məqam-EYNİ SUALLAR

Kortasarla Əliabbası birləşdirən məqam-<span style="color:red;">EYNİ SUALLAR
20 oktyabr 2014
# 16:00

“Eyni suallar” layihəsində dünya şöhrətli yazarların müsahibələrində cavablandırdığı suallar azərbaycanlı yazara ünvanlanır. Layihədə hər iki yazarın cavabları təqdim edilir. Budəfəki layihədə Xulio Kortasar müsahibəsində cavablandırdığı suallar yazıçı Əlabbasa ünvanlanıb.

- Qəhrəmanlarınızın çoxu tanıdığınız insanlardır?

X.Kortasar:


- Çoxu yox, bir neçəsi, tanıdığım insanlardır. Bəzən elə xarakterlər olur ki, onlarda iki-üç insanı birləşdirirəm. Məsələn, elə olub ki, yaxşı tanıdığım iki qadının xarakterini, görünüşünü, hekayəmin bir qadın qəhrəmanı üzərinə köçürmüşəm.

Əlabbas:

- Demək olar ki, yox. “Köhnə kişi”dəki Qarateli çıxmaq şərtilə onların hər biri şablon olsa da, uzunmüddətli müşahidələrimin və yazıçı təxəyyülünün məhsuludur. Bədii əsərdə, siz deyən mənada tanıdığın insanın surəti ilə baş qatmaq, zənnimcə, bir xeyli məqamı ilə surətçıxarma sənətindən bir o qədər də fərqlənmir. Akvarellə işlədiyin və onun mütləq üstünlüyə malik olduğunu bildiyin halda, yenidən ağ-qara fotoya üz tutmaq?... Halbuki mən uzun illərdir həyətimizdəki süpürgəçidən tutmuş, hər hansı rəsmi dövlət tədbirində rast gəldiyim nazirə qədər hər cür insan tipinə müştəri gözü ilə baxmağa vərdişkar olmuşam. Bu, yaradıcılıq üçün olduqca dəyərli materialdır. Sanki istənilən an əlini uzadıb onu şahmat fiquru kimi götürə və istifadə edə bilərsən.

– Hekayələriniz, adətən, necə başlayır? Bir surətdən, yoxsa bir hadisədən?

X.Kortasar:

- Hekayələrin, əsərlərim hər yerdən, hər şeydən başlaya bilər. Yazı prosesim belədir: nəsə yazmağa başlayanda bir müddət həmin hadisələr ətrafımda dolanır, bəzən bu proses həftələrlə çəkir. Amma bu aydın formada yox, bu sadəcə hekayənin ümumi ideyası şəklində olur. Ola bilər ki, bu evin bir küncündəki qırmızı rəngli bitkidən qaynaqlansın, ya da hər gün bəlli saatlarda bu evin ətrafında gəzişən yaşlı bir adamdan. Bütün bildiyim budur ki, hansı səbəbdənsə proses həmişə belə olur. Sonra yazacağım əsərlə bağlı xəyallar formalaşır. Bu qarışıq mərhələdə beynimdə yazılacaq hekayədə yer alacaq səhnələr yaranır. Bəzən bu təxəyyül bütöv bir hekayənin şəklini yarada bilir. Məsələn, mənim birinci hekayələrimdən biri kimi. Bu hekayə gördüyüm qorxulu bir yuxudan yarandı. Mən dərhal oyandım və bu hekayəni yazdım. Amma ümumilikdə götürsək, adətən təxəyyülümdə fraqmentlər, detallar canlanır. Bu mənim özüməməxsus yazı üsulumdur, mən nəyisə xəyal edəndə artıq hekayə ilkin formada içimdə yazılır. Əslində, mən heç bir bilmirəm hekayələrin başlanğıcı haradadır, ideyanın yarandığı yer, yoxsa yazı prosesinin başlanğıcı? Yazdığımın əsərlərin sonluğu ilə bağlı da heç bir fikrim olmur, sonda nə olacağını bilmirəm. Müəyyən qədər yazdıqdan sonra, hekayə bir axara düşür, hadisələr nisbətən aydınlaşır, onda mən sonluğun necə olacağını təxmin edə bilirəm.

