Rəssamın arvadı, inqilabçının sevgilisi ARAŞDIRMA

Rəssamın arvadı, inqilabçının sevgilisi ARAŞDIRMA
21 avqust 2018
# 17:05

Bu gün məşhur rəssam Frida Kalonun doğum günüdür...

1907-ci ildə Meksikada mavi evdə bir qız uşağı doğulacaqdı, amma mavi rəngin fərahlığından onun həyatına çox az şey düşəcəkdi. Meksika inqilabı dövründə doğulan və həyatı boyunca yaşadıqlarını ömrünün inqilabı edəcək qədər ehtiraslı olan bu qız, adı dünya miqyasında eşidiləcək, xüsusi ilə də ölkəsi Meksikanın seçilmiş adları arasına çəkiləcək rəssam Frida Kalo idi. Sosialist və feminist olan Frida Kalonun həm yaşayışına, həm də sənətinə eşq və kədərin təsir etdiyini deyə bilərik. Rəsmlərində həyatının kədərli bir hekayə olduğunu, göstərməyə çalışırdı.

Frida 6 iyul 1907-ci ildə dünyaya gəlib. O, macar yəhudisi Vilhem Kalo və qızıldərili əsilli Matilda Calderonun üçüncü uşağı idi. Həm içinə qapanmış, həm də hərəkətli bir uşaqlıq keçirmişdi. Həyatının uğursuzluqlarından biri olan “fiziki ağrı” onu hələ uşaqlıq illərində yaxalamıdşı.

Altı yaşı olanda uşaq iflici keçirir. Məhəllə uşaqlarının sağ ayağındakı fərqə görə “taxta ayaq” deyə çağırdıqları Frida, o biri qardaşlarına nisbətən atasından xüsusi diqqət görürdü. Fridanın uşaqlıqda kobud bir halı vardı. Anası oğlan uşağı kimi olduğunu deyib heyfsilənir, məhəllədəkilər isə “yaman da eybəcər qızın var” deyərdilər. Atası yaxşı məktəbdə oxumasında israrlı idi. 1922 –ci ilin ən yaxşı məktəblərindən olan Milli Hazırlıq Məktəbinin imtahanından uğurla keçir Frida. Köhnə olsa da xüsusi olan bu məktəb illər boyu yetişmiş neçə alimin, universitet müəlliminin və siyasətçinin beşiyi olmuşdu. Frida məktəbə başlayanda Meksikada canlanma dövrü yaşanırdı.

Frida məktəbə gedəndən sonra hər şeyə qarşı güclü bir maraq hiss edər, toplumdan qopmuş bir gənc olmaq əvəzinə toplumun ayrılmaz parçası olduğunu düşünərdi. Frida və dostları özlərini inqilab uşaqları olaraq görürdülər. “İnqilab bizim süd anamızdır” deyə yazmışdı Frida sonralar. O vaxtları gözəl günlər kimi xatırlayıb belə deyirdi:

“Çox yeniyetmələrin cavab tapa bilmədiyi “Mən kiməm?” sualının sıxıntısını yaşamaq məcburiyyətində qalmadım. Atdığım hər addım bir fakt idi; mən də onunla birlikdə var idim. Həyatım elə kəskin şəkildə dəyişdi ki, ayağımı belə unutdum. Mənasız birinin atdığı daşın ortopedik uzunboğaz çəkməmin sərt dərisinə dəyəndə çıxatdığı səsi artıq eşitmirdim…”

Frida Kalo çox keçmədən “Kaçuşas“ adını daşıyan anarxist ruhlu qrupun üzvü olmuşdu. Qrup ikisi qız olmaqla doqquz nəfərdən ibarət idi. Bu doqquz nəfərin bir çoxu gələcəkdə Meksikadakı intelektual və akademik həyatın başında dayancaqdılar. Kaçuçaslar “köklərə dönüş” anlayışına sahiblənən sosializmi müdafiə edirdilər. Qrupun üzvlərindən olan Alexandro Qombez Arias isə Frida Kalo üçün başqa bir önəm daşıyacaqdı. “İlk sevgi pişik kimi səssiz yaxınlaşdı. Onun gəlişini nə gördüm nə də eşitdim. Eşq yavaş –yavaş içimə yayıldı. (…) Eynilə iki şəkil neqativinin təsadüfən üst-üstə gəlməsi kimi.“ Bir sözlə Frida özünü ilk sevgiyə asanlıqla təslim etmişdi.

1923-cü ilin yazında Frida on beş yaşını bitirdi. Latın Amerikasında qadınlar üçün vacib bir mərhələ olan on beş yaş şənlikləri olduqca məşhur idi. Bu şənliklərdə onlar, dinə, həyata və “qadınlığa giriş”i qeyd edirdilər. Fridaya görə isə on beş yaşı təyin edən sevginin kəşf olunması idi. “Uşaq olanda bir qığılcım kimi çıtırdayardım. Böyüdüm təpədən dırnağa alov oldum. Mən inqilabın, birdə atalarımın tapdığı qoca atəş tanrısının qızıyam, buna şübhəm yoxdu.”

Frida Kalo, Alexandroya yazdığı eşq məktubları ilə oğlan uşağı havasından qurtuldu. Alexandroya aşiq olan qızcığaz bu münasibətdə əngəllərlə qarşılaşmamaq üçün əlindən gələni edirdi.

Alexandronu ailəsindən gizlədərdi. Ailəsi buna qarşı çıxmayacaqdı, amma Frida gizli münasibət yaşayaraq yaşadıqlarını daha güclü hala gətirməyi seçmişdi. Şəkillərlə bəzənmiş, öpüşlərə bürünmüş məktubları yazmaq üçün gecəni gözləyirdi. Firidanın ehtirasla örtülmüş münasibəti təəssüf ki, bədbəxt bir hadisə ilə yarımçıq qaldı. Üstəlik bu hadisə Fridanın uğursuz

həyatının da başlanğıcı olmuşdu. Keçirdiyi avtomobil qəzası rəsm çəkməyindən tutmuş, sevməyinə qədər bir çox şeyi dəyişdi Frida Kalonun həyatında.

17 sentyabr 1925- ci ildə Frida və Alexandro yan-yana oturub zarafatlaşırdılar. Gözlənilmədən gələn qatar avtobusun keçmək üzrə olduğu relslərdə dəhşətli qəza törətmişdi. Şiddətli zərbə

nəticəsində avtobus sürüşmüş, içində üzbəüz oturan adamlar bir birinə dəymiş, ən pisi isə, bir neçə dəfə fırlanan avtobusun pəncərəsindən çölə düşmüşdülər.

Aleksandro qatarın altına yıxılmışdı. Frida isə şüşə qırıntılarının üstündə huşunu itirib qalmışdı. Ətrafına yığışan adamlar “Baxın, baxın, kürəyində nəsə var,” deyə bağırırdılar. Alexandro yaxındakı çayxananın qabağına qoyulmuş bilyard stoluna qədər Fridanı qucağında gətirmiş, Fridanın bədənini deşib keçən böyük dəmir parçasını ətrafındakı adamların köməyi ilə dartıb çıxarmışdı. Qışqırıqlar, qan və ölüləri daşıyan maşınların içində başını itirən Alexandro Frida üçün “öləcək, öləcək” deməkdən başqa heç nə edə bilmirdi. Alexandro sonralar hadisəni belə

danışırdı: “Dəmiri çıxaranda Frida elə

bağırmışdı ki, səsi qızıl xaçın tibbi yardım maşınının siqnal səsindən bərk çıxmışdı.”

Hadisədən sonra boz xəstəxana otaqları, kədər dolu anlar Fridanı gözləyirdi. Həkimlər yaşamağının möcüzə olduğunu demişdilər. Firidanın bütün bədənini sarımışdılar, bircə üzü zədələnməmişdi. Üçüncü və dördüncü onurğa sümükləri qırılmışdı. Onurğa sümüyündəki 3, sol ayağındakı on bir qırıq, sol dirsəyindəki çıxıq onun ən yüngül yaraları idi. Daha pisi isə, sağ ombasından girib cinsiyyət orqanından çıxan dəmir parçası idi. Frida qəzadan sonra düz doqquz ay ərzində gipsdən düzəldilmiş korset geyinmək məcburiyyətində qalmışdı.

Hadisədən bir ay sonra onu evə buraxdılar. Tərpənmədən kürəyi üstə yatmağa məhkum idi. Yatağına uzanan kimi ilk işi Alexandroya məktub yazmaq oldu. Ancaq Alexandrodan gələn cavablar Fridanın gözlədiyi kimi deyildi, iki sevgili bir-birilərindən ayrılmaq üzrə idilər. Beləliklə Fridanın fiziki ağrılarının üstünə bir də eşq ağrısı gəlmişdi.

Ancaq Frida bu sevgini belə asanlıqla bitirmək istəmirdi. Çünki sahib olduğu yaralı ruh və bədənlə edə biləcəyi tək şey Alexandroya aşiq olmaq idi. Bu səbəbdən içindəki sevgisi gündən – günə böyüyürdü. Bütün bu uğursuz şərtlər içində Frida yenə də fövqəladə bir güc nümayiş etdirirdi.

Bu arada ailə üzvləri Fridanın yatağını dəyişdirib daha rahat ola biləcəkləri bir yataq hazırlamışdılar. Yeni yataqla birlikdə Fridanın yaşamı da dəyişmişdi. Sütunlu yatağın tavanına ayna düzəltdirmişdilər. Özünün dediyi kimi bu güzgü onun günlərinin və gecələrinin cəlladı olmuşdu. “Artıq hər yerdə Frida vardı.” Tavanına ayna asılana qədər şəkil çəkmək istəyi yox idi Fridanın. Sonralar isə eşq və rəsm Fridanın həyatının ayrılmaz hissəsinə çevrilmişdi.

İlk tablo təbii ki, Alexandro üçün çəkilmişdi. “Və əslində elə də önəm vermədən şəkli çəkməyə başladım” deyən Frida ilk dəfə rəsm çəkəndə on doqquz yaşında idi. Korsetə sarılmış Frida, öz rəsmini çəkdiyi portretində özünü mükəmməl qadın kimi təsvir etmişdi. Əynində şərab rəngli yaxası işləmələri paltar vardı. Gözlərindəki ifadə kəskin idi. Sağ əli önə doğru uzanmışdı. Şübhəsiz ki, əlini Alexandronun tutması üçün uzatmışdı.

Bu tablo Alexandro ilə Fridanın itib getməkdə olan sevgisini təzələmişdi. Üstəlik hər ikisi başqa ölkələrdə idi. Frida yatağında, Alexandro isə başqa bir coğrafiyada ikən münasibətləri davam edirdi. 1926-cı ilin son ayları həsrət, rəsm, ümid və həyəcan içində keçmişdi. Amma Alexandronun səfərləri bitmək bilmirdi. Buna bir az da onun ata-anası səbəb olmuşdu. Təhsilini bəhanə edərək onu şikəst Fridadan uzaqlaşdırırdılar. Əlindən ağlamaqdan başqa heç nə gəlməyən Frida bu şoku da sovuşdurdu.

O qədər qürurlu idi ki, ümidli anları keçən kimi özünü toparladı. Qəzadan öncə ilk sevgilisi Alexandro ilə başqa ölkələrə getməyin xəyalını quran Frida, Alexandronun tək Meksikadan ayrılmağı ilə gənclik xəyallarına vida etmişdi. Bu vaxtlarda həm də səhhəti ilə başı bəlada idi. Korsetin birini çıxardıb o birini taxırdılar. Bir korsetin taxılması ən az dörd saat çəkirdi. Xəstəlik dolu günlər Frirdanı rəssamlığa yaxınlaşdırırdı. Öz portretindən sonra ətrafındakıların şəkillərini çəkməyə başladı. Səhhəti icazə verdiyi qədər işləyirdi.

1927-ci ilin noyabrında Alexandro Avropadan qayıdanda Frida bir az yaxşılaşmışdı. Ağrıları olmasına baxmayaraq oturur, yeriyirdi. İki gəncin münasibəti aylar keçdikcə əvvəlki kimi olmağa başlayırdı. Alexandroya görə çox yaxşı bir dostluq, Fridaya görə isə sadəcə sevgi idi aralarındakı.

1928-ci ilin əvvəllərində Frida sənət aləminə girməyə başlamışdı. Bu arada Alelxandro başqa birinə aşiq olur. Frida buna inanmır, aralarında sevginin olduğunu deməkdən əl çəkməsə də, uşaqlıq sevgisinin bitməsinə mane ola bilmir.

Frida Kalonun sənət aləmindən görüşdüyü adamlar kommunist mübarizəsinin içində idilər. Frida kubalı kommunist xadim Xulio Antonio Mellayla tanış oldu. Mella o dövr İtaliyan mənşəli Tina Modoti ilə yaşayırdı. İki qadının qısa müddətdə bir birinə simpatiyaları yarandı. Frida dostu Tinanın təşkil etdiyi siyasi iclaslarda, sənətçilərin təşkil etdiyi əyləncələrdə iştirak etməyə

başladı. Qısa müddətdən sonra Frida bir çox dostlarının qoşulduğu Kommunist Partiyasına qoşuldu.

Frida həyatının kişisi olacaq Dieqo Rivera ilə ölkənin vəziyyəti haqqında danışıldığı və sənət ətrafında mübahisələrin getdiyi bir iclasda tanış olmuşdu. Fridanın Dieqo Rivera ilə ilk qarşılaşması yeniyetməlik dövrlərinə təsadüf edirdi əslində. 1922-ci ildə Frida Milli Hazırlıq məktəbində tələbə ikən Dieqo Rivera məktəbin divarında böyük bir rəsmi çəkmək üçün çalışırdı. Frida bir küncdə oturub Dieqonun divar rəsmini izləyirmiş. Bu iri gözlü, div kimi adamın təsiri altında saatlarca fırçanın hərəkətini izləməkdən yorulmurdu.

Bunu ilk qarşılaşma saysaq ikinci qarşılaşma axşam iclasında olmuşdu. Dieqo Rivera Fridanın da qatıldığı bu iclasın diqqət mərkəzində olanlardan idi. Hər zaman olduğu kimi ətrafından qadınlar əskik olmurdu. Frida ölçüsüz hərəkətləri olan bu div adamdan xoşlanmağa başlayır. Bir neçə dəfə də qarşılaşandan sonra bir gün Frida o günə qədər çəkdiyi bütün şəkilləri divarda şəkil çəkən Dieqonun yanına gətirir. Aşağıdan yuxarı baxıb “bir az aşağı düşün” deyəndə Dioeqo ağzında sönmüş siqareti ilə işləməyə davam edirdi. Firida çox çalışandan sonra, onu aşağı düşməyə məcbur edir. Dieqo rəsmlərə baxıb Fridadan başqa rəsmlərinin olub-olmamasını soruşur. Onları gətirə bilməyəcəyini evinin çox uzaqda olduğunu deyən Frida Diegonu evlərinə dəvət edir. Dieqonun gəlişini portağal ağacında gözləyən Frida və o gün mavi evə ilk dəfə gələn Dieqo Rivera iyirmi beş il davam edəcək bir sevgiyə belə başlayırlar.

İyirminci yüzilliyin ən istedadlı rəssamlarından olan Dieqo Rivera rəngarəng və sürprizlərlə dolu həyatıyla Fridanın həyatına girəndə qırx üç, Frida isə iyirmi iki yaşında idi. 21 avqust 1929-cu ildə evlənirlər. Bu evlilik Fridanın anasını sevindirmir, çünki Dieqonun yaşlı, qoca, çirkin, sənətçi, kommunist, ateist biri olduğuna görə üzülürdü. Üstəlik Riveranın sadiq kişi olmadığı, ona modellik edən hər qadına birlikdə olduğu söz-söhbəti də sənət çevrəsində dolanırdı. Fridanın atası isə hər şeyi qəbul etmişdi. Fridanın ailəsi bunun bir fillə ağ göyərçinin evliliyinə bənzədirdilər. Tutqulu və yaradıcı bu iki insanın nikahına Fridanın atasından başqa heç kim gəlməmişdi.

Dieqo Rivera uzun illər Avropada qalmışdı və oradan bezmişdi. Frida ilə evləndiyi dönəmdə ölkəsinin mücadilələri, ənənələri və qadınları ilə məst olmağa hazır idi. Frida Dieqonun xoşuna gəlmək istəyirdi. Qərb mədəniyyətini mənimsəmiş olmasına və ana dili kimi almanca danışmağına baxmayaraq meksikalılardan daha çox meksikalı idi.

Evləndikdən qısa vaxt sonra kasıbçılıq ucbatından qaldıqları evdən köçüb mavi evə yerləşirlər. Bir neçə ay sonra Frida hamilə qalır, ancaq həkim çanaq sümüyündə anadangəlmə problem

olduğuna görə uşağı dünyaya gətirə bilməyəcəyini deyir. Frida bu xəbərdən günlərlə ağlayır, Dieqodan uşağının olmayacağına görə çox pis olurdu. Kənardan baxanda bərabərlikləri qarmaqarışıq görünən Kalo və Rivera sənətçilərə aid qəzet, jurnallarda həmişə izlənilən cütlük idilər. Necə bir münasibət idi bu; qadın adamın anası, adam qadının atası, adam qadının böyük qardaşı, qadın adamın sevgilisi, adam qadının əl çəkə bilmədiyi aşiqi, iki dost və iki yoldaş...

Fridaya görə bu sevgi dolu münasibət üstəlik kainat kimi rəngarəng , müqəddəs bərabərlik idi. Evlərinin qapısı xan qapısı kimi hamının üzünə açıq idi. Axşamlar orada çox zəngin adamlar, eləcə də adi işçilər görmək olardı. 1930-ciu ildə Dieqo bir divar rəsmi çəkmək üçün Amerikaya dəvət edilir. Dieqo “kapitalist bir ölkə üçün rəsm çəkəcək ” tənqidlərinə qulaq asmayaraq Amerikaya gedir. Bu Fridanın etdiyi ilk yolçuluq idi.

Amerikada hər ikisi insanları maqnit kimi özlərinə çəkirdilər. Fridanın cəlbediciliyi Dieqonun amerikalı modellərlə birlikdə yoxa çıxmasına mane olmurdu. Bunlardan uzaqlaşmağın Frida üçün bir yolu vardı, şəkil çəkmək. Həmin vaxtlarda sağ ayağı ilə bağlı yaranan problem də yaxasını buraxmırdı. Hərəkətsizlik onu tamamilə rəsmə bağlayırdı. Bu dövrdə çəkdiyi şəkillərdə Dieqonun təsiri görünmürdü. 1931-ci ildə Meksikaya - mavi evə dönən cütlük çox keçmədən yenidən Amerikaya qayıdır. Dieqo Rivera Nyu-York Müasir İncəsənət Muzeyində sərgi açmağa dəvət alır. O dönəmdə Frida təkcə kişilərə yox, qadınlara da gülüşlər və comərd baxışlar ötürürdü. Dieqoya yaxınlaşan qadınları uzaqlaşdırmağın ən yaxşı yolu diqqəti öz üzərinə çəkmək idi. Bu arada Frida ikinci dəfə hamilə qalır. Dieqo uşağı istəməsə də Fridaya bu barədə heç bir təzyiq göstərmirdi. Həkim isə Fridaya yalnız qeysəriyyə üsulu ilə uşağı dünyaya gətirməyə icazə verir.

Frida günlərini ,gecələrini uşağın Dieqo ilə münasibətlərinə necə təsir edəcəyi barədə düşünməklə keçirirdi. Bu düşüncəli gecələrin birində, gecəyarısı uşağını itirdi. Yarımçıq qalan hamiləliyini təsvir etdiyi tablosunu isə Henri Ford xəstəxanasında bitirmişdi. Qısa müddətdən sonra anası Matildanın xərçəng xəstəliyinə tutulduğunu və vəziyyətinin pis olduğu öyrənir. Dieqonu Amerikada qoyub Meksikaya qayıdır. Anası 15 sentyabr 1932-ci ildə ölür. Frida Kalo bir ay Meksikada qalır. Məmləkətində xoşbəxt olsa da Dieqodan nigaran idi.

1934-cü ildə cütlük Mexikoya, San-Angeldə aldıqları evlərinə qayıdırlar. Amerikadakı illər ərzində Frida Dieqonun başqa qadınlarla münasibətləridən xəbərdar olur, hər dəfəsində Dieqonun ona qayıtdığını görüb bunları ciddiyə almamağa çalışırdı. Ancaq Meksikaya qayıdanda Dieqonun münasibətə girdiyi bir qadın Fridanı çox ağrıdır. Dieqo Fridanın kiçik bacısı Kristina ilə birlikdə idi.

“Tolerant və azad olmağa çalışdım. Hamımızın dünyaya bir dəfə gəldiyini və həyatımızı ən yaxşı şəkildə yaşamağın məntiqli olduğu fikrini mənimsəməyə başladım. Yenə də əziyyət çəkirəm. Üstəlik kədərlənməkdən də ötə günahkarlıq hiss edirəm. Çünki azad düşüncəyə sahib olduğunu deyən birinin belə əziyyət çəkməsi doğru deyil. Bir sonsuz dönəm idi, özümü xilas edə bilmirdim. Aylar keçir, münasibətləri hələ də davam edirdi.”

Bu ağrıdan qurtulmağın yolunu tək bir ev tutmaqda görürdü Frida, ancaq bu da bir çarə olmadı. 1935-ci ilin yazında bu vəziyyətdən bezərək Nyu-Yorka getdi. Əslində bu da işə yaramadı. Qısa müddətdən sonra Dieqoya məktublar yazmağa başladı, ona ehtiyacı olduğunu və bu münasibəti bitirməmək lazım olduğunu düşünərək məmləkətinə geri dönür. Dieqonun bütün bu münasibətləri Frida üçün ortaq yaşamın gizlin bağlanmış müqaviləsi idi. Bu düşüncə ilə özünü rahatlaşdıran Frida heykəltəraş İsamu Noquçi ilə birlikdə olmağa başladı. Qələbəliklər içində Dieqo qədər rahat olmayan Fridanın İsamu ilə olan münasibəti bir il davam elədi, ta ki, Dieqo bir gün silahla gələnə qədər.

Fridanın sağlamlığı ilə bağlı problemləri davam etməkdə idi. 1936-cı ildə sağ ayağından üçüncü dəfə əməliyyat oldu. Onurğa sütunundakı ağrılar get-gedə artmağa başladı. Amma hər şeyə rəğmən ağrı Fridanın yaşama sevincini azalda bilmir, əksinə artırırdı. Yaşam sevincinə və dözümə sahib olan Frida Dieqo ilə arasındakı yaş fərqinə rəğmən hər zaman səbrli, müdrik olan tərəf idi.

Rivera və Kalo cütlüyünün həyatında fərqli bir dövr başladacaq hadisə isə 1937-ci ildə gerçəkləşdi. Stalin tərəfindən Sovetlər Birliyindən qovulan Lev və Natalya Troski Dieqo Riveranın vasitəsi ilə Meksika hökumətindən siyasi sığınacaq aldı. Troskilər o dönəm boş olan mavi evə yerləşirlər.

Rivera cütlüyü əsrin ən önəmli adamını qonaq etdikləri üçün qürur və sevinc hiss edirdilər. Troski cütlüyü də etibarlı yer tapdıqları üçün xoşbəxt idilər. Çox keçmədən Frida ilə Lev Troski

arasında sevgi başladı. Fridanın və Troskinin dünyası bir-birinə bənzəyirdi, bəlkə onları bir-birinə çəkən də bu olmuşdu. Çətin bir dünya idi onlarınkı. İkisinin də əhatə edən siyasi və psixoloji çevrə düşünüləndə bu münasibətin asan olmadığı aydın görünürdü.

Hər şeydən əvvəl Natalya Troski və Dieqo Rivera başda-başa ciddi maneə idilər. Natalya mücadilə edən və həmişə Troskiyə dəstək olmuş həyat yoldaşı idi. Dieqo isə şorgöz, qısqanc və ölçüsüz bir div idi. İki yeni sevgili bütün bunları nəzərə alaraq sevgilərini yaşatmağa çalışsalar da münasibətləri Natalyanın gözündən qaçmır. Dieqonun isə heç nədən xəbəri yox idi. Günü-gündən böyüyən sevgi mavi ev sakinlərini rahatsız edirdi. Üstəlik Troskinin ölüm təhlükəsi də vardı.

Bütün maneələrə rəğmən Frida və Lev Kristinanın evində görüşürdülər. Bu qısa və ehtiraslı münasibət 1937-ci ilin iyul ayında qəfil bitdi. Frida 7 noyabr 1937-ci ildə sevgilərinin bitməsinə sübut olaraq Troskiyə portretini hədiyyə etdi.

Qarmaqarışıq həyatı davam edən Frida məşhur bir rəssam kimi tanınmaqda idi. Frida həmişə öz həqiqətinin rəsmlərini çəkdiyini deyirdi. 1937-38-ci illər Frida üçün qarışıq dövr hesab edilir. 1938-ci ilin yazında Amerikalı aktyor Edvard G. Robinzon Fridanın dörd rəsmini birdən alır, bu isə sənətçinin ilk böyük satışı hesab olunur. Bir neçə ay sonra iyirmi beş rəsminin sərgilənəcəyi sərgiyə qatılmaq üçün Nyu-Yorka gedir. Sağlamlığının qaydasında olmamasına baxmayaraq əhvalı çox yaxşı idi. Dieqodan uzaqlaşması azadlıq hissini bir az da artırmışdı. Dieqonun təsirindən çıxıb özünü sübut etmək istədiyi bir dönəmdə idi.

Bu şərtlər altında Amerikada bir kişidən o birinə qaçırdı. Bir çox kişi arasında ən məşhuru Nikolas Muray idi. Fotoqraf olan Nikolasla qısa müddət ərzində bir-birinə bağlandılar. Ehtiyacı olan təsəlli və istiliyi şöhrətin zirvəsində olan Nikolasda tapmışdı Frida.

Dieogo arvadına məktublar yazıb bu uzaqlığın işləyə bilməsi üçün yararlı olduğunu deyirdi. Bu Fridanın ürəyini rahatladırdı. Frida bu azadlıq dövründə kiminlə nə yaşayırdısa yaşasın Dieqoya olan bağlılığını əsla itirmirdi. Bir yandan da yaşadığı eşqlərə özünü təslim etməməyi öyrənirdi. Nikolas Dieqonun varlığından xəbərdar idi, amma onun varlığının münasibətlərinə təsir etməməsindən xoşbəxt idi. Frida yeni sevgilisi ilə məhəbbətin qollarına atılmış, onun zəkasından və şəhvətindən yararlanırdı. Frida və Nikolas cütlüyü məktəbli aşiqlər kimi Nyu-York küçələrində gəzir, öpüşür və qəhqəhələr çəkirdilər. Frida gündəliyində Dieqo və Nikolasa qarşı sonsuz bir sevgi bəslədiyini hər ikisini birdən sevdiyini yazırdı. Onda onun içində iki Frida vardı.

Şəxsi həyatında xoşbəxtliyi qazanan Fridanın şəkilləri 1939-cu ildə Parisdə sərgilənmiş və çox bəyənilmişdi. Pikasso bir məktubunda Diyeqoya belə yazırdı: “Nə sən, nə Derain, nə də mən Frida Kalo kimi üzlər çəkə bilmirik.” Fransadan Nyu-Yorka qayıdanda bir sürpriz Fridanı gözləyirdi. Nikolas evlənəcəyini deyib Fridanı tərk etdi. Frida kədər içində böyük bir boşluqla Meksikaya qayıtdı. Qayıdanda Dieqonun macar əsilli bir qadınla olan münasibəti ilə çalxalanan bir mühitlə qarşılaşdı.

1939-cu ilin yazı Frida üçün ümidsizliklə keçir. Dieqo həyatını San-Angeldəki evdə keçirdi. Heç ziyarət də edilməyən Frida Dieqosuz günlərini ona göndərmədiyi bir məktubda belə yazırdı:

Gecələrim döyünən böyük bir ürək kimidir. Saat üçdür. Gecələrim aysızdır. Gecələrim pəncərələrdən süzülən boz işığa gözünü qırpmadan baxır. Gecələrim ağlayır, yastığım nəmli və soyuqdu. Gecələrim mənasız bir sonluğa uzanır. Gecələrim məni sənin yoxluğuna itələyir. Səni axtarıram, yanındakı div bədənini, nəfəsini, iyini axtarıram (... ) Bədənim, bu şikəst külçə sənin istiliyində bir anlıq özünü unutmaq istəyir. “

Cütlük bir-birindən yavaş-yavaş qopmağa başlayır, Frida isə inanılmaz ağrılar çəkirdi. Nikolasa yazdığı məktubda hər şeyin get-gedə pisləşdiyini və Dieqoyla münasibətlərinin tamamilə bitdiyini yazmışdı. Sentyabr ayının sonunda Frida və Dieqo razılaşma ilə boşanma davası açdılar. İlin sonunda isə boşandılar. Dieqo mətbuata boşanmalarının duyqusallığa bağlanmadığını açıqladı. Frida isə boşanmalarını tamamilə şəxsi iş olduğunu deyib bu haqda danışmaq istəmədiyini bildirdi. Bu ayrılıq nəticəsində ürəyi sınmış olan Fridanın 1939-1940 - cı illərə sağlamlıq durumu da pisləşmişdi. Bütün bu olanların sağlamlığına təsir etməməsi mümkünsüz idi.

Kürəyindəki ağrılar elə artırdı ki, iyirmi kiloluq bir alət vasitəsi ilə onurğasının sabitlənməsinə ehtiyac oldu. Hər şeyə rəğmən o hirslə rəsm çəkməyə davam edirdi. Ruhi vəziyyətinin yaxşı olmadığı o günlərdə bir də Troskinin sui-qəsd nəticəsində öldürülməsi Fridanı yerlə yeksan etmişdi. Səhhəti get-gedə pisləşən Frida əməliyyat üçün San-Fransiskoya getmişidi. Getməmişdən az əvvəl Dieqoyla barışıq ərəfəsində idi.

Dieqo qısa müddətdə sonra Fridaya yenidən evlənmək təklifi etdi. 8 dekabrda onlar yenidən evlənirlər. Bu dəfə Frida Dieqoya bəzi şərtlər qoyur. Şərtlərdən ən önəmlisi cinsi münasibətlərinin olmaması idi. Çünki Dieqonun başqa qadınlarla əlaqəsi olan müddətdə Frida ilə də münasibətinin olması Fridaya inanılmaz əziyyət verirdi. Beləliklə azadlıqdan və dostluqdan qurulmuş bir yaşama başlayırlar. İllər keçdikcə Fridanın sağlamlığı tamamilə pozulur. Gipsdən və dəridən geyindiyi korsetlərdən sonra 1944-cü ildə ilk dəfə polad korset istifadə etməyə başlayır.

“Həyatım boyunca neçə-neçə korsetlərdən istifadə etdim. Sayanda hesabı otuza qədər çıxara bilirəm. Onları kiçik kağızlarla, parçalarla, bəzədim, rənglədim. Yenə də bu gips parçaları, ya da dəmirlərlə örtülmüş yaralı bədənimi Bretonun deyimiylə “çılğınca sevən” birinin olduğunu qəbul etməliyəm.”

Frida Kalo arıqlamağa başlayır. Bəzən qan köçürməsinə ehtiyacı olurdu. Təkcə kürəyində yox, çiynində, başında boynunda olan ağrılar onu növbəti əməliyyata getməyə məcbur etdi. 1946-cı ildə onurğa sümüyü əməliyyatı olmaq üçün yenidən Nyu-Yorka getdi. Dörd onurğa, omba sümüyündən götürülən bir parça və on beş santimetrlik metalla tutuldu. Bu arada dostu Aleksandraya yazdığı məktubda bədəninin yaşam dolu olduğundan yazırdı. Əməliyyatdan sonra ağrıları elə artdı ki morfilər belə işinə yaramadı. Əməliyyat müddətində onurğa sümüklərinin səhv qaynaqlandığı ortaya çıxdı. Frida yavaş-yavaş ümidini itirməyə başladı. Həkim vədləri, korsetlər, sağ ayağındakı iflic... Problemlər bitmək bilmirdi.

“Bədənimin bütün yaraları maqnit kimi özünə çəkdiyi duyğusu məni heç tərk etmədi.” - deyə yazırdı gündəliyində. Ağrıların bu dönəmində alkaqol və şəkil sakitləşmək üçün tək çarə idi. Hər gün saatlarla rəsm çəkirdi 1950-ci ilə qədər hüzn dolu tablolar bir-birini əvəzləyirdi...

Frida Kalonun 1951-ci ildə xəstəxanadan çıxanda gündəliyinə - “Heç bir sözün izah edə bilməyəcəyi bir ümidsizlikdi bu, amma hər şeyə rəğmən yaşamaq istəyirəm.” - deyə yazırdı. Yaşam deyilən əfsanə ölüm təhlükəsi ilə üzbəüz idi. Fridanı həyatla ölüm hər tərəfdən çəkişdirirdilər. Dieqo isə Fridanın çətin günlərində arvadının əziyyət çəkdiyini görməmək üçün ortalıqdan yox olamağı seçmişdi. Frida qırx altı yaşına girəndən bir müddət sonra uşaqlıq ağrılarının yadigarı olan sağ ayağı kəsildi. Dieqonun bu dönəmlərdə də həmişəki kimi sevgililəri olurdu. Frida isə həyatdan möhkəm yapışmışdı. Sağlamlığına və əlil arabasına məhkum olmasına rəğmən kommunistlərin təşkil etdiyi bir nümayişə qatılmaq istəməsinə heç kim mane ola bilmədi: “Şikəstliyimdən və ağrılarımdan daha önəmli şeylər olduğuna bir daha inanmaq istədim.”

13 iyul 1954-cü ildə yatağında cansız tapılan Frida Kalo ağciyər çatışmamazlığı səbəbi ilə həyatla vidalaşdı. Fridanın son tablosu, iştahaçıcı qırmızı qarpızlardan ibarət “Yaşasın yaşam” adlı natürmort oldu...

Burcu Aktaş, “Hər şeyə rəğmən eşq, kədər və rəsm” kitabından

# 5049 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #