Filosof imperatorun “Düşüncələr”i ARAŞDIRMA

Filosof imperatorun “Düşüncələr”i ARAŞDIRMA
20 dekabr 2012
# 13:21

Olur ki, müəllifin, onun əsərinin adını ilk dəfə eşitdiyin, oxuduğun, gördüyün günün hətta ən xırda detalları və aurası da illər sonra belə yaddaşında ilişib qalır. Ömrün fəsilləri bir-birini əvəzləyir, sən isə bu gün kimi xatırlayırsan: Nə vaxtdı, harada idin, ətrafında kimlərdi, hava necəydi, ilk təəssüratın nə oldu?...

1986-cı ilin qış axşamlarından biri. Soyuq Zaqatala, isti ev. Sobanın böyründə, divanın küncündə, kürəyin yastığa söykəli, ayaqların stulun üstündə... “Znanie-sila” jurnalının dostumun atasının arxivindən götürdüyüm köhnə nömrələri. 1980-cı il nömrələrindən birində bənzərsiz Natan Eydelmanın (yazıçı? tarixçi? filosof? filoloq? - Hamısı bir yerdə) məqaləsi: “Qeyri-adi adamın etirafı”. İlk dəfə eşitdiyim ad - Mark Avreli. İlk dəfə eşitdiyim “peşə” - filosof-imperator. Fəlsəfi cərəyan - stoisizm. Kitab - “Düşüncələrim” (“Özüm haqqında müakimələr”). Yazılıb - 1800 il əvvəl.

Soyuq Zaqatalada oxunan o məqalənin qəhrəmanı 2-ci əsrdə, soyuq qış günlərində, Dunay sahillərindəki hərbi düşərgədə, indiki Macarıstan ərazisində, german tayfaları ilə savaşın fasiləsində “Yadına sal, neçə dəfə sən mühakimələrini təxirə saldın və neçə dəfə Tanrıdan əlavə vaxt alaraq onlardan yararlanmadın” yazır.

O yorğundur, qocalıb, üşüyür, qaranlıq çadırda, komfortdan uzaq bir şəraitdə həyat təcrübəsini, dünyagörüşünü mürəkkəbə çevirir. Sonralar bu qeydlər 12 kitab şəklində, “Düşüncələrim” adı ilə məşhur olacaq, onu Monten, Volter, Puşkin, Tolstoy, Çexov... oxuyub tərifləyəcək və hamını da ilk növbədə yüzillərin sınağından çıxan əsərin müəllifinin imperator olmağı təəccübləndirəcəkdi.

İmperator. Özü də dünyanın ən məşhur imperiyasının - İspaniyadan Xəzər dənizinə, Şimal dənizindən Mərkəzi Afrikaya qədər uzanan ən güclü dövlətin, Romanın imperatoru. Fəlsəfəyə meylli hökmdarlar bəlkə də hər əsrdə peyda olub, ancaq filosof-imperator bircə nəfərdir - Mark Avreli Antonin.

***

Onu stoisizmin son (Roma) dövrünün 2 məşhur nümayəndəsindən biri sayırlar. İkinci məşhur nümayəndə - qul Epiktetdir. Bu da paradoksdur - stoisizmin sütunlarını üzərində saxlayan 2 filosofdan biri imperator, digəri isə quldu. Və hətta bir-biri ilə rastlaşa da bilərdilər - Epiktet dünyadan köçəndə (138-ci ildə) Mark Avrelinin 17 yaşı vardı. 161-ci ildə (40 yaşında) o, Roma imperatoru olacaq, düz 20 il hakimiyyətini sürdürəcək və 180-cı ilin aprelində taun xəstəliyindən vəfat edəcəkdi.

Roma imperatorluğu tarixində 85 illik bir dövr var ki, onu “5 qızıl imperator” dövrü adlandırırlar. Eranın 96-cı ilində Nerva ilə başlayıb və 180-cı ildə böyük filosof Mark Avrelinin ölümü ilə bitib. Müstəbid Domisianın qətlindən sonra imperator elan olunan Nervanı Trayan, Trayanı Adrian (Marqerit Yursenar ona “Adrianın xatirələri” romanını həsr edib), onu isə Antonin Piy əvəzləyib. “Antoninlər” adlanan bu sülalənin 5-ci imperatoru Mark Avreli, sonuncu nümayəndəsi isə onun oğlu Kommod (Ridli Skottun “Qladiator” filmindən hamıya tanış olan) olub. “5 qızıl imperator”un hər biri hakimiyyəti irsən yox, əvvəlki tərəfindən oğulluğa götürülməklə qəbul edib, yalnız Kommoda imperatorluq irsən keçib. Elə onun qətli ilə də Romanın əmin-amanlığı yenidən pozulub.

***

«Ən böyük bacarıq - anın qiymətinin təyinidir», - Mark Avreli yazırdı. Sağlığında bilmirdilər ki, imperator öz fikirlərini qələmə alır.

İmperator bilirdi ki, təbiət qanunları ilə yaşamaq lazımdır. Təbiət - harmoniyadır və insan ömrünün cəmiyyət qanunları ilə bağlı hissəsinin puçluğunun sübutudur. Ancaq imperator onu da bilirdi ki, cəmiyyətdə o, hakim mövqedə - ən böyük və qüdrətli imperiyanın başında olduğundan, deməli, ona yazılmış rolu oynamalıdır. Qladiatorların ölüm-dirim savaşına nifrət edirdi, ancaq bir seyrçi kimi gəlib amfiteatrdakı yerində əyləşməliydi. Gücü isə ona çatırdı ki, qladiatorların qılınclarını bir qədər korşaltsın - ölüm və qanı azaltmağın başqa yolu o vaxtın zövqləri çərçivəsində mümkün deyildi.

«Hazırkı anda təbiət səndən nəyi tələb edirsə, onu da et. Platonun respublikasını gerçəkləşdirməyə cəhd göstərmə və bircə addım qabağa gedə bilərsənsə, ona da qane ol - bu uğuru xırda sayma. İnsanların düşüncə tərzini kim dəyişə bilər? Bu cür dəyişiklik olmazsa, köləlikdən və ikiüzlü itaətkarlıqdan başqa heç nə mümkün olmaz”.

Bu cümlələri yazan imperatorun kədəri və tənhalığı da dərin olmalıdır. O, Romada 4 fəlsəfə məktəbi təşkil edir, ancaq insanların bu üsulla təkmilləşəcəyinə inanmır. Qadını Faustinanın pozğunluğu, oğlu Kommodun dikbaşlığı ona bəllidir, ancaq bütün gerçəklikləri bir stoik kimi, əvvəlcədən müəyyən olunmuş, təbiət qanunlarının nəticəsi kimi səbirlə qəbul edir. Təbiətə qarşı isə getmək olmaz.

Elə buna görə də müharibəyə nifrət edən imperator gah parfiyalılarla, gah markomanlarla savaşmalıdır. Qələbə ilə paytaxta dönüşündə o, qladiator döyüşlərinə nə qədər nifrət etsə də, xalqın ondan gözlədiyi və istədiyi qanlı yarışların keçirilməsinə xeyir-duasını verməlidir.

Adil hökmdar Senatla hesablaşır, məğlub olan markomanlara divan tutmur, ancaq öz sərkərdəsi qiyam hazırlayanda, amansızcasına repressiyaları gerçəkləşdirir - çünki, ona dövlət tapşırılıb və bu dövləti qorumalıdır. Elə buna görə də barbarlara qarşı dözümlü olan Mark Avreli ilk xristianlara qarşı amansızdır - bu yeni imançılarda böyük daxili təhlükə görür, “Lion edamları”nı gerçəkləşdirir.

Məşhur tarixçi Ernest Renanın 150 il əvvəl yazdığı və bu gün də çox maraqla oxunan “Mark Avreli və antik dövrün sonu” kitabı filosof imperatorun xristianlara qarşı təqiblərinin çoxsaylı faktları ilə zəngindir. Kitabın adı da çox diqqətəlayiqdir: Mark Avrelinin ölümü ilə antik dövr bitir. Bunu filosof özü də görə bilməmiş deyildi.

İmperator tauna yoluxanda, özünü ziyarət etməyi hamıya yasaqlayır. Və tənhalıqda can verir. O, anlayırdı ki, yerinə keçəcək oğlu Kommod mənəvi dəyərlərdən uzaqdır. Ancaq bu, cəmiyyət qanunları sarıdan qaçılmazlıqdı - imperatoru oğlu əvəzləməlidir. Müdrik Mark Avreli Roma cəmiyyətinin süquta getdiyini görürdü. Ancaq yazdığı kimi, «əşyaların təbii gedişatı»nı dəyişmək heç kəsə müyəssər deyil.

***

Mark Avreli anlayırdı ki, qul Epiktetdən nə daha çox xoşbəxtdir, nə daha çox bədbəxt.

«Kim bu günü görübsə, o hər şeyi və gələcəyi də görüb. Elə hərəkət et ki, sanki indiki an sənin son anındır… Ən uzun ömür ən qısa ömürdən heç nə ilə fərqlənmir. Axı bu an hamı üçün eynidir - deməli, itkilər də eynidir. Heç kəs nə bu gününü, nə sabahını itirə bilməz. Bir şey ki mənim deyil, onu kim əlimdən ala bilər?», - müdrik Mark Avreli yazırdı.

Bu sözlərin altından imza atmamaq olmur.

«İnsan ömrünün müddəti - an, hissiyyat - məchul, bədən quruluşu - qeyri-kamil, qəlb - davamsız, tale - sirli, şöhrət - aldadıcı, həyat - mübarizədə və yad ellərdə keçən sərgərdanlıq, ölümdən sonrakı şöhrət - unudulmaqdır…»

Bu da Mark Avrelidir - filosof-imperator…

***

Stoiklərin təlimini bir qayda olaraq 3 tərkib hissəsinə ayırırlar: məntiq, fizika və etikaya. Onların fəlsəfəsini meyvə bağı ilə də müqayisə edirlər: məntiq - bağın çəpəridir və ağacları qoruyur, fizika - böyüyən meyvə ağacıdır, etika isə - meyvədir.

Stoiklərin etikasına görə, bütün insanlar bərabərdir. Azad romalı da, qul da, barbar da, yunan da dünya dövlətinin vətəndaşlarıdır. Və qulun da hamı kimi insan olduğunu qəbul edən Mark Avreli onları azad etməyə heç cəhd də etmir. Çünki, bu, təbiətin işinə qarışmaq olardı, hadisələr isə əvvəldən müəyyənləşib.

Mark Avreli özündə mərdliklə peşmançılığı birləşdirir. Oxucular üçün yox, özü üçün yazdığı “Düşüncələrim”də onu dövlət qarşısında borc və ölüm problemləri məşğul edib. O, özünü nəhəng dövlətin taleyinə görə şəxsən məsul hesab etməklə həm də bu cəmiyyətin daxildən dəyərlərin tənəzzülü, xaricdən isə vəhşilərin təzyiqi altında süquta doğru getdiyinin fərqindədir. Bu cür ümidsiz şəraitdə Mark Avreli müdrikliyini və qəlb tarazlığını qorumağa çalışır. “Həqiqəti danışmaq iradənin işi deyil, daha çox vərdişdir” yazan imperator əlavə edir: “Hər kəsin dəyəri onun nəyin qayğısını çəkdiyi qədərdir”.

Bu cəhətdən, Mark Avrelinin dəyəri ölçüyəgəlməzdir.

Bununla belə, çökən cəmiyyətin sonunu gecikdirmək bacarığında olmasa da, filosofa gücsüzlük hissi yaddır: “Qorxaqlığın ən nifrətəlayiq forması - özünə yazıqlıqdır”.

***

“Nə vaxtsa adi olmuş sözlərin bu gün izahata ehtiyacı var. Bu, həm də Kamill, Sezon, Volez kimi məşhur simalara aiddir. Bir azdan eyni qismət Stsipionu, Katullu, Avqustu da gözləyəcək. Hər şey qısamüddətlidir və tezliklə əsatirə çevrilməyə başlayır, sonra isə tamam unudulur. Bu, öz sağlıqlarında xüsusi halə ilə əhatələnmiş adamlar barəsindədir. Bəs nəfəsləri bitən kimi sanki heç vaxt olmamış əksəriyyət?.. Nədir əbədi şöhrət? - Tam fanilik.

Onda ciddi sayılası nələrsə varmı? Var: pak düşüncə, başqaları üçün faydalı olan fəaliyyət, yalan danışmamaq bacarığı və baş verənlərin hamısını zərurət kimi, müəyyənləşmiş kimi sevinclə qəbul edən qəlb... Hər şey qısadır: xatırlayan da, xatırlanan da” (Mark Avreli. “Düşüncələr”).

Əbədiyyət iddiası olmayan Mark Avreli kədərli və sakitdir...

# 6111 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #