Kulis.az gənc yazar Orxan Həsəninin Uilyam Folknerin “Avqust işığı” romanı haqqında yazısını təqdim edir.
Ustad Folknerin "Avqust işığı" romanını beş günlük rahat bir oxu prosesindən sonra bitirdim. 480 səhifə su kimi axıb keçdi, içimdə gölməçələndi və o gözəlim final səhnəsində romanın bütün enerjisi xəfif bir gülümsəmə olub qondu yanağıma.
Romanın təsirindən hələ də çıxmamışam, təsirindən çıxmadığım əsər haqqında yazmaq bir qədər çətin olsa da, kiçik qeydlərim var və bu qeydlər axır əvvəl ortaya çıxmalıdır. Demək, başlaya bilərik.
Dumduru, ancaq intellektin əlahiddə gücüylə şaxələnmiş, klassik təhkiyə qanunlarından bir qədər kənar, bir "millətin" dərdlərinin, problemlərinin, yara izlərinin gözəl bir süjetin içində əriyib qarışdığı möhtəşəm bir romandır “Avqust işığı”. Əsər yurd yeri kimi içində onlarla obrazı yaşadır. Bu obrazlar canlı, həyatın içindən qopub gələn, taleyi Amerikanın taleyi ilə qarışmış obrazlardır.
Əsərin əsas obrazları Kristmas, Bayron, Braun (Lukas), Haytauerdir. Demək olar ki, əhvalat bu obrazların ətrafında cərəyan edir. Ona görə çox da uzağa getmədən, əsəri bu obrazların xarakterlərini qısa şəkildə açmaqla izah etməyə çalışacam.
Əhvalat Linanın Alabamadan yola çıxıb Ceffersona çatmasıyla başlasa da, böyük bir hissə Kristmasın uşaqlığını və özü kimi bir bədbəxtin gülləsinə tuş gəlib ölməsini əhatə edir. Kənar əhvalatlar çox olsa da, bu əsas temaya xidmət edir. Krismasın taleyinin belə xırdalıqlarınacan izahı məni düşündürdü və nəhayət bu barədə bir fikrə gələ bildim.
Folknerlə Heminquey eyni dövrdə yaşayıb, ikisi də Nobel alıb və ikisi də Amerika və eləcə də, dünya nəsrində klassikdir. Bəs amerikalıların bu müəlliflərə müqayisəli münasibəti necədir? Araşdırmalarım belə nəticə verdi ki, amerikalılar Heminqueyi daha çox sevirlər, nəinki Folkneri. Obyektiv baxanda Folknerin dünya ədəbiyyatında xidmətləri daha çoxdur bəs nədəndir bu münasibət?
Folknerin "Amerika”sı çox amansız və vəhşidir. Bu gün özünü dünyada nümunə kimi göstərən sistemin hansı çirkablardan keçdiyi bitdə-bitdə ustadın ələyindən keçib. Əsərdəki Kirstmas obrazı da heç şübhəsiz Amerikanın ümumiləşmiş obrazıdır. Ağların və qaraların bir canda yaşadığı Amerika. Nədən? Çünki, Kristmas ağ dərili olsa da, qanında zənci qanı var. Zənci qanı olmaq o vaxt üçün dəhşətli bəladır və bu bəla onu allahın qəzəbinə gətirir. Həyatı uğursuzluqlarla keçsə də, bənzərsiz xarakterlə yadda qalan Kristmasın bir insan kimi nəfsi reaksiyalarını görsək də, anlaşılmaz və ya sirli addımları da görünür. Bu da bir xarakter kimi əslində onu tamamlayır. Onun qarandinməzliyi sirlərlə doludur və bəzən müəllif lap onun içinə girib danışsa da, yenə məlum olmur, o bir yerəcən qapalı qalır. Məncə, əsərdə Kristmasla bağlı olan ən gözəl səhnə (romanı oxuyanlara məlum olar) qaçaq düşərkən zənci qadından çörək yox, hansı gün olduğunu soruşmağı idi. Ciddi psixoloji bir məqamdır. Kristması sevdim, amma ölümü ədalətiydi.
Əsərdə maraqlı obrazlardan biri də Linadır. Müşfiq Şükürlü ilə əsərə başlamamışdan öncə qısa söhbətləşmişdik. "Linanın əzablarına şahidlik et" demişdi. Əsərin sonunacan o əzabların sorağında olsam da, bir şey aydın olmadı; əsərin əvvəlində Alabamadan yola çıxmasıyla başlanan çevrə sonda Ceferrsondan yola düşməyi ilə bitirdi. Bax, son hissələrdə məlum olur ki, bu səyahət məcbur deyil. Qadın əzabdan düşüb şəhərbəşəhər övladının atasını (Braun) axtarmır, o, sadəcə gəzməyi sevir.
Bayron və Braun adında iki qaqaş da var ki, bu qaqaşlar bir-birlərini həm eynisi həm əksidir. Aralarındakı semiotik eynilik Linanın şəhərdə qərar tutmasına səbəb olur. Biri Linanın körpəsinin atası, digəri ona aşiq olan. Sanki, ikiyə bölünmüş bir alma.
Əsərdə diqqətimi təhkiyə üsulları da çəkdi. Əsas üç təhkiyəçi var.
1. Xarici təhkiyəçi
2. Daxili təhkiyəçi
3. Müəllif təhkiyəsi
Xarici təhkiyəçi xüsusən "deyilənə görə", "belə deyirlər" kimi ifadələr əsasında qurulub və hadisəyə kənardan baxır, dərinliyinə getmədən kütlənin gözü ilə danışır. Tutaq ki, A küçədən keçir və onun küçədən keçməyi mehmanxananın kölgəsinə yığışan adamlar tərəfindən danışılır.
Daxili təhkiyə isə A-nın yolu keçərkən hara getdiyi, nə düşündüyünü açıqlayır və obrazın öz dili ilə danışılır.
Müəllif təhkiyəsi isə bu iki təhkiyəçi arasındakı balansı qoruyur, onları birləşdirir, əlaqə yaradır.
Nə bilim. Bu romanı yenidən oxuyacağım romanlar siyahısına daxil elədim və çox sevdim. Gənc müəlliflər mütləq oxusun istəyərdim.