Kulis.Az gənc şairə Fəridənin şeirlərini təqdim edir.
1.
Yay gəlsə yelləncək asacağdıq
özünü asmasaydı həmin budaqdan uşaqlıq dostum...
Sonra... ağac da qurudu...
Mənsə elə bilirdim, ağaca fərqi yoxdu
Budaqlarından asılan beşikdi, yoxsa adam!
Gedəcək yer də qalmadı
Kibrit qutusundakı cırcırama kimiyəm indi
Şehli bağayarpağı
Heç arasındakı yaşıl qurbağaları da sevindirmir...
Kəsilmiş qadın saçları qədər sahibsizəm, olsun
İndi mən
Gələcəyin keçmişə uduzduqlarıyam.
İndi mən gələcəyin ən doğma uzağıyam...
Təkcə
Uşaq salan qadınlar anlayar məni
Onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq
ən arzuladığını içindən atmaq...
Qurbanıyçun darıxan qatil yalnızlığıdı mənimki
Bir az da
yad dildən çevrilmiş şeir kimiyəm
yəni, əslində, bu deyiləm ..
2.
Tək olmadığını hiss etmək
Heç də həmişə rahatlıq gətirmir
Məsələn, mən sənin həyatında tək deyiləm...
Anlamaq anlamamaqdan böyük bəlaymış hərdən
Necə ki, mən başa düşürəm sənə gecikdiyimi...
Bizim günahımız deyil, bilirəm
Vaxtında doğula bilməməyin cəzasını niyə mən
səni illərin arxasında sevməklə ödəyirəm?!
‘’Nə yaşın var ki’’ deyib müdrikcə gülümsəmə
Körpəsini uşaq evində atıb fahişəlik edən
16 yaşlı qadının da “nə yaşı var’’ elə .
Yaşananlar illərlə yox anlarla ölçülməli...
Zamandan iti qaçmaq olmur
...qisasını insanlardan alıram
Qaça-qaça keçib gəlmişəm aralarından
Qoy keçim, soyunum... qorxma,
“sevişək’’ deməyəcəm
Üst-başımda gətirdiyim
Kişi nəzərlərindən arınmaqdı məqsədim...
3.
Dünyanın o biri ucuna sülhü qorumaqçun gedən əsgər
Xəritənin mən olan ucunu cırıb ataydın barı.
Uzaqlığı ölçə bilməyəndə az darıxır insan...
Yollarla dərdləşirik... deyir ki,
Baş götürüb gedənlər qayıdır, ama
Ürək götürüb gedənlərdən heç soraq yoxdu...
Ehtiyatla, əsəblə, qorxuyla toxunduğun
avtomat darağın olmaq varkən
Mən burda bir pəncərəyə söykənib darıxıram.
Elə üşüdür sənsizlik hərdən,
Köçüb getmək istəyərdim olsa gerçək cəhənnəm...
Xəritəyə baxıram... rədd olsun bu boyda dünya
Qollarının arası qədərcə yer qoru... qalanı çoxdu.
Sən orda mərmi alovlarında qızınırsan bəlkə də
Mənsə üşüyürəm ...birdən gələrsən
Görərəm ki,
Qolların yoxdu..
4.
Həyat şahmat taxtasına bənzəyir
Yəni, hərənin bir gediş haqqı mütləq var...
Sən elə bilirsən ən böyük anasızlıq ağrıdır
Amma yanan uşaq meyitinin qoxusunu duymamısan hələ...
Gəlib divara dirənmişik
Və anlayırıq ki,
Yolun sonu uçurumsa, gözəlmiş.
Ən azı özünü atacaq bir yerin olur...
Boş ver adamları
“Sənə ehtiyacım var’’ - deyənlər
“Mənə ehtiyacın varmı’’ deyə əsla sormazlar!
Səndən ayrılalı itkin düşüb başım, ayaqlarım
Kiməm? Hardayam??..
Qapı ağzında cütlədiyim ayaqqabılarım pıçıldayır ki,
Qorxma, evdəsən..
Üzümü çılpaq dizlərimə yaslamışam
isladır göz yaşım ayaqlarımı
qapının ardından da anam deyinir
“Sevmək bir yerdən sonra ailə, deməkdi
uşaq deməkdi
ər yolu gözləməkdi...”
Başa düşürsən, ay adam
öldürüb içimdəki şairi
məndən qadın yaratmaq istəyirlər!
5.
Nənəmin əlində xəlbir
Buğda təmizləməkçun gözlədiyi külək kimi gəl
Sovur ayrılıqları buğda qabığı kimi...
Arx kənarında dərməyə qıymadığım bənövşələrin ətri ol
Dol burnuma.
Gəəəl... O nəfəsə ehtiyacım var!
Bizə gözləməyi anam öyrətdi
Bayram axşamlarında cəbhədən gələcəkdi atam
Gözləyə-gözləyə yuxuya daldıq
Gəlmədi...
Atamın gələ bilmədiyi günlərdən çıx gəl evə
Müharibənin və mürgülü arzuların acığına...
Dərsə cavab vermək üçün
Havada bayraq oldu əllərim.
Lap axırıncı partadan dur gəl.
Lövhəyə çağırmayan müəllimin acığına
Cavab ol suallarıma...
Gizlində oxuduğum kitabların
səhifələrindən qopub düş
Gizlən şeirimin sətirlərində.
Sonra hardansa çıx, gəl
...Lap elə bir qadının qollarından...
6.
Torpaq – üstündə gəzənlərçün vətən
Altında yatanlarçun qəbristan.
Hasarladılar
Bir damın altına yerləşəcək qədər kiçildi dünya.
Bir payız səhəri qonşunun bağından
Heyva oğurlayıb həyətə döndüm
Anam “Çirkləndin’’ - dedi
Mən köynəyimi çıxardım .
Azadlığın nə olduğunu
Anamın uzun saçlarımı hörüb
ucuna bağladığı rezinlərdən öyrəndim
Oğlunu torpağa verən babamdan
Yol gözləməməyi.
Anamın gözündən yaş diyirləndi
və gördüm ki
Dünyada saf şeylər hələ də var.
Şadlıq sarayının önündə ağ çiçəklərlə bəzədilmiş
Köhnə “Pobeda’’ yalnızlığıdı mənimki
Eynilə Bakı-Qazax yolunun hansısa kilometrində
Kol-kos basmış əsgər məzarı.
İndi Pantomim Teatrının kassası önündə
Soyuqdan titrəyən adam da mənəm
Ehh... teatr dərdində deyiləm, dostum
Elan yapışdırmağa gəlmişəm
Bilən varsa desin:
mən kiməm, haralıyam?
Və hələ də bilmirəm nə istəyirəm
Külək kimi əsib keçmək
Bütün ayrılıqları sovurub aparmaq
Ya elə insan kimi köçüb getmək
Özümü hamıdan ayırıb aparmaq.
Fikrimi bir elan çəkir bu arada
masajist xanım axtarılır
əlləri olmasa da olar...
7.
Unutmağa çalışdığımı necə başa salım sənə?!
Bax kənddə - babamgildə
Həyatla ölüm arasında bircə mərtəbə fərq var -
Evin ikinci mərtəbəsi...
Erməni snayperindən yayınmaq üçün
Pilləkənləri qaça-qaça qalxırlar
Orda yaşamırlar - gülləylə yarışırlar
mən də şəhərdə belə keçirəm küçələrdən
Xatirələrdən yayınım deyə...
8.
Ağı-qaradan seçə bildiyimi düşünürdüm
Bomboz duyğularına gəldin - yanıldım.
Sevgi yox, neft qoxusu duyan ərəb nəfsiydi səninki
Hər qadında bir göydələn xatirəni ucaltdın.
Tanrı günahkarları cüt-cüt cəzalandırırmış
Sən son sürətlə yolda şütüyən maşın
Mən zəmi boyunca qaçıb yolda yavaşlayan pişik balası
Kim kimin günahıydı? Kim kimin cəzasıydı?
Sən öldürüb günaha batmalı
Mən ölüb cəzamı çəkməliymişəm.
Sənə əsr-əsr, il-il gəldiyim yollardan
Geriyə ikicə addım atmışam
- yenə öz yerimdəyəm
Bu qədərdinmi elə?
Ya ilk dəfə getdiyin yol
Qayıdanda qısa gəlir həmişə?
Qorxma, küsməmişəm
Səndən sədaqət gözləməyin nə mənası?
Öz üzüm də satırsa məni
boylandığım bütün aynalara.
Uzaq dayan. Eşqin günah qoxuyur
Mən günah haqqımı istifadə etmişəm - səni sevəndə
Demirəm get xoşbəxt olaram, nə demirəm ölərəm
Kirayə paltar ömrüdü mənimki sənsiz... bədənlərdə...
9.
Bizi istəyirlər bizdən
Bizim olmayan özümüzü
Özümüz olmayan bizi...
Necə deyəsən, mən evdə deyiləm, ay ana
Gecə baxdığım rus filmində
Üzümlüklərin arasında itib qalmışam...
Necə deyəsən, sevgili
əfqan müharibəsində yaralanmışam
qollarım halsızdı quca bilmərəm səni...
Deyə bilərsənmi, ay oğlan,
mən bu dekolte geyimin içində yox
hardasa bir kilsədə rahibəyəm?
olmur... susursan... darıxırsan...
10.
Bilirəm gözlədiyin deyiləm
Heç sevdiyin də...
Belə baxma...
Əlində olanlarla kifayətlənmək gərək hərdən.
“Gözəlsən’’ demə mənə
Bunu onlar da deyir – aynalar.
Ya bilmədiyim nəsə de
Ya da sus.
Bir də ki,
Göyərçinlər yağış gölməçəsindən su içirlərsə
Dəniz olmağın nə mənası var?
Qorxma, gedəcəm bir azdan...
yenə baş-başa qalacaqsan yalnızlığınla
Gəl, indi öpüşək bir az...
Üşüyürəm...
Belə susma...
Bir qoxuyçün darıxıb
Evin ortasında itirməmisənsə özünü
Anlaya bilməzsən məni heç vaxt.