Əlabbas:

- Həm ondan, həm bundan. Bəzənsə heç birindən. Eşitdiyim bircə cümlədən də havalandığım vaxtlar olub. “Dərd” hekayəsi o yazılarımdandı. Maraqlı həm də odur ki, səfeh bir adamın sözü çap vərəqi yarım bir əsərin yazılmasına təkan olub. Mənə qalsa, xoşlayıram ki, əlindən uzun müddət rahatlıq tapa bilmədiyim, özümü də üzən, içimi alt-üst edən bir mövzuda ağlımın işıq sala bildiyi yerə qədər oxucuma yardımçı olum, nəinki təsadüfi, qurama bir əhvalatı bəzəyib-düzəməklə baş qatım.

- Yazanda çox düzəliş edirsiniz?

X.Kortasar:


- Yox, az. Bu da ondan irəli gəlir ki, yazdığım mövzular artıq mənim içimdə, beynimdə işlənmiş, ilkin variantı olan şeylərdir. Bəzən dostların “redaktə etdiyi” variantlara baxıram, orada hər şey düzəldilib, dəyişdirilib, nə iləsə əvəz edilib. Yox, yox, yox. Mənim əlyazmalarım olduqca aydındır.

Əlabbas:

- Desəm ki, bu daha çox gənclik illərinə, yəni təcrübəsiz vaxtlarıma xas idi, belə çıxar ki, indi kefdəyəm, artıq hər şey konveyer üsulu ilə istehsal olunur. Əsla. Belə bir xoşbəxtliyin qismət olduğu yaradıcı insan varmı, görəsən? Yazı prosesinin şirinliyi də ondadır ki, məhz sənə lazım olan sözü və fikri tapana qədər özünə sitəm eləyəsən. Bilirsiniz, düzəliş nəyə görə lazım olur? Ov bərəyə gəlməyən kimi, hər söz də gərək olan məqamda bədii dəyər, tutum, çəki və rəng ala bilmir. Düzəliş əsla qüsur deyil, əsərə yamaq da deyil, bütövün, bəlkə də, ən lazımlı hissəsidir. “Köhnə kişi”dən bir misal: beş ilin ayrılığından sonra damdan qayıdan kişi verdiyi sualın cavabını dildən eşitmir, qarşılaşdığı mənzərədən alır. “Baxdı, baxdı, bir də gördü, Qaratelin gözünün yaşı kipriyindən aşağı durub”. Gəlib bu cümləyə çatana qədər, desəm, onun yüz variantını “sınamışam”, bilin ki, hələ bu da dəqiq statistika deyil. Vaxtımın çoxunu düzəlişlər, cilalama, sözlərlə oynamaq aparıb. Sözügedən əsərdən daha bir misal: “Kişilər idi ki, qocalıb xırdalmışdılar, qocalıb üçayaq olmuşdular, qocalıb şapqanı papaq eləmişdilər”. Yaxud “Arvadın gözləri kasıb evinin damına döndü” (“Gecəyarı hadis”) Bu, yaxşıdı, ya pis, deyə bilmənəm, amma yazılarımın çoxunda xüsusi məqamlar var ki, səcəli nəsrə üz tutmalı oluram. Elə indinin özündə də. Belə olanda deyim az qala şer misrasına çevrilir, yaddaqalan, sərrast və yığcam olur. Bunu tənqidçilərin ən görkəmlisi hesab olunan Zamanın ixtiyarına buraxıb deyim ki, haqqında söhbət açdığım hal publisistikama da gedib çıxıb. Əgər səmimi danışası olsaq, bu cür “başqatmalar” mənim çox yazmağıma mane olur. Amma onu da bilmək olmaz, bəlkə, az yazmaq adamı səfeh şeylər yazmaqdan da qoruyur. Əgər bu, bir gerçəkdirsə, bataqlıqların adamı birdəfəlik uda, hərcayi küləklərin həmişəlik götürüb özüylə apara bildiyi ağır sənət yollarında, demək, həm də xoşbəxtlikdir.

- Yazı vərdişlərinizə nələr daxildir. Dəyişən nələrsə varmı?

X.Kortasar:


- Heç vaxt dəyişməmiş və əsla dəyişməyəcək tək şey tamamilə anarxiya və qanunsuzluqdur. Mənim heç bir xüsusi vərdişim, metodum yoxdur. Hekayə yazanda özümü elə hiss edirəm ki, o an hər şey düşüb sına bilər.

Əlabbas:

- İlk dəfə əlimə qələm alıb bədii əsər adıyla “Murad yenə dan üzü oyandı” fikrini yazıya alanda dünya nəsrinin azmanlarından olan L.Tolstoyun digər bir rus nəhəngi Puşkinin “Qonaqlar bağa gəldilər” cümləsini oxuyub təhkiyənin sadəliyindən necə heyrətə gəldiyi barədə bir kəlmə də eşitməmişdim. Amma uşaq fəhmim mənə deyirdi ki, yazıçının, bəlkə də, ən böyük məharəti hər sözü öz təyinatı üzrə işlətməkdir. Olsun ki, uzun-uzadı və cansıxıcı cümlə tiplərindən, ala-dolaşıq fikir konstruksiyalarından qaça bilməyim yaradıcılığa başladığım ilk gündən özüm üçün məqbul saydığım, yeknəsəqliyə gətirib çıxarmayan stabil, oynaq və çevik yazı üslubunda işləməyimin yeganə dürüst səbəbinə çevrilib. Hazırda dəyişən xüsusi bir şey və əsas da bunun üçün istək yoxdur. Özümü başqalarına göstərmək istədiyim gənclik illərində olduğu kimi gündə on səhifə və daha çox yazmıram. Vaxt olub beş ildə bir cümlə də yazmamışam. Ürəyim nə vaxt dolubsa, qələmə onda mehr salmışam. Amma işləmək məqamı çatanda tamam başqa bir adam oluram. Necə deyərlər, onda üzümü görməyəsən.

- Yazmaq üçün üstünlük verdiyiniz xüsusi yerlər varmı?

X.Kortasar:


- Əslində, yoxdur. Yazıçılığa başlayanda mən çox cavan idim, fiziki cəhətdən daha dözümlü idim və Paris kafeləri yazmaq üçün əla idi, “Hopscotch”un böyük bir hissəsini kafelərdə yazmışam. Çünki oradakı səs məni narahat etmirdi, əksinə olduqca ilham verən bir yer idi. Mən orada oxuyurdum, işləyirdim, yazırdım. Amma yaş ötdükcə dəyişdim. Artıq daha çox səssiz məkanlarda yazmaq istəyirəm. Adicə musiqi səsində də yaza bilmirəm. Mütləq səssizliyə ehtiyacım var.

Əlabbas:

- Nə qədər ki, evim yox idi, yazı-pozumu kirayələrdə, daha dəqiqi, yadlar qapısında qələmə almışam. Və o illər ən böyük arzum tək o deyildi ki, kaş balalarıma isti bir yuva qurub onları təbiətdə qar-yağışdan, cəmiyyətdə düşmən xəcalətindən qoruya biləydim, həm də o idi ki, ürəyimdəkiləri kağıza köçürməyə kimsənin mənə mane ola bilməyəcəyi balaca bir odam olaydı. O vaxt elə bilirdim, bu kama yetsəm, dünyanın ən məsud insanı, bəlkə də, mən ollam. Axı nəsri diz üstə yazmaq olmur. Ona geniş, dərin nəfəslə bərabər, eyni zamanda asudə və rahatlığı hər şeydən hiss olunan yer də lazımdır. Buyurun baxın: indi evim var, o evin dörd otağı, geniş və işıqlı mətbəxi, on bir metr uzununda, metr yarım enində at minib çapası iri dəhlizi var, bəyəm müəmmalı deyil ki, mənə gen-bol məkanda mənə bircə cümlə yazmaq da qismət olmayıb?! Mən evdə yazılarımın yalnız texniki detalları, redaktə və korrekturası ilə məşğul oluram. O evdə əvvəl, indi yaşı otuz civarında olan uşaqlarım, sonra isə göyərçin nəvələrim qələmimin və vaxtımın qəniminə dönüblər. Onlar mənim kağıza yazdıqlarımı dər-divara həkk eləyirlər, özü də, deyim ki, yaxşı da həkk eləyirlər. Tərs kimi üzüyola uşaq kimi mən də bununla barışmışam. On beş ildi nə yazıramsa, işdə yazıram. Az-çoxdinclik tapdığım yer oradı.

Deməyə də xəcalət çəkirəm, mən namaz qılmaram, amma yazı yazmaq mənim üçün ən müqəddəs bir ayinin icrası ilə məşğul olmaq deməkdir. Haqq dərgahında bunun günahı nəyə bərabər tutulur, deyə bilmərəm, amma vallah, heç mən də pis işlə məşğul olmuram. İllər öncə dediyim kimi, o yazıları yazan yazdırır, xəttatı mənəm…

Zəruri qeyd: X.Kortasarın bu müsahibəsi “Kaspi” qəzetinin ədəbiyyat əlavəsində Elcan Salmanqızının tərcüməsində dərc edilib. Təqdim etdiyimiz hissələr həmin müsahibədən seçilib.

# 3028 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #