Rəssam Sakit Məmmədov: “Rəsmlərim 30 min dollardan başlayır”

Rəssam Sakit Məmmədov: “Rəsmlərim 30 min dollardan başlayır”
13 iyun 2013
# 15:11

Kulis.Az-ın suallarını əməkdar rəssam, UNESCO Rəssamlar İttifaqının üzvü Sakit Məmmədov cavablanıdır.

- Xaricdə Azərbaycan rəssamlarını tanıyırlarmı?

- Az tanıyırlar. Çünki bizdə hərraclar olmur, müəyyən rəssamlıq sərgiləri var ki, ora qatılmaq lazımdır, qatılmırıq. Üç ildir məni Luvra sərgiyə dəvətə edirlər. Amma qəbul etmirəm.

- Niyə?

- Çünki çox xərc aparan işdir.

- Bəs dövlət qayğı göstərmir?

- Heç Mədəniyyət və Turizm Nazirliyinin də gücü çatmır. Bir də dövlət qayğısı belə olmur. Dövlət sənə mükafat verə, emalatxana üçün yer ayıra bilər. Ölkədə bu qədər rəssam var. Hər birini sərgiyə necə göndərsin, bir sərgi üçün Fransaya getmək 150 min dollara başa gəlir.

- Belə çıxır ki, bizdə bu institut formalaşmayıb. Əsərlərin sığortalanması, sərgilərə daşınması sərgilərin təşkili üçün müəyyən təsisatlar yoxdur.

- Adicə Rusiyada sərgiyə qatılmağın özü çətindir. Əsərlərimi sərgiyə mən aparmalı deyiləm. Texniki tərəfləri olduqca çətindir. Əsərlər sığorta olunmalıdır. Lap mən olmayım, Tahir Salahov olsun, Səttar Bəhlulzadə olsun. Əgər mən 300-400 minlik əsərlərin real qiymətlərini aşağı salsam, əsəri oğurlayıb deyəcəklər, ala bu sənin əlli minin. Əsərin qiymətini belə yazmışdın. Tarixdə olub belə şeylər. Ona görə əsəri sərgiyə aparanda yüksək məbləğ qoyulmalıdır ki, sığorta şirkəti də məsuliyyət hiss eləsin. Mənim 2002-ci ildə bir sərgim olmuşdu. Ora əsərlərimi yollayanda sığorta dəyərini 100 min dollar qoymuşdum. Əsərlər o ölkəyə gedib gələnə kimi ürəyimi yedim.

- Əsərlərinizin qiyməti neçədən başlayır?

- Dünya bazarında olduğu kimi 30 min dollardan. Bu yaxınlarda bir əsərim auksionda 250 min dollara satıldı. Həmin əsəri məndən bir neçə il qabaq 15 min dollara türkiyəli bir kolleksioner almışdı. Elə olub ki, məndən vaxtilə əsəri 15-20 min dollara alıblar, bir neçə il sonra Sinqapurda 100, 150, ən aşağısı 80 min dollara satıblar.

- Sonradan auksionlarda satılan əsərlərdən sizə xeyir gəlmir?

- Bunun mənə bir xeyri var ki, əsərlərimin dəyəri qalxır, digər əsərlərimə də təsir göstərir.

Çoxları deyir ki, rəssamın qiyməti öləndən sonra qalxır. Ona gələcək nəsillər qiymət verir. Qətiyyən belə deyil. Şəxsən mən bu fikirlə razı deyiləm. Çünki vaxtilə, internet yox idi, dünya böyük idi. Rəssamın bir əsərinin xəbəri bir şəhərdən o biri şəhər gedib çıxana kimi illər keçirdi. İndi belə deyil axı. Bir əsəri Facebook-a qoyursan, anında bütün dünya görür.

İndi keyfiyyətli rəssam azdı. Hər rəng sürtən rəssam deyil. Rəssamlar İttifaqının 1600-dən çox üzvü var. Bir ölkədə bu qədər rəssam ola bilməz axı. Bir dəfə Əziz Nesin Bakıya gəlib. Yazıçılar Birliyində görüş təşkil olunub. Nesin səhnədə masada əyləşib, yanında da bir neçə şair, yazıçı. Əziz Nesin yanındakıları göstərərək deyib:

- Mən fəxr edirəm ki, Azərbaycanda bu qədər yazıçı, şair var, bu tamaşaçılar da onları dinləməyə gəlib.

Şairlərdən biri Əzizə deyir ki, onlar tamaşası deyil, onlar da yazıçıdı.

- Türkiyədə ilk sərginiz nə vaxt açılıb?

- Türkiyədə ilk sərgim 1992-ci ildə olub. Qarışıq sərgi idi. İlk fərdi sərgim isə 1994-cü ildə baş tutub.

- Türkiyədə sənətə münasibət necədi?

- Türkiyədə rəssamlığı az bilirlər. Heç Rusiyanın 10 faizi qədər başa düşmürlər.

- Bəs bizimlə müqayisədə necə?

- Bizimlə müqayisədə də aşağıdırlar. Orda rəssamlığı bilənlər çox azdı. Düzdür, Türkiyədə kino və başqa incəsənət sahələri inkişaf edir. Amma rəssamlıq fərdi sənət olduğu üçün fərqli xüsusiyyətlidi. Türkiyədə əsasən ada baxırlar. Əgər ABŞ-da, Fransada sərgin olubsa, deməli sən artıq bir nömrəsən. Ancaq Rusiyada şöhrətə baxmırlar. Rusiyada gözəl əsər qarşısında baş əyirlər. Əsərin pisdirsə, kimliyindən asılı olmayaraq diqqət etməyəcəklər. Ukraynada da bu var. Ümumiyyətlə, keçmiş SSRİ ölkələrində rəssamlığa münasibət çox yaxşıdı.

- Bizdə münasibət necədi?

- Bizdə rəssamlıq zəif deyil.

- Xalqın münasibəti necədi?

- Bilirsiniz, bəzi rəssamlar var ki, ancaq professional, intellektual səviyyəsində anlanılır. Elə sənətkarlar da var ki, xalq tərəfindən sevilir, professionallar tərəfindən də.

- Ad çəkə bilərsiz? Misal üçün, Tahir Salahov.

- Yox, deməzdim ki, Tahir Salahovu başa düşürlər. Səttar Bəhlulzadənin özünü çox az adam başa düşür. Buna görə də xalqın maariflənməsi lazımdır. Sərgilər olmalıdır.

Məktəbliləri muzeylərə aparmaq lazımdır.

- Gəlin bir az da müasir rəssamlıq haqqında danışaq. Müasir tendensiyalar sizi qane edirmi?

- Mən müasirlik sözünü qəbul etmirəm. Onlar hamısı boş şeydir, mən onların hamısının əleyhinəyəm. Bəli, içlərində yaxşı əsərlər də var. Amma qutunu rəngləyib tavandan asmaq, balonun içinə “marqans” töküb sərgiyə qoymaq və ya çılpaq insanı rəngləmək rəssamlıqdır? Onlar insanın şüurunu məhv edir. Sənət əsəri düşündürməlidir.

- Bəs bu instalyasiyaların da arxasında müəyyən konsepsiya dayanır axı.

- O tipli rəssamlar çoxdu. Onlar bir-birilərini dəstəkləyə bilərlər. Amma dünya bunu qəbul edirmi, eləmir. Təbii ki, bunun da ustaları var. Amma indi abstraksiya ilə məşğul olan rəssamların çoxu qeyri-peşəkardır.

- Siz onda rəssamlığı yalnız fırça, kətan və boya olaraq klassik mənada qəbul edirsiz?

- Mən rəssamlığı yalınız bu mənada qəbul edirəm. Sintezator nə vaxtdan əsl musiqidir? Texnika çox güclü inkişaf edib. Amma texniki nailiyyətləri rəssamlığa soxmağın heç bir mənası yoxdur. Baxın, dünya gör nə səviyyəyə gəlib, portret ustaları demək olar ki, yoxdur.

- Belə çıxır ki, siz Salvador Dali kimi rəssamları qəbul etmirsiz?

- Salvador Dali çox böyük rəssamdır. Amma mənim rəssamım deyil. Mən Pikassonu Salvador Dalidən daha çox sevirəm. Pikassonun elə realist əsərləri var ki, onları Klod Monenin, Pol Eluarın əsərlərindən heç də pis deyil, əksinə artıqdır. Pikasso kubist əsərlərinə qədər də çox gözəl realist, impressionist əsərlər yaratmışdı. O əsərlərlə də yaddaşda qala bilərdi. Dalinin də olduqca maraqlı realist əsərləri var. Amma indikilər normal rəsm əsərləri çəkə bilmirlər, deyirlər ki, mən abstrakt yaradıram.

- Sizin abstrakt əsərləriniz var?

- Yox kubist, abstrakt əsərlər demək olar yoxdu, daha çox impressionist əsərlər çəkirəm. Özümə məxsus üslubum var. Bilirsiz, hər 30 ildən bir dünyanı dəyişməyə dəyməz axı. Keçən əsrin əvvəllərində Avropada bu cür cərəyanlar çox aktual idi. Bizdə o dövrdə heç rəssamlıq yox idi, biz realizmə yeni başlayanda dünya artıq sürrealist əsərlər çəkirdi. Biz indi sürrealist əsərlər çəkirik, dünya yenidən realizmə qayıdır. Biz müasirliyi səhv başa düşürük. Fikir müasir olmalıdır.

- Başqa incəsənət sahələrinin adamlarının bir-biri ilə münasibətləri necədir? Sanki onlar arasında bağlar yoxdu.

- Bizdə musiqiçilər, rəssamlar və yazarlar həmişə ayrı-ayrı olublar. Bir-biri ilə əlaqələri olmayıb. Nə bizim rəssamlar ədəbiyyatı bilib, nə ədəbiyyatçılarımız musiqini, nə də musiqiçilərimiz rəssamlığı. Təsəvvür edin, biz gecə-gündüz muğamı inkişaf etdirməyə çalışırıq. Amma ədəbiyyatda sərbəst şeirdən danışırıq. Onda qoy əruz vəzni də inkişaf etdirilsin, şairlər əruz vəznində yazsınlar. Mayakovskinin şeiri ilə muğam oxumaq olar? Görürsünüzmü musiqimizdə bu yoxdu, amma rəssamlıqda üçüncü minillikdən danışırlar.

- Epataja necə baxırsız? Misal üçün, Avstriyanın “Gelatin” qrupunun çılpaq performansları olub.

- Axmaqlıqdır. Əgər rəssam markadırsa, artıq onun soyunmağı mənasızdır. Tahir Salahovu götürün. O heç vaxt belə bir şey eləməz. İnsan özü marka olanda artıq geyimi, davranışı ikinci dərəcəli olur. Bəzi rəssamlar var ki, geyimləri davranışları ilə şou yaradaraq camaatı özlərinə cəlb etməyə çalışırlar.

- Sosial medianın inkişafı, nano texnologiyalar sahəsində bu qədər böyük kəşflər rəssamlıqda yeni təmayüllər yaradır. Artıq “iphone”larda rəsmlər çəkən insanlar peyda olub. Elektron rəssamlıq inkişaf edir. Sizcə sənətin texnologiya ilə bu cür çulğaşması klassik rəssamlığın zəifləməsinə gətirib çıxarmayacaq ki?

- Xeyr. İnanmıram rəssamlıq məhv olsun. Sənət ruhla yaranmalıdı.

- Bir çox siyasi xadimlərin şəxsi kolleksiyalarında əsərləriniz var. O cümlədən də Rusiya prezidenti Vladimir Putinin. Onunla dostsunuzmu?

- Bəli, Vladimir Putin, Süleyman Dəmirəl kimi bir çox siyasətçilərin kolleksiyalarında əsərlərim var. Təbii ki, onların bir çoxu ilə münasibətim var.

- Dünyanın supergüclərindən birinin rəhbərinin kolleksiyasında əsərinin olmağı necə bir hissdir?

- Putinin kolleksiyasında 4 əsərim var. Təbii ki, bu çox sevindiricidir. Çünki Putin sənəti gözəl başa düşür. Ümumiyyətlə Rusiyada rəhbər şəxslər mənim çox sərgilərimə gəliblər. Əsərlərimi alıblar.

- Bəs bizim siyasi xadimlər, məmurlar necə?

- Əlbəttə. Mənim əsərlərimin yetmiş faizini elə yerli adamlar, məmurlar alırlar. Özü də incəsənəti elə gözəl anlayırlar, adam məəttəl qalır.

- Əvvəlki Roma papası II İohan Pavelin də rəsmini çəkmişdiz.

- O əsər indi Vatikandadır.

- Sizin əsərlərdə qəribə rəng seçimi, çalarlar var. Başqa rəssamlardan olduqca fərqlidir.

- Rusiyada sərgidə mənə sual verdilər, belə əlvan, parlaq rənglər hardandı. Dedim Rusiyadan. Tyubiklərimə baxın, hamısı rus istehsalıdır. Rəngləri elə seçməlisən ki, əlvan görünsün, seçilsin. Əsərə bol rəng vurulmalıdır. Onsuz da insanların problemləri başından aşır. Sən də problem çəksən kim alıb divardan asacaq axı.

- Türkiyədə Rəssamlıq Akademiyasına sizin adınızı vermək istəyirlər.

- Hələ razılaşmıram. Razılıq versəm gərək Türkiyəyə köçüm. Mən isə başqa ölkəyə köçmək istəmirəm. Amerikada İndiana universitetində dərs deməyə, Avstriyaya, İsveçrəyə dəvət ediblər, başqa dövlətlərə dəvət ediblər. Amma mən istəmirəm. Açığı Azərbaycandan ayrıla bilmirəm.

- Bir əsəri neçə vaxta hazırlayırsız?

- Mən ümumiyyətlə çox sürətlə işləyirəm. İki-üç günə əsəri tamamlayıram. Əsərdən asılıdır, bəzən elə olur ki, aylarla çəkir. Ümumiyyətlə mən xoşlayıram ki, əsəri işləyəndə elə yerində saxlayım ki, səhər yenə həvəslə o işə qayıdım.

- Seriallardakı kimi.

- Bəli. Onda daha maraqlı olur, həsrətlə səhərin açılmağını gözləyirsən.

- Naturaçılarla işləyirsiniz?

- Portret sifariş verəndə naturadan çəkirəm. Amma gördüyünüz bu qadın rəsmlərini (divardan asılmış rəsmləri göstərir-red.) naturaçılardan istifadə etmədən çəkmişəm. Öz obrazlarımdır. Mən ümumiyyətlə seriyalarla işləyirəm.

- Əsərləri çəkəndə interyeri nəzər alırsızmı? Heç olur ki, bir neçə əsəriniz vahid kompozisiya təşkil etsin?

- Yox nəzərə almıram. Əsər çəkəndə heç nə barədə düşünmürəm. Amma olur ki, bir neçə əsərim bir seriyanı təşkil edir.

- Azərbaycan rəssamlığından danışanda nədənsə Əzim Əzimzadədən başlayırıq. Belə çıxır ki, özümüzü orta əsr Təbriz rəngkarlıq məktəbinin varisi hesab etmirik?

- Əslində eləməliyik. Sadəcə bunu sübut edə bilmirik. Təbriz məktəbi fars məktəbi kimi gedir. Bu da mənə çox pis təsir edir. Bizim alimlər bunu sübut edə bilmirlər. Əzimzadəyə gəldikdə isə o qədər güclü rəssam deyil. Sadəcə müasir rəssamlığın bünövrəsini qoyan odur.

- Hansı rəssamlarımız dünya səviyyəlidirlər?

- Mikayıl Abdullayev, Tahir Salahov, Əbdülxalıq, Mircavad. Bunlar böyük rəssamlarımızdır. Rəhmətlik Toğrul Nərimanbəyov çox gözəl rəssam idi. Nağıl rəssamı idi. Dəfələrlə emalatxanamda olmuşdu.

- Dəfni barədə müzakirələr gedir.

- O Azərbaycana gətirildi-gətirilmədi qəlblərdə heykəl qoymuş rəssamdı. Təbii ki, bu onun ailəsinin işidir. Amma mənim fikrimcə kim harda doğulubsa, orda da dəfn olunmalıdır. Kimə harda ruh verilibsə, orda dəfn edilməlidir.

- Elə bir xanım olubmu gözəlliyinə vurulub rəsmini çəkmək istəmisiz? Ümumiyyətlə bir kişi rəssam üçün gözəl qadın nə deməkdir?

- Mənim üçün gözəllik kriteriyası tamam başqadır. Bir qadın danışır, artıq onun daxili aləmi məni valeh edir. Birdən-birə özümdən asılı olmayaraq onun portretini çəkmək istəyirəm. Təbii ki, ən çox çəkdiklərim qadınlardır. Gözəl qadınların, ağıllı kişilərin portretlərini çəkirəm. Doğurdan da qadınlar bu dünyanın bəzəyi, yaraşığıdır.

- Naturaçınız olmaq istəyən xanımlar çox olub?

- Olub təbii.

- Məşhur xanımlardan kimlərin portretini çəkmisiz?

- Monika Beluççinin, Şahzadə Diananın, Ajda Pekkanın portretlərini çəkmişəm.

- Naturadan?

- Ajde Pekkanı naturadan çəkmişəm. Ajde Pekkanın portretini bir adam sifariş vermişdi. Mən də Ajda ilə

görüşüb çəkdim. Vacib deyil ki, otursun mən də onu çəkim. Elə söhbət zamanı portretini çəkəcəyim adamın beynimdə obrazı yaranır.

- Çəkəndə publikanı nəzərə alırsız?

- Xeyr, oturmuşam emalatxanada, nə ürəyimdən keçirsə, onu çəkirəm. Çox qəribədir ki, bəyənirlər, mükafatlar verirlər, titullar təqdim edirlər. O əsərlərə görə “Minilliyin adamı” da olmuşam, akademik də seçilmişəm. Bu yaxınlarda Dolmabaxça sarayında xüsusi mükafat da təqdim etdilər.

Ümumiyyətlə kim deyirsə məni başa düşmürlər, mən gələcək üçün çəkirəm, məni gələcəkdə alacaqlar, yalan deyir. Əgər sən istedadlısansa, sənin şəklini mütləq alacaqlar. Baxın Pikassoya. Dünyanın ən zəngin adamlarından idi və yaxud Salvador Dali. Tarixdəki rəssamlara baxın, olduqca varlı həyatları olub. Elə bizim rəssamları götürək, Mikayıl Abdullayev çox dəbdəbəli yaşayıb. Elə Səttar Bəhlulzadə də, Tahir Salahov da. Pis yaşayan rəssam yoxdur.

- Kübar cəmiyyətlə birbaşa ünsiyyətdədirlər.

- Kasıblar üçün deyil bu sənət, zəngin insanlar üçündür. Varlı insanların salonlarına layiq olmaq üçün gərək sənin için də zəngin ola. Sən fəhlə üçün çəkmirsən axı. Fəhlə yazıq ancaq bir parça çörəyinin dalınca düşür. Rəssamın daxili zənginliyi varlıların xarici zənginliyi ilə bir-birini tamamlayır. Rəssamın əsərləri sağlığında satılmalıdır. İndiki dövrdə böyük sənətkar olasan, əsərlərin satılmaya, bu mümkün deyil. Əgər satılmırsa, deməli o boşdur.

- Azərbaycanın ən baha satılan rəssamısız. Özünüzü bu statusda necə hiss edirsiz?

- Sənin əsərinə 30 min, 40 min verən adamlar dəli deyirlər. Qudurğan olmaq lazım deyil. Allah onda onu da kəsər. Açığı mənə bu barədə xatırladanda yadıma düşür. Yoxsa bu barədə düşünmürəm. Açığı, hamı bilir ki, mənim əsərlərim neçəyədi.

- Heç indiyə kimi satmadığınız əsəriniz olub?

- Yox. Bəzən elə olur ki, bir əsərimdən xoşum gəlir, ondan ayrılmaq istəmirəm, bax, o zaman onun qiymətini, misal üçün 300 minə deyirəm. Onda həm əsərin qiyməti qalxır, həm də almaq istəyən azalır. Çünki “satmıram” demək olmur. Gərək ona qiymət deyəsən. Qiymət yüksək qoyulanda o ya məcbur olub alacaq, ya da biləcək ki, ala bilmir. Yoxsa “satmıram” desən əlli adam göndərəcək üstünə, sən allah sat mənə. Bütün dünyada qanun bu cürdür.

- Yerli qalereyalarla ilə işləyirsiz?

- Burda yalnız Səttar Bəhlulzadə adına Qalereya ilə işləyirəm. Bir də xaricdən gələn qonaqlar əsasən şəxsi sərgi salonuma gəlirlər. Bura xaricdən bir çox qonaq gəlib, Luvr muzeyinin direktorundan tutmuş bir çox qonaqlar, rəssamlar, siyasi xadimlər. Bir də xaricdə Parisin Opera Qalereyası ilə işləyirəm. Onların Mayamidə Tokida, Sinqapurda - bir çox ölkələrdə filialları var.

Sinqapurda Opera Qalereyası “Rus məktəbi ” adı altında mənimlə Mark Şaqalın sərgisini təşkil etmişdi. Təsəvvür edin ki, Şaqalın əsərlərinin qiyməti 5-10 milyonadır. Mən də düşündüm qiyməti elə qoyum ki, gülünc görünməsin. Ona görə də bildirdim ki, sərgidəki əsərlər satılmır. Elə də oldu. Bundan sonra əsərlərimin qiyməti birdən-birə qalxdı. Sinqapurda əsərlərimin qiyməti ən aşağısı 100 mindən başladı.

- Məşhurlardan kimlərin kolleksiyalarında əsərləriniz var?

- Monika Beluççinin, Patrisiya Kaasın, Mirey Matyenin “Koç qrupu”nun bütün üzvlərinin, Sabancıların, Bayrakdarların evində var. Kasyanovun, Narışkınin, Lujkovun, Şvıdkoyun, Kabzonun, Vahid Ələkbərovun, Telman İsmayılovun kolleksiyasında əsərlərim var. Dünya Güləş Federasiyanın prezidenti Rafael Martinetti və xanımın portretini çəkmişəm.

- Əsərlərinizi yenidən çəkdiyiniz olur?

- Demək olar ki, olmur. Ola bilər ki, mövzuya bir neçə dəfə qayıdım. Misal üçün, “Yatmış mələk”i bir neçə dəfə çəkmişəm. Ümumiyyətlə, bizim sənət çox fərqlidir. Təsəvvür edin, insanlar əsərləri alır, sanki yatırım edirlər. Rəsm əsəri mülk, ləl-cavahirat kimidir.

- Əsərlərin bahalı olması, yaxşıdır, yoxsa pis?

- Nə yaradırıqsa, Azərbaycanın adını qaldırır. Buna görə çalışmalıyıq ki, bahalı olaq. Azərbaycanda ən bahalı rəssam olmağıma baxmayaraq dünyada çox ucuz rəssamam. Azərbaycan mədəniyyətinin qiyməti nə qədər bahalı olsa, o qədər əlçatmaz olar, hər yerindən duran ala bilməz.

Bizim səhvimiz ondadır ki, Mikayıl Abdullayevin, Səttar Bəhlulzadənin dünyada qiyməti çox ucuzdur. Mikayıl Abdullayev qiyməti ən az yarım milyon olmalıdı, daha beş min yox. O həqiqətən də adı qızıl hərflərlə yazılası rəssamımızdır.

# 8552 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #