Müsahibə ərzində beş dəfə ayaqyoluna getdi

Müsahibə ərzində beş dəfə ayaqyoluna getdi
8 avqust 2012
# 05:00

Məşhur amerikalı aktyor Brus Uillisin “Esquire” jurnalına verdiyi müsahibəni ixtisarla təqdim edirik.


Brus Uillisin qarşısındakı sini diqqətimi çəkir. Sinidə, beş dənə armud və iki şüşə su vardı. Tanınmış aktyor söhbət boyu onlardan dadır, armudları bir-bir yeyir və bizdən dadına baxmaq istəyib-istəmədiyimizi soruşmur.

Onunla söhbətimiz iki saatdan artıq çəkdi və o, düz beş dəfə üzr istəyərək, otağın digər tərəfində olan tualetə getdi. Geri qayıdanda isə söhbətimizin mövzusu dəyişirdi. Bəlkə də tez-tez tualetə getməklə məşhur aktyor həyat yoldaşı ilə danışmaq üçün fürsət güdürdü. Çünki, tualetdən qayıdan vaxt Uillis əlindəki cib telefonuyla kiməsə mesaj yazırdı. Mesaj göndərdiyi adamın dünyaya yenicə uşaq gətirmiş həyat yoldaşı model Emma Heming olduğunu fikirləşirəm.

Uillisin həyat yoldaşı haqdakı sözləri haqlı olduğumu təsdiqləyir: “İndi tək istəyim, onun yanında olmaqdır”. İlk tualet macərasından sonra Uillis iş həyatı ilə bağlı səmimi açıqlamalar verməyə başlayır. Uillis yenidən ata olmasının onu həyəcanlandırdığını etiraf etdi: “Hər yeni gün mənə sevinc bəxş edir”. Müsahibədə tez-tez bu cümləni işlədirdi.

O, bu il beş filmdə birdən çəkilir. Əsl aktyor kimi eyni vaxtda beş fərqli rola bürünür: “Wes Andersons Moonrise Kingdom”, “G. I. Joe: Retaliation”, “The Expendables 2”, “The Cold Light of Day” və Rian Consonun maraqla gözlənilən filmi “Looper”. Qarşıdakı il? Ulduz aktyor, qarşımızdakı il “Die Hard”ın çəkilişlərinə beşinci dəfə başlayacaq.

Uillis beş dəfə özünə xas baxışla bizə baxıb gülümsədi. Gözlərini yığaraq, soyuq halda baxan bu adam, əsla gülmür, yalnız gülümsəyir. Sanki zorla gülümsəyir, dodaqları qapalı şəkildə… O, bu reportajda bəhs edəcəyi mövzuları öncədən müəyyən etdiyi üçün çərçivədən kənara çıxmırdı. Onu mövzudan kənara çıxarmağa vadar etdiyim zaman isə mənə əsəbi halda baxırdı.

Və ata olmağın qaydaları… Söhbətimizin sonunda bu mövzudan danışdı. 57 yaşında, üç dəfə ata olmuş Brus növbəti dəfə ata olmasının sevincini yaşamaqdadır. Atalıq mövzusunda yeni qaydalar müəyyənləşdirən Uillis müsahibədə ancaq bir neçə qaydadan danışdı. İndi isə başlayırıq…

Birinci dəfə tualetə getməmişdən əvvəl, Uillis yaşadığı səhər haqda danışdı. Danışdığı söhbətlər, beynimdə ziddiyyətlərə yer olmayan, adi həyatın canlanmasına səbəb oldu. Hər səhər saat 08:30-da oyanır və səhər yeməyində yumurta yeyir. Arada bir ispanağın da dadına baxır. Həyat yoldaşını qucaqladıqdan sonra isə avtomobilinə əyləşib işə gedir.

O planlı şəkildə hərəkət edir. Bu gün müsahibədə nə danışacağını fikirləşdiyi kimi. Vəziyyətinə belə aydınlıq gətirdi: “Beş filmin mənim üçün önəmli olduğunu deməklə bərabər, eyni zamanda nəyi demək olmaz haqda da fikirləşməliydim”. Dediyinə görə, həmişə bu cür planlı hərəkət eməyib. Məsələn, 25 il əvvəl bir təklifi dəyərləndirib başqa təklifləri rədd etmişdi. Karyerası sırf təsadüf nəticəsində uğurlu alınıb: “Sunset”, “Hudson Hawk”, “The Last Boy Scout”...

Bu filmlərdə problemləri olan, əsrarəngiz obrazlara həyat verən Uillisin çalışqan polisi canlandırdığı Con Klan rolu isə, canlandırdığı obrazlar arasında daha çox fərqləndi. Və o obraz, yaxın vaxtlarda yenidən səhnəyə qayıdacaq. O, filmin adını “Die Hard 5” kimi səsləndirsə də ad fərqlidir: “Good Day to Die Hard”. Uillisdən, bu obraza münasibəti haqqında soruşuram və cavabı belə olur: “Con Klan obrazını canlandırmağı sevirəm. Açığı, bu obrazla bağlı məni narahat edən heç nə yoxdu. Başımı ağrıdan, çətinlik yaradacağını düşündüyüm işlərdən qaçıram. Ancaq sakit işdən sonra evə gedib, qızlarımla vaxt keçirmək istəyirəm”.

Əgər “Die Hard”ın, Uillisin bu günə kimi ortaya qoyduğu işlərin ən yaxşısı olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki, o daha dəyərli işlərə imza atıb: “Willis Pulp Fiction”, “Nobody Fool”, “12 Monkeys”, “The Fifth Element”, “The Sixth Sense”, “The Story of Us”, “The Kid”, “Alpha Dog” və “Lucky Number Slevin”. Əlbəttə, bunlarla bərabər “Perfect Stranger” və “16 Blocks” kimi filmlərdə daha çətin işlərin öhdəsindən məharətlə gəlib. Bu illər ərzində təcrübə toplayan Uillis indi yaxşı bilir ki, hansı ssenari əsasında yaxşı film çəkmək olar, filmi necə çəkmək, filmin tutması üçün hansı addımları atmaq lazımdır.

Mən bunları düşünürdüm ki, Uillis bir neçə dəfə yerindən qalxdı və ikinci dəfə tualetə getdi. Qayıdan zaman nə deyəcəyini aydınlaşdırmağım da uzun çəkmədi.

Onun müsahibədən əvvəl, müsahibə zamanı deyəcəklərinin məşqini etdiyini də bilirəm. Bu səbəbdən ağzından çıxan sözlər məni təəccübləndirmədi: “Olduqca sevincliyəm. Həyatımdakı qarışıq söhbətlərdən qaçıram”. Anlayıram ki, Uillis, sadəcə işi ilə bağlı danışmaq niyyətindədir. Kişilər həmişə bunu istəyir. Rol aldığı “Moonrise Kongdom” filmiylə fəxr etdiyini söylədi. Filmin ssenaristi və rejissoru Ves Andersona isə təriflər yağdırdı: “Ves kimi insanın yazıb, çəkdiyi filmdə rol oynamaq inanılmazdır. Hər an tövsiyyələrini dinlədim, istəklərini həyata keçirdim və işi uğurla tamamladıq”.

2010-cu ildə çəkilən “Red” filmi barədə söhbət edirik. Aktyorun dediyinə görə, filmin ardı olacaq.

Yaxşı, bəs filmin adı? Bir neçə ad müəyyən olunub: “Redder”, “Red Again”, “Green”. “Uillis“.

Sonra ağzından bu sözlər eşidildi: “İnsanlar, iş həyatında peşəkar düşünür. Onlara əsəbləşə bilməzsiniz”.

Bu dəfə killerin həyatından bəhs edən “Looper” filmi haqqında danışmaq istəyir: “Bu günədək çəkildiyim filmlərin arasında bəlkə də ən yaxşısıdı...” Bunu dedi və sinidəki ikinci armuda əl uzatdı. Və davam etdi: “Ssenarini həqiqətən çox sevdim. Ərsəyə gələn işi də... Məncə, Rian möhtəşəm bir şey etdi. Ssenari orijinaldır. Ssenarini yazdı, üzərində çalışdı, çəkdi və bitirdi. Bu şəhərdə bunu etmək o qədər çətindir ki... Çünki, kimlərsə daima sənin uğurlarını qısqanır və sənin qarşına maneələr çıxarmağa başlayır. İnsanlar, film haqqında danışır və hər kəs filmi ən azından iki dəfə izləyir. Düzü, mən də ssenarini ilk dəfə oxuyandan sonra yenə oxumaq istədim”.

Üçüncü dəfə tualetə gedib gəldikdən sonra dördüncü armudu yeməyə başlayan Uillisə səhər oyandığı zaman nə etdiyini sual verirəm. “Son dərəcə adi şeylər” deyə cavab verir.

“O halda bu barədə danışmağınızda problem yoxdur, deyilmi?” Sualım tanınmış aktyorun yerə baxmasına səbəb oldu. Narahat olduğunu hiss etdim. Yenə də fikir vermədim və suallara davam etdim.

Esquire: Saat neçədə oyanırsınız?
Brus Uillis: 08:30-da. O vaxt həyat yoldaşım oyaq olur. Yatağa isə gecə 01:00-da girirəm.
ESQ: Otağınıza günəş şüaları çox düşür?
B.U: Bəli.
ESQ: Otağınızın pəncərəsi çoxdur?
B.U: Bəli, otağımızın üç tərəfi pəncərədir.
ESQ: Pəncərələr hansı istiqamətdədir?
B.U: Qərbə tərəfə olduğuna görə günəşin batmağını izləyə bilirik.
ESQ: Tez-tez yuxu görürsünüz?
B.U: Bəli.
ESQ: Oyanan zaman təraş olursunuzmu?
B.U: Saat 01:00-da yatıram. Yəni bu işi gecə həll edirəm.
ESQ: Sonra nə edirsiniz? Yemək yeyirsiniz?
B.U: Bəli, mətbəxdə yumurta yeyirəm. Bəzən bu menyuya ispanaq da əlavə edirəm.
ESQ: Səhərlər oyananda nə iş görüdüyünüz barədə məlumat verə bilərsinizmi?
B.U: Oyanıram və işə gedirəm. Etdiyim yalnız budur. Amma, etiraf edim, bu səhər bir də səninlə danışmaq üçün hazırlaşdım.

B. Uillis işdən başqa heç bir şey haqqında məlumat vermədi. Sadəcə, bir az idmandan bəhs etdi. Evə saat 16:00-da gəldiyini və sonra idman zalına getdiyini bildirdi. Uillis idmanın hesabına uğur qazandığını deyir: “Filmlərdə rol oynamağa başlayanda, qaça bilmirdim. Cəld tərpənə bilmirdim, yumruq ata bilmirdim. İdmana başladıqdan sonra, rollarımı daha yaxşı oynamağa başladım”.

Sonra ayağa qalxır və dördüncü dəfə tualetə gedir. Mən isə bu müsahibə üçün niyə bu qədər hazırlaşdığıyla maraqlanıram. Niyə həyatıyla, işiylə və sevdiyi insanlarla bağlı danışarkən kefsiz görünür?

Suallar Uillisin ikinci dəfə yerə baxmasına səbəb olur. Gözləri yığılır, qaşları çatılır və bunları söyləyir: “Çünki, bu haqda yetərincə bəhs etdim”. Burada, “yetərincə” sözünü elə vurğuladı ki, daha sual verməyə çəkindim. O danışmağa davam etdi: “Hollivud haqqında danışmaqda problem yoxdur. Şəxsi həyatım, sadəcə məni maraqlandırır. Ancaq işim haqqında danışa bilərəm”.

B. Uillis zamana meydan oxuyan və əsla dəyişməyən insandır. Bunu Nyu Yorkdakı keçmiş illərə aid danışdığı hadisələrdən anlamaq mümkündür. O illərdən danışan zaman o qədər də gözəl xatirələr canlanmır. Uillis, o vaxt çox iş axtarıb: “1976, 1977 və 1980-ci illərdə çətinlik çəkirdim”.

Sözlərini səssizlik təqib edir. Daha sonra Uillis, irəli doğru baxır və sinidəki son armudu yeməyə başlayır. Onun, rahatladığının şahidi oluram.

“İlk dəfə ölümü düşündüyüm an ilk qızımın dünyaya gəldiyi andır”.

Səmimi bir etiraf? Atanın həyatdan öyrəndiyi dərs...

“Əlbəttə ki, indi də əylənirəm. Ancaq daha az insanla əylənməyə üstünlük verirəm. Uşaqlarıma və həyat yoldaşıma aşiqəm. Dostlarım tez-tez bizə gəlir. Uşaqlarım yanımda mümkün qədər çox olmağa çalışırlar. Birlikdə axşam yeməyi yeyib, yaxşı vaxt keçiririk”.

Bu dəfə ona hirslənməyəcəyi, hətta cavablamaqdan xoşlanacağı sual verirəm: “Bu günədək oynadığın filmlər arasında sevimli filmin hansıdır?”

Sualıma belə cavab verir: “90-cı illərin əvvəlində rol aldığım “Mortal Thoughts” sevimli filmimdir. Çox adam bu filmi xatırlamaz”.

Bu dəfə gözləmədiyi sualı verirəm: “Həyatda istədiyin hər şeyə sahibsənmi?”

Sual azda olsa duruxmasına səbəb olur: “Bir müddətdir, ailəmlə birlikdə restorana yemək yeməyə gedə bilmirəm. “Juniors” ya da “Naten Als” kimi restoranlara getməyi çox xoşlayıram. Orada, normal qiymətə axşam yeməyi yeyə bilərsiniz. Burada da, Fairfaxda adını xatırlamadığım gözəl restoran var. Ancaq heç birinə gedə bilmirəm. Çünki, insanlar, rahat buraxmır”. Uillis armuddan bir dişdəm də alır.

“Lakin ora gedib, ləzzətli südlü aş yemək əla olardı”-deyir.

Havada görünməyən bir şeyi qovurmuş kimi əlini havaya qaldırıb, xatirələrini danışır: “Xalam Halen, çox yaxşı südlü aş bişirərdi. İri kasalara doldurduğu südlü aşı soyuducuya qoyurdu. Etiraf edim ki, çox uzun zamandır elə bir südlü aş yeməyin xəyalını qururam”.

Bu zaman ona təklif edirəm: “Fairfaxda adını xatırlamadığın yerə gedək və iri kasada südlü aş yeyək”. Verdiyi cavab belə olur: “Dediyim kimi, bir müddətdir bunu edə bilmirəm. Çünki, siz yemək yeyərkən, ətrafınızdakı insanlar, gözlərini çəkmədən sizi izləyir. Bəxşiş verəndə də onların baxışlarını üzərinizdə hiss edirsiniz. Ona görə uzun müddətdir ki, ailəmlə birlikdə yemək yeyə bilmirəm”.

Onun haqlı, həm də çox haqlı olduğunu düşünürəm.

Söhbətimiz birdən yeni doğulan uşağına tərəf istiqamətlənir. Sözlər ağzından zorla çıxır. Hiss olunur ki, mövzunun bura gəlməsinə əsəbləşib. Mövzunu tez dəyişir.

Sinidəki armudlar bitir və biz bir müddət daha gözləyirik. Sonra danışmağa davam edir: “Uşaqlarımı böyüdərkən, əsas bir şeyi öyrəndim: İnsanın qaydaları olmalıdır”.

Onun qaydalardan danışması məni təəccübləndirmir. Uillis deyir ki, uşaqları dünyaya gələndən sonra özü üçün qaydalar müəyyənləşdirib.

Konkret misallar çəkməsini istəyəndə məşhur aktyor arxaya yastlanır. Əllərini ovxalayır, təzə qırxılmış başını sığallayır və bəlkə də ilk dəfə bir sual qarşısında uzun-uzun düşünməyə başlayır. Bu haqda məşq etmədiyi aydın olur.

Nəhayət, sualımı cavablandırır: “İnsan, günahkar olduğu halda məsuliyyətli olmalı və günahkar olduğunu etiraf etməlidir”-deyir. “Beləcə uşaqlar, sənin etiraf etdiyini biləcək və etiraf etməyi öyrənəcəklər” deyə əlavə edir.

Uşaqları üçün müəyyənləşdirdiyi qaydalar haqqında danışmağa başlayır: “Məsələn, onlara deyirəm ki, insanları narahat etməyin. Açığı bu, qızlarım uşaq olarkən onlara ən çox verdiyim nəsihətdi”.

Uillisin digər bir qaydası isə belədir: “Övladlarımı güldürürəm. Qəribə hərəkətlər edirəm və onlara saflığın gözəl olduğunu göstərirəm. Məncə uşaqları güldürmək lazımdır”.

Davam edir: “Düşünəcək çox şey yoxdu. Əcaib-qəraib hərəkətlərlə başlaya bilərsiniz. Onları həqiqətən güldürəcək hər şey işinizə yarayacaq”.

Bu vaxt həyat yoldaşı qapıda görsənir. O anda Uillisin əsl siması üzə çıxır. Müsahibə vaxtı planlı hərəkət edən Brus yoldaşını görən kimi özünü itirir və yerindən qalxaraq otağın qarşı tərəfinə keçir. Bir tərəfdən də həyat yoldaşına “Bəbəyim!” deyə müraciət edir: “Biz də indi səndən və səni nə qədər çox görmək istədiyimdən danışırdıq”.

Əslində, həyat yoldaşına dediyi bu sözlər doğru deyildi. Çünki, biz bu vaxt onun ata kimi davranışlarından və müəyyənləşdirdiyi qaydalardan bəhs edirdik. Həqiqət bu idi: Həyat yoldaşından iki saat əvvəl danışmışdı və Uillis sadəcə yoldaşıyla maraqlanmaq istəyirdi. Nəhayət, həyat yoldaşı yanında idi və Uillis çox sevincli idi. Başa düşdüm ki, onun həqiqətən də heç nəyə ehtiyacı yoxdur.


Tərcümə etdi:

# 2610 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #