"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında

"Rəzalətin son həddi" - Çingiz Abdullayevin romanı haqqında
13 sentyabr 2024
# 09:27

Kulis.az Gülzar Məmmədovanın "Çingiz Abdullayevin "Rəzalətin son həddi" romanı və bir qatilin anatomiyası" yazısını təqdim edir.

Çingiz Abdullayev müasir Azərbaycan ədəbiyyatının tanınmış dedektiv yazıçılarından biridir. Detektiv hekayələrində o, ümumiyyətlə kəşfiyyat orqanlarının münaqişələrinə, Rusiyadakı mafiya fəaliyyətlərinə, siyasi qətllər və ailə problemlərinə diqqət yetirir və daha çox cinayətin psixoloji və sosioloji səbəbləri üzərində dayanır. Abdullayevin bu mövzuda yazdığı romanlarından biri də "Rəzalətin son həddi"dir (2018). Onun bu romanındakı "sirr" Rusiya baş nazirinin müavini Nikolay Antonoviç Maltsevi kimin və niyə öldürdüyüdür. Müəllifin əksər romanlarının detektiv qəhrəmanı Dronqo, bu əsərdə qatilin arxasınca düşür və sonda günahkarı tapır. Bununla belə, qatilin kim olduğu sualı kontekstində Abdullayev müsəlman-tatar ata ilə, ukraynalı bir ananın oğlu olan cinayətkar Hənifə Kravetsin həyat hekayəsini danışır, onu uşaqlığından başlayaraq son qətlinə qədər şiddətə, cinayətə aparan psixoloji və sosioloji səbəblər üzərində uzun müddət dayanır. Bundan başqa, əsərdə 1969-2004-cü illərdə Sovet İttifaqı və Rusiyada baş verən siyasi-ictimai proseslər, quldur dəstələri ilə olan münaqişələr, sosialist rejiminin süqutu ilə bağlı fikirlər və Əfqanıstan müharibəsi geniş şəkildə işıqlandırılır.

Romanın digər mühüm cəhəti də Hənifənin ata tərəfdən müsəlman-tatar olması, onu bəzən milliyyətinə, dininə görə problemlərlə qarşı-qarşıya qoyur.

1. Uşaqlıq illəri: cinayətin psixoloji travmatik kökləri

Əsərin əsas kriminal personajı Hənifə Kravetsdir. Romanın sonunda detektiv Dronqonun açıqladığı kimi, Rusiya baş nazirinin müavini Nikolay Antonoviç Maltsevi öldürən odur. Lakin bu, onun törətdiyi yeganə cinayət deyil. O əvvəllər Əfqanıstan müharibəsində iştirak edib, 7 qətl törədib və bəzi cinayətkar dəstələrlə əməkdaşlıq edib. Təbii ki, onu cinayətə sövq edən bəzi səbəblər var. İlk amillər onun uşaqlıqda yaşadığı bəzi mənfi hadisələrdir. Romana görə, Hənifə müsəlman tatar bir ata ilə ukraynalı ananın oğludur. O, 1969-cu ildə Rusiyanın Arsk vilayətində anadan olub. Ata Aydəmir Buşuyev tatar əsilli olduğu üçün oğluna Hənifə adını verib. Lakin onun evliliyi baş tutmur, başqa qadınla münasibət qurub həyat yoldaşından ayrılır və ailəsini tərk edərək Tacikistanda məskunlaşır. Bundan sonra oğul Hənifə atasızlıq, yoxsulluq və müsəlman tatar adı üzündən bəzi problemlərlə üzləşməyə başlayır. Birinci problem yoxsulluqdur. O, pulu olmadığından kiçik paltarlar geyinməyə məcbur qalır, bərbərə gedə bilmir, anası isə saçlarını yöndəmsiz qırxır. Hənifə gülünc geyimləri və səliqəsiz kəsilən saçlarından ötrü məktəb yoldaşları tərəfindən məsxərəyə qoyulur və ona "Qırxıq" ləqəbi verilir. Romanda bu: "...Orta boydan bir qədər hündür idi, saçları həmişə səliqəsiz vurulardı. Ana pula qənaət etmək üçün onun saçlarını evdə özü qırxırdı. Yəqin elə buna görə "Qırxıq" ləqəbi sanki onun boyuna biçilmişdi" sözləri ilə bildirilir.

Həmin illərdə o, adı Hənifə olduğu üçün çətinlik çəkir. İbtidai sinifdə müəlliminin adına görə onu qız zənn etməsi sinif yoldaşları tərəfindən ələ salınmasına səbəb olur. Əsərdə ad problemi və bu acınacaqlı vəziyyət belə ifadə olunur:

"Hər şey hələ 1-ci sinifdən başlamışdı. Permdən gələn təzə müəllimə sinif jurnalını açıb şagirdlərin siyahısını oxuduğu vaxt. Və oxuyub, oxuyub gəlib çatmışdı "K" hərfinə. Başını qaldırmadan: "Hənifə Kravets qızlardan hansıdır?" - deyə soruşmuşdu. Cavabında sinfin bütün uşaqları ağız-ağıza verib gülüşmüşdü."

Lakin problemlər bununla da bitmir. Hənifə məktəb illərində arabir zorakılığa məruz qalır. Buna səbəb məktəbdə bəzi uşaqların bacısı Məleykəyə qarşı sözlü və zorakı təzyiq göstərməsidir. Nəticədə bu hadisələr anası Anna Kravetsi narahat edir, o, həmin şəhərdə yaşaya bilməyəcəklərini anlayır, ikinci dəfə evlənir və Kazana köçür. Hənifə ömrüboyu Bəşər adlı oğlanın bacısına sataşmasını, onu təhqir etməsini, ələ salmasını heç vaxt unuda bilmir. Əslində o dövrdə yaşadığı hadisələrin ruhunda yaratdığı iztirab və dərin nifrət romanda illər sonra doğulduğu Arska gələndə belə ifadə olunur:

"Gəzə-gəzə gəlib bir vaxtlar oxuduğu məktəbə çıxdı. Hər səhər bu lənətə gəlmiş binaya getməyə məcbur olurdu. Bu binada onu ələ salır, ona "Qırxıq" deyirdilər. Onun ailəsinin kasıblığına, yamaqlı şalvarına, onun balaca boyuna gülürdülər. Bacısına neçə-neçə şəhvət dolu göz zillənirdi, bir yerdə məktəbdən qayıdanda onları alçaldırdılar, lağa qoyurdular. Onları bir yerdə görəndə "Qırxıq və gözəlçə" deyirdilər. Və Məleykə neçə dəfə səsini içinə qısıb ağlamışdı. Özündən böyük qardaşını məyus etmək istəməyib için-için ağlamışdı."

Uşaqlıqda atasızlıq, yoxsulluq, adına lağ edilməsi, incidilməsi Hənifədə nifrət hissi doğurur, sonralar onu zorakılığa sövq edir. Qəhrəman illər sonra doğulduğu Arska qayıdanda içindəki kin və intiqam daha da böyüyür və uşaq ikən ona daim zülm edən Bəşəri öldürür. Bu qətl onu "İlk dəfə idi [ki] özünü bu qədər rahat hiss edirdi." cümləsində də deyildiyi kimi, ruhən yüngülləşdirmiş və içindəki kini tökmüşdür. Bütün bunlar onu göstərir ki, uşaqlıq illərində aldığı bəzi travmalar Hənifəni cinayətə və zorakılığa yönəldən amillərdən biri olub. Əslində S. Freyd əsərlərində uşaqlıq dövründə yaşanan bəzi neqativlərin insanların zorakılığa meyil etməsində rol oynadığını bildirir (Gökulu, 2019: 1482).

Uşaqlıq illərində məruz qaldığı hadisələr Hənifənin təhsil həyatına da mənfi təsir göstərir. Bu səbəbdən özünü təhsilə həsr edə bilmir və universitet imtahanlarında uğur qazana bilmir, 18 yaşında orduya çağırılır, əvvəlcə Daşkəndə, üç ay sonra isə döyüş bölgəsinə, Əfqanıstanın Qunduz şəhərinə göndərilir.

2. Əfqanıstan: müharibə-zorakılıq və bir qatilin doğuşu

Hənifənin Arskda uşaqlıq illərində qarşılaşdığı zülm, yadlaşma, təcrid kimi problemlər əsgərlik illərində də müxtəlif formalarda davam edir. Anasının soyadına baxmayaraq, o, müsəlman tatardır və romandakı; "Anasının ukraynalı soyadını daşımağına baxmayaraq, o, milliyyətcə tatar idi və heç kəsə sirr deyil ki, Əfqanıstana ilk növbədə, milli kadrları göndərirdilər. Əfqanıstana müsəlman respublikaları və regionlarından olan uşaqların göndərilməsi ilə bağlı Sovet İttifaqındakı bütün hərbi komissarlıqlara şifahi tapşırıq verilmişdi. Hətta xüsusi müsəlman batalyonları yaradılmışdı..." cümlələrindən də məlum olduğu kimi, birinci növbədə o, Əfqanıstana göndərilmişdir, çünki o illərdə Sovet İttifaqında Əfqanıstana ilk olaraq müsəlmanların göndərilməsi haqqında qərar qəbul edilmişdir. Hənifə də daxil olmaqla, 30 nəfərlik qrupun yarısı Orta Asiyadan, digər yarısı isə Slavyan ölkələrindən olan əsgərlərdir. Lakin onun ukraynalı soyadı orta asiyalıların, tatar adının isə slavyanların xoşuna gəlmir. O, milliyyətinə görə, bəzən hər iki qrup tərəfindən kənarlaşdırılır. Lakin ümumi düşmənə qarşı döyüşmək və ölümlə üz-üzə gəlmək onlar arasındakı milli fərqləri nisbətən unutdurur.

Şübhəsiz ki, on səkkiz yaşındakı gəncin müharibədə qarşılaşdığı şiddət, psixologiyasına da təsir edir. Məsələn, müharibə zamanı iki dostu ilə birlikdə əsir düşməsi, silahdaşı Qalimovun boğazının gözünün qabağında kəsilərək öldürülməsi, digər dostu Aleksey Popova işgəncə edilməsi və müharibədə ilk qətlini qəzəbdən törətməsi, onda mənəvi sarsıntılara və böyük qəzəb partlayışına səbəb olan hadisələrdir.

Əslində onun ilk qətli zamanı göstərdiyi davranış - düşməni acgözlüklə və vəhşicəsinə boğmas - içindəki böyük qəzəbin əksi olaraq diqqət çəkir. Amma bu onun qəzəbini soyutmur. 1989-cu ilin fevralında sovet ordusu Əfqanıstandan yavaş-yavaş geri çəkilərkən Hənifə yenidən Qəlimovun öldürüldüyü yerə gedir. Onu ora aparan içindəki kin və nifrətdir. Bu kinlə iki əfqan mücahidini və günahsız qoca ilə qızını öldürür.

Bütün bunlar, Hənifənin uşaqlıqda və müharibədə yaşadığı travmalar üzündən böyük bir qəzəb və zorakılıq burulğanına düşdüyünü və içindəki qatilin ortaya çıxdığını göstərir. Amma bu beş qətl onun üçün yalnız başlanğıcdır. O, sonrakı illərdə daha da aqressivləşəcəkdir.

3. Qəzəb, qisas və davam edən cinayətlər

Hənifə iki əfqan mülki vətəndaşı öldürdüyü üçün Özbəkistanda həbs edilir. Adı müsəlman olduğu üçün onu orada Məmməd Bakinski adında məşhur bir məhbus qoruyur. 1989-cu ildə azadlığa buraxılır və atasını görmək üçün Düşənbəyə gedir. Lakin atası Aydəmir oğlunu tanımır, üstəlik, o, tikintidən yıxılaraq əlil olub. Ehtimal ki, atasının acınacaqlı halı Hənifəni də təsirləndirir. Özünü tanıtmadan ordan ayrılır və uşaqlıq illərini keçirdiyi Arska gəlir. Şəhərə ayaq basan kimi həyatında dərin izlər buraxan uşaqlıq günlərini, oxuduğu məktəbin yanından keçərkən bir vaxtlar ona qoyduqları "Qırxıq" ləqəbini, yaşıdları tərəfindən döyülmələrini, ailəsinin yoxsulluğunu, geyiminə görə məsxərəyə qoyulmasını və böyük bacısına edilən əxlaqsız hərəkətləri xatırlayır. Keçmişi xatırladıqca ruhunun dərinliklərində böyük ağrılar hiss edir, intiqam hissi yüksəlir. Şübhəsiz ki, bu xatirələr onun psixi vəziyyətini əks etdirir və göstərir ki, o günlərdə yaşadığı təcrid, təqib və təhqirlər onun zorakılığa, cinayətə meyil etməsinə səbəb olub. İçindəki qəzəb alovlanır və eynilə Əfqanıstanda olduğu kimi zorakılığa çevrilir. Bu psixologiya ilə o, uşaqlıq illərində onu və bacısını incidən Bəşəri, "Yerdən bir daş götürüb illər əvvəl az qala ilin hər günü ona cəhənnəm işgəncəsi yaşadan adamı haqla[yır]". Görünür, uşaqlıqda qarşılaşdığı zorakılıq onu zamanla qəddar və aqressiv bir insana çevirir.

4. Qeyri-qanuni dəstələr: şəxsiyyət dəyişikliyi və yüksəlmək üçün ambisiya

Hənifə sonra dolanışığını təmin etmək üçün bir müddət çamadan ticarəti ilə məşğul olur. Türkiyədən tekstil materialları gətirib satır. Bu arada o, Politexnik Universitetinin qiyabi proqramına daxil olur. 1994-cü ildə dostundan ona qalan mağazanı işlədir. Lakin "Qaqaşlar" adlı dəstələr mağazasına dadanır və ondan külli miqdarda xərac tələb edirlər. O, xərac verməmək üçün Kazandan Moskvaya silahlı adamlar gətirir və bəzən qanlı toqquşmalar baş verir; lakin belə davam edə bilməyəcəyini anlayıb Düşənbəyə, atasının yanına gedir. Amma atası Aydəmir dünyasını dəyişir.

Hənifə dolanmaq və həyata tutunmaq məcburiyyətindədir, amma bilir ki, Rusiyada əsl kimliyi və müsəlman adı ilə yüksələ bilməz. Bu səbəbdən adını, saç düzümünü dəyişir, saqqalını kəsdirir və Moskvanın başqa bir yerinə köçür. O, indi öz çevrəsində Gennadi Lvoviç Buşuyev kimi tanınır. Hənifə fiziki cəhətdən dəyişsə də, içindəki nifrət və hərislik artmağa davam edir. Çünki o, həyatında həmişə kənarlaşdırıldığı qənaətindədir. Bu qəzəb və yüksəlmək həvəsi ilə o, gələcəkdə yenə cinayətlər törədəcək.

Gənc Sankt-Peterburqda filialı olan bir alman şirkətində işə düzəlir. O, taleyinin dəyişəcəyinə ümid edir. Amma bu dəfə bacısı Məleykənin problemləri ilə məşğul olmaq məcburiyyətində qalır. Məleykə ailəlidir, lakin yaşadığı problemlərə görə boşanır və bir uşaqla ana evinə qayıdır, sonra ikinci dəfə ailə qurur. Lakin bu evliliyi də alınmır, iki uşağını itirir və xəstəxanada müalicə alır. Həkimlər gənc qadının uşağı düşürməsini ərinin narkotikdən istifadə etməsi ilə əlaqələndirirlər. Nəhayət, Hənifə bacınının vəziyyətinə görə məsuliyyət daşıdığı əri İlqarın qətlini qəza kimi göstərərək öldürür. Bu, onun yeddinci qətlidir.

Bacısının ərini aradan götürəndən sonra Hənifə işinə qayıdır və gecə-gündüz işləyir. İndi məzlumluqdan, kasıb həyatdan, sıxıntılardan xilas olmaq istəyir. Qısa müddətdə işlədiyi şirkətin ən hörmətli və sevilən adamlarından birinə çevrilir. Bu arada o, Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirmiş Katya Maltsevlə tanış olur. Gənc qadın Rusiya baş nazirinin müavini Nikolay Antonoviç Maltsevin qızıdır. İki gənc ailə qurur. Bu, sevgi evliliyi deyil, əksinə, Hənifənin yüksəlmək arzusunun nəticəsidir. Ömrü boyu yoxsulluq içində yaşayan gənc bu yolda uğur pillələrində tez yüksəlmək arzusundadır. Əslində o, bu arzularını həyata keçirir. Qayınatası Maltsevin dəstəyi ilə o, Rabitə müdirliyinin idarə rəisi vəzifəsinə təyin edilir. Bu prosesdə o, yavaş-yavaş köhnə kasıb həyatını unudur və zənginliyin verdiyi bütün imkanlardan böyük bir məmnuniyyətlə istifadə edir.

Əvvəlki həyatında qadınlara maraq göstərməyən Hənifə yeni həyatında nikahdankənar əlaqələr yaşamağa başlayır. Onlardan biri də Maltsevin işlədiyi qurumun katibəsi Veronika Rıdvanovadır. Üstəlik, o, Rabitə İdarəsinin rəisi vəzifəsi ilə də qane olmur, bu dəfə baş nazirin müavini vəzifəsini qayınatasından istəyir. Maltsev kürəkəninin başqa qadınla qızına xəyanət etdiyini biləndə reaksiya verir.

Həyatda yüksəlmək həvəsi ilə tutuşan Hənifə, qarşısına çıxan bütün maneələri nəyin bahasına olursa-olsun, aradan qaldırmaq niyyətindədir. Bu səbəbdən o, hətta qayınatasını da öldürməyi planlaşdırır və gizlicə qəhvəsinə zəhər qataraq onu öldürür. Bu, Hənifənin törətdiyi səkkizinci qətldir. Daha sonra ona qətldə köməklik edən sevgilisi Veronika Rıdvanovanı da iz buraxmamaq üçün tutduğu bir qatil tərəfindən öldürtdürür.

Romanın sonunda deyilən bu sözlər gəncin əhval-ruhiyyəsini ifadə edir:

"Zəhləm gedir insanlardan (...) -niyə sevməliyəm insanları? İnsanlar məni alçaldıblar, yandırıblar, nifrət ediblər. Niyə insanları sevməliyəm? İnsan sevgisi! Kim fikirləşib bunu? Hər kəs özünə cavabdehdir. Düşünən adamın şüarı belə olmalıdır." (Abdullayev, 2018: 250)

Bu sözlərdən də başa düşüldüyü kimi o, sevgisiz insandır; çünki ömürboyu insanların onu alçaltdığını, kənarlaşdırdığını, zülm etdiyini düşünür və buna görə də onlara nifrət edir. Göründüyü kimi, uşaqlıqda üzləşdiyi zorakılıqlar, təhqirlər, yoxsulluqlar, gənc yaşlarında cəbhəyə getməsi, daşıdığı müsəlman kimliyi, iş həyatında güclülərin zəiflərə zülmü, qeyri-qanuni dəstələrin qarşısına çıxardığı çətinliklər Hənifəni sevgisiz, qəddar və kinli bir insana çevirir. İçindəki bu təcrid olunmuş və alçaldılmış hisslərlə əsl mənasında qəzəb partlayışı yaşayır, qalib gəlmək, yüksəlmək üçün hər yolu uyğun görür, hətta qayınatasını da öldürür...

Romanın sonunda Abdullayevin məşhur detektivi Dronqo, Nikolay Antonoviç Maltsevin qətlini, bununla da oxucunu cəlb edən "müəmma"nı açır və qatilin Hənifə olduğunu sübut edir.

Nəticə

Əslində Abdullayevin "Rəzalətin son həddi" əsəri ilk baxışdan klassik "whodoit" (kim edib) romanı kimi görünür. Çünki Rusiyada tanınmış dövlət xadimi Nikolay Antonoviç Maltsev qətlə yetirilir və məşhur detektiv Dronqo qatilin arxasınca gedir. Sirr aydındır: Maltsevin qatili kimdir? Müəllif bu kontekstdə romanın kriminal personajı, ata tərəfdən müsəlman tatar olan Hənifə Kravets üzərində dayanır və onun 1969-cu ildə anadan olmasından, son qətlinə qədərki həyat hekayəsini danışır.

Bu kontekstdə o, Arskdakı uşaqlığından, Əfqanıstan müharibəsi zamanı yaşadıqlarından, Sovet İttifaqının dağılmasından sonrakı həyatından, şəxsiyyətini dəyişdirərək uğur pillələrini necə tez qalxmasından bəhs edir. Bununla da o, qəhrəmanını cinayətə sövq edən psixoloji və sosioloji səbəbləri ortaya qoyur. Şübhəsiz ki, uşaqlıq illərində aldığı travmalarla yanaşı, Sovetlər İttifaqında, sonra isə Rusiyada yaşanan siyasi-ictimai problemlər Hənifəni cinayətə sövq edən başlıca amillərdir. Bu kontekstdə Abdullayev Sovet İttifaqının dağılması zamanı və ondan sonrakı siyasi və ictimai həyatdan da bölmələr təqdim edir.

# 2949 dəfə oxunub

Oxşar xəbərlər

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

Son mənzili İstanbul olan azərbaycanlılar... - Mikayıl Müşfiqin, Əhməd Cavadın məzarı haradadır?

15:00 4 noyabr 2024
Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

Xristianlığı qəbul edən qeyri-adi titullu aktyorumuz - Klounlar ona niyə təzim edirdilər?

09:00 4 noyabr 2024
Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

Ölümü təcrübə adlandıran ateist - Aygün Əziz

17:45 2 noyabr 2024
Damar katarsisi - Aslan Quliyevin hekayəsi

Damar katarsisi - Aslan Quliyevin hekayəsi

15:00 2 noyabr 2024
"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

"Məni ərimin şəkliylə basdırın..." - O, həyat yoldaşından nə gizlədirdi?

17:00 31 oktyabr 2024
Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

Anasını itirən, həbsxanaya düşən qərib şair - Onu qurtarmaq, xilas etmək lazımdır...

15:00 31 oktyabr 2024
# # #