“10 ildən sonra gedəcəyik”

“10 ildən sonra gedəcəyik”
10 aprel 2013
# 14:00

Balet sənətinin özəllikləri, balet artistlərinin həyat tərzi, qayğıları və həyəcanları ilə tanış olmaq... Bu sənətin azsaylı bilicilərindən deyilsənsə, verdiyin hər sualla gözəllik və cazibə qarşısında tərkisilah olunmuş kişi vəziyyətinə düşürsən. «Həvəskar suallar» verirsən...

Anar və Elmira Mikayılovlar. Opera və Balet teatrının daimi tamaşaçıları onları ən azı «Şəhrizad» ( Elmira Mikayılova-Şəhrizad), «Paxita», «Min bir gecə» (Anar Mikayılov-Şəhriyar. Ələddin; Elmira- Budur, Nuridə) «Jizel» (Elmira Mikayılova -Mirta) «Arlezianka» (Anar Mikayılov- Frederi), «Balero» kimi balet tamaşalardan tanıyır. Qarşımızda sadə, gülərüz və sevgili cütlük görürük. Onlarla söhbətimizə ən həvəskar sualla başlayırıq:

İmprovizəsiz gözəllik

- Əksər səhnə sənətlərində tamaşanın əsas hissəsi əvvəlcədən cızılmış xətlə inkişaf edir. Amma improvizə də nəzərdə tutulur... Baletdə isə improvizə yoxdur. Elə deyilmi?

Anar:

- Əlbəttə, improvizə ola bilməz. Axı hər şey ölçülüb-biçilib, o kanonlardan çıxmaq olmaz. Hər şey məşqdəki kimi olmalıdır. Bilmirəm, bəlkə kiminsə dahiliyi tutsa və tamaşada nə isə başqa hərəkət etsə (gülür)... onu deyə bilmərəm. Ya da kimsə hansısa hərəkəti unudursa, (gülür) onu da improvizə hesab etmək olar.

- Deməli balet artistinə özünü ifadə etmək, fərqlənmək çox çətindi.

Anar:

- Aktyor ilk növbədə öz fiziki göstəriciləri ilə fərqlənir. Sonra gəlir rəqqas kimi hərəkətlərində daha dəqiq, daha ifadəli olmaq, aktyor kimi xarakteri daha gözəl göstərmək. Bunlar artisti fərqləndirir. Məsələn, Andrey Batalovun çıxışları həmişə fərqlənir. O, improvizələrini məşqdə edir və səhnədə həm aktyor kimi, həm də rəqqas kimi daha ifadəli ola bilir.

- Uşaqlıqdan bədəni tərbiyə etmək, işləmək. Bu, bəzən öz seçimi olmur adamın. Sizin öz seçiminiz olub?

Anar:

- Qardaşım Mikayıl xoreoqrafiya məktəbində oxuyurdu. Anam, atam məni onun yanında oxumağa göndərdilər. Müəllimlərimsə
bacarığımı görüb bu sənəti davam etməyimi istədilər.

Elmira:

- Bacım teatrda işləyirdi. Mən də onun yoluyla gəldim.

- Teatrda tanış olmusunuz?

Anar:

- Universitetdən bir-birimizi tanıyırdıq. Onların kursunda oğlan olmadığına görə, qurduqları rəqslərdə məni köməyə çağırırdılar. Sonra teatrda bir-birimizi daha yaxından tanıdıq.

- Bir övladınız var. Elmira xanım məzuniyyətdə oldu. Kompleksləriniz olmadı ki? Qayıdanda partiyalarınız olmaz deyə. Adaptasiya olmaq çətin idi?

Elmira:

- Yadımda deyil. O zaman çoxu məzuniyyətə getmişdi və oynamalı tamaşa çox idi. Əksinə qayıdandan sonra daha çox oynadım.

- Necə bir dövr idi?

- Bilmirəm. Vəziyyətimlə bağlı rəqs edə bilmədiyim vaxtlarda çox darıxırdım. Yuxuda isə görürdüm ki, səhnəyə çıxmalıyam, amma gecikmişəm.(gülür)

Kübarların sevdiyi teatr

- Balet bir növ aristokrat, kübar təbəqənin janrıdı. Bir az da akademikdi. Çoxluğun sevdiyi janr deyil. Belədir?

Anar:

- Məncə aristokrata və kübar adama xas olan xüsusiyyətlər hər kəsdə var. Baletdə həmişə mükəmməlliyə can atmaq var. İdeal yoxdur. Ona can atmaq var.

- Tamaşaçıdan nə gözləyirsiniz, heyranlıq, sevgi?

- Başqa nə ola bilər ki?

- Günlərlə məşq edirsiniz, alınmır, stress keçirirsiniz, nəhayət, hazır edib tamaşaçıya göstərirsiniz. O, stressin, əziyyətin qarşılığını ala bilirsinizmi tamaşaçıdan?

Elmira:

- Tamaşaçı mahiyyətcə xeyirxahdır, əl çalırlar, səni ruhdan salmırlar. Pis olanda özün bilirsən ki, alınmadı. Və nə qədər əl çalsalar da o sevinci yaşamırsan. Tamaşa yaxşı olanda isə onların alqışı səni ikiqat sevindirir. Əsasən peşəkarların fikrini gözləyirik, müəllimlərimizin, baletmeysterlərin.

- Bir-birinizi yaradıcılıq baxımından necə qiymətləndirirsiniz?

Elmira:

- Anar daha çox aktyor oyununu göstərir, xarakteri daha yaxşı çatdırır.

Anar:

- Elmiranın ifa etdiyi lirik obrazlar daha uğurludur.

- Ümumiyyətlə, daha vacib olanı rəqs etməkdir, yoxsa aktyor oyunu, xarakter göstərmək?

Elmira:

- İkisi də vacibdir.

- Hansısa mükafatlandırma və təltifləriniz olubmu?

Anar:

- Elmira bu il Gənclər və İdman Nazirliyinin mükafatını aldı.

Şansı gətirsə...

- Balet artistinin müəyyən limiti var. Deyəsən 35 yaşdan sonra səhnəni tərk etməlisiniz. Nə ilə məşğul olacaqsınız?

Anar:

- Hə, limit var, 10 ildən sonra gedəcəyik. Böyük ehtimalla müəllimlik edəcəyik. Bundan əvvəl YUĞ teatrında tamaşaya rəqslərə quruluş verdim-«Qəbir qazma üsulu» tamaşasında. Yəni belə işlər olacaq.

- Teatrda baş rolları, aparıcı partiyaları oynamaq üçün nə lazımdır?

Anar:

- Əlbəttə, istedadlı olmaq, özünü yaxşı göstərmək.

- Axı belə də olur, həmişə bir aktyora baş rolları verirlər. Sanki ondan başqa kimisə görmürlər...

Anar:

- Olur belə. Bu, həm də şans məsələsidir.

Elmira:

- Bir də görürsən ki, adam istedadlıdır, amma diqqətdən kənarda qalır.

Anar:

- Məsələn mən, baş rolu oynayan aktyor zədə aldığı üçün onun yerinə çıxdım. Tamaşaya iki gün qalmışdı, işlədim və səhnəyə çıxdım. İki dəfə belə hadisə olub, biri «Min bir gecə»də, o biri “Sayalı” baletində.

- Hansısa baleti məşq edərkən xoreoqrafın, baletmeysterin qoyduğu kanonlarla, hərəkətlərlə getmək mütləqdirmi? Yoxsa nə isə təklif, obrazın xarakterini açan, musiqidəki halı ifadə edən hərəkətlər əlavə edə, dəyişə bilərsiniz? Yəni müəyyən azadlığınız olurmu? Hansısa hərəkət, rəqs elementinin musiqiyə, hala uyğun olmamağı haqda mübahisələriniz olanda təklifləriniz nəzərə alınırmı?

Anar:

- O baxır baletmeysterə. Eləsi var ki, özünün dediyindən başqa, nə göstərsən də qəbul etmir. Eləsi də var ki, ona bir neçə versiya göstərə bilərsən və birini seçər. Ümumi xəttə xələl gətirmədən hərəkətləri sadələşdirməyi və yaxud mürəkkəbləşdirməyi təklif, ya da xahiş etmək olar.

Elmira:

- Ümumi traktovkaya dəyişiklik etmək olmaz, amma xırda hərəkətlər əlavə etmək mümkündür. Yəni quruluş daxilində bəzən daha mükəmməl elementlər göstərə bilərsən. Əlbəttə, axı iş prosesində hər şey olur.

- Modern balet deyəsən səhnədə hələ ki, «Tamahlar» və «Balero»dur. Ümumiyyətlə, modern balet nə qədər maraqlıdır sizin üçün?

Anar:

-«Bolero»da oynamışam. Əlbəttə, maraqlıdır…

Elmira:

- Əsas olan quruluşun maraqlı, yaxşı olmasıdır. Klassika, modern, janr nə olursa olsun...

«Bolşoy teatr»dakı kimi bir-birinin üzünə “kislota” atmırlar

- Maraqlıdır, musiqi zövqünüz necədir? Məsələn telefonunuzun “play listin”də hansı musiqilər var?

Elmira:

- Mən klassik və lirik musiqini daha çox sevirəm.

Anar:(gülür)

- Məndə polifonik telefondu. Alternativ roka qulaq asıram. Britaniya rokuna. Milli musiqidən isə Alim Qasımovun ifasını bəyənirəm.

- Teatrınızda rok opera olmasına necə baxırsınız?

Anar:

- Bu, əla olardı. Amma burda onun olmasına hələ çox var.

- Balet artisti kimi kumirləriniz varmı?

Elmira:

- Silvi Qilem, Yekaterina Maksimova, Svetlana Zaxarova, Alina Somova.

Anar:

- Mixail Barışnikov və Rolando Sarabia.

- Filmlərdə balerinalar arasında dəhşətli intriqa epizodları göstərirlər. Balerinalar arasında münasibətlər necədir?

Anar:

- Səhnəyə mıx qoyurlar... Zarafat etdim, belə şey yoxdur.

Elmira:

- Bizdə «Balşoy teatr»dakı kimi bir-birinin üzünə “kislota” atmırlar. Əksinə, bir-birlərinə kömək edirlər.

- Tamaşalar zamanı xəsarət alsanız, tibbi sığortanız varmı?

- Yoxdur.

- Arzuladığınız rollar, obrazlar hansılardır, hansı baletlərdə oynamaq istərdiniz?

Anar:

- Daha çox xarakterli rollar oynamaq istərdim. Məsələn Bazil ("Don Kixot" baleti), Quldur ("Korsar") kimi.

Elmira:

- Mən Jizeli istəyirəm. Ümumiyyətlə, lirik qəhrəmanlar mənə daha çox yaxındır....

# 3203 dəfə oxunub

Oxşar xəbərlər

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

Mirzə Cəlil Sabirin heykəlinin açılışını niyə tənqid etmişdi? - TARİX

11:51 21 noyabr 2024
Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
# # #