“Lallar sevdikləri qızlardan danışırdı”

 “Lallar sevdikləri qızlardan danışırdı”
26 noyabr 2014
# 08:30

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

Adı: “Sükutun səsi”

Çəkildiyi il: 2003

Xronometaj: 10 dəqiqə

Rejissor: İqbal Məmmədəliyev

Ssenari müəllifi: İqbal Məmmədəliyev

Operator: Rüfət Məmmədoğlu

İstehsalçı şirkət: Lider televiziyasının “Azərbaycan” redaksiyası

Süjet: Film lal-kar uşaqların həyatından bəhs edir. Onların dünyasına nüfuz etməyə çalışan rejissor ağ-qara çalarların tədricən əlvan rənglərə boyanmasını "Sükutun səsi" kimi təqdim edir.

Dosye: İqbal Məmmədəliyev 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsini bitirib. “Yaddaşın əbədi yükü”, “Torpağa bağlananlar”, “Zəhmətlə yoğrulanlar”, “Çətin sınaqlar”, “Sualtı səltənətimiz” və bir çox sənədli filmlərin müəllifidir.

"Sükutun səsi" filmi Beynəlxalq Audiovizual və "Footprints" Sənədli Film Festivalında əsas mükafatları alıb.

İ. Məmmədəliyev hazırda Yevlax şəhərində yerləşən EL Televiziya Şirkətinin baş direktorudur.

Rejissorla söhbəti təqdim edirik.

- Siz bir müddət “Lider” kanalının “Azərbaycan” redaksiyasında çalışmısız. Vaxtilə Rafiq Quliyevin rəhbərlik elədiyi bu kanal telefilm sahəsində iddialı idi və özünü müəyyən mənada doğrultdu da. Sizin üçün necə bir təcrübə oldu, nələri qazandırdı?

- Bu çalışma dövrü 2001-2004-cü illərə təsadüf edir. Bu təcrübə qarşımda kinematoqrafiyaya açılan qapı oldu. İxtisasca televiziya verilişləri rejissoru idim, uyğun sahədə fəaliyyət göstərirdim. “Azərbaycan” redaksiyası yeni yaradılmışdı, ora dəvət olunanda tərəddüd edirdim. Çünki dörd illik təhsil və üç illik iş təcrübəm sırf televiziya ilə bağlı idi. Birdən-birə sənədli film çəkə bilərdim, amma bu, nə qədər film, nə qədər veriliş olacaqdı - şübhələr məni müşayiət edirdi. Əvvəlcə etüdlərdən başladım. Opera və Balet Teatrı haqqında “... və alqışlar, alqışlar...” adlı etüd çəkdim. Daha sonra Bülbül adına Musiqi Məktəbi haqqında və s.

Əvvəldən “Lider” telekanalının musiqi verilişləri redaksiyasında işlədiyimə görə mövzu baxımından özümə yaxın olanı seçmişdim. Hiss edirdim ki, alınır. “Azərbaycan” redaksiyasında çalışan yoldaşlar da mənə ürək-dirək verirdilər. Bu minvalla ilk sənədli-xronikal film çəkməyi mənə tapşırdılar. Ssenari müəllifi Hafiz Nəzərli idi. Azərbaycan dəmiryolçularının Böyük Vətən Müharibəsində göstərdiyi fədakarlığı əks etdirən “Edelveys və dəmir biləklər” filminin altmış faizdən çoxu kinoxronika materialları, qalanı müsahibə idi. Aparıcı qismində isə aktyor Şövqi Hüseynov iştirak edirdi. Filmin cüzi bir hissəsi faktların bədii, simvolik bərpası idi. Məhz bu ekran işindən sonra televiziya filmlərinə bağlandım. Dörd ilə yaxın bir zaman kəsiyində irili-xırdalı 50-dən çox audio-vizual işim ərsəyə gəldi. İçində uğursuz və uğurlu olanları var. Amma ölü doğulan filmim yoxdur. Çünki bacardığım qədər – dünyagörüşüm, həyat təcrübəm və yaşımın imkan verdiyi dərəcədə mövzuya bağlanmışam. Bu filmlərin əksəriyyəti redaksiyanın plan işi olsa da, bir neçəsi sırf istədiyim mövzuları ehtiva edən müəllif işləridir.

Ssenari yazarları Nəriman Əbdülrəhmanlı, Firudin Qurbansoy, Mənsurə Novruzqızı, Müqəddəs Şahbazov, Hafiz Nəzərli kimi istedadlı və peşəkarlar adamlar idi. İxtiyar Hüseynli, Günel Mehri kimi gənclərlə film üzərində işlədikcə paralel olaraq gənc operator nəslinin də yetişməsi prosesi gedirdi. Bu gün kifayət qədər tanınan Elşən Əliyev, Rüfət Süleymanov, Rəşad Nuriyev, Vüqar Şıxəliyev kimi imzaları olan operatorlar da biz rejissorlarla paralel yetişdi. Bir sözlə rejissor kimi adımın bu salnaməyə yazılmasında bu emalatxananın böyük rolu oldu.

- Sənədli filmin müxtəlif janrlarında işləmisiz. Bir qayda olaraq, sənədli filmlərimizdə janrından asılı olmayaq “danışan başlar” üstünlük təşkil edir. Bu, nə ilə bağlıdır? Rejissorun təsvir həllini tapa bilməməsi ilə?

- Çıxılmaz vəziyyətdə mən də belə eləmişəm. Janrdan və mövzudan asılı olan bir şeydir. Və sonda təbii ki, maliyyə tərəfini də qeyd etmək vacibdir. Əgər rejissor təsvir həllini çalışdığı qurumun, emalatxananın maddi-texniki bazasına uyğunlaşdırıb filmin büdcəsinə uzlaşdırırsa belə hallar baş verir. Çəkilən mövzu çoxşaxəli, geniş əhatəlidirsə (xüsusən elmi-kütləvi filmlər, mənzərə və etnoqrafiya və s.) rejissor dərin araşdırma aparmaqdan imtina edirsə və ya tənbəllik edirsə bu, onun günahıdır. Əgər film portret janrındadırsa, qəhrəmanın haqqında bir-iki sənəd və ya çox qısa xronika materialı varsa, studiyanın imkanları məhduddursa (əlavə məsrəflər) bu, artıq ümumi problemdir. Nəzərə alsaq ki, telefilm qolu əksər hallarda televiziya kanallarında yaranır, bir-iki sərbəst mövzudan sonra təqvimə və müvafiq sərəncamlara uyğun sifarişlərlə fəaliyyət göstərirsə, bir neçə gün əvvəl proqram “setkasına” şərti olsa da daxil edilirsə istehsalatda ən optimal yolu tapıb vəziyyətdən çıxmaq rejissorun üzərinə düşür. Məcbur olursan ki, “danışan başlar”la işi təhvil verəsən. Sənədli filmlərə kommersiya şərtləri ilə yanaşma “sıfır” olduğundan heç bir istehsalat qurumu bu biznesə girişmir. Televiziyaların əksəriyyətində sənədli film hazırlayan mobil qrup, redaksiya və s. var. Özəl sektor fikirləşmir ki, sənədli film istehsal edib telekanala satsın və ya kinoteatrda nümayiş etdirsin. Bilet alıb kinoteatra gedən adamın (əgər varsa) tələbləri başqadır. Telekanal isə sənədli filmin efir satışını təşkil edə bilmir. Reytinq məsələləri, yayım haqqında qanunlara görə reklam üçün ayrılan yer (30 dəqiqəyə qədər olan filmlərdə reklam qadağası) və ən əsası qəhrəmanın təqdimatında mental kriteriyadan doğan məhdudiyyətlərin təsirindən rejissorun görmə bucağı daralır.

- Filmoqrafiyanızda ən çox diqqətimi çəkən işlərdən biri “Sualtı səltənətimiz” sənədli filmi oldu. Bu, yanılmıramsa, sualtında çəkilişlərin aparılan ilk böyükmiqyaslı sənədli filmdir. Çəkiliş prosesi necə keçdi? Hansısa gözlənilməz hadisə oldumu?

- Doğrudur, 80-ci illərdən sonra, XXI əsrdə ilk dəfə idi ki, sualtı arxeologiya ilə bağlı böyük miqyaslı film çəkilirdi. İdeya müəllifi iranlı kinematoqraf Əyyub Daneşvər, ssenari müəllifi İlham Tumas, operatorlar Elşən Əliyev və türkiyəli Yağız Yavru ilə bu işə başladıq. Çəkiliş prosesi olduqca maraqlı, bol təəssüratlı və məhsuldar oldu. Arxeoloq İdris Əliyevin rəhbərliyi ilə ekspedisiya təşkil olundu. Bu müddətdə həm dənizdə hərbi gəmidə yaşadıq, həm də dəniz kənarındakı çadırlarda. Çəkilişlərə sentyabrda başladıq. Mütəxəssislərin fikrincə, dəniz suyu müəyyən qədər soyumalı idi ki, lil və mikro orqanizmlər dibə çöksün. Bu zaman təmiz görüntü əldə etmək mümkün idi. Bu sahə populyar olmadığından Azərbaycanda sualtı çəkilişlər apara biləcək yalnız bir peşəkar operator var idi, o da Yuri Varnovski. Onun da yaşını nəzərə alıb filmə dəvət edə bilmədik. Məcbur qalıb Türkiyədən sualtı operator dəvət etdik. Bir neçə gün Şirvan Milli Qoruğunun dəniz sahillərindən keçən hissəsində - Bəndovan burnunda qədim şəhərlərin izini axtardıq. Daha sonra Muğan və Səngi Muğan adalarının ətrafında, Bayıl və Pirallahı ətrafında çəkilişlər apardıq. Ürək ağrıdan məqamlar oldu. Uzun müddət suda görüntü məhdudiyyəti bizi işləməyə qoymadı. Bəndovan burnu ətrafında suyun dibi vulkanik palçıq olduğundan xəfif küləkdə belə suya dalğıc endirə bilmədik. Bayıl ətrafında Bayıl qəsrinin divarlarını çox böyük çətinliklə lentə ala bildik. Su o qədər çirkli idi ki, infuzor və amöblər təsviri məhdudlaşdırırdı. Yalnız sahildən 5-6 mil aralanandan sonra Xəzərin mavi sularında təmiz çəkilişlər apara bildik. Salyan və Neftçala sahillərində dənizin kənara atdığı xeyli maddi-mədəniyyət nümunəsi toplaya bildik. Su altında qalan, orta əsrlərin qədim yaşayış məskəni olan Quşdəsvi şəhərinin izi saxsı qabların qalıqlarında üzə çıxdı. Toplanan qalıqların əksəriyyəti AMEA-nın Arxeologiya İnstitutuna tədqiq olunmaq üçün göndərildi. Bir neçəsini xahiş edib yadigar olaraq özümə götürdüm.

İndi hər dəfə o qab qalıqlarını görəndə acılı-şirinli xatirələr yadıma düşür. Çadırda yaşadığımız zaman axşam başıma şaxtaçılar kimi elektrik lampası taxıb qeydlər aparırdım. İşığı söndürmədən yuxuya getmişdim. Gecənin bir aləmində əlimin içinə sanki biz batırdılar. Hövlnak ayılıb bayıra atıldım. Operator Yağız ocağın başında oturmuşdu. Tez onu səslədim. İçəri baxanda sarı əqrəb gördük. Səhərə kimi sağ qolum keyi oldu və ağrıdı. Xoşbəxtlikdən havaların sərin keçməsi əqrəbin zəhərinin təsirini azaltmışdı.

Filmi Mədəniyyət və Turizm Nazirliyinə təhvil verdik. Xeyli maraqlı görüntülər var idi. Ondan səmərəli istifadə edib televiziya yayım variantını hər biri 25 dəqiqə olmaqla 3 bölümdən ibarət yeni versiyada hazırladım.

- “Yaddaşın əbədi yükü” filminiz ölüm hadisəsi ilə başlayır, finalda uşaq təsvirləri ilə bitir. Və ya “Çətin sınaqlar”ı kollajvarı qurmusuz. Maraqlı yanaşmalardı. Bir qayda olaraq, filmə necə hazırlaşırsız? Mövzuya yanaşmanı tapmaq uzun vaxt alırmı?

- “Yaddaşın əbədi yükü” Bakının Hökməli kəndi haqqındadır. Filmin ssenari müəllifi Mənsurə Novruzqızı ilə ilkin söhbətdə belə bir başlanğıc istədiyimi bildirdim. Özüm də Kürdəxanıda yaşadığımdan Bakının qəsəbə və kəndlərinin xarakterik cəhətlərini müəyyən qədər bilirdim. Hökməli kəndinin əhalisi mühafizəkardır. Bu mühafizəkarlıq kənd həyatını özünəməxsus şəkildə bəzəyir. O vaxtlar yeganə kəndlərdən biri idi ki, ərazisinə qeyri-yerlərdən adam buraxılmırdı. Bunu bilən yerli icra hakimiyyəti orqanları da əhaliyə hörmətlə yanaşaraq məcburi köçkün və qaçqınların o kəndə yerləşdirilməsinə razılıq verməmişdilər. Ötkəm xarakterli insanlar var Hökməlidə. Kəndin adının etimologiyasına varanda şiə məzhəbindən olduqları anlaşılandır. Kəndin adı “Əlinin hökmündən yaranan yer” anlamına yozulur. Kəndlə ilk tanışlıq görüşlərində çadralı qadınlar, saqqallı dindar kişilər və tərəkəmə həyatı yaşayan uşaq və gənclər gördüm. Təbii ki, məlum konservatizm bu yerlərin müəyyən qədər diqqətdən kənar qalmasının səbəbi idi.

Amma Azərbaycanın hər yeri, hər kvadrat santimetri mənə doğma olduğundan orada da “işıq” axtarmağa başladım. Odur ki, bu köhnəliyi özlüyümdə dəfn edib digər rakursdan yanaşmağa başladım. Beləliklə filmin əvvəlindəki dəfn mərasimi mühafizəkarlığın “simvolik” basdırılması idi. Finalda at belində gələn igid uşaq isə gələcəyi xarakterizə edir.

“Çətin sınaqlar” film-etüdü Mədəniyyət və İncəsənət Universiteti haqqındadır. Özüm də oranın məzunu olduğum üçün çox fikirləşdim ki, nə edim, necə edim ki, bu etüd özlüyündə həm də reklam xarakteri daşısın. Yaponiyada Herosima faciəsinin anım günü ərəfəsində yüzlərlə skripkaçı uşaqdan ibarət böyük orkestr yaradıb konsert vermişdilər. Konsert “İncəsənətlə məşğul olan adamlar nə qədər çox olsa, Yer kürəsi bir o qədər müharibələrdən uzaq olar” devizi altında keçirilmişdi. 90-cı illərin sindromunu yaşamış uşaq kimi bunu əsas tutaraq “Çətin sınaqlar”ı yüngül, kollaj formasında hazırladım ki, gənclərimiz Mədəniyyət və İncəsənət Universitetindən qorxmasınlar. Oranın maraqlı həyatını paralel və attraksion montajla təqdim etməyə çalışdım.

- “Sükutun səsi” filmində fiziki məhdudiyyətləri olan uşaqlarla işləmisiz. Təhsil və bədii layihədə onlarla işlədiyim üçün bilirəm ki, adətən həssas olurlar və onlarla dil tapmaq bir az çətindir. İş prosesini necə qurdunuz? Onlarla neçə işlədiniz?

- Sevda xanım, çox maraqlı mövzuya toxundunuz. Gənc yaşlarımda axşam növbəsində montaj vaxtım olduğundan işə gedirdim. O vaxtkı “RAF” mikroavtobusunda qapının yanındakı tək oturacaqda əyləşmişdim. Montajı fikirləşə-fikirləşə gözlərim sanki yol çəkirdi. Birdən gözümün qabağında əllər oynamağa başladı. Bu, sanki məni ayıltdı. Əks tərəfdə sürücünün arxasındakı qoşa oturacaqda iki gözəl qız əyləşmişdi. Onlar əlləri ilə danışıb arabir səs çıxarırdılar. Yol boyu onları müşahidə etdim. Gəlib metronun “Əzizbəyov” stansiyasına çatdıq. Marşrut boşaldı. Yolumuz metroya idi. Perronda əks tərəflərdə gözlədik. Onlar “Əhmədli” istiqamətinə, mən də “Memar Əcəmi” istiqamətinə getməliydim. İşə tələsdiyimdən gələn qatara minməyə məcbur oldum. Amma gözüm onlarda qaldı.

Hər ikisi çox gözəl idi. Geyimləri də müasir dəbə uyğun idi. Üstündən iki-üç ay keçər-keçməz Lider.tv-nin “Azərbaycan” redaksiyasında yeni il üçün sərbəst mövzu yığımı başladı. Ümid etmirdim ki, versinlər. Ona görə də şifahi şəkildə dedim ki, lal-kar uşaqlar haqqında film çəkək. Operator Rüfət Süleymanovla 8-ci km qəsəbəsindəki 1 saylı karlar internatına getdik. Əvvəlcə onların sinifləri, yaşam tərzi ilə tanış olduq. Sonra 2-3 gün kameranı gətirib dəhlizlərdə, yeməkxanada və s. kütləvi yerlərdə qurduq. Uşaqları kameraya öyrəşdirmək istəyirdik. Ən əsası qəhrəman axtarırdıq. Məktəbin fəxri, qılıncoynatma üzrə paraolimpiya oyunlarına iddialı olan Gülər adlı şagirdlə tanış olduq. Yazı savadı da var idi. Fikirlərimizi kağızda yazmaqla ünsiyyət qururduq. O uşaqların daha həssas olduğunu duydum. Oğlanlardan bir neçəsi ilə ünsiyyət qurduq. Qeyrətli və sədaqətli olduqlarını gördüm. Bəziləri ürək sirlərini də açırdı. Hansı qızı sevdiyini, buranı qurtarandan sonra kiminlə ailə quracağını deyən də var idi.

- Metro qələbəliyində çəkiliş səhnəsi var. Çətin olmadı?

- Günlərin birində metro epizodunu çəkmək istədiyimi dedim və yuxarıdakı tarixçəni danışdım. Tövsiyə etdilər ki, metro epizodunu çəkim. Qəhrəmanları cəmiyyət içində, bizim aramızda göstərmək lazım idi. Bununla da açar bağlantı tapıldı. Bir neçə stansiya arasındakı yol kifayət elədi ki, lazımi görüntünü ala bilim.

- Filmi niyə ağ-qara çəkmisiz?

- Gördüm ki, bizim əlvan həyatımız onların həyatsevərliyi qarşısında boz rəngdə görünür. Filmdə ağla-qaranın savaşı, xeyirlə-şərin davası, ağ dama, qara şahmat və s. kimi simvolik epizodlar var. Filmin finala qədər ağ-qara olması onları bizim gözümüzlə müşahidə etməyimizə işarədir. Qılıncoynadan Gülərin epizodu “bizim dünya” ilə “onların dünyası”nın savaşıdır. Qalibiyyətdən sonra rənglənən təsvir “onların dünyası”nın, uğurunun təcəssümüdür.

- Çəkilişdən sonra uşaqlara bu filmi göstərdinizmi? Reaksiyaları necə oldu?

- Televiziyada sənədli film istehsalına maksimum 1 ay vaxt verirdilər. Amma o vaxt mənə güzəşt eləyib 3 ay vaxt verdilər. Paralel bir neçə işlə məşğul ola-ola planı verirdim. Vaxt az olduğundan filmi kasetə yazıb həmin internata göndərdim. Amma uşaqlara göstərə bilmədim.

- Filmoqrafiyanızda sənədli film üstünlük təşkil edir. Hansı janrı özünüzə daha yaxın hiss edirsiz?

- Sənədli filmdə demək olar ki, bütün janrlarda çalışmalarım olub. Hər janrın öz gözəlliyi var. Bədii epizodlardan da istifadə edəndə sanki ürəyimizdən tikan çıxırdı.

- Yeni iş üzərində işləyirsiz? Bədii film çəkmək niyyətiniz varmı?

- Hal-hazırda bir neçə bədii film ideyası var. Onlardan birini özüm çəkməyi planlayıram. Həm sənət, həm də ailəvi dostum rejissor Tahir Əliyevlə birgə qısametrajlı bədii film çəkmək istəyimiz var. 2015-ci ildə bunu reallaşdıracağıq.

# 4028 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #