Cənnət Səlimova: “Mənə ildə iyirmi dəqiqəlik tamaşa verirlər”

Cənnət Səlimova: “Mənə ildə iyirmi dəqiqəlik tamaşa verirlər”
3 iyun 2013
# 14:07

Cənnət Səlimova 1967-ci ildən Rus Dram Teatrında rejissor kimi çalışıb. 1982-ci ildən 1991-ci ilədək həmin teatrda baş rejissor vəzifəsində işləyib.


1991-ci ildə isə özünün Bakı Kamera Teatrını yaradıb. 2008-ci ildən Kamera Teatrı yerləşdiyi binadan çıxarılıb, heyət Gənc Tamaşaçılar Teatrına birləşdirilib və Cənnət Sılimova ora baş rejissor təyin olunub. Kamera Teatrının repertuarından bəzi tamaşaları yeni heyət yenidən işləyib. Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin professorudur.

Bu, sadəcə rejissor Cənnət Səlimova ilə planlaşdırılmış söhbətdən bir parçadır. O Cənnət Səlimova ki, tamaşaları ilə İnsanı – Aydını, Tarverdini, Xudayarı, Məmmədhəsən əmini, don Raffaeli - bizə bir köynək yaxın etdi. Elə yaxın ki, onu sevə bilək, ona acıya, gülə, ağlaya, sevinə, kədərlənə bilək. Həqiqət budur: bu qəhrəmanlar yalnız kitab səhifələrində və səhnədə yaşamır. Cənnət xanım onları bizə tanıdır. Tanıdır ki, yanımızdan keçəndə yıxılsa qolundan tuta bilək…

Stulu çəkib ensiz stolun arxasında üzbəüz oturduq. Həmişəki kimi gözlərinin dibi qırmızı. Üzündəki qırışlar yorğunluq yox, zəhmət əlamətidir. Cümlələr tez-tez qırılır. Danışdıqca içindəki sevginin, inamın dağı dağ üstə qoymağa yetəcəyini hiss edirsən. Verdiyim ilk sualla “portret –müsahibə” niyyəti alt-üst olur.

- Uşaqlığınızdan nələri xatırlayırsınız?

Uşaqlıq xoşbəxtlikdir. Sevdiklərinlə bir yerdə keçirdiyin vaxtlardır. Hərçənd mənim uşaqlığım müharibə zamanlarına düşüb. Aclıq günlərini görmüşük. 1940-cı ildə doğulmuşam. Amma bu çətin günlər mənim ən xoşbəxt zamanlarım olub. Atam və anamın bir-birinə məhəbbəti var idi, məni də sevgi içində böyüdüblər. O illəri əziz bir kinolent kimi gözümün qabağından keçirirəm. Təsəvvür edin, 3 yaşındakı uşaqlıq dostum Tahir Cəfərovla indi də bir-birimizi unutmamışıq... Frankfurtda yaşayır. Görüşürük dərdləşirik. Görün nə zamanın dostuyuq.

Keçmiş Aziatski, indiki Əlövsət Quliyev küçəsində yaşamışıq. Atam ləzgi, anamsa cuhud qızıydı. Yaşadığımız bina əfsanəvi bina idi. Onun bir mərtəbəsini “Azdrama”ya vermişdilər. Orada Cəfər Cabbarlı, Mərziyə Davudova, Ülvi Rəcəb kimi insanlar yaşamışdı. Atamın Mərziyə Davudovaya çox böyük sevgisi, rəğbəti vardı. Mənim adımı da Mərziyə qoymaq istəyib. Amma anam razı olmayıb: “Gəl, ona nə isə gözəl bir ad tapaq. Cənnəti xatırladan bir ad olsun”. Atam da adımı elə Cənnət yazdırıb. Şəhadətnamə rusca olduğundan orada Canet yazılıb. Əslində Cənnətdir.

- Cənnət xanım, cənnət demişkən, dinə münasibətiniz necədir? Axirət dünyasına inanırsınız?

- Kim elə bilir ki, hər nə var, bu dünyadadır, dünya beş günlükdü, sonra heç nə yoxdur, hər nə var, maddidir ən qorxulu adam odur. Başqa dünya var! Bədən ölür, amma ruh ölməzdir. Kim öz ruhunu düşünmürsə, o bədbəxtdir. Mən dinçi deyiləm. Din adamlarını özümə böyük seçməmişəm. Amma mən bilirəm ki, əgər Allah mənə bir stəkan suyu veribsə, mən bunu susuz olanlarla bölüşməliyəm.

...Bizim həyətdə bir liftçi qadın var. Kasıbdır. Az məbləğdə təqaüd alır. Ona deyirəm ki, Ədilə xanım, bu pişiklərə niyə çörək atırsınız? Axı siz özünüz çörəyi güclə tapırsınız? Deyir ki, axı onlar da yaşayır, onları da Allah bu dünyaya gətirib, necəsə yaşamalıdırlar. Mənim üçün o qadın əsl mömindir.

- Bəlkə elə incəsənət də bir növ dindir?

- İncəsənət din deyil, amma o da vasitədir. Mən bu vasitə ilə özümü ifadə edirəm. Allahın mənə göstərdiyi işığı tamaşaçıya göstərməliyəm. Bilirsiniz, insanın ən böyük dəyəri sevgidir. Bizim ömrümüz azdır. Əsrimiz o qədər qısadır ki... Onu nifrətə xərcləmək olmaz. Bütün yaradıcılığım bunun üzərində qurulub. “Şeyx Sənan” da, “Aydın” da, “Romeo və Cülyeta” da, “Danabaş kəndinin əhvalatları” da, hətta Mirzə Fətəli Axundovun komediyaları da bunun üzərində qurulub.

- Bir az əvvəl sizə az qala təşviqatı hücumlar başladı. Və mən biləli belə şeylər həyatınızda çox olub. Rus Dramada da...

- Əlli il müddətində işləmişəm. Soruşun ki, bir komfortunuz varmı? Yoxdur. Daima mübarizə aparmalısan. Balaca bir sahədir, teatr sahəsi. Hər dəfə deyirlər, sən burdan getməlisən. Rus Dram Teatrında 25 il müddətində işlədim, o qədər qastrollarda, festivallarda olduq. Amma mənə dedilər, sən yox, sən getməlisən. Yaxşı, dedim, mən gedərəm. Boş bir yerdə Kamera Teatrını yaratdıq. Heç süpürgə də yox idi. Uşaqlar heç nə bacarmırdılar. 20 il bir yerdə işlədik. O illər ən xoşbəxt illər idi. (gözləri dolur) Nəyi pis idi o teatrın? Bizi ordan qovdular. Mən bilmirəm bu, necə taledir.

- Siz həmişə deyirdiniz ki, bu uşaqlar mənim ailəmdi, Kamera Teatrı mənim evimdir. Deməli, bunu evinizi dağıtmaq kimi qəbul edirsiniz?

- Elədir. Mənim evimi dağıtdılar. Amma bilmədim ki, niyə? Tamaşaçıların ki günahı yoxdur.

- Kamera Teatrını faktiki olaraq ləğv edərkən nəyi səbəb göstərdilər?

- Heç nəyi. Bizə balaca bir otaq ayırdılar. Amma bir otaqla nə edə bilərdik? Kamera teatrı struktur etibarilə bələdiyyə teatrı idi, şəhər teatrı idi. Amma bu boyda şəhərdə bir bina təklif etmədilər ki, orda fəaliyyət göstərək. Nə isə... “Gənc Tamaşaçılar Teatr”ında da belə. Allahdan bir arzum var: yaşadığım müddətdə tamaşaçılar üçün nəsə edim.

- Cənnət xanım, Gənc Tamaşaçılar Teatrında baş rejissorluqdan niyə çıxdınız?

- Mənə vəzifə lazım deyil. Mənə sadəcə tamaşa qoymaq imkanı lazımdır. Mənə tamaşa verirlər. Amma bir ilə iyirmi dəqiqəlik tamaşa. Mənim üçün bu nədir? Cəmi iyirmi dəqiqə...

- Yaşadığınız çətinlikləri nə ilə izah edərsiniz?

- Teatrlar birləşəndə belə olacağını təxmin etmirdim. Aktyorlar arasında ciddi fərqlər vardı. Onların teatr anlayışları, sistemləri, bir başqa idi, bunlarınkı bir başqa. Bir ildən, iki ildən sonra bu fərqi yavaş-yavaş azaltdıq.

- Cənnət xanım, bir müddət əvvəl Aydın Dadaşovun sizin haqqınızda çəkdiyi sənədli filmə baxmışdım. Orada sizin teatrdan-işdən sonra evdə keçirdiyiniz zamanlar təsvir olunmuşdu. Sanki təklikdə keçirdiyiniz həyatı göstərmək istəmişdilər. Amma deyəsən alınmadı. Siz orada tək, ya da tənha görünmürdünüz. O qədər çox idiniz...

- Tənhalıq nədir, mən bilirəm. Onsuz da mənim yaşım tənhalıq yaşıdır. Bu yaşda övladlar ata-ananı tərk edir. Amma mənim işim, mənim uşaqlarım (aktyorlarını nəzərdə tutur-A.) var. Onların uğurlarını görmək məni xoşbəxt edir. Onlara kömək etmək, material vermək istəyirəm. Aktyor uşaq kimidir, ona baxmaq, qida vermək lazımdır.

- Cənnət xanım, ən böyük itkiniz nədir?

- Mənim ən böyük itkim, ən böyük sarsıntım Kamera Teatrıdır. Mənim üçün bu, böyük faciədir. Bilirsiniz, süpürgəsindən pərdəsinə, tamaşasına kimi özüm düzəltmişdim. Uşaqların zəhməti idi.

- Cənnət xanım, hazırlamaq istədiyiniz, arzuladığınız tamaşa varmı?

- Var. Şekspirin “III Riçard”ını istəyirəm. Gürcüstan teatrı üçüncü nəsildir, Şekspirin tarixi xronikalarını oxuyur, bizdəsə hələ tərcümə etməyiblər. İndi Şövqi tərcümə edir. Onun tərcüməsi yüngüldür, səhnəyə, səhnə danışığına uyğundur. Səhnə danışığı çox vacibdir, dil çox vacib məsələdir, əsəri duymağa kömək edir.

- Yeni nəsil yazarlardan kimi oxuyursunuz?

- İlqar Fəhminin əsərləri çox yaxşıdır. Seymur Baycandan “Körpüsalanlar”ı oxuyanda anladım ki, bu bizim xalqımızdı. Amma mən bilmirəm onun arzuları nədir, necə yaşayır? Halbuki, bu adamlar çoxluqdur. Onların arasında yaşayıram, amma onlardan, onların yaşayışından xəbərim yoxdur. O adamları tanımırıq, görürük, amma bilmirik, nə yeyir, nə içir, bilmirik. Bu, bizim günahımızdır.

İstəyirik ki, yeni nəsil yazarlar, yeni nəsil rejissorlar və teatrşünaslar birgə işləsinlər. Onlar bir-birini anlasınlar. Teatr Xadimləri İttifaqındakı kurslar da buna yönəlir. Dramaturgiya dərsləri də var. Ora istedadlı yazarlar gəlir. Teatr xadimləri İttifaqında Rejissorluq dərsləri aparıram. Rejissorluq çox çətin peşədir. Rejissor kütləvi yetişən adam deyil.

- Cənnət xanım, nə arzunuz var, nəyin olmasını çox istəyirsiniz?

- Yalnız işləmək. İşləmək, tamaşalar hazırlamaq. Vəssalam...

# 3831 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
#
#
# # #