Bizim kəndin sakinləri başlarını əkinçiliklə, əsasən də kartof əkməklə qatır. Sovet dövründə sovxozumuz da əkinçilik və üzümçülüklə məşğul idi. Sovetlər dağıldıqdan sonra da kəndçilərimiz kartofçuluqdan əl çəkmədilər.
Kartof gövdəsinin düşməni olan “kolorado” böcəyi çıxmayana qədər hər şey yaxşı gedirdi. Bu böcəyin peyda olmasıyla bütün torpaqlar zəhərləndi. Əkinçilər yaz vaxtı öz əkinlərini bu əcaib böcəkdən xilas eləmək üçün bütün günü zəhər çiləyirlər. Zəhərləmə prosesindən sonra əkinçi kişilər axşamlar baş-başa yığılıb ucuz araqlardan “vururlar”. Kənddə ən çox içənlərdən biri də Bayramdı. Bayram içib dəmlənən kimi şeirlər deməyə başlayır. Bu ədəbi irsin itməməyi üçün Vahid əliqələmli onun yanında hazır durur. Bayram dedikcə Vahid dəftərə yazır.
Bir dəfə şıdırğı şeir deyən vaxt, göz dəyməsin deyə, Vahid onun başının üstündə üzərlik yandırır. Bayram ordaca deyir:
Vahid üzərlik odladı
Heç nə məni yandırammaz
Bir şey yoxdu boş başımda
Heç kim məni qandırammaz...
Bir dəfə yenə kəndin çayxana-kafesində oturmuşduq. Domino oynayan kim, söhbət eləyən kim, araq içən kim... Vahid əlində badə tutan Bayramdan yenə şeir istədi: “O cavanlara bir şeir de!” Bayram dərhal başladı:
O cavanlar mənim özümünküdü
Həmişə burada yüz-yüz vururlar
Sonra dururlar
Hərdən də dalaşırlar
Buna söhbət yox
Düzünü deyirəm, qardaş
Burda qeybət yox!
Hər bir igid burda domino oynayar
Dağlarda duman qaynayar...
Bir dəfə Bayramdan, çiynində toxa harasa tələsdiyini görüb soruşdum, hara gedirsən? Dərhal dayanıb şeirlə cavab verdi:
Əkinə gedirəm, əkinə gedirəm
əkin olmasa tikinə gedirəm
həyatdı, qadan alım,
gah üzüaşağı,
gah da dikinə gedirəm...
Bir gün kənddə yağış yağanda evlərinə dağılışanlar yağış kəsən kimi yenə tutun dibinə yığılırlar. Bayram da evdən çıxıb adamların yanına gəlir. Bu gözəl havada cibindəki arağı çıxarıb başına çəkəndə gözü göydəki göy qurşağına sataşır və heyrətlə: “Aə, bu hökmət nələr düzəldib, aəə!” – deyir.
Ümumiyyətlə, Bayram kənddə məntiqsiz cümlələr müəllifi kimi tanınır. Bir dəfə tutun dibində qonşusu iri cüssəli Pərvizlə əkin-biçindən mübahisə eləyirlər. Qəfildən Bayram işıq dirəyini ona göstərib: “Bəs sən o dirəyə dırmaşa bilərsənmi?”,-deyir. Ta, bundan sonra onunla nə mübahisə edə bilərsən? O, həmişə mübahisələrdə öz absurdları ilə qalib gəlir.
Bayram ucuz sex araqlarından tez-tez əziyyət çəkdiyinə görə evinə həkim çağırırlar. Bir gün Bayram yenə yataqda uzanıb əsirmiş. Təcili olaraq həkim axtarırlar. Bu zaman əllərinə uşaq həkimi Sabir keçir. Sabir doxdur dərhal onun təzyiqini ölçür, halını təyin eləyib yekə bir resept yazaraq: “İndən belə sənə qəti içmək olmaz!” deyir. Bayram onun reseptinə heç gözünün ucu ilə də baxmır. Aradan xeyli keçəndən sonra Sabir doxdurun kiçik qardaşı can həkimi Eldar doxduru Bayramgilə çağırırlar. Eldar doxdurun özü də “vurandı” deyə içəri girən kimi Bayramın vəziyyətini anlayıb diplomatdan bir araq çıxarır. Bayramı dikəldərək ona bir çapma stəkan araq içirdir. Bayram dərhal özünə gəlib belə deyir: “Ayə, demişdim mənə can həkimi gətirin, bunlar da uşaq həkimi gətirmişdilər. Həkim bax belə olar!”
Bayramın bağının o başında, çayın qırağında bir cır göyəm ağacı var. Arvaddan gizlənmək istəyən dostlarıyla hərdən göyəmin dibində oturub “vururlar”. Göyəmlə içənlər deyir ki, zəhər dadan arağın üstündən bircə dənə göyəm yeyən kimi arağın zəhəri yaddan çıxır, göyəmin tamından canını qurtarmağa çalışırsan. Yəni Bayramın göyəmi zəhərli araq üçün ən təbii “zakuska”dı. Vahid deyir, bir dəfə uşaqlar göyəmi yolurlarmış. Bayramın həyat yoldaşı uşaqların üstünə təpinərək belə deyib: “Kopay uşağı, kişinin zakuskasını niyə yolursunuz?!”
Bir dəfə yenə tutun dibinə yığılıb dünyanın dağılacağından danışırlar. Bayram da söhbətə qarışır: “Ayə, onu Şamaxıda Həştərxan da dedi!” Onun bu cümləsindən heç kim heç nə başa düşmür, hamı bir-birinin üzünə baxır. Bayramı həmişə camaata tərcümə eləyən Vahid yenə izah eləməli olur: “A balam, nəyə gülürsünüz? Kişinin oğlu demək istəyir ki, bu məlumatı Şamaxı rəsədxanası da təsdiqləyib!”
Dayıoğlu Vahid mənim xahişimlə Bayramın dilindən yazıya aldığı “Seçilmiş əsərləri”ni gətirmişdi. Soruşdum ki, dayıoğlu, bu, şeirlərini hansı vəzndə deyirmiş? Vahid dərhal belə cavab verdi: ”Bununku buraxma vəznidi!”
Sonra Bayramın bir dənə təbiət şeirini özüm üçün köçürdüm:
Quşlar cırt-cırt cırtlayır
Yerdən çoxlu qulançar çıxıb pırtlayır
Qoyun-quzu müəə edib mələyir
Sərin meh əsib ağacların yarpağını bələyir
Qəlbim o dağlarda dumana qarışıb
Kişilərin başı tumana qarışıb
Qocalığım əyri belimlə barışıb
Belə getsə
Mahnı dağlarda qaldı...
P.S. Bayram artıq iki ildi araq içmir. İçkini buraxdıqdan sonra öz şeirlərinə sahib durmur. Deyir, şeir dediyim qəti yadıma gəlmir. Ona: “Bayram, səndən yazmağa gəlmişəm” deyəndə şair kimi söhbət eləməyə razı olmadı. Ancaq onunla birlikdə şəkil çəkdirə bildim.