Niyə bu qədər sevdim - ŞEİRLƏR

Niyə bu qədər sevdim - <span style="color:red;">ŞEİRLƏR
22 iyul 2015
# 19:30

Kulis Elnaz Eyvazın yeni şeirlərini təqdim edir.

***

bir axşam bir zəng gələ
susan telefonuna:
salam, xanım, bağışla,
yaşadığın özgənin taleyidir, səhv düşüb.
səhər yuxudan durub,
yeni həyata başla...

***

Bilirsən, ata,
bilirəm,
mən sənin ölmüş ümidlərinəm,
dilinə gətirmədiyin,
gözlərindən asdığın
arzularınam.
bağışla, məni,
bağışla ki bilirəm...


bilirsən ata,
bilirəm,
məndən daha böyük mən gözləyirdin,
olmadım.
istəməzdim belə olsun,
bu qədər zalımam yəni.
bilirsən səni
nə qədər sevdiyimi...


bilirsən, ata,
bilirəm,
elə bilirsən bilmirəm?!
mən sənin xəyallarının məzarıyam,
alnımda yazı yerinə
ümidlərin sıralanıb.
bilirsən, ata,
bilirəm,
bilirəm ki, sən
tanıdığım ən yaxşı adamsan,
ona görə yox ki atamsan.
ona görə ki,
sənin qədər kimi göynətsəydim,
çoxdan
alnıma sıxıb gülləni
xilas etmişdi məni...

***

Dərdimə dərman kimisən;

bir damcın da yerə düşməsin deyə,

dözürəm hər şeyə...

***

Tamdan hissə-hissəyəm,

hissə-hissəyəm, adam.
bir az sevincəm, sevin,
bir az qüssəyəm, adam.

Harda, nə vaxt bilmirəm
bölündüm para-para.
uzun-uzun yol gəldim,
harda idim, gör hara.

Yarı mənəm, bildiyin,
yarı sənəm, yarı sən.
bütünə gücüm çatmır,
yarı daşı barı sən.

Nəyim varsa toplayıb
gəlmişəm üzü sənə .
ruhumu duymayanın
qurbandır yüzü sənə...

***

Baha başa gəlmisən mənə:
çəkdiyim ağrıların,
ayaqlarıma zəncirlənmiş,
əzabların bədəli kimi.

Nə ağıllıya tay oldum, ağıllım,
nə də yaşadım dəli kimi.

İtirdiklərimə şükür:
səsimə hay,
uzalı əllərimə ümid yeri,
qaranlıqda iynə gözü qədər işıq kimi,
ruhuma hüzur,
vücuduma yaraşıq kimi
gəlmisən.

Yüyürdüm, yıxıldım,
qalxdım,
dizlərimin tozunu çırpıb
gözlərimin qarasında gizləndim hamıdan.

Heç kəsə əyilmədim,
utanmadım kimsənin qarşısında
baxıb gözlərimdəki kölgəyə.

Acılarımın gözünə
səni qatdım,
sənə tutundum,
yaşaya bilim deyə.

***

Ömür dediyin ki, var,
təpə-dırnaq savaşdı.
ürək isinməyəndə
fəsillər hamsı qışdı...

***

Niyə axı bu adamı
mən bu qədər sevdim, niyə?!
bu qədər sevilmək olmaz,
adam da salıb tərsliyə.

Əllərində ovuc-ovuc
açılmaq var, bükülmək var.
yaxasına ilgək-ilgək,
düymələnib tikilmək var.

Dizlərində xumarlanıb
uşaq kimi uyumaq var.
korun-korun yana-yana
qollarında soyumaq var.

Saçlarının arasında
barmaqlarım daraq-daraq.
kitab kimi oxunmaq var
dizi üstə varaq-varaq.

Gözlərində baxış-baxış,
ərimək, itmək var axı.
hər görüşün nəhayəti,
ayrılıb getmək var axı.

Niyə axı bu adamı
mən bu qədər sevdim, niyə?!
bu qədər sevilmək olmaz,
adam da salıb tərsliyə.

***

Və bir gün biri gələr
sevər səni...
sevərsən...
anlayarsan ki,
bütün sevdiklərini
onu sevirsən deyə sevirsən.

***

Daha baxmıram ev elanlarına,
daha sıxmır kirayə mənzilim məni.
xatırlamıram, düşünmürəm dünəni;
hər gün bu gündür.

Yerimi bilən yox,
ünvanım səndə gizlin.
necə rahatam, bir bilsən,
yığışıb sənə köçmüşəm,

indi mənim evim sənsən...

***

Düşüb nadan əlinə
bir ömürlük zay olduq.
nə öldük ölən kimi,
nə diriyə tay olduq...

***

Paran, pulun, payın,
şöhrətin, adın,
yoxdu gözümdə:
ürəyin döyünsün,
gözlərin baxsın,
səsin gəlsin,
bir də... səsin...
mən gözütox adamam,
adam...
nəfsimi öldürər
quruca nəfəsin...

# 1503 dəfə oxunub

Oxşar xəbərlər

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

"Mən indi bilirəm, İlahi..." - Sevinc Mürvətqızının essesi

17:00 1 oktyabr 2025
"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

"Ağalar Qut ciddi fəlsəfi problemlərlə məşğul olsun" - Əsəd Cahangirdən SƏRT CAVAB

12:00 1 oktyabr 2025
Rembrandtla dostluq edən holland rəssam - Ona niyə  "kiçik xərçəng" deyirdilər?

Rembrandtla dostluq edən holland rəssam - Ona niyə "kiçik xərçəng" deyirdilər?

10:40 1 oktyabr 2025
“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

“Bibliya" necə dəyişdirilib? – Tərcümənin gizli tarixi

17:00 30 sentyabr 2025
Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

Bu sözü dilimizə Səməd Vurğun gətirməyib - İllər sonra üzə çıxan həqiqətin pərdəarxası

12:06 30 sentyabr 2025
İlya Repin  impressionizmdən niyə  imtina etmişdi?

İlya Repin impressionizmdən niyə imtina etmişdi?

14:15 29 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər