Kulis.az “Baxılası 50 film” layihəsinin son filmini - dünya kinosuna inqilabi təsir eləmiş, keçən əsrin 60-cı illərində Fransada meydana gəlmiş “Yeni dalğa” cərəyanının yaradıcılarından biri, müasir kinonun klassiklərindən sayılan Jan Lyuk Qodarın “Son nəfəsdə” ekran əsərini təqdim edir.
Fransız rejissoru Jan Lyuk Qodar 1930-cu ildə Parisdə doğulub. Onun atası həkim idi və şəxsi klinikası vardı. Anası isə İsveçrə bankirlərinin ailəsindəndir.
Qodar məktəbi İsveçrədə oxusa da, ali təhsilini Parisdə alıb, Sorbonna Universitetinin antropologiya fakültəsində oxuyub. Tələbəlikdə vaxtının çoxunu kino klublarında keçirən rejissor sonra kino jurnalı üçün məqalələr yazmağa başlayır.
Qodarın həmmüəllifi olduğu “Yeni dalğa” burjualaşmış kinonu, kanonları rədd edərək müəllif kino nəzəriyyəsinin əsasını qoydu. “Yeni dalğa” yaşlı nəsli reallıqdan uzaq kommersiya filmlərinə önəm verdiyi üçün tənqid edir, eksperimentlərə əl atır, sosial normalara qarşı çıxırdılar.
Bu nəzəriyyəyə görə rejissor filmin tam müəllifi, kino-prosesdə həlledici fiqur olmalı, istehsal zamanı bütün mərhələlərdə iştirak etməli, kinofilmə kommersiya yox, sənət nümunəsi kimi yanaşmalıdır.
Qodarın filmləri ( “Son nəfəsdə” “Kiçik əsgər” ,“Öz həyatını yaşamaq” ) fərqli kino dili, yeni montaj üsulu ilə o vaxtadək fransız kinosunda qəbul olunmuş basmaqəlib quruluşlardan kəskin seçilirdi.
1968-ci ildə Fransadakı tələbə hərəkatında fəal iştirak edən Qodar sol təmayüllü hərəkatın ideya liderlərindən biri olur. Onun filmləri 1968-ci il Fransa inqilabı üçün siyasi pamfletə çevrilir.
1959-cu ildə Qodar ilk filmini “Son nəfəsdə” dramını çəkir.
Onun növbəti “Kiçik əsgər” (1960) əsəri realist zorakı səhnələrə görə senzuraya məruz qalır və üç il sonra ekranlara çıxır. Hadisələr Əlcəzair müharibəsi fonunda Cenevrədə baş verir.
“Öz həyatınla yaşamaq” (1962) 12 epizoddan ibarətdir. Film azad, sərbəst yaşamaq istəyən Nana adlı gənc qadının hekayətini anladır. Amma azadlıq istəyi ona baha başa gəlir və Nana fahişə olmaq məcburiyyətində qalır. Film Venesiya festivalının iki mükafatını alır. Qadın hekayəti fonunda rejissor sosial, əxlaqi məsələləri araşdırır, insan azadlığına qadağa qoyan, onu manipulyasiyaya sürükləyən cəmiyyəti hədəfə alır.
“Nifrət” (1963) Alberto Moravianın eyni adlı romanı əsasında çəkilib.
Yazıçı Javal idealistdir, amma kütləvi detektivlər və ssenarilər yazaraq pul qazanır. Avropaya film çəkməyə gələn prodüser ssenarini ona həvalə edir. Və sonra Javalın arvadı prodüserin xoşuna gəlir, bunu sezən yazıçı münasibətləri görməzdən gəlir. İdeallarına xəyanət etdiyinə görə arvadı ona nifrət edir.
“Nifrət” prodüserlərin müəllifə təzyiqini göstərən tənqidi filmdir. Film bitəndən sonra müəlliflər rejissora baş rolun ifaçılardan biri Bricit Bardonu çılpaq çəkmədiyinə görə irad tuturlar. Qodar filmin əvvəlində Bardonu “soyundurur”, amma bunu minimal və soyuq çəkməklə qadın bədəninin kapitalist dünyasında əmtəəyə çevrilməsinə etiraz edir.
Berlin kinofestivalında “Qızıl ayı” alan “Alfavill” (1956) ağ-qara fantastik filmi totalitarizmi ifşa edir.
“Dəlisov Pyero” (1965) kriminal dramı amerikalı yazıçı Lionel Uaytın “Mübtəlalıq” romanının ekran həllidir.
Baş qəhrəman varlı qadınla evli olsa da onu sevmir. Burjua mühiti onu darıxdırır, monoton həyatdan sıxılır, hər şey ona anlamsız gəlir. O, azyaşlı qızına Velaskesin yaradıcılığı haqda kitab oxumaqla sanki qızını bu saxta dünyadan qoparmağa cəhd edir.
O, məxsus olduğu dünyadan qaçır və sonda ölür.
Filmdə unikal səhnələrdən biri burjuaların ziyafətidir. Rejissor səhnədə reklam anturajı (mühiti-red.) yaradır, qadınlar şampundan, ətirdən, alt paltarından, kişilər avtomobildən danışır. Təkcə Pyero bu mühitdə rahat deyil, vurnuxur, darıxır və ordan qaçır.
Gi de Mopassanın əsəri əsasında çəkilən, Berlin kinofestivalının bir neçə mükafatını alan “Kişi-qadın” (1966) öz həyatını qurmaq istəyən, sol ideyaların tərəfdarı olan gənc oğlanın əhvalatını danışır.
"Bildiyim bir neçə şey” (1967) filmində insanlar sosial qayğılara, nəhəng zavodlara, reklamlara qarışıb insanlıqdan çıxır. Dükanda, küçədə, kafedə müxtəlif adamlar üzünü kameraya tutub öz qayğılarını, düşüncələrini bölüşür.
Sanki Qodar bu böyük dünyada yadlaşan insanların arasındakı sərhədləri kino vasitəsilə qırmağa ümid edir.
Venesiya festivalının xüsusi prizini alan “Çinli qız” (1967) Dostoyevskinin “Şeytanlar” romanının azad traktovkasıdır. Bir qrup fransız tələbə Maounu öyrənir.
“Uikend” (1967) sürrealist, qara komediyası həftəsonunu təbiətdə keçirmək istəyən cütlüyün səyahəti zamanı baş verənləri anladır.
Kann festivalının Qran Prisini alan “Ehtiras” (1982) bir film çəkilişinin xaotik təhkiyəsidir. Paralel olaraq fəhlələrin öz haqları uğrunda mübarizəsi gedir.
Venesiya festivalında iki mükafata layiq görülən “Adı: Karmen” (1983) Bizenin “Karmen” operasının motivləri əsasında ekranlaşdırılıb. Baş qəhrəman Karmen cinayət qrupunun rəhbəridir və bankın qarətini planlaşdırır.
“Yeni dalğa” (1990) yüksək cəmiyyətin muzdlu fəhlələrlə münasibətini analiz edir.
2010-cu ildə Kann festivalı çərçivəsində premyerası baş tutan “Sosializm” film-essesidir. Qodar bu filmdə də müasir dünyamızda münaqişələrə səbəb olan ideoloji, siyasi, sosial məsələlərə toxunub.
Onun “Sosializm”i mürəkkəb filmdir, başqa cür desək, kollajdır, ən müxtəlif fikirlərin, hadisələrin, elementlərin toqquşması və harmoniyasıdır. Filmi Qodarın növbəti siyasi manifesti, pamfleti kimi də qəbul etmək olar.
Rejissor filmi ilə bağlı maraqlı açıqlama verir: “Burda hər hansı qayda yoxdur. Mən dənizi göstərirəm. Onu təsvir etmək olmur-o sadəcə assosiasiya doğurur. Əgər “assosiasiya”dan danışırıqsa, “sosializm” də deyə bilərik. Əgər “sosializm” deyiriksə, siyasətdən də danışa bilərik”.
Qodarın hələ ki, bu il ekranlara çıxan “Əlvida dil” filmidir.
Ünsiyyəti itirən qadın və kişinin bələdçisi itdir.
Ümumiyyətlə, dünya ədəbiyyatı, fəlsəfəsi, musiqisi, rəssamlığı, tarixi, ictimai-siyasi proseslər, kapitalizm, sosializm, qısası dünyada baş vermiş və baş verən hər şeyin qarışdırılması-bütün bunlar Qodarsayağı film deməkdir.
Qodar filmlərində daim filosofluq edir, dünyayla yorulmadan polemikaya girir.
Stendalı Əlcəzair müharibəsinə, Renuarı Leninə, fahişəliyi Vyetnam hadisələrinə, özünü analizi total sənayeləşməyə, məişət problemlərini linqvistikaya bulaşdırır.
O dünyadakı itmiş harmoniyanı axtarır. Bu harmoniyaya dünyanın anlaşılmazlığı və məntiqsizliyi, insanların yadlaşması, maddiləşməsi mane olur.
Onun filmlərində ölüm faktı yüngül, asan, hətta bəzən sanki dekorativ baş verir. Bu, müasir insanın laqeydliyini ifadə edir.
O, janrları qarışdırır, musiqili səhnələrdən, rəqslərdən istifadə edir
Qodarı tez-tez antisemitizmdə günahlandırırlar. Holokostu inkar edən rejissor İsraili Yaxın Şərqin bədxassəli şişi adlandırır: “Holokost – yəhudilərin intiharıdır, onlar intihar hesabına rəğbət qazandılar və İsrail dövlətini yaratdılar”.
Bir neçə il əvvəl Oskar Akademiyası Qodara kinodakı əməyinə görə mükafat versə də rejissor mərasimə qatılmadı. O, bir parça metala görə okeanın o tayına uçmaq niyyətində olmadığını dedi. Amerika qəzetləri isə Akademiyanı antisemit baxışlarına görə rejissora mükafat verməməyə çağırsa da, Akademiya Qodarı onsuz da mükafatlandırdı.
...Bəzilərinə görə Qodar epitafiyasını artıq 1965-ci ilə ekranlaşdırdığı “Alfavil”də deyib: “Səni ölümdən betər tale gözləyir: Sən əfsanə olacaqsan”.
“Yeni dalğa”nın digər yaradıcısı F.Trüffo onun haqda deyirdi: “Əgər biz Qodarla kazinoya getsək, öncə qaydaların necə olduğunu soruşacağıq. Mən qaydalara əməl edər, Qodar isə onları mütləq pozar”.
“Baxılası 50 film” layihəsində rejissorun dünya kinosunda inqilabi film sayılan “Son nəfəsdə” dramını təqdim edirik.
Süjet: Cinayətkar Mişel oğurladığı maşını təqib edən polisi öldürür. Təqib olunan Mişel Parisdə təhsil alan amerikalı tələbə sevgilisi Patrisiyanın yanına gəlir. Onlar birlikdə vaxt keçirir, İtaliyaya qaçmağı planlaşdırırlar...
Film kiçik büdcəyə çəkilib. Kameranın dinamik hərəkəti üçün əlil arabasından istifadə edilib. Ssenarini Qodar və Trüffo çəkiliş günü yazıb, dialoqlar isə improvizədir. Filmdə titrlərdən istifadə olunmayıb.
Amma rejissor bilərəkdən bu reallığı dağıdır: aktyorlar birbaşa kameraya baxır. Sərt montaj bunun tamaşaçıya kino olduğunu xatırladır. “Son nəfəsdə” (montaj düzümünün pozulması, nəqldə kəsimlər-səhnələrin əvvəlinin və sonunun kəsilməsi, tamaşaçıyla interaktivlik) göstərdi ki, kinonu başqa cür də çəkmək olar. Filmdə kameranın hadisə yerində sanki təsadüfi, qəfil peyda olması, baş verənləri xəlvətcə izləyirmiş kimi görünməsi, təbii işıq sənədlilik təəssüratı yaradırdı. “Son nəfəsdə”nin qəhrəmanı cəmiyyətin burjua, ütülü qanunlarına üsyan edir, özünün xaotik davranışı ilə onlara meydan oxuyur.
Folknerin “Vəhşi palmalar” əsəri müzakirə edilir, şair Dilan Tomas xatırlanır, Pikassonun və Renuarın tabloları görünür.
Mişelin ölüm səhnəsi dünya kinosunun məşhur səhnəsidir. Çox rejissor onu başqa filmlərdə parodiya edib.
Fransa Sinematekasının yaradıcılarından biri Anri Langlua film haqda deyir: “Bu filmlə kino tarixi iki yerə bölünür: Qodara qədər və Qodardan sonra”.
Qodarın fikirlərindən:
”Təbii ki pul ictimai rifah deyil. Amma onsuz mümkün deyil. O, hamı üçün mübadilə vasitəsidir. Mənim problemim ondan ibarətdir ki, həmişə çəkdiyim filmlərdən əldə etdiyim pulun hesabına yaşayıram. Buna görə də həmişə film çəkməyə məcburam“.
***
“Mənim mobil telefonum yoxdur. İnsanlar telefonlarının düymələrinə və ya görüntülərinə hakim olduqlarına inanırlar. Amma əslində o düymələr bizə hakimdir. Bəzən texnika mənə çox ədəbsiz görünür. Əgər dərhal kiminsə səsini eşidə bilirəmsə bu, düz deyil. Mənə ədəbsiz görünən odur ki, kiminləsə ünsiyyətdə olmaq üçün heç bir zəhmət tələb olunmur“.
***
“Kinoteatr-kinonun aksessuar olduğu popkorn məbədidir“.
***
“İnsanlar o qədər əşya düşünüb ki, indi onlara nəzarəti itiriblər. Məsələn, bu külqabıya baxın, o yaxşı qalıb. Amma onun minlərlə modelini düzəltmək niyə lazımdır?”
***
"Mənim heç zaman ssenarim olmayıb. Yalnız film hazır olanda, ssenirini təsəvvür edə bilirəm“.
***
“Filmin çəkilişi montajdan başlayır. Bunu mən yalnız sonralar dərk etdim. Stolun üstündə qəhvə fincanı, stəkan və qaşıq var. Bunlar əhvalat yarada bilməz. Yalnız onları hərəkətə gəitirləndə, bir-birilə hər baxımdan əlaqə yaradanda dramaturgiya əmələ gəlir“.