Dostlarımın ölməyini istəyirəm

Dostlarımın ölməyini istəyirəm
29 mart 2013
# 08:00

Havalar düzəlməyə başlayanda gəzmək qərarına gəldim. Şəhəri bir xeyli dolaşdım və müxtəlif yerlərdə qarşıma bir neçə dəfə milli mədəniyyətimizin bir hissəsi hesab edilən xalçayla müasir incəsənətin hormoniyasından ibarət bir iş çıxdı. Rəsmə diqqətlə baxandan sonra aşağıda müəllifin adını - Faiq Əhməd - gördüm və yadıma düşdü ki, bu tanıdığım ən yaraşıqlı rəssam Faiqdi. Ona zəng elədim və müsahibə almaq istədiyimi bildirdim. Razılaşdı, səhəri gün görüşdük və söhbət etdik.

- Sizi tanımayanlara özünüzü necə təqdim edərdiz?

- Mən rəssamam, adım Faiq Əhməddi, müstəqil fəaliyyət göstərirəm. Eləcə də Kiçik Qala Art qalereyasının rəssam prezidenti və “Yarat” Müasir İncəsənət Məkanının board member-iyəm.

- Yaradıcılığa nə vaxt başlamısız?

- Deməli, 1925-ci ildə.. Yaxşı zarafat eləyirəm. Mənim üç yaşım olanda evə yeni oboy almışdılar, qardaşımla mənim otağıma. Bu oboyun üzərindəki şəkillər mənə çox maraqlı gəldi. Hamı yatandan sonra qardaşımla bu şəkillər üzərində işləməyə başladıq, sonra o yatdı, mənsə səhərə qədər işlədim. Sonra

başa düşdüm ki, buna görə məni öldürə bilərlər.

- Evdə nəsə dedilər?

- Yox, heç nə demədilər. Bundan sonra mən evdəki bütün oboyları işləməyə başladım və hamı bunu normal qəbul etməyə başladı. Bunları tam xatırlamırdım, mamam mənə danışıb. Amma heç vaxt incəsənət haqda ciddi düşünməmişdim. İdman Akademiyasına (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-red. ) girmək istəyirdim, amma travmam olduğuna görə bu məndə alınmadı. İndi siz əslində məşhur kik-bokserdən müsahibə almalıydız. Hə, sonra ikinci ən yaxşı bacardığım işi görmək qərarına gəldim, özümü rəssamlığa verdim. O vaxtı İncəsənət İnstitutu adlanırdı, çox maraqsız idi. Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyası oldu və bizi ora köçürtdülər, amma yenə də maraqsız idi.

- Bəs professional fəaliyyətə necə başladız?

- Bizdə “Rings of Time” təşkilatı var idi. Təşkilatçı Leyla xanım Axundzadə idi, o xanım tarixə düşəcək insanlardan biri idi. Onun təşkilatçılığıyla öz işlərimi əvvəlcə ölkədə, daha sonra xaricdə sərgiləməyə başladım.

- Rəssamlıq ilə ailə dolandırmaq olur?

- Bu daha çox biznesə oxşayır. Mən 99-cu ildən bu yana rəssamlıqla professional

şəkildə məşğul oluram, amma bu günə qədər heç bir işim satılmayıb. İndi dost-tanışın aldığı işləri istisna edərək bunu deyirəm. İncəsənət elə bir şeydi ki, bunu əvvəlcədən müəyyən etmək olmur.

- Prioritetiniz nədi?

- Cavan olanda bəzi məqsədlərim var idi. Düzdü, indi də qoca deyiləm, amma o vaxtlar müxtəlif auksionlar, sərgilər haqqında xəyallar qururdum, orda öz işlərimi sərgiləmək haqda arzulayırdım. Bu qalereyalarda işlərimin sərgilənməsi mənə utopik gəlirdi, amma bunların hamısına nail oldum və məqsəd deyilən şey itdi, yəqin ki, belə şeylər bu cavanlıqda olur. İndi sadəcə yaşayıram.

- Yaradıcılığınızı hansı cərəyana aid edirsiz?

- Yox, müasir incəsənət elədi ki, burda heç bir cərəyan yoxdu, hansısa texnika var.

- Mədəniyyət nədi?

- Qədim tarix, adətlər, dinlər, musiqidən tutmuş münasibətlərə qədər hər şey mədəniyyəti şərtləndirir. Azərbaycan mədəniyyəti xalçaçılıq və ya miniatür sənətlə sərhədlənmir, bura danışıq mədəniyyəti, davranış mədəniyyəti bütün sosial, humanitar dairələri əhatə edir bu.

- Ən böyük rəssam kimdi?

- Bunu demək çox çətindi. Çox çətin yox e, çox asandı, çünki ən böyük rəssam yoxdu.

- Sizin üçün.

- Mənim üçün işlərinə baxıb heç nə əlavə etməmək qənaətinə gəldiyin rəssamdı ən böyük rəssam, hər şeyin tam, yerli-yerində olduğu qənaətinə gəldiyin işin müəllifi. Bütün işlərini bəyəndiyim rəssam Aniş Kapurdu.

- Musiqiylə aranız necədi?

-Mən heçvaxt musiqiylə dərindən məşğul olmamışam, amma etnik musiqiləri, qədim hind musiqilərini sevirəm. Klassik rok da həmçinin xoşuma gəlir. Musiqi zövqüm deyilənə görə çox pisdi, əhvalımdan asılı olaraq rus popsasından tutmuş köhnə musiqilərə qədər hamısına qulaq asıram.

- Yaradıcı insanın ilham mənbəyi nədi?

- Tək otururam, musiqi dinləyirəm, günəşin doğmağını izləyirəm və s. Bunlar hamısı boş-boş şeylərdi. Bu yoxdu, təsadüfi halda nəyisə görüb onun üzərində işləmək haqqında düşünə bilərsən, amma məncə bu ilham deyil.

-Yaradıcılıq üçün necə şərait lazımdı?

- Əslində emalatxana olsa yaxşı olar. Bir neçə rəssamla ümumi emalatxanada işləmişəm, buna öyrəşmək lazım gəlir.

- Dünya tarixindən bir kumir, sərkərdə adı çəkə bilərsiz mənə?

- Bir neçə sərkərdə adı çəkə bilərəm. Mən yaxşı-pis anlayışlarına yadam, mənim üçün zəif və güclü var. Yaxşı-pis nisbi anlayışdı. Stalin bir müddət ən yaxşı adam idi, ölümündən sonra ən pis adamlardan oldu. Adolf Hitler mənim kumirimdi. Daha sonra Atillanın adını çəkə bilərəm

- Yaradıcılıqda dini, irqi ayrı-seçkiliyə yer vermək düzgündü? Rəssam humanist olmalıdı sizcə?

- Yox o qədər əclaf rəssamlar olub ki. Elə rəssamlar olub ki, irqçi, rasist olmaqlarına baxmayaraq onları çoxları sevib, məsələn Pikasso. Rəssamlar açıq beyinli olurlar, bunlara önəm vermirlər. Amma rəssam kimi sənin də subyektiv fikrin ola bilər və bu normaldı. Mauritsio Katellan müasir, ən bahalı rəssamlardan biridi. Onun bir işi var idi, papanın üstünə asteroid düşüb və onu

əzib. Bu kilsəni gülünc vəziyyətə salan bir haldı. Rəssamı bu kimi hallar narahat etməməlidi.

- Xaricdəki sərgiləriniz haqda bir az danışa bilərsiz?

- “Yarat” Müasir İncəsənət Məkanı fəaliyyət göstərəndən sonra təkcə mənim yox, müxtəlif azərbaycanlı rəssamların işləri xarici qalereyalarda sərgilənə bildi. Əvvəl də bunu bacarırdıq, amma indi “Yarat” bunu daha professional şəkildə edir. Keçən il yanvar ayında “Fly to Baku” sərgisi oldu. Bu il Nyu-Yorkda mənim fərdi sərgim olacaq. “Viktoriya və Albert” Muzeyində işlərim sərgilənəcək və s.

- “Bəşəriyyətin xoşbəxtliyi bir uşağın göz yaşlarından asılıdırsa, mən bu xoşbəxtliyi istəmirəm. Əgər bəşəriyyətin səadətini təmin edəcək bir sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin saray mütləq tar-mar olacaqdır”. Dostoyevski düz deyir?

- Yox, mən bu fikirlə razı deyiləm. Mən şəxsən razı olardım ki, insanlığın 70 faizi ölsün. Düzdü, onun içində mənim dostlarım, mən özüm də ola bilərəm, amma yenə də razı olardım. Düzdü, özümü istəməzdim (gülür). Əslində bu gözəl söz xətrinə deyilmiş sözdü, daha real baxaq. Müharibələr də olmalıdı, fəlakətlər də, ölümlər də. Adamlar ölməlidi, ya yox?

- Yazıçılardan kimləri sevirsiz?

- Xorxe Luis Borxes, Cəllaləddin Rumi, Oşo.

- Təsirindən çıxa bilmədiyiniz bir film və ya sevdiyiniz rejissor var?

- “Döyüş klubu”. Ona dəfələrlə baxa bilərəm, ümumiyyətlə Kventin Tarantinonun bütün filmləri gözəldi. Andrey Tarkosvki xoşuma gəlir. Lars fon Triyer də çox gözəl rejissordu.

- Sizin üçün tarixdə ideal qadın kimdi?

- Mənimçün qadının əl barmaqları çox önəmlidi. Tarixdəki qadınları canlı görməmişəm, fotolarda isə barmaqları görünmür.

- Bağışlayansız? Nəyi bağışlamaq olmaz?

- Hər şeyi bağışlamaq olar. Hətta xəyanəti də.

- Saqqalınız niyə bu qədər uzundu?

- Qırxmağa həvəsim yoxdu. Hər gün durub güzgünün qabağına keçib üzü “lezva”yla cızmaq nə dərəcədə düzgündü? Çox uzun da saxlamıram. Saçımı da ildə bir dəfə, ya da iki dəfə qırxıram.

# 4717 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #