Meşədə yaşayan amerikalı ziyalılar

Meşədə yaşayan amerikalı ziyalılar
2 noyabr 2013
# 09:00

Anası körpəni cürbəcür, rəngbərəng oyuncaqlarla əyləndirir, güldürür. Körpənin baxışları oyuncaqdan oyuncağa sürüşür, rənglər, fiqurlar, parıltı diqqətini çəkir.

Sonra körpə yorulur, oyuncaqlara marağı itir, nəsə yeni bir şey istəyir. Mızıldanır, ağlayır. Ana onu əyləndirmək üçün min bir hoqqadan çıxır, oyunbazlıq edir, köhnə oyuncaqları qarşısına töküb yenidən cingildədir, pəncərədən avtomobilləri göstərir.

Körpə şənlənir, üzü gülür, amma az sonra yenə yorulur, ətrafa baxır, gözləri daha maraqlı nəsə axtarır.

Körpənin davranışı, əşyalara münasibəti məndə o qənaəti möhkəmləndirir ki, insan təbiətindəki xiffət, özünün də dəqiq bilmədiyi bir şeydən ötrü daim darıxmaq, bir ritmlilikdən, rənglilikdən yorulmaq hissi ilə doğulur.

Hərçənd, meqalopolisin yeyinliyi, modern texnologiyaların sayəsində düşdüyümüz informasiya bolluğu da ayrı cür yorucudur.

Çünki ilk baxışda müxtəliflik təəssüratı aşılayan, informasiyalar, fotolar, mətnlər, hadisələr kiçik korrektələrlə biri digərinin təkrarıdır.

Təkrarçılıqdan o qədər yorulursan ki, hansısa naməlum uzaqlığa getmək istəyirsən. Və bizə elə gəlir ki, guya o uzaqlıqda mütləq rahatlıq, xoşbəxtlik var.

Aki Kaurismaki insanın özünüaldatma hissini dəqiq, sərt ifadə edir:

“Bizə həmişə elə gəlir ki, gözəl olan nəsə hardasa çox uzaqlardadır. Hansısa uzaqlıqda xoşbəxtliyin olmasını təsəvvür etmək necə də asandır. Amma əlbəttə, hamımız bilirik ki, uzaqlarda heç nə yoxdur”.

... Baxmaq və oxumaq üçün seçib qeyd elədiyim xeyli film, bədii-analitik mətn var.

Hərçənd, elə an gəlib yetişir ki, bütün bunlardan da yorulursan. Ürəkbulanma həddinə kimi.

Elə bir an ki, daha heç nə bilmək, beynində daha bir mətnin, görüntünün yerləşməsini istəmirsən.

Həyatın iti, tuta bilmədiyin ritminə, zorakılıqla dolu xəbərlərinə, enerjisinə qarışıb ərimədən hər şeydən təcrid olunmağı arzulayırsan.

Amma buna qərar verəcək qədər iradəli, cəsarətli deyilsən.

Hind əsilli amerikalı rejissor Nayt M. Şyamalan isə bu arzusunu “Kənd” (“The Village”) adlı filmində gerçəkləşdirib.

İlk kadrlarda seyrçi XIX əsr görüntüləri ilə qarşılaşır. Kiçik bir kənddə mehriban yaşayan insanlar burdan kənara çıxmır.

Sonra hadisələrin gedişatında aydınlaşır ki, əslində XXI əsrin əvvəlidir.

Amerikanın nüfuzlu intellektualları özlərini və uşaqlarını baş verən amansızlıqdan, zorakılıqlardan qorumaq üçün müasir dünyaya tüpürüb, şəhərdən tamamilə təcrid olunub bir meşədə məskən salırlar.

Onların övladları müasir dünyadan xəbərsiz yaşayır.

Tədricən ortaya çıxan müxtəlif problemlər səbəbindən sakinlər seçim qarşısında qalır, tərəddüdlərdə boğulur: “Nə etməli? XXI əsrə qayıtmaq, ya qalmaq? Ümumiyyətlə, bu lazımdırmı”...

Yazımın finalını acıq saxlayıram. Filmi izləmək istəsəz, öz qənaətinizi şərh yerinə əlavə edə bilərsiz.

# 3831 dəfə oxunub

Oxşar xəbərlər

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

"Mən də elə bildim, bu yazını yaşlı, təcrübəli adam yazıb" - Sabir Rüstəmxanlı

12:00 13 aprel 2025
"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

"Kişisən, oxuyandan sonra bacardığın kimi söy" - Arif Acaloğlunun məktubu

17:00 10 aprel 2025
AzDrama niyə bu gündədir? - Firuz Mustafa

AzDrama niyə bu gündədir? - Firuz Mustafa

12:00 10 aprel 2025
"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

"Məhbuslar dənizdə batırılırdı, o vaxt Bakıda balıq ətindən kütləvi zəhərlənmə olmuşdu" - Ruhulla Axundovu niyə öldürmək istəyirdilər?

09:00 10 aprel 2025
#
#
# # #