Arvadbazın oğul axtarışına çıxmağı

Arvadbazın oğul axtarışına çıxmağı
13 sentyabr 2014
# 08:30

Kulis.az “Baxılası 50 film” layihəsində müstəqil Amerika kinosunun pionerlərindən biri Con Kassavetisin layiqli varisi, maraqlı rejissorlarından biri Cim Carmuşun (1953) “Qırıq güllər” tragikomediyasını təqdim edir.

Amerikada doğulan Cim Carmuş məktəbi bitirdikdən sonra Çikaqo universitetində jurnalistika ixtisası üzrə təhsili alıb. Jurnalistikanı ingilis ədəbiyyatı ixtisasına dəyişən Carmuş sonradan təhsilini Parisdə davam etdirir. O, Parisdə tez-tez Sinematekaya baş çəkir, fransız kinosunu öyrənir. Sonra Amerikaya qayıdan rejissor Nyu-York kino-məktəbinə daxil olur və məşhur rejissor Nikolas Reyin assistenti işləyir.

“Əbədi tətil” (1980) tammetrajlı debütü rejissorun ən lakonik filmlərindən biridir, burda konkret mənalar yoxdur və artıq bu film rejissorun kinematoqrafik üslubunu təyin edirdi.

15 min dollara çəkilən və tənqidçilərin yüksək rəyini alan film gənc Ollenin həyatını nəql edir. Onun monoton, boş həyatı Nyu-Yorkun yarısı dağılmış rayonlarının təsviri ilə uyğunlaşır. O, xoşbəxtliyini Amerikadan uzaqda Parisdə axtarır. Baxmayaraq ki, debütü Carmuşun təhsil aldığı kino-məktəbinin müəllimlərinə xoş gəlməyib, ona hekayəni uzun çəkdiyinə görə irad tutublar.

Hətta Nyu-York Universitetinin tələbə festivalında filmi qəbul etməyərək rejissora belə cavab vermişdilər: “Cavan oğlan, bu, nə zibildir bizə göndərmisiz”.

Sonradan film təsadüfən Almaniyanın Mannheim festivalından Carmuşa dəvət gəlir. Rejissor debüt filminə görə festivalda mükafat alır. Və beləcə, Avropa kino dünyası üçün onu kəşf edir.

Həyatdan narazı, ünsiyyət problemləri yaşayan gəncləri anladan “Cənnətdən daha qəribə” (1984) Kannda “Qızıl kamera” alıb. Qəhrəmanların ruhsuzluğu ağ-qara kinonun soyuq, boz atmosferində təsvir edilir. Filmdə montaj demək olar ki, yoxdur. Bütün səhnələr bir dublla çəkilib.

Bu film Carmuşun rejissor üslubunun formalaşmasında xüsusi rol oynayıb.

Kino mütəxəssisləri “Cənnətdən daha qəribə” (1984) filmini XX yüzilliyinin sonunun ən yaxşı ekran əsərlərindən sayır. Bu az büdcəli ekran işi müstəqil Amerika kinosunun inkişafında rol oynayan vacib filmlərdəndir.

“Sirli qatar” (1989) komediyasında üç müxtəlif hekayət danışılır. Rejissor finalda personajların hamısını eyni otelə toplayır.

“Yer üzündəki gecə” (1991) dünyanın müxtəlif ölkələrində eyni vaxtda baş verən müstəqil əhvalatlardan ibarətdir. Bu novellaları həm də gecə, taksi, təsadüfi görüşlər birləşdirir.

“Ölü” (1995) mistik vestern pritçası mühasib Uilyam Bleykin Maşin adlı şəhərə işləməyə getməsindən, burda qəribə hadisələrlə qarşılaşmasından danışır. Carmuşa görə, film tipik vestern kimi başlasa da, hadisənin sonrakı inkişafı bu janrın stereotipləri ilə ziddiyyət təşkil edir. Məsələn, vesternin kulminasiyası sayılan tapançadan atəş -burda qəhrəmanların ruhi səyahəti üçün yalnız bəhanədir. Vesternlərdən fərqli olaraq burda əsas qəhrəman passivdir. Qəhrəmanın ingilis şairi, mistiki Uilyam Bleykin adını daşıması təsadüfi deyil. Çox replikalar onun əsərlərindən götürülüb.

“Köpək kabus: samurayın yolu” (1999) qanqster janrına parodiyadır.

Carmuşun maraqlı filmlərindən biri də “Qəhvə və siqratelər”dir. Rejissor on bir ağ-qara qısa filmdən ibarət “Qəhvə və siqaretlər”i 17 ilə bitirib. Bu filmdə onun sevimli aktyorları, şoumenləri qəhvə içərək bir-birilə maraqlı, hənəkəçi söhbətlər edir.

Bu layihədə rejissorun Kannda “Qran Pri” alan “Qırıq güllər” (2005) tragikomik filmini təqdim edəcəyik.

Süjet: Baş qəhrəman, gəncliyində arvadbaz olan Don Conston anonim məktub alır. Məktubda naməlum qadın 19 il əvvəl ondan bir oğlan doğduğunu və indi o gəncin atasını axtardığını yazır. O, həyatındakı qadınları xatırlamağa başlayır, məktubun kim tərəfindən göndərildiyini müəyyənləşdirməkdən ötrü yola çıxır. Və bir-bir keçmiş sevgililərinin evinə baş çəkir.

Carmuşun ən çox gəlir gətirən “Qırıq güllər” tipik road movie filmidir. Bu filmdə melanxolik yumor var.

Orta təbəqəyə aid olan personajlar Antonioninin ekzistensial qəhrəmanları kimi tənhalıq, yadlaşma problemi yaşayır.

Ümumiyyətlə, Cim Carmuş filmlərində tamamilə fərqli Amerikanı göstərir. Onun Amerikasında Hollivud filmlərində görməyə adət etdiyimiz təsvirlər-dəbdəbəli reklam lövhələri, qlamurluq, gur küçələr, bahalı evlər, avtomobillər, səfeh zarafatlar və zəvzəklik edən amerikalı obrazı yoxdur.


Cim Carmuşun Amerikası iddiasızdır, tənhadır, yorğundur, Antonioninin filmləri qədər ekzistensialdır.

Carmuşun kamerasına tuş gələn şəhər təsvirləri səliqəsiz, çirkli və adamsızdır.

Bu filmlərdəki Amerikada praqmatizm yoxdur. Onun Amerikası ziddiyyətlidir: eyni zamanda kədərli poetikaya və yumora bürünüb.

Carmuş minimalist rejissordur. Onun filmlərində psixologizm, zorakılıq, gərgin konfliktlər, dramatik vəziyyətlər olmur. Hətta “Nəzarətin limiti” adlı ekran işlərindən birinin janrı kriminal olsa da hadisələr sakit, həyəcansız baş verir. Bunun üçün rejissor digər filmlərində olduğu kimi statik kameradan istifadə edir.

Özünün də dediyi kimi bu üsulla qəhrəmanın daxili aləminin, düşdüyü vəziyyətin tamaşaçı tərəfindən dərkinə çalışır. Carmuşun qəhrəmanları da iddiasızdır, onlar həmişə nəsə axtarır, dözülməz dərəcədə darıxır, daim harasa, uzaqlara getmək istəyirlər.

Meqapolislərin yorduğu personajlar özlərini hər yerdə yad hiss edirlər. Carmuşun təbirincə desək, onlar autsayderdirlər.


Personajların dialoqları, bir qayda olaraq gündəlik həyatın xırda, az əhəmiyyətli problemlərinə söykənir.


Bunlar həm də ovqat filmləridir.


Hollivuddan gələn təklifləri rədd edən, onlarla əməkdaşlıq etməkdənsə pulsuz yaşamağı üstün sayan rejissor deyir: “Mənə göndərilən ssenarilərin hamisi karyera və şöhrətpərəstlik haqdadır. Ona görə Hollivudda işləmək istəmirəm”.


Carmuşun bir neçə filminə musiqi yazmış bəstəkar Con Lurinin asketik, meditativ caz kompozisiyaları bu ekran əsərlərinin ritmi ilə orqanikləşir.

***

Carmuşun fikirlərindən:

”Tələbə vaxtlarımda anladım ki, dayanıqlı qaydalar yoxdur: nə qədər rejissor var, bir o qədər qayda var. Necə işləmək lazımdır, kameranı harda qoymaq lazımdır, bu kimi məsələləri tələbələrə izah edən müəllim rolunda görmürəm özümü. Bu, çox gülməli olardı. Kolumbiya Universitetində və Nyu-York İncəsənət Məktəbində (Tisch Scool of the Arts) mənə dərs deyən bir neçə maraqlı professor vardı, amma əksəriyyəti heç nəyə yaramırdı. Öz üzərimdə işləməkdən başqa əlacım qalmamışdı, bəzən mənə öyrədilənləri də nəzərə alırdım ki, yanlış yolla getməyim. Mənə nələrisə öyrədən yeganə rejissor Nikolas Rey olubdur. “Nick Movies” şirkətində Nikolas Reyin assistenti olmaq xoşbəxtliyi mənə nəsib oldu, bu şirkətdə Vim Venders ikinci rejissor idi. Mən bu rejissorların iş metodlarını, texniki heyətlə danışıq tərzlərini müşahidə edirdim. Məhz onda anladım ki, kino çəkməyi öyrətmək mümkün deyil. Kino çəkməyi yalnız başqa rejissorların işini müşahidə etməklə öyrənmək mümkündür. Film çəkmək üçün rejissor öz yolunu tapmalıdır. Əlbəttə, başqa rejissorların filmlərini izləməklə çox şeyləri öyrənəcəksiniz. Filmin necə ərsəyə gəldiyini bilmək üçün təhlil etməyə başlayacaqsınız”.

****

“İyirmi yaşımda kinoman oldum. Bundan əvvəl dəhşət filmləriylə maraqlanırdım. Ohayo ştatının Akron şəhərində böyümüşəm, orda seçim imkanım məhdud idi. Nyu-Yorka gəldikdən sonra anladım ki, kinoda saysız-hesabsız janrlar, üslublar, istiqamətlər var. Elə bu məqamda qarşımda bütöv bir dünya açıldı. Musiqi, ssenari ideyası, foto, rəsm çox maraqlandırırdı məni. Reyin sözlərini xatırlayıram: “Ətrafda hər nə varsa maraqla yanaş, səni xoşbəxt edən hər nə varsa müşahidə elə və müşahidə etdiklərinin niyə səni xoşbəxt etməsini anlamağa cəhd elə”. Rejissorun hissləri həmişə açıq olmalıdır”.

****

“Rejissor olmaq istəyim birdən-birə yaranmadı. Əvvəl yazıçı olmaq istəyirdim, sonra musiqiçi olmaq istədim. İlk tammetrajlı “Əbədi məzuniyyət” filmimi çəkməzdən əvvəl, rok-qrupda ifa edirdim. Etiraf edim ki, bu filmi çəkdikdən sonra, hər şeyi atmaq istəyirdim. Filmin montajı o qədər pul və zaman apardı ki, məndə nifrət hissi doğurdu. Özü də üslubum qətiyyən maddi rifaha xidmət etmirdi. Öz-özümə sual ünvanlayırdım ki, “mənə lazımdır bu?” Üstündən iki il ötdükdən sonra, mənə yenə film çəkməyə şans tanıdılar, bu filmim “Cənnətdən daha qəribə”dir. Bu filmin çəkilişindən aldığım həzz məndə özümə əminlik yaratdı”.

****


”Tammetrajlı filmin yaradılması bir çox adamların ustalığından asılıdır. Hər kəs öz ideyasını irəli sürür. Qərar vermək isə rejissorun boynuna düşür. Gərək öz eqonu bir qırağa tullayıb, film üçün nələrin lazım olması barədə düşünəsən. Adətən mən eyni çəkiliş qrupunun köməyindən yararlanıram. Onlar məni tanıyırlar, mən də onları, birlikdə işləməyi bacarırıq. Əvvəl montajçıya öz versiyasını təklif etməyə imkan tanıyıram, yalnız bundan sonra mənim istəklərimə uyğun işləyirik. Montajnın filmə baxışı mənim üçün çox vacibidir. Bu, görülmüş işdən bir addım geri çəkilməyə, məsafə saxlamağa vadar edir. Texniki və maliyyə problemlərinin olması filmin ərsəyə gəlməsinə mütləq təsir göstərir. Filmlərimin qazanc potensialını dərk etdiyimdən, çoxbüdcəli filmlər çəkmirəm. Müstəqil strukturlarla işləyəmə önəm verirəm. Məsələn, blokbaster çəkmək xatirinə Hollivudda işləməyi heç təsəvvürümə gətirmirəm. Bu cürə filmləri inkar etmirəm, onlar sadəcə mənim maraqlarımdan çox uzaqdadır.

Bütün bu deyilənlərlə bağlı, bir daha təkrarlamaq istərdim. Hər şey üslubdan asılıdır. Mənim üslubum necə varsa elədir, oturuşmuş üslubdur, sevmək də olar, sevməmək də, kimsə bəyənə də bilər, bəyənməyə də, amma bu üslub yalnız mənə məxsusdur. Ən çətin anlarım onda yaranır ki, işi qurtardıqdan sonra, bir daha bu işə qayıda bilməyəcəyimi anlayıram. Pol Valeri, deyəsən belə demişdi: “Məncə filmi çəkib qurtarmırsan, filmin canı səndən qurtarır”. Rejissor da çəkdiyi filmlərə qarşı eyni hissləri keçirir”.

Filmə burdan baxa bilərsiniz:

http://tfilm.tv/7908-slomannye-cvety.html

# 5157 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #