Ömər Eldarov: "Mən Tağıyevin heykəlini düzəltmək istəmirdim" - Müsahibə

Ömər Eldarov: "Mən Tağıyevin heykəlini düzəltmək istəmirdim" - Müsahibə
6 sentyabr 2019
# 14:04

Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun APA-ya müsahibəsi

Vədələşdiyimiz kimi, Rəssamlıq Akademiyasının qabağında zəng vururam. Telefonda bu gün işə çıxmadığını bildirir: "Emalatxanadayam. Deyəcəyəm, sizi maşınla bura gətirəcəklər, özünüz tapmazsınız". Biz də yaddaqalan fotolar çəkəcəyi üçün əlinə fürsət düşən fotoqrafımız Ehtiram Cəbi ilə sevinə-sevinə maşının gəlməsini gözləyirik.

Budur. Hündür divarlı bir həyətin qabağındayıq. Yaradıcı adama məxsusluğu kənardan o dəqiqə hiss olunur. Qonşuluqdakı başqa tikililərdən fərqli olaraq, yalnız onun divarları qrafiti rəsmləri ilə boyanıb.

Zəng vururam: “Darvazanın qabağındayıq”. Elektrikli siyirmə darvaza asta-asta açılır. Sözün hər iki mənasında azman heykəllər yaratmış bəstəboy, amma adı böyük hərflərlə yazılan ÖMƏR ELDAROV kandarda dayanıb. Tanımaza-bilməzə onun yaratdığı heykəlləri göstərsələr, inanmazsan onlar bu cüssənin məhsuludur. Görüşəndə qolunu uzatmaq istəyir. "Əlim çirklidir”, - deyir, ancaq mən “eybi yox”, - deyib, ustadın tozlu əllərini fəxrlə sıxıram. Çünki bu tozlu əllər Azərbaycan mədəniyyətinə Natəvan, Füzuli, Niyazi, Səttar Bəhlulzadə, Hüseyn Cavid kimi neçə-neçə bənzərsiz heykəltəraşlıq nümunələri bəxş edib. Bu əllərin tutya tozuna bulanmaq fəxr deyil də, nədir!?

Biz artıq Ömər Eldarovun yaradıcı dünyasında, müxtəlif ölçüdə və görkəmdə, tamamlanmış və yarımçıq heykəllərlə, materiallarla, alətlərlə dolu emalatxanasındayıq və əziz oxucu, səni də özümüzə yoldaş edirik ki, bu sehrdən sənə də pay düşsün.

Zəruri qeyd: Müsahibənin başlanğıcında Ömər Eldarova deyirəm ki, istəsə, rusca da danışa bilər. Ancaq o, bir-iki istisnanı çıxmaqla müsahibə boyu öz dilimizdə danışır. Və kimlərinsə uydurduğu “Ömər Eldarov azərbaycanca danışa bilmir” əfsanəsinə son qoyur, ən azı mənim üçün...

- Necəsiniz?

- Çox yaxşı demək çətindir... Yaş çoxdur. Ona görə bir az çətinlik var.

- Bura təkcə emalatxanadır, yoxsa həm də yaşayırsınız?

- Emalatxanamdır, yuxarı mərtəbədə də mənzil, bir də oğlumun muzeyidir.

Məlumatım olsa da, dəqiqləşdirmə aparıram. Qeyd edim ki, Ömər Eldarovun rəssam oğlu 47 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

- Rəhmətə gedən rəssam oğlunuzun muzeyi?

- Bəli.

- Tək yaşayırsınız?

- Təmtək. Buranı öz pulumla tikmişəm.

- Yoldaşınızla burda qalırdınız?

- Bu evdə onunla cəmi bir il yaşadıq. İndi təkəm.

- Xanımınız rəhmətə gedəndən sonra?

- Hə.

- Tək darıxmırsınız?

- Yox-yox. İş çoxdur. İndi mənim çoxlu sifarişim var, vaxt isə heç də çox deyil. Tələsmək lazımdır.

- Nə mənada vaxt çox deyil?

Nəyə eyham vurduğunu bilsəm də, yenə soruşuram. O da istehza ilə üzümə baxıb susur, sonra "92 yaşım var" deyir.

- Sifarişiniz çoxdur?

- Çoxdur. Bax biri bu (Emalatxananın ortasındakı qurğunun üzərində dayanan nəhəng heykəli göstərir). Dayan mən indi layihəni göstərim (Otağa açılan qapıdan keçib bir qədər sonra əlində bir dəstə kağızla qayıdır). Bax bu, Koroğludur, atın üstündə uçur, qartallarsa ondan aşağıdadır.

Emalatxanada qarşımızda dayanmış heykəlin eynisi kağızda təsvir olunub. Arxasında Beşbarmaq dağı. İzah edir:

- Çənlibelin zirvəsindədir. Bax bu (əlindəki kağızı göstərir) abidə Beşbarmaq tərəfdə quraşdırılacaq. İstəyirəm dağların fonunda, təbii mənzildə olsun. Tunc və qranitdən hazırlanacaq abidə 18 metr hündürlükdə olacaq. Bu gördüyünüzdən 4 dəfə böyük...

- Bakıda Koroğlunun heykəli var. Tokay Məmmədovun hazırladığı.

- Orda Koroğlunun heykəli yoxdur, yalnız atı var.

- Belə çıxır bizdə iki məşhur heykəltəraşın iki ayrı Koroğlu heykəli olacaq?

- Qoy, belə heykəl də olsun. Təbii şəkildə, dağlıq ərazidə.

- Koroğlunun üzünün təsvirini nəyə əsasən götürmüsünüz? Koroğlunun ənənəvi heykəl və rəsmlərində adətən bığı olur, sizin Koroğlu həm də saqqallıdır.

- Bığı bir az qalın olacaq, amma saqqalı da olacaq.

- Bu abidə nə vaxta hazır olar?

- Artıq işçi modeli hazırdır. Bəlkə bu modeli Çinə göndərdim. Orda onu çox güman lazerlə hazırlayacaqlar. Təəssüf ki, biz artıq heykəldüzəltmə ənənəsini itirmişik. Bizdə daha bu cür nəhəng heykəllər hazırlaya bilən ustalar yoxdur.

- Əvvəllər çox idi?

- Bir-neçə bacarıqlı usta var idi, çoxu rəhmətə getdi. SSRİ dağılandan sonra işlər azaldı, bu ənənə də pozuldu. Son illər belə nəhəng heykəllər bizdə çox qoyulmadı, bircə Tokayın (Tokay Məmmədov - M.A.) “Koroğlu”su var. Tokay da onu Ukraynada düzəltdirmişdi.

- Hazırda gördüyünüz başqa işləriniz hansılardır?

- İndi deyəcəm (Yaxınlaşıb göstərir). Budur, Müslüm Maqomayevin heykəlini hazırlamışam. Birini çoxdan düzəltmişdim, indi yenidən üzərində işləyirəm, bu nəhəng heykəl dənizdə ucaldılacaq.

- Bulvarda?

- Bulvarda, dənizin içində. Bundan başqa (onu da göstərir) Arif Məlikovun qəbirüstü abidəsini artıq hazırlamışam. Arifin şəhərdəki heykəlini də mən düzəldəcəm, sifariş məndədi. Onun modelini də hazırlamışam, amma hələ ilkin versiyadı. Budur, bax (Heykəlin ilkin işçi modelini göstərir). Bunu “Məhəbbət əfsanəsi” baleti əsasında quracam.

- Başqa hansı işlər üzərində işləyirsiniz?

- (Gülümsəyir) Onlar da qalsın başqa vaxta, bu qədər bəsdir.

- Ömər müəllim, rektorluqla bərabər yaradıcılığı necə çatdırırsınız?

- Akademiyada saat 12-ə qədər oluram. Sonra gəlirəm emalatxanaya, bütün günü burda çalışıram. Ancaq deyəsən, bu yaxında rektorluqdan çıxacam. Daha rektor işləmək istəmirəm. Artıq bu barədə lazımı yerlərə məlumat vermişəm. Gözlərim görmür, eynəklə də görmür. Hər gün on-on beş sənədə qol çəkirəm, vəssalam. Çətindi.

- Öz yerinizdə kimi görürsünüz?

- Yəqin namizəd tapılar, heç olmasa, məndən 20 yaş cavan olsun. Vəzifədə işləmək üçün yetmiş yaş artıq maksimumdur. Avropada adamlar yetmiş yaşı olanda daha vəzifədə qalmırlar, sağollaşıb gedirlər. Mən də artıq rektorluqdan çıxsam yaxşıdır. Onda yarımçıq olan bu işlərimi bitirməyə vaxtım da qalar.

- Belə başa düşdüm ki, indi yeganə arzunuz bu işlərinizi yekunlaşdırmaqdır.

- Mütləq. Bilmirəm bundan sonra nə qədər ömrüm qalıb; iki il, üç il... Onun üçün də çalışıram yarımçıq işlərimi yekunlaşdırım.

- İşə getməyəndə də bütün gününüzü emalatxanada keçirirsiniz?

- Bəli. Tək qalmaq mənə yaxşıdır. Mənə heç nə lazım deyil.

- Bəs nəvələriniz Sizə baş çəkmirlər?

- Mənim artıq nəinki nəvəm, altı nəticəm də var. Nəticələrim və iki nəvəm də xaricdədir. Bir nəvəm isə burdadır. Həftədə üç-dörd dəfə gəlib dəyirlər. Ancaq mən özüm tək qalmağı istəyirəm.

- Sizə çətin deyil?

- Yox. Təkliyə öyrənmişəm. Paltarlarımı özüm yuyuram, hər şeyi özüm edirəm.

- Nə əcəb xidmətçiniz yoxdur?

- Lazım deyil. Yox, ayda bir dəfə xidmətçi gəlib evi təmizləyib gedir.

- Ömər müəllim, bu gün (4 sentyabr – M.A.) Tağıyevin heykəlinin qoyulması ilə bağlı müsabiqə haqda ictimaiyyətə məlumat verildi. Sizin işiniz də onların arasında var. Amma hələ ki, qalib müəyyənləşməyib.

- Mən Tağıyevin heykəlini düzəltmək istəmirdim. Onun fakturası əlimə gəlmir. Bax, Səttar Bəhlulzadə, Niyazi, Müslüm Maqomayev başqa, onların heykəlini düzəltmək ürəyimcədir. Tağıyevin heykəlinin necə olacağını görmürdüm, amma yenə də düzəltdim. Çoxu deyir, Tağıyevin heykəli faytonla olsun. Amma quraşdırılacağı yer balacadır. Ona görə mən fayton düzəltdim, ancaq bir hissəsini: O, faytondan çıxır və bir kağız göstərir. Layihənin biri budur, o birində də Tağıyev kabinetində dayanıb. İki dənə düzəltmişəm.

- Yəqin qalib olar.

- Bilmirəm. Tağıyevin fakturası mənə yaddır. Onu fiqur olaraq görmürəm. Çox monotondur. Mən sevirəm fiqurun plastikası, fakturası olsun.

- Deyəsən, Azərbaycanda daha çox sizin müəllifi olduğunuz heykəllər üstünlük təşkil edir, yox?

- Bunu dəqiq bilmirəm. Mənim bir əsərimi də Sovet dövrünə aid idi deyə, ləğv elədilər. Çaparidzenin heykəlini deyirəm. Çaparidze 4 metrlik fiqur idi.

- Bəs Sovet dövründə yaradılmış bu heykəltəraşlıq nümunələrinin sökülməsinə niyə etiraz etmədiniz? Onların arasında sizin, Tokay Məmmədovun, başqalarının sənətkarlıq nümunələri var idi. Heç olmasa, başqa yerdə quraşdırılardılar. Axı Siz ictimai xadim kimi bunun qarşısını ala bilər, ya da bir təklif verə bilərdiniz?

- Yox, mən dedim, qulaq asan olmadı. Yaratdığım əsər mənə oğlum-qızım kimi əzizdir. Çaparidzeni sökəndə heç məndən soruşan olmadı. Dedilər, sökülməlidir, vəssalam.

- Ömər müəllim, Sizdən bir şey soruşmaq istəyirəm. Tokay Məmmədovla aranızda nə olmuşdu? Bəlkə buna bir aydınlıq gətirəsiniz? O da müsahibələrində sizinlə dostluğu pozduğunu deyib, Sizi günahlandırıb. Füzulinin heykəlini bir yerdə işləmişdiniz. Sonra nə oldu?

- Biz niyə bir yerdə işləmişdik? Mən o vaxt Natəvanın heykəlini, o da Üzeyir Hacıbəyovun heykəlini düzəltdi. Sonra o mənə təklif etdi ki, Füzulinin heykəlini bir yerdə işləyək.

- Sonra nə oldu?

- Deyirlər, ölənin dalınca danışmazlar... Bax, onun işləri var. Onun imzası, plastikası Üzeyir Hacıbəyov, Əzizbəyov, XI Qızıl Ordu abidələrindədir. Mənim də Natəvan, Hüseyn Cavid işlərimə baxın, sonra da Füzuli heykəlinə və müqayisə edin.

- Füzulidə daha çox kimin üslubu var?

- Tokay deyirdi onun, mən deyirəm mənim. Tokay yalan deyirdi, Füzulinin heykəlinə barmağını da vurmayıb. Hər şeyi mən eləmişəm. Onun elədiyi yeganə şey bilirsiniz nə idi? Tokayın taxtadan düzəldilmə Nizami heykəli vardı. Yaxşı işdir. Orda Nizaminin əli saqqalındadır. Mən ona dedim ki, Tokay, gəl bu süjeti Nizamidə yox, Füzulinin heykəlində verək. O da razılaşdı, Füzulini əli çənəsində verdik. Buna görə də hər yerdə deyirdi ki, Füzuli heykəlinin müəllifi mənəm. Halbuki o fikri də Tokaya mən vermişdim.

- Tokayın Koroğlu əsəri necədir?

Çiyinlərini çəkib astadan deyir:

- Nə bilim... Bilirsiniz, bu həyatdır. Mən Azərbaycanda Tokayla bir yerdə oxumuşam. Sonra ikimiz də Repin adına Rəssamlıq Akademiyasına qəbul olub, Leninqrada yollanmışıq. Biz altı il orda oxumuşuq, bir emalatxanada çalışmışıq.

- Yaxın dost olmusunuz.

- Yaxın dost olmamışıq, amma yaxın adam olmuşuq. Ailəvi gediş-gəlişimiz vardı, ad günlərini, yeni ili hər dəfə bir yerdə qeyd edirdik. Ona görə mən Tokaydan qırıla bilmədim, halbuki çoxdan əlaqələri kəsmək lazım idi.

- Və Füzulidən sonra münasibətləriniz soyudu.

- Bunu da özü elədi. Məni SSRİ Rəssamlar Akademiyasına qəbul etmişdilər, onu yox. Mənim Natəvan heykəlimə baxıb dedilər, vəssalam, bu adam SSRİ Rəssamlar Akademiyasına qəbul ola bilər. Üzeyirin heykəlinə də baxdılar, gördülər fərq var. Tokayı yox, məni seçdilər. Bundan sonra Tokay mənimlə düşmən oldu. Amma mən çox çalışdım ki, onu da qəbul etsinlər. Məni orda çox yüksək qiymətləndirirdilər. Buna görə də bir müddət sonra Akademiyanın həqiqi üzvü elan etdilər. Mən öz nüfuzumdan istifadə edib Akademiyanın prezidenti Nikolay Vasilyeviç Tomskidən xahiş etdim ki, biz Tokayla dost olmuşuq, Siz məni qəbul etmisiniz, onu yox. O da dedi ki, sənə söz verirəm, gələn il onu da Akademiyaya qəbul edəcəyik. Beləcə, mənim sayəmdə Tokay Məmmədov SSRİ Rəssamlar Akademiyasına üzv seçildi. Mən ona yaxşılıq edirəm, o isə düşmən deyir. Özü də nə düşmən! Məni öldürmək istəyirdi!

- Başqa düşmənləriniz də olub?

- Əsas o olub. Qalanı müvəqqəti şeylərdir.

- Tokayın Koroğlu heykəli qoyulanda sizin Koroğlu hələ hazır deyildi?

- Mən ondan sonra düzəltmişəm.

- Mənə elə gəlir ki, Siz də eyni işi işləməklə demək istəyirsiniz ki, baxın, bu Tokayın Koroğlusu, bu da mənim.

- Elədir, o da var. Gərək hər bir əsərdə balaca da olsa, kəşf olsun. Mən bu heykəli niyə işlədim? Çünki mənim ağlıma gəldi ki, göydə qartallar uçur, Koroğlu isə qartallardan da yüksəkdədir. Bu mənim “zasepka”m idi. Bəs Tokayın Koroğlusunda nə var?

- Tokayın heykəlinin açılışında iştirak etmişdiniz?

- Əvvəl demişdilər səhər olacaq, getdim. Sonra açılışın vaxtını dəyişib saat üçə saldılar. Ona görə getmədim.

- Koroğluya, Qara Qarayevə, Fikrət Əmirova qoyulan heykəlləri bəyənmirsiniz, bunu müsahibələrinizdə dəfələrlə demisiniz. Məsələ burasındadır ki, sizin Lütfi Zadəyə qoyduğunuz heykəl də bəyənilməyib, tənqid olunub...

- Qarayevin də, Fikrət Əmirovun da heykəlləri çox uğursuzdur. Onların övladları heykəli mənim düzəltməyimi istəməyiblər. Fikrət Əmirovun heykəlini Namiq Dadaşov, Qarayevin heykəlini Fazil Nəcəfov düzəldib. Mən ona nə edim? Amma mən Fikrətin Fəxri Xiyabanda qəbirüstü abidəsini düzəltmişəm. Lütfi Zadənin heykəlinə gəldikdə, orda mən iki qranit qapı təsvir etmişəm. Lütfi Zadə birinci qapıdan keçərək zəkasının gücü ilə elm aləminə ikinci qapı açır. O abidənin mənası budur.

- Fəxri Xiyaban demişkən, orda da sizin xeyli işləriniz var.

- Hə, orda işlərim lap çoxdur. Niyə? Çünki, ölənlərin oğulları-qızları bunları mənə sifariş veriblər.

- Fəxri Xiyabana Ömər Eldarovun açıq səma altında muzeyi də demək olar.

- Yox, orda başqalarının da yaxşı işləri var. Mən axırda iki iş eləmişəm. Biri Hüseyn Ərəblinskinin, digəri isə Lütfi Zadənin. Bu yaxında da Arif Məlikovun işi olacaq.

- Ərəblinski, Lütfi Zadə, Ziya Bünyadov. Üçününün də qəbirüstü abidəsi demək olar bir-birinə oxşayır: iki müstəvi və ortasında fiqur. Bu nədir? Üslub, yoxsa yaş öz sözünü deyir?

- Mən Ərəblinskini 30-40 il qabaq düzəltmişəm. O vaxt deyirdilər ki, Ərəblinskini səhnədə öldürüblər, mən də onu təsvir etmişəm.

- Ömər müəllim, gənclər arasında istedadlı heykəltəraşlar çoxdur?

- Çoxdur. Siz gəlin Akademiyaya, onların diplom işlərinə baxın.

- Bəs necə olur ki, həm deyirsiniz istedadlı gənclər var, həm də yeni yaranan əsərləri bəyənmirsiniz?

- Mən qocaları deyirəm. Fazil Nəcəfov cavandır? Yetmişdən çox yaşı var.

- Milli Qəhrəman Albert Aqarunovun heykəli quraşdırılır, yekunlaşmaq üzrədir. Onun müəllifləri də Sizin tələbələriniz olub?

- Bəli. Bizdə dərs deyirlər. Zamiklə Rahib (heykəlin müəllifləri Rahib Qarayevlə Zamik Rzayevi nəzərdə tutur- M.A.) bax belə (əli ilə göstərir) istedadlıdırlar. Hər il iki-üç nəfər bu cür istedadlı gənc çıxır, mən də çalışıram ki, Akademiyada onlar üçün iş yeri yaradım.

- Albertin heykəli xoşunuza gəldi?

- Albertin komandiri Akademiyaya gəlib mənə dedi ki, biz istəyirik Albert üçün büst düzəldəsiniz. Mən ona dedim ki, düzəldərik, ancaq büst yox, abidə. Qoy, şəhərimizdə Milli Qəhrəmanımıza abidə ucaldılsın. Bundan sonra vəsait ayrıldı. Ancaq o vəsait heç heykəlin materialının alınmasına çatmadı. Mən bu uşaqları çağırdım. Dedim heykəli bunlar işləyəcəklər. Amma mən ideya verdim ki, böyük abidə olsun, tank və qaya olsun, bir də qəhrəmanın öz fiquru görünsün. Mən necə dedimsə, onlar da eskizi o cür hazırlayıb gətirdilər. O işə əlimi də vurmamışam, sadəcə, ideya vermişəm. Demirəm, mən müəllifəm. Ümumiyyətlə, götürsək, dünyada belədir ki, ideya verən müəllif, düzəldən icraçı sayılır. Ancaq bu mənə lazım deyil. Mənə lazımdır, bütün şəhərimiz görsün ki, bizim heykəltəraşlarımız var və onlara iş versinlər. Siz görəcəksiz, necə gözəl abidə olacaq!

- Heykəltəraşlara buna görə qonorar ödənilib?

- Yox. Mən deyirəm axı, heykəlin hazırlanmasına ayrılan vəsait heç material alınmasına çatmadı. Albertin heykəlinin düzəldilməsinə öz cibimdən 8000 manat verdim.

- Akademiyanın büdcəsindən?

- Yox e, öz cibimdən.

- Ömər müəllim, Sizə Türkiyədən Fateh Sultan Mehmetin heykəli sifariş verilmişdi. Onun iş modeli də burdadır?

- Gəlin göstərim.

Emalatxananın girişində dayanmış, atın üstündəki qəhrəman fiqurunun yanına aparır.

- Sultan Mehmet Fateh İstanbulu dənizdən girib tutub. Mən də onun heykəlini dalğaların üzərində təsvir etmişəm.

- Bəs heykəl qəbul olunmadı?

- İstanbulun əvvəlki meri Qədir Topbaş mənə bunu sifariş vermişdi, 100 min dollar qonorar da yazılmışdı. O, istəyirdi ki, abidə dənizdə quraşdırılsın. Mərmərə dənizinin dibində 40 metr qalınlığında lil təbəqəsi var. Ona görə də heykəli dənizdə quraşdırmaq çox baha başa gəlirdi. O, mənə vəd edirdi ki, yaxınlarda heykəli quraşdıracağıq, sonra da işdən çıxdı.

- Bəlkə İstanbulun yeni meri Əkrəm İmamoğluna müraciət edəsiniz?

- Bilmirəm. Adətən, yeni gələn köhnənin işlərini pisləyir, qəbul eləmir. Yəqin bu da istəməz.

- Görürəm, emalatxananızda Dədə Qorqudun da eskizi var. Onun harada qoyulmasını istəyirsiniz?

- Daha istəmirəm, istəyirdim. Çünki sifariş verən yoxdur. Mən Prezidentlə bu barədə danışdım, o da bəyənmişdi. Amma Dədə Qorqud kompleksinin qoyulması üçün böyük ərazi lazımdır. Çünki orda on iki boyun hər birinə aid abidə olacaq, ortada isə Dədə Qorqudun heykəli.

Oğlunun muzeyini göstərməyini xahiş edirəm. Deyir ki, indi vaxtı yoxdur. Ancaq hiss edirəm ki, sadəcə, xatirələrlə dolu o məkanın qapısını açmaq istəmir və yəqin buna görə vaxt darlığını, orda hələ işlərin tamamlanmadığını bəhanə gətirir.

- Yox, mən onu göstərə bilməyəcəyəm. Orda tablolar, heykəllər, toplular var. Çox talantlı rəssam idi.

- Xərçəng idi?

- Bəli. Mədəaltı vəzində. Biz çox gec xəbər tutduq. Demə xəstəlik asta-asta öz işini görübmüş.

- Dünyadan köçən yaxınlarınızdan, dostlarınızdan, sənət adamlarından kimləri tez-tez xatırlayırsınız?

Astadan, lap astadan, güclə eşidilən səslə deyir:

- Yoldaşımı, oğlumu....

-Tək qalanda insan tez-tez xəyala dalır, ötən günləri, yaxınlarını xatırlayır.

- Düzdü... Nə deyim?.. Baxarıq...

Səsi lampa işığı kimi asta-asta közərir və kəsilir. Elə şeylər var, onlar haqqında danışmasan da, duruşunla, səsinin titrəyişiylə, lap elə susmağınla da hər şeyi demiş olursan... Eynən Ömər Eldarov kimi.

Biz USTADI emalatxanasında tək qoyub çıxırıq. Yalnız məncə, USTAD emalatxanada tək qalmadı, biz çıxan kimi heykəllər cana gəlib doğması kimi onun başına yığışdılar və nə barədəsə şirin-şirin danışmağa başladılar.

Sondan əvvəl: Ömər Eldarovdan yoldaşının məzarının qəbirüstü abidəsini düzəldib-düzəldmədiyini soruşuram. Cavab verir ki, eskizini hazırlayıb, heykəl yaxınlıqdakı heykəltəraşlıq sexində yonulub qurtarmaq üzrədir, yoldaşının ilinə yaxın qəbir üstündə quraşdırılacaq: “İstəyirisinizsə, gedin görün, ancaq mənsiz, olar? Burda, yaxındadır”.

Onun dediyi kimi də elədik...

# 7223 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #