Çəkildiyi il: 2009
Xronometaj: 30 dəqiqə
Rejissor: Mübariz Nağıyev
Ssenari müəllifləri: Nara Nağıyeva, Mübariz Nağıyev
Operator: Etibar Şirinov
Rollarda: Cənnət Səlimova, Rüfət Mehdiyev, Nara Nağıyeva
İstehsalçı şirkət: “Yaddaş” studiyası
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən film yaşı 40-ı haqlamış, həyatda özünə yer tapa bilməmiş iki nəfərdən bəhs edir. Arif (Rüfət Mehdiyev) və Rəna (Nara Nağıyeva) təsadüfən görüşür. Arifin anası (Cənnət Səlimova) bu münasibətə qarşıdır. Buna baxmayaraq, Arif sevgisinin arxasınca gedir. Amma başqa bir təsadüf onları həmişəlik ayırır.
Dosye: Mübariz Nağıyev 1970-ci ildə Bakıda anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin teatr və kino fakültəsini, 1993-cü ildə Pakistan İslam Respublikası Karaçi Universitetinin Biznesi İdarəetmə İnstitutunu bitirib. “Rəssam ömrünün palitrası“, “Arzularını çəkən rəssam”, “Rənglərin sehrli dünyası”, “Şuşa” və s. sənədli filmlərin rejissorudur.
Filmlə bağlı rejissorla söhbətləşdik.
- Filmdə maraqlı aktyor ansamblı var. Müğənni Rüfət Mehdiyev, rejissor Cənnət Səlimova... Peşəkar aktyorlara müraciət etməməyiniz maraqlıdır.
- Açığı, bu cür ansamblla işləmək mənim özüm üçün də maraqlı idi. Filmdən əvvəl şəxsən tanımadığım Rüfət Mehdiyevlə iş prosesində dostlaşdıq. Heyf ki, o, bizi çox tez tərk edib haqq dünyasına qovuşdu. Ümumiyyətlə, təəssüf ki, biz kimisə itirəndən sonra onun həqiqi qiymətini verə bilirik. Rüfət də vəfat edəndə başa düşdüm ki, hər hansı tanışımı, yoldaşımı yox, dostumu itirmişəm, dost anlayışı mənim üçün çox dərin və məsuliyyətlidir. Çəkilişlərdən əvvəl biz demək olar ki, hər gün görüşüb saatlarla söhbət edirdik. Aktyorla rejissorun söhbətləri çox vacibdir. Həm də təkcə görəcəyin işdən deyil, hər şeydən danışmaq olar. Bu söhbətlər də məndə seçimimin doğru olduğuna inam yaratdı. Rüfətdə oynadığı Arif obrazı ilə çox ümumi cəhətlər kəşf etdim. Amma onları olduğu kimi göstərmək düz və maraqlı olmazdı, həm də peşəkar aktyor olmadığı üçün Rüfəti onun öz komplekslərindən azad edib Arifin kompleksləri ilə "yükləmək" lazım idi. Bu proses mənim özüm üçün də olduqca maraqlı bir təcrübə oldu.
Nara Nağıyeva peşəkar aktrisadır. Mən deyərdim ki, filmin əsas ağırlığı onun çiyinləri üzərindədir. Onunla işləmək həm olduqca asan, həm də olduqca çətindir. Ona görə asandır ki, səni yarım kəlmədən, bir baxışdan, nəfəsindən anlayır. Həm də ona görə çətindir ki, vay o rejissorun halına, onu duya bilməsin, ya da onun peşəkar tələblərinə cavab verməsin. Mən deyəsən, şükür Allaha, yaxşı qurtarmışam.
O ki qaldı Cənnət xanıma... Ona qeyri-peşəkar deməyin özü günah olar. Bilirəm, siz onun aktrisa olmadığını nəzərdə tutursunuz. Amma onun gözəl sənətkar, rejissor olması yetərli idi ki, bir-birimizi başa düşə bilək. Bu insanın simasından yağan intellekt ekranda mənə kifayət idi.
- Ssenarini baş rolun ifaçılardan biri Nara Nağıyeva ilə birgə yazmısız. Fikir ayrılığınız oldumu? Mövzuya kişi və qadın baxışının fərqliliyini nəzərdə tuturam.
- Əslində bu barədə indiyədək düşünməmişdim, amma sualınızdan sonra düşünüb hər şeyi yada saldım və təəccüblü də olsa, deməliyəm ki, qətiyyən fikir ayrılığımız olmayıb. Mövzuya kişi və qadın baxışlar filmdə yerini tutub. Sözsüz ki, kişi nöqteyi-nəzərinə gəldikdə Nara mənə etibar edirdi, qadın gözüylə baxışda isə mən ona. Proses qarşılıqlı inam və etibar əsasında gedirdi.
- Arif klassik kişi obrazı deyil, zəifdir, anasının “qanadları“ altındadır. Reallıqda belə tiplər olsa da filmlərimiz üçün xarakterik deyil. Belə bir obrazı kinoya gətirməyə sizi hansı səbəblər vadar elədi?
- “Klassik kişi“ obrazı deyəndə nəyi nəzərdə tutursunuz? Hər bir obraz canlı insandır. Mən insanları şablonlara, qaydalara, müsbətlərə və mənfilərə bölməyin qəti əleyhinəyəm! İnsan mürəkkəbliyi ilə kamildir, maraqlıdır. Yalnız müsbət və yaxud yalnız mənfi insan olsaydı-halbuki bu mümkün deyil-çox bəsit və maraqsız alınardı. Arif özünün dünyası, həyata baxışları, prinsipləri olan mürəkkəb bir insandır. Bəli, təəccüblənməyin, onun prinsipiallığının əleyhinə heç nə deyə bilməzsiniz. Düzdür, sürdüyü həyat tərzinə görə onu müstəqil adlandırmaq çətindir, amma həyatında baş verən dəyişikliklər onu da dəyişməyə vadar edir. Ətrafımızda Ariflər azdırmı? Niyə də kinoda onlardan danışmayaq?
- Əhvalatda Ariflə Rənanın münasibətlərinin inkişafının təsviri yoxdur. Ümumiyyətlə, dramaturgiyanın qanunlarına tam əməl olunmayıb. Bu, bilərəkdən edilib?
- Bəli, bu bilərəkdən edilib və mən deməzdim ki, bununla dramaturgiyanı pozmuşuq. Qanunlar hər zaman pozula bilər, bəzən bu “qanun pozuntuları” yeni islahata, yeni qanunların yaranmasına gətirib çıxarır. Həyatdan gözəl dramaturgiya yoxdur. Həyati olmayan dramaturgiyanın isə bir qəpiklik qiyməti yoxdur. Yaşadığımız XXI əsr inanılmaz sürət, inkişaf, tərəqqi əsridir. Deyirsiniz, bu əsrin dramaturgiyası dəyişməsin? Məncə həm düşüncədə, həm də fikirlərin ifadəsində zamanla ayaqlaşmaq ən vacib şərtlərdən biridir. Həm də “Dünən qəfildən gəldi...“ klassik film deyil, arthouse filmidir, buna “başqa kino” da deyirlər, bu müəllif işidir – janrın özü mənim dramaturgiyamın klassik və ya başqa dramaturgiyadan fərqli olmasını diktə edir.
- Bir neçə epizodda alma görürük. Bu, Adəm və Həvva əhvalatına allyüziyadır?
- Ümumiyyətlə, filmdə bir çox simvol, eyham var. Məsələn, əhvalatın məhz yeddi gündə cərəyan etməsi. Bu, kainatın yeddi gündə yaradılmasına işarədir. Altıncı gün Allah insanı yaratdı – bizim qəhrəmanlarımız da altıncı gün tam yarandılar, ünsiyyət qurdular. Yeddinci gün isə Yaradan heç nə etmədi – nəzarətsizlikdən də bütün yaradılanlar dağıldı... Alma da doğru qeyd etdiyiniz kimi, ilkin yaradılışa işarədir. O almaları film boyu nə qədər yığsalar da onlar dağılmağa məhkumdur... Daha bir simvol – filmin adı məşhur “Yesterday” mahnısından götürülüb. Qara fonda danışan aktrisanın eynəyi əfsanəvi Con Lennonun eynəyidir, eynəyin şüşəsində əks olunan otağın çıxılmaz küncü isə yuxarıda dediyim qanunauyğunluqdan xəbər verir...
Deyə bilərsiniz ki, sadaladığım simvollar tamaşaçıya aydın çatmır. Olsun. Bu vacib deyil. Kimsə görüb bunların fərqinə varır, kimsə yox. Ən əsası tamaşaçının əhvalına təsir etməkdir. Deyəsən, buna nail ola bilmişik.
- Berqmanın “Ehtiras” filmində aktyorlar nəql zamanı öz rollarını analiz edirlər. Sizin filmdə də qara fonda aktyorlar danışır, amma analiz etmir, sadəcə, onların istifadə elədiyi ayrı-ayrı söz və ifadələr daha çox növbəti səhnəyə keçid rolunu oynayır. Filmin Berqmana həsr olunmasını deyəndə insan münasibətlərinin krizini nəzərdə tuturduz?
- Əslində aktyorlar ekranda iki obraz canlandırırlar: Rüfət Arifi və Arifi oynayan aktyoru canlandırır. Nara da eləcə – Rənanı və Rənanı oynayan aktrisanı. Bu aktyorlar da tamaşaçılarla birlikdə oynadıqları obrazları müşahidə edir, onlarla birlikdə həyəcan keçirirlər. Onların söylədikləri mətn tamaşaçıya çatdırmaq istədiyimiz informasiyadır – bu, bəzən sonrakı səhnəyə keçid kimi, bəzən də əvvəlki səhnəyə qoyulan nöqtə kimi qiymətləndirilə bilər. Bəzən də bu nümayiş etdirilən oyunun məğzini ifadə edir.
Böyük İnqmar Berqmana gəldikdə isə... Film ithafdır, həsr deyil. Sadəcə, filmi çəkdiyimiz vaxtlarda dünya Berqmanı itirdi. Yaradıcı şəxs isə öz əsərini istədiyi adama ithaf edə bilər. O ki, qaldı struktur və mövzuya – əsərini Berqmana ithaf edən şəxs əlbəttə ki, bu böyük rejissordan bəhrələnməmiş deyil.
- Başa düşülmək, mənəvi ağrının fiziki ağrıya çevrilməsi... “Dünən qəfildən gəldi...” filmində toxunduğunuz bu problemlərin uzun metrajlı filmdə daha geniş formata gətirmək fikriniz varmı?
- Filmin posterinə nəzər salsanız, böyük alman filosofu Fridrix Nitşenin ifadəsinin sloqan seçildiyini görə bilərsiniz: “Sonsuzluğa çox baxanda sonsuzluq sənə baxmağa başlayır”. Mənəvi ağrı fiziki ağrıya mütləq çevrilməlidir, çünki gözlər o ağrıya çox zillənib, indi ağrının sənə baxmaq növbəsidir. Filmdə toxunulan problemlər ümumbəşəri problemlərdir, mənim üçünsə insan faktorundan maraqlı amil yoxdur.
Filmin ssenarisi Naranın və mənim kinonovella adlandırdığımız eyniadlı povestimiz əsasında yazılmışdır, daha doğrusu povestdən bəhrələnərək tamamilə başqa bir film çəkdik. Povest isə özü-özlüyündə tammetrajlı bədii film ssenarisidir, orada çoxlu obraz və hadisələr var. Lakin bu mövzuya bir daha qayıtmaq istəməzdim. Danışmaq istədiyim başqa mövzular, demək istədiyim başqa sözlər var. Bu söz deyildi, bitdi... Povesti isə istəsəniz, dərc edə bilərsiniz.
- Arifdən sizin xarakterinizdə nəsə var?
- Mütləq. Yaradıcı adamın hər bir əsərində avtobioqrafiyasından nəsə var. Mənim də qəhrəmanımın xarakterində özümə xas cizgilər var. Bunsuz mən Arifimi necə hiss edə bilərəm ki?
- Bu, sizin yanılmıramsa ilk bədii filminizdir? Planda nələr var?
- Təəssüf ki, artıq neçə illərdir ki, planlarım plan olaraq qalır. Hərdən plan qurmaqdan əl çəkmək fikrinə də düşüb pessimizmə qapılıram. Amma insanın özünüqoruma instinktindən doğan yaşamaq, yaratmaq eşqi yenə məni planlar qurmağa vadar edir, halbuki bu yeni planlar da reallıqla qarşılaşaraq illüziyaya, utopiyaya çevrilir. Həqiqət isə budur ki, bu gün mən rejissor kimi kino strukturlarımıza, Mədəniyyət və Turizm Nazirliyimizə lazım deyiləm. Hər il “Azərbaycanfilm”də dövlət hesabına bir neçə film çəkilir, amma təəssüf ki, bu statistikadır, incəsənət deyil. Odur ki, mənim planımda nələrin olduğunu deyib illüziyalarla Sizi yormaq istəmirəm. Gözləyirəm. Amma nəyi, özüm də bilmirəm...