Sosial şəbəkələr: xəstəlik yoxsa tərəqqi?

Sosial şəbəkələr: xəstəlik yoxsa tərəqqi?
20 dekabr 2012
# 08:30

Kulis “TərsBucaq” layihəsi.

Bu layihədə iki yazar iştirak edir: Ramilə Qurbanlı və Mirmehdi Ağaoğlu.

Yazarlar eyni mövzu haqda qütb mövqeləri ifadə edən yazılar qələmə alacaqlar.

Layihənin dördüncü mövzusu sosial şəbəkələrin müsbət və mənfi tərəfləridir.

Ünsiyyət problemi olanların yeri - sosial şəbəkələr

Ramilə QURBANLI

Sosial şəbəkələr dövrün tələbidir. Daş hasarlardan, seyf qapılardan da betər insan eqoizminin insanlar arasındakı ünsiyyətə son qoyduğu bir zamanda sosial şəbəkələr meydana gəldi.

Gəlib də neynədi, ünsiyyəti bərpa etdi?

Xeyr, ünsiyyətdən yaranan səmimiyyəti, mehribanlığı bir az da əngəllədi. Bütün günü internet qarşısında sosial şəbəkələr vasitəsilə həmsöhbət tapan insan övladı üzbəüz qonşudan, divar qonşusundan bir az da uzaq düşdü.

Sosial şəbəkədə kiməsə virtual canıyananlıq edən şəxs divarın o tərəfində bir-birini qanına qəltan edən ailədən, onun bədbəxtliyindən bixəbər oldu.

İnsanlar bir-birindən daha da uzaqlaşdı, intiharlar, qətllər çoxaldı.

Deyə bilərsiniz ki, intiharın, qətlin sosial şəbəkəyə nə dəxli var?

Var, psixoloqlar bu barədə çox deyir, az eşidilir. İnsan həmdəm, ünsiyyət çatışmazlığından intihara gedir. Onu intihara sürükləyən problemi dostla bölüşsə, heç intihara da addım atmaz.

İkincisi, əslində sosial şəbəkələrdə əlaqə yaratmağa çalışanların ünsiyyət problemi var. Evdə, ailədə özünü tapa bilmədiyi üçün özünü-ünsiyyətini sosial şəbəkədə axtarır.

Virtual ünsiyyət bir vaxtlar dəbdə olan dekorativ güllər kimi sünidir. Belə ünsiyyət insana heç vaxt dost əlinin, dost baxışlarının, həmdəm təskinliyinin istiliyini verə bilməz.

Sosial şəbəkəyə münasibətdə də mentalitetdən gələn qəribə bir bayağılıq var. Məsələn, dəfələrlə rastlaşdığımız statuslardandır: kimsə “sosial şəbəkədə qadının nə işi var?” - deyə hökmlü, ironik yanaşma nümayiş etdirir.

Guya sosial şəbəkənin də qadına, yaxud kişiyə aid olması barədə hansısa müqəddəs kitabda göstəriş verilib.

Doğru olan bir məqam var, sosial şəbəkədə də iş görən iş görür, avaralanan avaralanır, necə ki, həyatda. Axı, orda da həyat var, virtual həyat. İstər bu kişi olsun, istər qadın.

Uşağın isə ümumiyyətlə sosial şəbəkədə heç bir işi yoxdur. Jurnalist deyil yazılarını paylaşa, iş adamı deyil reklamla məşğul ola. Məktəbli sosial şəbəkədə yalnız kiminləsə tanış olub, boş-boşuna söhbətləşmək həvəsindədir. Bu da onun vaxtını alıb, dərsdən yayınmasına xidmət edən amildir.

Uşağın, yeniyetmənin sosial şəbəkələrdə kiminləsə tanış olub onunla ünsiyyət qurması özünün əleyhinə də işləyə bilər. Uşaq tanımadığı fırıldaqçının qurbanına çevrilər. Onun vasitəsi ilə evə oğru gələr, yaxud uşaq pis yollara sürüklənər.

Hərçənd, özüm də sosial şəbəkələrin xidmətlərindən istifadə edirəm, düzdür, sırf işimlə bağlıdır bu, amma yenə onların ləğvinin tərəfdarıyam, bunun mümkünsüzlüyünü bilə-bilə fikirdir də deyirəm. Və əsaslandırıram ki, sosial şəbəkələr hasarların, seyf qapıların illərlə edə bilmədiklərini elədi insanlara, onları səmimi ünsiyyətdən, istilikdən uzaqlaşdırdı.

Kurçatov da atomu dinc məqsədlər üçün kəşf etmişdi, amma ondan əvvəl insanlar onu məkrli niyyətlərə yönəltdilər.

Sosial şəbəkələrdən də xoş niyyətlər varkən bəd əməllər üçün istifadə etməyək.

Onu narkomaniya, siqaret, içki kimi bəlaların siyahısına salmayaq.

Ondan yararlanaq, onu vasitəyə çevirək, özümüz vasitəyə çevrilməyək.

Ondan tərəqqi üçün istifadə edək, ona yoluxmayaq.

Ər arvaddan çayı Facebookda istəyirsə

Mirmehdi AĞAOĞLU

Sosial şəbəkələr qəfil girdi həyatımıza. Artıq günümüzün bir hissəsi sosial şəbəkələrdə keçir. Sosial şəbəkələr həyat tərzimizə çevrilir. Lap belə internetdən uzaq durmaq istəsək də, bir müddət ara vermək üçün profilimizi deaktiv etsək də yenə fikrimiz Facebookda qalır. Facebooku unutmaq istəsək belə “yaramaz” dostlarımızdan biri mütləq burdan söhbət salır və biz virtual aləmdən heç cür əl çəkə bilmirik.

Sosial şəbəkələr də hər bir yenilik kimi özlərinin antipodlarını gətirdi.

Suallar çıxır ortaya.

Sosial şəbəkələrin zərərləri nədir?

İnsanların gününü sosial şəbəkələrdə keçirməsi onların ünsiyyətində nə kimi fəsadlar yaradır?

İnsanların davranışlarında qəribə dəyişikliklər baş verib.

Ər çay istədiyini arvadına Facebookda deyir.

Uşaq anasını sevdiyini bildirmək üçün boynuna sarılmaq əvəzinə divarına anasına sarılmış uşaq şəkli yapışdırır.

Davranışda yaranan dəyişikliklər olduqca qəribə, anlaşılmaz görünür. Bu davranışları insanların təkləşməsi, tənhalaşması, özünə qapanması kimi də yozmaq olar.

Amma başqa misallar da var. Sosial şəbəkələr illərdir bir-birini görməyən insanları birləşdirir.

Analar qürbət ölkədə yaşayan qızları ilə sosial şəbəkələrdə görüşüb həsrət gidərirlər.

Oğlum xəstələnmişdi. Gecə idi, uşağın həkimi ilə əlaqə yaratmaq alınmırdı. Facebookda bir status yazdım və bir anda inboxsum yardım mesajları ilə dolub-daşdı. Həyatda üzünü belə görmədiyim həkimlər, bu sahənin mütəxəssisləri qayğı ilə məsləhətlər verirdilər. Dostlardan birinin anası uşaq həkimi imiş. Anasının nömrəsini verdi, zəng edib uşağın xəstəlik əlamətlərini dedik və məsləhətlər aldıq.

Başqa bir misal. Elə bu yazını yaza-yaza ev telefonum ilə bağlı problemi həll etdim. Həyatda üzünü belə görmədiyim Facebook dostum nəinki idarələr arasında köçürmə problemindən bağlı qalan telefonumu açdırdı, hətta mənim əvəzimə qalıq borcu da ödədi. Mən yalnız status yazmışdım.

Nə qədər desən misallar çəkmək olar. Hər hansı bir məsələ ilə bağlı çətinliyin yaranır, onu Facebookda bölüşürsən, dostlar kömək edirlər.

Dostlar kafedə yığışırlar. Görüşün xeyli hissəsi isə hər birinin başını netbuka, telefona dikib sosial şəbəkələrdə gəzişməsi ilə keçir. İlk baxışdan qəribə gəlir. Amma başqa cür ola da bilməz. Sosial şəbəkələr bu qədər həyatımızda var ikən öz təsirlərini göstərməsinmi? Davranışlarımızda, ünsiyyətdə dəyişikliklər olmasınmı?

Təbii ki, həyatımızda müəyyən dəyişikliklər olacaq. Həyatımız dəyişəcək. Kafedə oturan dostlar əvvəlki kimi qaynayıb-qarışmayacaqlar, ər arvaddan çayı Facebookda istəyəcək. Çünki insanların ünsiyyətləri asanlaşıb. Artıq hər kəs onlinedır. Hər gün virtual aləmdə ünsiyyət qurduğun adamla kafedə nədən danışa bilərsən ki.

Bütün bunlar qəribə gələ bilər. Amma reallıq budur. Yeniliklərə alışmaq lazımdır. Artıq istəsək belə həyatımızı sosial şəbəkələrsiz təsəvvür edə bilmərik.

Bu yaxında bir məlumat oxudum. Müəllimlər tədrisi daha səmərəli etmək üçün sosial şəbəkələrdə şagirdlərlə ünsiyyət qururlar, mövzular müzakirə edirlər. Bunun üçün müəyyən proqramlar tətbiq olunur.

Azyaşlıları sosial şəbəkələrdən uzaqlaşdırmaqla, çəkindirməkdənsə sosial şəbəkələrin faydalarından səmərəli şəkildə istifadə etmək daha yaxşı deyilmi? Əgər müəllimi şagirdi Facebookda da izləyəcək, onunla təmasda olacaqsa bunun nəyi pisdir?

Ünsiyyətin yeni formalarına alışmaqdan başqa çarəmiz qalmayıb. Sosial şəbəkələrin insanların həyat tərzlərində dəyişiklər edəcəyi dəqiqdir. Əlbəttə fəsadlarını görəcəyik. Uyğunlaşmada çətinliklərimiz olacaq.

İlk avtomobil qəzasından sonra bəşəriyyət avtomobildən imtina elədimi? Yox. O zaman çəkinməyək əsla. İnsan nə qədər yeniliklərə açıqdırsa, o qədər cavandır.

# 2378 dəfə oxunub

Oxşar xəbərlər

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
#
#
# # #