Televiziyalar dini dəyərlərin əleyhinə-TƏNQİD

Televiziyalar dini dəyərlərin əleyhinə-<span style="color:red;">TƏNQİD
12 avqust 2014
# 11:22

Kulis.az dahi italyan kinorejissor Pyer Paolo Pazolinin ölümündən iki il öncə-1973-cü ildə yazdığı “Pazolini televiziya əleyhinə” məqaləsini orjinaldan tərcümədə təqdim edir…

İstehlak sivilizasiyasının insanlığa etdiyini faşizm edə bilməzdi. Faşizm insanlığa kifayət qədər mürtəce və monumental bir model təqdim edirdi. Cəmiyyətin müxtəlif təbəqələri (kəndlilər, fəhlələr, aşağı təminatlı ailələr) soyuqqanlı bir şəkildə bu qədim modelə uyğunlaşırdılar: repressiya sadəcə onların danışdığı sözləri nəzarətdə saxlamağa hesablanmışdı.

Bu gün isə əksinə olaraq repressiya artıq sadəcə xalq arasında deyilən sözləri nəzarətdə saxlamağa hesablanmayıb. Günümüzdə istehlak fəlsəfəsi televiziya vasitəsiylə bizim həyatımıza müdaxilə edir və bizə necə yaşamalı olduğumuzu diktə edir. Bizə təqdim olunan mədəni modellər satqınlığı, nəfsə düşkünlüyü və qayğısız həyatı təbliğ edir. Yeni bir güc olan televiziya tərəfindən təbliğ olunan bu hedonist fəlsəfəni insanlığa qarşı törədilən ən böyük repressiya adlandırmaq olar.

Bəs bu repressiyanın inkişafına nə təkan verdi? Burjua təşkilatının içində həyat bulan iki inqilab: infrastruktur və informasiya sistemində baş verən inqilablar. Yolların çəkilişi və motorizasiya prosesi bütün material məsafələri ləğv edərək periferik zonaları mərkəzlərə daha da yaxınlaşdırdı. İnformasiya sistemində baş verən inqilab isə bütün bunlardan daha kəskin və radikal effekti ilə yaddaşlarda qaldı.

Televiziya vasitəsilə bütün ölkənin zəngin və rəngarəng mədəniyyəti bir mərkəzdə cəm olaraq öz rənglərini itirməyə başladı. Televiziya bütün orijinallıqları ləğv edərək hər şeyi öz ağuşuna almağa davam etdi. Təbii ki, bu proses günümüzdə də davam etməkdədir.

O, öz modelini yaradaraq diqqət cəlb etməyə başladı. Televiziyanın modeli isə artıq tükətici insanla kifayətlənməyirdi və istehlak fəlsəfəsinin kənarında qalan bütün düşüncə tərzlərinin inkarına çalışırdı.

Bu neo-dünyəvi hedonizm başqa insani dəyərləri unudaraq humanitar elmləri də öz əhatə dairəsindən kənarlaşdırırdı. Faşizm tərəfindən təbliğ olunan, televiziyadan əvvəlki model təbii ki, din amili idi: katoliklik həqiqətən də bütün italyanları özündə birləşdirə bilmişdi.

Lakin, indi din amili italyanları və ümumilikdə bütün insanlığı özünə cəlb etmiş, istehlakçı fəlsəfəni təbliğ edən televiziya ilə rəqabət aparmağa məcburdur.

Həqiqətən də televiziya tərəfindən təklif olunan dəyərlərdə dini aspektlər axtarmaq faydasız bir işdir. Ekranlarda gördüyümüz gənc qadın və kişi obrazları dini dəyərləri nəinki təbliğ etmir, hətta onların məhvinə çalışır desəm səhv etmərəm. Onlar bahalı maşın, bahalı əlbisələr , bahalı qidalar barədə düşünürlər və özlərinə oxşar hedonistik kütlə yaratmağa çalışırlar. Təəssüf ki, italyan xalqı televiziya tərəfindən təbliğ olunan bu həyat tərzini böyük bir məmnuniyyətlə qəbul etdi. Amma, burada bir sual ortaya çıxır : görəsən hər şey efirdən göründüyü qədər bəsitdirmi?

Yox. Bəsit deyil. İnsanlar bütün bunların sadəcə bir hissəsini həyata keçirə bilirlər və ya keçirməyə çalışırlar. Kənardan baxdıqda isə onların bu çaba içərisində olduqları zaman necə karikaturaya dönüşdüklərini müşahidə etmək elə də çətin deyil. Material arzulara çata bilmədikdə məyusluq, narahatçılıq, pozulmuş əsəblər demək olar ki, artıq kollektiv ruh halına çevrilmiş durumdadır. Məsələn, son zamanlara qədər az təminatlı ailələr, kəndçilər öz savadsızlıqlarından və aid olduqları sadə xalq modelindən utanmazdılar. Əksinə burjua sinfinin övladlarına xidmət etmək məcburiyyətində olsalar belə öz adətlərini qoruyub saxlamağa meyl edərdilər. Bu savadsızlığın içində dünyaya , tanrıya, insanlara böyük bir sevgi gizlənmişdi. Məhz həmin sevgi və hörmət cəmiyyətin aşağı təbəqələrini material problemlərdən azad edirdi.

Lakin, indi əksinə olaraq onlar öz kimliklərinə xəyanət edərək, yeni modellərə meyl edirlər. Yamsıladıqları yeni modellər kobudluğu və savadsızlığı qəbul etmir. Aşağı təbəqənin övladları öz şəxsiyyət vərəqələrindən sahib olduqları sənətin adını silərək, onu tələbə adı ilə əvəz edirlər. Əlbəttə ki, mən təhsilin əleyhinə deyiləm. Sadəcə olaraq onu demək istərdim ki, bu gənclər tələbə olmağı elmə bəslədikləri sevgidən deyil , məhz yeni dünyanın tələblərinə görə seçirlər.

Bu tendensiya səbəbindən xalqın adətləri də dəyərini itirməyə başlayır.

Televiziya tərəfindən bizlərə sunulan mədəniyyət texnoloji və praqmatik xarakterə əsaslanır. Televiziyanın məsuliyyəti əslində təsəvvürümüzə gətirmədiyimiz qədər böyükdür. Ekran sadəcə informasiya mesajlarının verildiyi bir məkan deyil. O, həm də informasiyaların analiz edildiyi və seçildiyi bir məkandır. Əminliklə deyə bilərəm ki, faşizm italyan xalqının dəyərlərini dəyişə bilmədi, amma, yeni faşizm, yəni, istehlak fəlsəfəsi insanların şüurlarında özünə sağlam yer tapa bildi.

İtalyancadan Nihad İsa tərcümə etdi…

# 3252 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #