Qızılgül ömrü

Qızılgül ömrü
24 yanvar 2013
# 08:15

2-ci yazı

“Müharibə miniatürləri“ qoydum bu silsilənin adını. Müharibədən yox, müharibənin insan həyatında buraxdığı izlərdən, insan psixologiyasına təsirindən yazacağam. Daha doğrusu o hadisələri verəcəyəm ki, orda bu həqiqətlər öz əksini tapacaq. Məhz həqiqətlər.

88-ci ilə hələ bir il qalırdı. Şad-xürrəm, bir qədər həzin kədərlə orta məktəbi qurtarmağımızı, son zəngimizi qeyd edirdik. Buraxılış gecəsinə isə kəndimizin ənənəsinə uyğun olaraq günün günorta çağı sinif yoldaşlarımızdan birinin bağında yığışmışdıq. Deyir-gülür, arada göz yaşları axıdır-ayrılırdıq axı, indi adama gülməli gəlir-rəqs edir, bu günü də bizimlə olan sevimli müəllimlərimizin son nəsihətlərini dinləyirdik. Hardan bilirdik ki, indi 10 il bir yerdə təhsil aldığımız uşaqlardan, qayğısız günlərin ayrılığından qaynaqlanan həzin kədərdən axıtdığımız göz yaşları bir vaxt acı göz yaşlarına çevriləcək.

Sinfimiz kəndin ziyalı təbəqəsinin övladlarından ibarət eksperimental bir sinif idi: Hamısı yaxşı oxuyanlar, təhsili ali məktəblərdə davam etdirməyə hazırlaşanlar. Məktəb rəhbərliyi bizim sinfi məqsədli şəkildə əvvəldən belə yığmışdı. Aramızda 2-3 nəfər sadə kolxozçu uşağı vardı ki, oxumaqla işləri yox idi. Rüfət adlı sinif yoldaşımıza isə elə oxumaqla işi olmadığına görə “Mirzə” ləqəbini vermişdik, yəni artıq oxumağa ehtiyacı yoxdur. Həmin gün nədənsə hamımızdan çox kədərlənən, göz yaşları axıdan da Rüfət oldu.

Hamımızı təəccüb götürmüşdü, amma heç kim üzə vurmurdu ki, 10 il arxa partada səssiz-səmirsiz əyləşib dindirməsən danışmayan bu Rüfət nə əcəb belə istiqanlı olub, ayrılığımız hamımızdan betər ona əsər edib... Buraxılış gecəsində maqnitofonu, musiqini, səs gücləndirici aparaturanı idarə etməyindən hiss etmişdik ki, Mirzə həqiqətən də hansı sahəninsə Mirzəsi ola bilər, o, əslində bizim siniflə müqayisədə geridə qalan şagird imiş, gizlin mütaliəsi də varmış, özünəməxsus dünyagörüşü də. Bir də həmin gecədə ən çox səsləndirdiyi “Əlvida” mahnısı və o mahnının sədaları altında hönkür-hönkür ağlamağı indi də qulaqlarımda əks-səda verir. Rüfət o gecə başdan-ayağa sirri-xuda idi, heç kimə açmadığı, aça bilmədiyi ürəyi dolu qaldı, biz onu heç vaxt duya bilmədik.

Yadımda deyil söhbət necə fırlandısa, deyəsən buraxılış gecəsini qeyd etdiyimiz bağda açan qızılgüllərdən danışanda mən dedim ki, bütün qızılgüllərdən həyətimizdə əkmişəm, yalnız qoxusuna görə ən çox xoşladığım “qırxyarpaq” deyilən güldən bizim həyətdə yoxdur. Həmin günün səhəri qonşuluğumuzda yaşayan, amma həndəvərdə bir dəfə də olsun fırlanmayan Rüfəti həyət qapımızın ağzında gördüm. Qucağında bir yekə kolpan “qırxyarpaq” qızıl gülü. Artıq mayın sonları olduğundan düşünmüşdü ki, gül qələmə ilə bitməyəcək, ona görə də öz həyətlərindəki böyük bir kolpanı dibindən çıxardıb mənə gətirmişdi. Dedi ki, bunu həyətinizdə ək: “Onsuz da məni heç biriniz xatırlamayacaqsınız, heç olmasa bu gül açanda məni yada salarsan.” Belə bir dil sahibi olduğunu bilmədiyim Mirzənin söylədikləri elə bil xəncər olub qəlbimə sancıldı, ürəyim gizildədi.

Dedim, elə niyə deyirsən, Rüfət, biz hamımız səni yaxşı xatırlayacağıq.

Hər kəs öz seçdiyi ali məktəblərə qəbul olundu. Rüfət ordu sıralarına yollandı. Qulluq etdiyi Sovet ordusunun sıralarından qayıdandan sonra isə başımızın üstünü qara buludlar yamanca almışdı. Rüfət də bütün həmyaşıdlarımız kimi Qarabağ uğrunda döyüşlərə yollandı, özü də könüllü.

Onun bağışladığı qızıl gül kolpanı artıb həyəti götürmüşdü, amma hər il may ayında açıb-solduğu üçün mən onun çiçəklərini görə bilmirdim, yay tətilimiz avqustda olurdu. 1993-cü ilin avqustu gəlib çıxdı. O il də yay tətilinə getmişdim, səhər qatardan kəndə düşdüm, atam axşama qayıtmaq üçün bilet alıb gətirdi: “Qayıt şəhərə qızım. Mən hərbiçiyəm, burdan çıxmağa ixtiyarım yoxdur, heç o fikrə düşməyə də. Bir ananı birtəhər qurtara bilərəm, sənin burda olmağını istəmirəm”. Kənddə ölüm sükutu hökm sürürdü, günortaya qədər ev-eşiyini atıb gedə bilməyən, yanar oda düşən hər kəs bizim həyətə toplaşdı. Bakıdan gələn adam onlar üçün nə isə bir xoş informasiyanın daşıyıcısı ola bilərdi. Məndə isə “Dözün”dən, “təssəllidən” cana yığılmış bu el adamlarımı sevindirəcək bir məlumat olmadı.

Axşamüstüdür, Bakıya gedən qatarın gəlməsinə az qalır, hamı “Poyuz ayağında”dır, yəni qatar yolunun üstündə. Qatar da bəhanədir, heç birinin kimsəsi getmir Bakıya, artıq neçə aydır ki, gedib-gələnin də sayı çox azalıb. Sadəcə dərdləşməyə, bölüşməyə, narahatlığı bir az da olsa əritməyə yığışıblar. Söhbətləşir, düşdükləri vəziyyəti bir tərəfə yoza bilmirlər, hamı əli qoynunda dayanıb. Gecə səhərə qədər oturub mərmi, atışma səsini dinləyən, balasının fəryadı qulaqlarında cingildəyən qadınlar artıq başlarının üstünü kəsdirmiş erməni daşnakları kəndə girəcəkləri halda nə edəcəklərini müəyyənləşdirirdilər. O gün heç bir qadının dilindən “qaçaq qurtaraq” ifadəsini eşitmədim, yalnız əsir düşməmək üçün “Govur arxı”na atılacaqlarını, ya da özlərini elektrikə vurduracaqlarını pıçıldaşırdılar. Heç kimin ağlına da gəlmirdi ki, kəndə düşmən girəndə əlləri nə “Govur arxı”na, nə də elektrikə çatmayacaq, çünki ermənilər məkrli uzaqgörənliklə suyu qurudub, işığı kəsib gələcəklər.

Hamının qaynar səngərdə əzizi var, kəndə gələn təcili yardım maşınları isə yaralı yox, yalnız şəhid gətirirdi. ”Uzaqdan təcili yardım ağaran kimi, kimin övladıdır?”- sualı eşidilmirdi, yalnız fəryadlar ərşə qalxırdı, bütün anaların fəryadı.

Həmin gün də elə oldu, qulaqlarımı tutub evə qaçdım. Televizoru açıb Şəmistan Əlizamanlının məlumatlarını dinləməyə başladım. Hardansa anamın dediyi sözlər qulaqlarıma qurğuşun kimi süzüldü: “Ona deməyin kimdir, qoyun, bilməsin, çıxıb getsin Bakıya.” Mənə aiddir. Kim olmalıdır ki, məndən gizlədilsin, bütün sinif yoldaşlarım, qohum-əqraba, qardaş, hamısı döyüşdədir. Gözlərimi zillədiyim üzlərin heç biri qımıldanmadı, ani sükutdan sonra bağımızın baş tərəfindən qopan qışqırtı mənə anlatdı. Həmin tərəfdə Mirzə gilin evidir, O, da döyüşlərdədir.

Yalnız indi fərqinə vardım ki, neçə illərdən sonra ilk dəfə həmin il verdiyi qızılgüllərin açdığını görmüşdüm. İndi onların hamısını sonuncusuna qədər yığıb böyük bir əklil düzəltdim, evdəkilərin etiraz dolu baxışları altında (qatara gecikə bilərdim) bağ çəpərinin zəif yerindən tapdayıb, adlayıb Rüfətgilə getdim. Bayır darvazanın içəriyə açılmış qapıları önündə çoxdan üzlərini görmədiyim, təhsillərini buraxıb kəndin müdafiəsinə qoşulmuş sinif yoldaşlarım sıra ilə düzülmüşdülər, əllərində avtomat, əyinlərində döyüş paltarı, gözlərində bütün dünyanın qəm karvanı. Müəllimlərimiz də onların yanlarında. Bayaqdan kirpiklərində donmuş göz yaşları məni görcək yanaqları boyu sıralandı. Rüfəti 10-15 dəqiqəlik vida üçün eyvanlarında qoymuşdular. Döyüşdə şəhid olmuş əsgərlərlə bahəm Rüfətin də cəsədi üç gün işğal altında qalmış döyüş ərazisində qalıb. Üç gün çəkən ağır döyüşlərdən sonra kəndi geri alan əsgərlərimin ilk işi cənazələri sahiblərinə çatdırmaq olub. Onu artıq saxlamaq olmazdı, isti avqust, cəsədin şişdiyi uzaqdan görünür, iyi belə adamı vururdu. Anasının bayatılama müşayiəti ilə əklili onun cənazəsinin ayağına qoyub eyvandan düşdüm. Evə çatmağımla qatarın gəlib dayanmağı eyni vaxta düşdü. Mən qatara minib Bakıya yön aldım. Rüfəti isə gecə ikən şam işığında cəmi bir neçə ay sonra yağmalanacaq yurdun torpağına tapşırdılar.

# 5474 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
#
#
# # #