İlk azərbaycanlı rejissorun alınmayan filmi

İlk azərbaycanlı rejissorun alınmayan filmi
15 fevral 2016
# 08:00

“Naməlum kino” layihəsində rejissor Abbas Mirzə Şərifzadənin 1935-ci ildə lentə aldığı “Məhəbbət oyunu” bədii filmini təqdim edirik.

“Bismillah”, “Hacı Qara” filmlərini ekranlaşdıran Şərifzadə ilk azərbaycanlı kinorejissor olub.

O, dostu Cəfər Cabbarlının məsləhəti ilə kinorejissor peşəsində özünü sınamağı qərara alır. Kinorejissorluq və kino aktyorluq kurslarına daxil olur. Rusiyadan dəvət olunmuş kinomütəxəssislərdən bu sənətin əsaslarını öyrənir və 1924-cü ildə ilk ekran işini “Azərbaycana səyahət” sənədli filmini çəkir.

Azərbaycan Xalq Torpaq Komissarlığının sifarişi ilə lentə alınmış filmin çəkilişi Şəki, Ağdam, Ağstafa, Qubada və başqa rayonlarda aparılıb.

Rejissorun ilk bədii lenti olan və bir sıra motivlərinə görə bu gün də aktuallığını itirməyən, kütlələrin dinə münasibətdə cahilliyi, qadın haqları, milli adət ənənələrdəki arxaiklik kimi vacib motivlərə toxunan “Bismillah” filmi milli kinematoqrafiyamızın önəmli əsərlərindən biridir.

Onu kinomuz üçün əhəmiyyətli edən rejissorun zəngin materialla dramaturji baxımdan nizamlı davranışı, realist, poetik ifadə vasitələrindən, sənədli kadrlardan orqanik istifadə eləməsi, təklif olunmuş situasiyalara uyğun gah ləng, gah dinamik çəkiliş, “gizli kamera” metodundan yararlanmasıdır.

Təsadüfi deyil ki, “Bismillah” filminə baxan alman kino mütəxəssisləri məhərrəmlik mərasimi epizodunu kino üçün qeyri-ənənəvi adlandırıblar.

Amma bu filmi daha baxımlı edən rejissor Şərifzadənin kino sənətinə sevgisi, kinoduyumu, entuziazmı, maksimal nəticə əldə etməsidir. Hər epizodda, hər kadrda, hər detalda onun və ümumən yaradıcı heyətin əməyini, energetikasını hiss edirsən. Şərifzadə ilə birgə işləmiş rejissor Ağarza Quliyev xatirələrində yazırdı ki, o, ciddi mütaliə edir, kino sənətinə aid materiallar, jurnallar, qəzetlər onun masasından əskik olmurdu.

Və bir də Şərifzadənin sənət naminə elədiyi prinsipiallığı. “Bismillah” filmində baş rol ifaçılarını kənardan dəvət etmək istəsə də Şərfizadə bununla razılaşmayıb, onun fikrincə, milli adət-ənənələri, obrazların psixologiyasını yerli aktyorlar dəqiq, inandırıcı ifa edə bilərlər.

Amma çox təəssüf ki, “Məhəbbət oyunu” filmində “Bismillah”dakı müəllif entuziazmını, sevgisi duyulmur. Yəqin bu, təbiidir.

“Bismillah” 1925-ci ildə də çəkilib. Onda sovet hökuməti yeni qurulmuşdu, qadağalar, şəxsiyyətə pərəstiş mexanizmi hələ formalaşmamışdı.

“Məhəbbət oyunu” isə 1935-ci ildə lentə alınmışdı. O dövrdə ki, artıq bütün sovetlərin hakimiyyəti möhkəmlənmişdi, repressiya maşını işə düşürdü, sənət sovet ideologiyasının tələblərindən kənara çıxmamalıydı. Və filmdən 3 il sonra Şərifzadə də repressiyanın qurbanı olacaqdı.

Şərifzadənin kinoda son işi olan “Məhəbbət oyunu”na baxanda hiss olunur ki, ssenari, süjet ona yaddır.

“Məhəbbət oyunu” klassik sovet əhvalatıdır.

Hadisələr də təbii ki, zavodda, fabrikdə, kolxozda cərəyan etməliydi. Zavodda işləyən Leylaya (Sara Şərifzadə) iki dost vurulur: Kərim (Məcid Şamxalov) və Səttar (İsmayıl Əfəndiyev).

Kərim qoçaqdır, işgüzardır, Leyla isə tənbəl, özünü işə verməyən Səttarı sevir. Əhvalatın gedişatına uyğun olaraq Leylanın sevgisi Səttarı yaxşılığa doğru dəyişir, o zəhmətkeş birinə çevrilir, hətta finalda avtomobil yarışmasında qalib olur. Eynilə məşhur “Görüş” filmində özbək qızın sevgisi Kamili dəyişdiyi kimi.

Süjetdən də göründüyü kimi film tərbiyəvi məqsəd daşıyır, “əmək, zəhmət olmadan sovet adamının həyatında xoşbəxtlik mümkün deyil” ideyasını təlqin edir. Bir epizodda Leylanın Kərimdən onu Səttara qısqanıb-qısqanmadığını soruşanda, o, cavab verir: “Komsomolla qısqanclıq uyuşmur”.

Komediya janrında çəkilən filmin süjeti banaldır və sadəlövh, infantil fəndlər üzərində qurulub. Gülüş hədəfinə çevrilən, gülməli, gözlənilməz situasiyalara (əslində isə heç bir komik effekt doğurmayan vəziyyət, gözlənilməzlik də əhvalatdan doğulmur, kənar, qurama müdaxilə təsiri bağışlayır) düşən qəhrəmanın sonda ağıllanması, yardımçı, süjeti zənginləşdirməyə xidmət edən obrazlar (qəhrəmanın daim, guya təsadüfən, orta yaşlı, kök cütlüklə toqquşması, onların hansısa şəraitlərdə “qurbana” çevrilən balaca itləri və s) bəsit həll edilib. Aktyor, xüsusən, İsmayıl Əfəndiyevin oyunu lazım olduğundan artıq mübaliğəlidir.

Sovet kinosinun analoji süjetlərində bir qayda olaraq, qadın kişi personaja nisbətdə təmkinli, mərhəmətli təsvir olunur, bu davranışı ilə də o, ipə-sapa yatmayan kişinin tərbiyəvi təsirinə nail olur.

Epizodlardan birində Leyla hələ tənbəlliyin daşını atmayan Səttara deyəndə ki, onun gələcək əri yüksək səviyyəli sürücü olmalıdır, bu anda kamera şarların pilləkənlərlə aşağı diyirlənməsinə fokuslanır. Bu da yəqin Sergey Eyzenşteynin “Potyomkin zirehli gəmisi” filmindəki “Odessa pilləkənləri ilə uşaq arabasının diyirlənməsi” məşhur səhnəsinə xitabdır.

Filmin əvvəlində qəhrəmanın evinə düşən günəş şüalarının qarşısını kəsən, zivədən asılan paltarlar onun gözünə kölgə salaraq səhər yuxudan oyanmasına mane olur. Belə bir bədii həll məzmunca bəsit olsa da, sırf vizual baxımdan maraqlı və estetikdir.

“Məhəbbət oyunu” sovet dövründə bədii cəhətdən zəif film kimi qiymətləndirilib, tənqidə görə, “səadət əməkdədir” ideyasının həlli sxematikdir, gülüş xatirinə bayağı hərəkətlərə yol verilib.

Kinooperator Rafiq Quliyev “Azərbaycan səssiz kinosunun təsvir irsi” kitabında filmin vizual nəql üslubu, kinematoqrafik təsvir formaları baxımından əhəmiyyətini qeyd edir: “Ssenaridən irəli gələn ekran əsərinin müəllif yozumunda nəzərə çarpan qüsurlara baxmayaraq, sərbəst, cürətli, dinamik kompozisiyalar, rakurslu və hərəkətli çəkilişlər, filmin montaj strukturunda bir-birini əvəz edən planların dəqiq miqyas ölçüləri, tənzimlənmiş ritmi, eləcə də optik qabartmalar və işıq rəsmi kimi komponentlər vasitəsilə formalaşmış mükəmməl vizual nəql üslubuna görə “Məhəbbət oyunu” kinokomediyası XX əsrin 30- cu illərində yaradılmış “Lətif”, “İyirmi altı komissar”, “İsmət”, “Almaz” kimi erkan əsərləri ilə bir sırada dayanır və hətta vizual görüntülərin yüksək fotoqrafik keyfiyyəti baxımından daha ciddi təsir bağışlayır”.

Yerı gəlmişkən, Kərim rolunun ifaçısı Məcid Şamxalov məşhur “Qaynana” komediyasının müəllifidir.

# 2257 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #