Fuad Poladovun günahı

Fuad Poladovun günahı
7 may 2018
# 11:36

Sevda Sultanova

Kinoşünas Aygün Aslanlı dörd ildir ki, Fuad Poladovdan “Skafandrlı adam” adlı kitab yazıb. Kitabı sifariş verən nəşriyyat bu müddətdə çapı gecikdirdi. Bir neçə ay əvvəl isə məlum oldu ki, nəşriyyatın özünə məlum olan səbəblərdən kitab ümumiyyətlə çap olunmayacaq.

Aygünlə, bir neçə dostumuzla qərara aldıq ki, Fuad müəllimə kiçik hədiyyə edək, kitabı nəşrə hazırlayaq. Hətta bir nəşriyyatdan razılıq da alınmışdı. Ancaq Fuad müəllim birmənalı şəkildə “yox” dedi.

Hər halda ailəsinin nə vaxtsa kitabın çapına razılıq verəcəyinə ümid edirik.

“Skafandrlı adam“ı Aygün reportaj, müsahibə janrlarının və müşahidələrinin üzərində qurub. Kitab oxucuya qəhrəmanın müxtəlif kimliklərini açır. Uşaqlığından, böyüdüyü mühitdən tutmuş kinodakı, teatrdakı fəaliyyətinə qədər maraqlı detallar, faktlar yer alıb. Kitabboyu Fuad Poladov özü ilə müəllif, oxucusu arasında dəfedilməz məsafə qoyur. Elə bir məsafə ki, hətta qəhrəman icazə versə belə özün onu keçməyə utanırsan. Belə bir məsafəli münasibəti qəhrəmanın özü yaradır, diktə edir və sən də dəyər verərək tabe olursan.

Fuad Poladovun fikirlərində razılaşdığımız, razılaşmadığımız məqamlar ola bilər. Ancaq bir şey müzakirə mövzusu deyil: onun şəxsiyyəti, bütövlüyü, bütünlüyü...

O, müsahibələrin birində “Necə düşünürsünüz, sənətkarın, yaradıcı adamın ictimai mövqeyi olmalıdırmı?” sualına tutarlı cavab verir: “Sənətkarın ilk növbədə mövqeyi olmalıdır ki, sonra ictimai mövqeyi də olsun”. Onun bioqrafiyası bunun praktiki nümunəsidir...

Fuad Poladovu sonuncu dəfə, keçən yay Hikmət Rəhimovun “Qara dəlik” qısametrajlı filminin baxışında gördüm. Baxış kiçik məkanda keçirilirdi və əsasən sənət adamları dəvət olunmuşdu. O, gələndə səs dalğası eşidildi: “Fuad müəllim gəlir!” Sezdim ki, onun gəldiyini görəndə hamı özünü yığışdırdı, ciddiləşdi. O, asta, təmkinli addımlarla yaxınlaşdı, hamıyla bir-bir görüşdü. Görəsən, bir də hansı aktyorun gəlişini bu qədər səmimi ehtiramla qarşılayacaqlar?

...Dünən çox güvənilən mənbədən məlumat aldıq ki, dünyasını dəyişən gün “Azdrama”nın səhnəsində vaxtilə Fuad müəllimin baş rol aldığı “Şah Qacar” tamaşası oynanılıb və tamaşa sonrası onun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xatirəsinin yad edilməsi teatrın rəhbərliyin xoşuna gəlməyib və bunu səhnədə tamaşaçıya təklif edən aktyorlara irad tutulub. Bu bir tərəfə. İndi də ara-sıra bir qisim aktyor həmkarından, bəzi sənətşünaslardan Fuad Poladovun ünvanına kin dolu sözlər ünvanlanır. “Azdrama”nın rəhbərliyi də, onun həmin kin püskürən aktyor həmkarları da Fuad Poladovu bağışlaya bilmirlər: prinsipial mövqeyinə, özü kimi qala bildiyinə, sözü demək bacarığına, bütövlüyünə, sınmadığına, insanların ona təmənnasız sevgisinə, sayğısına görə...

Kitabda Fuad müəllim Hüseyn Seyidzadə barədə bir əhvalat danışır, onun haqqında dedikləri həm də özünün taleyidir: “Seyidzadə "Qatır Məmməd" filmini öz ssenarisi əsasında çəkirdi. İlkin ssenarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə də işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsizsə, ssenariyə əlavələr eləməyə də icazə verin. Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi?! Onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik. Son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən ssenaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların ssenarisini çək. Rejissor razılaşmadı. "Mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm", - dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qaynana"da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər. Hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi. Dili də vardı, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi. Sözünü birbaş üzə deyirdi. Nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına arxayın olduğu üçün belə xasiyyəti vardı. Bu da çoxlarının xoşuna gəlmirdi. Çünki özləri onun kimi cəsur ola bilmirdilər, olanlara da paxıllıq eləyirdilər, vurmağa, sındırmağa çalışırdılar. Seyidzadə isə sınan adam deyildi. Sınanda da birdəfəlik ürəyindən sındı və dünyadan getdi”.

İndi niyəsə belə rəy yaratmağa çalışırlar ki, guya Fuad Poladov ən gözəl rollarını məhz Azərpaşa Nemətovun tamaşalarında yaradıb. Əcəba, Fuad Poladovun kinodakı, müxtəlif teatrlardakı çoxillik fəaliyyəti necə olsun? Bəlkə Aliyə demiş, əksinə, Fuad Poladov faktoruna görə, məsələn, “Şah Qacar”a gəlirdilər? Hər halda bu faktdır ki, Fuad Poladov Rus Dram Teatrına gedəndən sonra, bu teatra gələn azərbaycanlıların sayı çoxalmışdı...

Kitabdan elə təsirlənirəm ki, - ”o üç nöqtələrin arxasında, öz sözü ilə desəm, skafandrın altında mərd, özünə, sözünə sadiq, ən əsası isə peşəsinə aşiq, mükəmməlliyə can atan bir kişi gördüm” cümləsini oxuyanda istər-istəməz barmaqlarım kiçik hərflərlə yazılan “kişi” sözünü silərək, “KİŞİ” yazır. Aygündən də, mümkünsə bu sözü kitabda böyük hərflərlə verməsini xahiş edirəm...

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #